featured-image-9193

Və yaxud özünü Cənab Teyler zənn edən şlyapalı iblis – Bəxtiyar Hacıyev haqqında dramatik ballada

 

                                         “Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən…

                                          O fitnələr övladının hiylə yağır sifətindən!

                                          Cənab kimdir? – O, Teylerdir! Şlyapalı bir iblisdir!

                                          Ürəyimdən səslər gəlir: – İngilisdir! İngilisdir!”

                                                                                                            Səməd Vurğun

 

 

Böyük Azərbaycan şairi Səməd Vurğuna geniş ictimaiyyət arasında münasibət heç də birmənalı deyil. Kimi onu saray şairi, kimi fürsətcil ictimai xadim adlandırır. Hətta onun barəsində öz yoldaşlarını, yaradıcı insanları satan xain deyənlər də var. Kimin nə deməsindən asılı olmayaraq, Səməd Vurğun əsil söz adamıdır, sözün sehrini, sirrini bilən böyük mütəfəkkirdir. Epiqrafa çıxardığım bir bənd şeir Səməd Vurğunun “Zəncinin arzuları” poemasındandır. Məncə, bu, şairin ən böyük əsəridir. Əsərdə dərin fəlsəfi fikir var, bütün zamanlar üçün aktualdır və  orada müxtəlif dövrlərə aid müxtəlif personaları görmək mümkündür.

“Zəncinin arzuları” günümüz üçün də aktuallığını qoruyub saxlayan möhtəşəm bir sənət əsəridir. Bəxtiyar Hacıyev adlı zatın son günlərdə yazdığı statuslarını diqqətlə incələdikdə bir anlıq fikrimdən keçdi ki, dahi Səməd Vurğun yuxarıdakı bəndi elə məhz ona həsr edib. Bəli, bu “fitnələr övladının hiylə yağır sifətindən”, o, “şlyapalı iblis”in özüdür ki, var. Bu adam özünü “Cənab Teyler” zənn edir, ingilis hiyləgərliyi onun həyat kredosudu.

Əsas mətləbə keçmədən öncə Bəxtiyarın ən son statusu (bu günə olan) barədə bir neçə kəlmə demək istərdim. İlk baxışda bir az ironik kimi görünsə də, əslində, o, bu statusu ilə haralarasa subliminal mesaj verir. İlk cümləsi belə başlayır: “Bir az ağ adam problemi kimi görünə bilər, amma…”

Bəxtiyar, əslində, ona arxa duran güclərə bu cümləsi ilə sitəm edir, mən sizin hər dediyinizi yerinə gətirmişəm, bu gün də hər əmrinizi dinləyirəm, icra edirəm, amma siz vəd etdiyiniz “ağ adam”ın yaşayışını mənim üçün təmin etmirsiniz deyir və özünün – “qara adam”ın çətinliklərini və xoş gün istəklərini dilə gətirir. Bunu onun statusunun son iki cümləsindən də açıq şəkildə görmək mümkündür: “Həyatımın “Rafiq, təyyarəni uçuşa hazırla, pasportları da götür çantada, birinci Litvaya dəyək, sonra Brüsselə. Axşam yorğun olmasaq Londona keçərik” mərhələsinə gəlmək istəyirəm!”

Bu, artıq ultimatumdur! Bu, sitəmdir, üsyandır! Bəli, Bəxtiyar üsyan edir. Bəlkə də özlüyündə haqlıdır. Ona “Azərbaycanda xaos yaratmaq, bacardıqca anti-Azərbaycan əhval-ruhiyyəli gənclərin sayını artırmaq, milli-mənəvi dəyərlərə zidd olan Qərb dəyərlərini – liberal feminizm, LGBT+ kimi dəyərlərin geniş təbliği və yayılması” qarşılığında vəd edilən xoş günü yaşamaq üçün imkan və şəraitin yaradılmasını tələb edir Bəxtiyar. Açıq şəkildə deyir ki, yetər artıq, vəd etdiyinizi verin mənə, mən həyatımın “xoş günlər mərhələsi”ni yaşamaq istəyirəm.

