featured-image-5406

İranda səfərdə olan baş prokuror Kamran Əliyev Tehranda Ədliyyə Sarayında bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşüb.

Görüş zamanı Kamran Əliyev Azərbaycan və İİR-in iki dost ölkə olduğunu deyib:

“Bu mənim İrana ikinci səfərimdir və hər iki halda özümü evimdəki kimi hiss etmişəm”, – deyə o bildirib.

Baş prokuror Azərbaycan Respublikasının müstəqilliyinin elanından sonra İranın onu ilk tanıyan ölkələrdən biri olduğunu bildirib və həmin dövrdən etibarən Tehran və Bakı arasında münasibətlərin yüksək səviyyədə davam etdiyini qeyd edib.

“Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə də müsbət təsir göstərəcək. Təəssüf ki, münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da olur. Bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq”, – Azərbaycanın baş prokuroru vurğulayıb.

Baş prokuror əsas iki qrup məsələnin müzakirə olunacağını deyib.

“Birinci qrupa sərhəd və gömrük məsələləri, ekoloji problemlər, humanitar məsələlər, səfirlik və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələlər, təhlükəsizlik məsələləri daxildir. İkinci qrupda cinayətkarların ekstradisiyası məsələsi var”, – deyə o bildirib.

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çox ciddi yanaşır.

“Azərbaycandakı bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslər ekstradisiya müqaviləsi əsasında ekstradisiya edilə bilərlər, həmçinin 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”.

Kamran Əliyev bundan başqa, məhkəmə istintaqı zamanı İrana qaçan 41 Azərbaycan vətəndaşından danışıb:

“Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildikləri üçün ölkəmizə qaytarılmalarını gözləyirik”.

 

Mənbə: IlNA

Bənzər xəbərlər