Türkiyə Ermənistanı hava yükdaşımalarına qoyulan qadağanın götürülməsi barədə məlumatlandırdı - YENİLƏNİB
Türkiyə tərəfi birbaşa hava yükdaşımalarına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, yükdaşımalarla bağlı məsələnin yoluna qoyulması Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunmuş razılaşmalardan biridir.
“Biz gözləyirik ki, üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarının təmin edilməsinə dair növbəti razılaşma da mümkün qədər tez həyata keçiriləcək”, – deyə Unanyan qeyd edib.
Mənbə: Sputnik
17:52
Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə birbaşa yükdaşımalarına başlanılıb.
Bu barədə diplomatik mənbələrdən xəbər verilib.
Bildirilib ki, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinə başlanılıb.
Həmçinin o da vurğulanıb ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə elan edilib.
Mənbə: Airport Haber