Etiraz edənlər, bu mizahdır, sarkazmdır deyənlər tapıla bilər. Amma mən Bəxtiyarı çox yaxşı tanıyıram. Ondan ziyadə hər hansı bir mətndəki ultimativ ruhu sarkazmdan ayırmağı da bilirəm. Bəxtiyar bu statusunda öz istəyini açıq-aşkar, həm də imperativ tonda ortaya qoyur.

O zaman sual oluna bilər: niyə Bəxtiyara arzu etdiyi “xoş günü” yaşatmalıdırlar? O nə edibdir ki, etdiyinin qarşılığını istəyir? Bu günə qədər Bəxtiyarın etdikləri barədə çoxsaylı yazılar dərc etmişəm, istənilən qədər fakt və sübutlar ortaya qoymuşam. Bu yazımda onların hamısını bir tərəfə qoyub, əlavə dəlillər gətirəcəm. Bunun üçün isə, ilk öncə Bəxtiyar Hacıyevin iki gün öncəki statusunu, bir qədər uzun olsa da, nəzər-diqqətinizə çatdırmaq istəyirəm. Bəxtiyar həmin statusunda Rusiya telekanallarının birində Azərbaycan əleyhinə olan bir verilişə etiraz bildirir. Etiraf edək ki, müəyyən qədər haqlı idi. Ancaq o, bu haqlılığının arxasında gizlənərək əsil ingilis hiyləgərliyi ilə ona verilən əmri icra edir, fikir saxtakarlığı yaradır, beləliklə də, Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursuna kölgə salmaq məqsədini reallaşdırırdı. Ən yaxşısı gəlin onun yazdığı həmin statusa təkrarən baxaq:

***

“Rusiyanın 1-ci kanalında Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik olan, üzərində “Dağlıq Qarabağ Respublikası” yazılmış xəritənin sağ monitor, sol monitor, böyük plan, yaxın planda verildiyi proqram yayımlanıb. Fransızca 3 söz bilmədiyi halda Makronun müsahibəsini əlində bayraq tutaraq Qərbi yıxıb-sürüyən hökumət jurnalistləri, politoloqları, Makrona mahnı bəstələyən TV kanalları 3 gündür susublar.

Birindən eşitdinizmi ki, qoşunları Azərbaycan ərazisində olan Rusiya bu mövqeyinə görə regionda sülhməramlı missiyası apara bilməz? Birindən çağırış eşitdinizmi ki, Rusiya səfirliyi qarşısında aksiya keçirərək buna etiraz etmək lazımdır? Eşitmədiniz, çünki, ONLARIN BAĞLI OLDUQLARI GENERALLARI İNDİ OTURDUQLARI VƏZİFƏYƏ RUSİYA TƏYİN EDİB!

Bəs, o zaman Makrona qarşı kollektiv xorun kökündə nə dayanırdı?

Bunu da elə məhz həmin verilişdəki erməni və rus ekspertlər açıqlayırlar. Eləcə də Rusiya və Ermənistan mətbuatı.

Rusiya münaqişənin həlli üçün ABŞ-ın təklif etdiyi “Vaşinqton planı”nın Rusiya və Ermənistan maraqlarına zidd olduğunu bildirir.

“Vaşinqton planı”nda qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini dərhal tərk etməsi, Qarabağın Azərbaycanın tərkibinə dərhal verilməsi təklif olunur və Qarabağın statusu müzakirə mövzusu deyil.

“Moskva planı”nda isə Qarabağın statusu açıq məsələ kimi gələcəyə ötürülür. Makron da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmalı olduğunu bildirib. Məhz elə buna görə də Moskvadan təyin olunmuş general-polkovniklərə işləyənlər müxalifəti, vətəndaş cəmiyyətini müxtəlif damğalarla xain, düşmən kimi təqdim edirdilər, Qərbə qarşı qaldırmağa çalışırdılar.

