featured-image-4716

Azərbaycan Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Referans Medical Group” və “Uptodate in Medicine”nin təşkilatçılığı ilə iyulun 30-da Şuşa şəhərində “Dağ-səhra şəraitində xəstələrin təxliyəsi və təcili cərrahiyyəsi” adlı tibbi konfrans keçirilib. 

“Qafqazinfo”nun paylaşdığı məlumata görə, tədbirdə 120-ə yaxın mütəxəssis iştirak edib.

 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Konfransda bu qələbənin əldə olunmasında ilk gündən əsgərlərimizlə birgə ön cəbhədə xidmət göstərmiş peşəkar həkimlərimizin və digər əməkdaşlarımızın mühüm rolu olduğu qeyd olunub. Eyni zamanda konfrans zamanı Vətən müharibəsində iştirak etmiş mütəxəssislər yaşadıqları təcrübələri gələn iştirakçılar ilə bölüşüblər.

Konfransda peşəkar həkimlərin çıxışları zamanı ilk tibbi yardım metodlarından yararlanaraq zədələnmənin mexanizminin təyin edilməsi, texnogen fəlakətlər zamanı xəstəxanaya qədər ilk tibbi yardımın xüsusiyyətləri, dağ-səhra şəraitində hava yolları yaralanmaları və ürək dayanmalarında müalicə prinsipləri, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası kimi mövzular müzakirə olunub. Konfransın sonunda tədbir iştirakçılarına plaketlər təqdim olunub.

Qeyd edək ki, konfrans iştirakçıları günün ikinci yarısında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən tarixi məscid və abidələri ziyarət ediblər.

 

Mənbə: Qafqazinfo.az

Bənzər xəbərlər