İndi özünüz qiymət verin, əsl düşmən kimdir? Qarabağın statussuz dərhal Azərbaycanın nəzarətinə qaytarılmasını, qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılmasını, Zəngəzur dəhlizinin açılmasını istəyən “Vaşinqton planı”nın tərəfdarları, yoxsa, status məsələsini açıq saxlayan, ölkəmizdə rus qoşunlarının qalmasını istəyən, 1-ci kanalında ərazi bütövlüyümüzə bu qədər açıq hörmətsizlik edənlərə susanlar?”        

***

Bəxtiyarın bu statusu bəlkə də onun indiyə qədər ifadə etdiyi ən təhlükəli fikirləridi. Tələsməyin, hər sətrini bir-bir izah edəcəm və onun adi görünən bu fikirlərinin arxasında gizlənən məkri, xəyanəti izah edəcəm.

İlk öncə onu qeyd edim ki, Bəxtiyarın bu fikirlərinə mən qısa da olsa, dərhal mövqe ortaya qoymuş, hətta son cümləmdə qeyd etmişdim ki, o fikirlə razıyam ki, Rusiyanın 1-ci kanalının təxribat xarakterli bu əməli cavabsız qalmamalıdı, dövlət səviyyəsində cavab verilməlidi. Həmin gün məsələ ilə bağlı fikrimi əhatəli şəkildə ortaya qoymamağımın başlıca səbəbi hələlik dövlətin aidiyyatı qurumları tərəfindən məsələyə münasibət bildirilməməsi idi. Artıq dövlət öz mövqeyini bildirdi, Xarici İşlər Nazirliyi mövzu ilə bağlı Rusiyaya sərt nota verdi, dövlət kanalı və iqtidara yaxın media qurumlarında bəhs edilən mövzu geniş müzakirə edildi.

Əgər Bəxtiyar həqiqətən Rusiya telekanalının mövqeyindən narahat idisə, fikirləri səmimi idisə, dövlətin rəsmi mövqeyini də təqdir etməli idi. Ancaq o, qeyri-səmimi olduğunu statusunda açıq-aşkar ortaya qoymuşdu.

Bəxtiyarın öz məntiqiylə mən də ona sual ünvanlayır, soruşuram: bəs, sən niyə Makronun cəfəng fikirlərinə susduğun halda, hansısa bir televiziya kanalının eyni cəfəngiyyatına görə özünü yırtıb-dağıdırsan? Axı, Makronun fikri Fransanın dövlət siyasətini müəyyən edir – Fransa prezident üsul idarəsilə idarə olunan dövlətdir! Ancaq bir televiziya kanalının mövqeyi əsla dövlət siyasətini təmsil etmir! Bir kanalın mövqeyinə görə Rusiya səfirliyi qarşısında “niyə etiraz aksiyası keçirilmədi” deyə sitəm edən adam özü nədən Fransanın dövlət siyasətini təmsil edən adamın – Makronun “Azərbaycan ermənilər yaşayan Qarabağı işğal etdi və böyük qırğınlar törətdi” fikrinə etiraz əlaməti kimi bu ölkənin səfirliyi qarşısında aksiya təşkil etmədi? Buna cəhd edəydi, biz də gedib ona dəstək olardıq.

İndi gələk Bəxtiyarın digər tezislərinə…

Bəxtiyar yazır ki, onun fikirlərinin əleyhinə olan hər kəs hansısa generallara bağlıdı və o generalları Rusiya Azərbaycanda vəzifəyə təyin edib. Mən bir dəfə yazmışdım, bir daha təkrar edirəm: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sərt dəyişikliklər edilməsinin zamanı çatıb! Elə təkcə bu fikrinə görə, Bəxtiyar ciddi cəza almalıdır. Çünki bu, Azərbaycanın dövlət suverenliyinə birbaşa hörmətsizlikdir! Belə çıxır ki, Azərbaycan müstəqil və suveren bir dövlət deyil, Rusiyanın forpostu və satellit dövlətdi. Məsələnin mənəvi tərəfinə gəlincə, şəxsən məni başqaları maraqlandırmır, özümə cavabdehəm. Şəxsən məni kimsə doğru bildiyim fikirlərdən yayındıra və yaxud hansısa fikri təlqin edə bilməz. Mənim hesabat verdiyim bir tək məqam var: vicdanım! Və mən vicdanımın səsinə qulaq asaraq deyirəm ki, Bəxtiyar bu ölkənin, dövlətimizin düşmənidi! Tapşırıq aldığı qüvvələr də məlumdur.

Bəxtiyar maraqlı sual ortaya qoyur: Makrona qarşı kollektiv xorun kökündə nə dayanırdı? Cavab verim: vətən, millət və dövlət təəssübü və haqlı olduğumuz halda, haqsız durumda təqdim edilməyimizə qarşı sitəm, üsyan! İndi mən Bəxtiyara belə bir sual verirəm: Makronun haqsız olduğunu, ölkəmizə qarşı siyasət yürütdüyünü bildiyiniz halda, onun müdafiəsilə bağlı sən və sənin kimilərin təşkil etdiyi kollektiv xorun kökündə nə dayanırdı? Bəxtiyar bu suala cavab verməyə də bilər, çünki biz bu sualın cavabını bilirik.

Bəxtiyarın statusunda ən çox maraq kəsb edən məqam Qarabağ məsələsinin həllinə dair onun bəhs etdiyi “Moskva planı”“Vaşinqton planı” barədə qeyd etdikləridir. “Moskva planı” barədə dediklərini bir tərəfə qoyuram, sadəcə, Rusiya prezidenti Vladimir Putinin bir fikrini xatırladıram: “Qarabağ Azərbaycanın suveren ərazisidi. Azərbaycan nə vaxtsa öz ərazisini işğaldan azad etməliydi, buna haqqı çatırdı. Bu, əbədi olaraq belə qala bilməzdi, Azərbaycan öz ərazisinin işğalda qalmasına razı ola bilməzdi…”

Bəs, “Vaşinqton planı” nədir? Bəxtiyar planı bu cür təqdim edir:

– ABŞ-ın təklif etdiyi “Vaşinqton planı” Rusiyanın və Ermənistanın maraqlarına ziddir;

– bu plana görə, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisini dərhal tərk etməlidir;

– bu planda Qarabağın dərhal Azərbaycanın tərkibinə verilməsi təklif olunur;

– “Vaşinqton planı”nda Qarabağın statusu müzakirə mövzusu deyil;

– bu planda “Zəngəzur dəhlizi”nin dərhal açılması nəzərdə tutulur.

Bunları oxuduqda düşündüm ki, Bəxtiyar dəli olub, ağlını itirib, həqiqətləri baş-ayaq anlayır, ya da o dərəcədə gerizəkalıdır ki, bu yazdıqlarını oxuyan insanların ona inanacağını düşünür. Əslində, o, ağlını itirməyib, heç gerizəkalı da deyil, sadəcə, siyasi cəhətdən o dərəcədə həyasızlaşıb ki, ağ yalan danışır. Guya Qərb bizi sevir, Qarabağın dərhal Azərbaycanın tərkibinə verilməsini təklif edir, qanunsuz erməni silahlı birləşmələrinin oradan çıxarılmasını istəyir və status məsələsinin üstündən xətt çəkir. Bu cümlələri yazdıqdan sonra Bəxtiyarın belə bir əlavəsi də olur: Makron da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını istəyir! Bax, “dananın quyruğunun qopduğu yer” burasıdır, bütün Qərb Rusiyanı Qafqazdan çıxarıb, ora özü yerləşmək istəyir. Bəxtiyar və onun kimilər də Qərbin çaldığı zurnaya züy tutur. Əgər bu plan gerçəkləşərsə, əlvida Qarabağ! Bunu Bəxtiyar da bilir. Ancaq bilə-bilə yalan danışır, olmayan şeyləri həqiqət kimi qələmə verir. Çünki xaindi, düşməndi! Əgər düşmən olmasaydı, Nensi Pelosinin bu yaxınlarda Ermənistanı ziyarəti zamanı tökdüyü göz yaşlarının üstündən sükutla keçməzdi. “Qarabağ mübahisəli ərazidir” deyən fransız əclafı bizə qəhrəman kimi sırımazdı. Bu əbləh elə danışır ki, sanki Qərb bir mələkdi, erməniyə qənim kəsilib, biz isə onların bizə yararlı olan siyasətini əlimizin dalıyla geri çeviririk.

Bax, görürsünüz adam nə qədər həyasızdı?! Həyasız olmasa, utanmadan yalan üzərinə köklənən bu cümlələri yazmaz: “İndi özünüz qiymət verin, düşmən kimdir? Qarabağın statussuz dərhal Azərbaycanın nəzarətinə qaytarılmasını, qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılmasını, Zəngəzur dəhlizinin açılmasını istəyən “Vaşinqton planı”nın tərəfdarları, yoxsa, status məsələsini açıq saxlayan, ölkəmizdə rus qoşunlarının qalmasını istəyən, 1-ci kanalında ərazi bütövlüyümüzə bu qədər açıq hörmətsizlik edənlərə susanlar?”

Bu adam nə hesab edir milləti? Hardadı elə bir plan? Qərb nə zaman belə bir plan ortaya qoyub? Əgər doğrudan da Vaşinqtonun belə bir planı varsa, Nensi Pelosinin göz yaşları nəydi? Makronun əclafca açıqlamaları nə deməkdir?

Bəxtiyarın bir fikri də diqqət çəkir. Guya biz, yəni onun və bağlı olduğu beynəlxalq gücün xain planlarına qarşı olanlar, onun təbirincə desək, Moskvadan təyin olunmuş general-polkovniklərə işləyənlər müxalifəti, vətəndaş cəmiyyəti üzvlərini xain və düşmən kimi təqdim edirik, Qərbə qarşı çıxırıq. Əvvəla, Bəxtiyar və onun kimilərin xain olduğunu biz çox yaxşı bilirik, onları bu xainliyə sövq edənlərin Qərbin böyük güc mərkəzləri olduğu da açıq-aşkar ortadadı. Bunu da açıq söyləyirik. Fikrimizi bildirmək üçün kimdənsə, hansısa generaldan göstəriş almağa da ehtiyac yoxdur. Bəxtiyar xüsusi göstərişlə töhmət altında buraxmaq istədiyi güc strukturlarının rəhbərlərini guya öz aləmində ifşa edir, onların bostanına daş atır. Amma keçməz! Adama deyərlər ki, kişisənsə, açıq şəkildə ad çək və dediyini əsaslandır! Bax, mən açıq şəkildə deyirəm və dediklərimi də sənin öz fikirlərinlə əsaslandırıram: Bəxtiyar, sən əclaf bir xainsən! Bunu sənin yalana əsaslanaraq yazdığın və Azərbaycana düşmən mövqedə olan Qərb dairələrini haqlı çıxardığın statusun sübut edir!

Son olaraq deyim ki, Bəxtiyar Hacıyevin son statusundakı sitəmin səbəbi də budur. O, bağlı olduğu dairələrə demək istəyir ki, mən doğulduğum torpağa – vətənə, onun insanlarına sizin maraqlarınıza uyğun olaraq xəyanət etdim, bəs, siz niyə mənə söz verdiyiniz “ağ adam”ın həyatını yaşatmırsınız, nə vaxta qədər mən bir zənci həyatı yaşayacağam? Axı, bu zəncinin də arzuları var.

Səməd Vurğunun “Zəncinin arzuları” poemasında çox bəyəndiyim bu bənd də var:

Elə bil ki, qara zənci bu dünyaya gələn zaman

Bir daxmada matəm tutub ağlamışdır öz anası…

Fəqət yenə ana qəlbi ayrılmamış övladından,

Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası.

Bütün analar müqəddəsdir! Bəxtiyarın anası da müqəddəs ana adını daşıyır… və mən əminəm ki, oğlunun siyasi əbləhliyinə, düşük hərəkət və davranışlarına görə, o ana hər gecə yatağında için-için ağlayır. Axı hansı ana istər ki, oğlu marijinal maraqları üçün çıxıb bütün ölkəyə bəyan etsin: məni aparıb, başıma işədilər!

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər