featured-image-5366

Və yaxud ABŞ-ın demokratiya hoqqabazlığına sözardı…

 

Bu, birməmanlı şəkildə belədir: Şuşa qalib Azərbaycanın dövlət suverenliyinin simvoludur. Bu simvolu qəbul etməyən suverenliyimizi də şübhə altına almış olur.

Adətən Azərbaycanda Rusiya və İrana bağlı şəbəkənin (casusların, tərəfdarların) mövcudluğu ilə bağlı mütəmadi fikirlər səsləndirilir. Bu haqda kifayət qədər yazılıb və bu gün də səs-küylü materiallar dərc edilir.

Rusiya və İran daha dərin qatda – insanların təhtəlşüurunda yer alıb, kütlədən özərinə sosial baza formalaşdıra biliblər. Sosial ədalət prinsiplərinin aşınması, sosial ədalətə olan dərin aclıq və dini inanc sisteminə olan bağlılıq bu iki ölkəyə olan təəssübün əsaslarını təşkil edir. İran dini ideologiya ilə, Rusiya isə “SSRİ-nin sosial ədalət vədi” ilə ölkəmizə daxil ola bilib.

Bəs ABŞ? ABŞ insanlara demokratiya adı altında bərabər hüquq və azadlıqlar vəd edir. Demokratiyanın əsas tələbi də budur. ABŞ ölkəmizdə əsasən üç istiqamətdə tərəfdarlar toplaya bilib və bunu “akademik” baza adlandırmaq da olar:
– birincisi, ölkənin daxilində ictimai-siyasi fəallar, jurnalistlər, müxtəlif partiya mənsubları;
– ikincisi, Azərbaycandan xaricə mühacirət edən jurnalistlər, blogerlər;
– üçüncüsü, şirkətlərdə və bəzi dövlət qurumlarında layihələrlə işləyən şəxslər.

Biz, ikinci qrupdakıları daha aydın görə bilirik. Növbəti mərhələdə üçüncülər, birinciləri və ikinciləri maliyyələşdirməyə başlayırlar.

ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtina etməsinə Azərbaycan ictimaiyyətinin sərt təpki göstərməsi çoxlarını dərindən hiddətləndirib. Dünəndən müşahidə aparıram, hətta ABŞ-ın silahları və sanksiyaları ilə Azərbaycan dövlətini təhdid edənlər də var. İnsanlar öz dövlətini ABŞ-la niyə təhdid etsin ki!?

ABŞ bu illər ərzində Azərbaycana daha çox siyasi rakursdan həmlələr edib, narazı siyasiləri ətrafına toplayıb, onlara Qərbə çıxış və oturum üçün təhlükəsiz meydan verib, ictimaiyyətə təqdim edib, məşhurlaşdırıb. Bütün “qərbçi”lər qəbul etməkdə çətinlik çəkirlər: İraq, Suriya, Əfqanıstan kimi dövlətləri az qala Yer üzündən silən, Liviya, Misir, Tunis, Yəmənin təməl prinsiplərini darmadağın edən, milyonlarla günahsız insanları qətlə yetirən ABŞ-ın demokratiya hoqqabazlığına hələ də inanırıq. ABŞ İraqa, Əfqanistana, Suriyaya demokratiya gətirmək üçün hücum etdiyini bəyan etmirdi? Bəs nə oldu, niyə bu ölkələr hələ də müharibə meydanıdır, məhv olub!?

2001-2003-cü illərdə ABŞ İraqla bağlı 935 yalan məlumat yaymışdı, bu yalanların 260-na prezident Corc Buş rəhbərlik edirdi. İraqda kütləvi qırğın silahının olduğunu bəyan edirdilər, nəticədə Polşanın əli ilə “tapdılar”, özəri qoyub özləri götürdülər. Halbuki ABŞ 2386 ədəd yaxın məsafəli kimyəvi silahdan istifadə edərək İraqda müsəlman körpələri, qadınları, əlilləri evdindəcə qətlə yetirdi. Bu gün də Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ öz yalanlarını tirajlayır və kütləni yalanlarla boğub.

Heç şübhəsiz, Azərbaycan üçün demokratiyanın milli təfəkkürümüzə, mental dəyərlərimizin tələblərinə cavab verən istiqamətləri vacibdir və biz bundan imtina etmirik, qəbul edirik, idarəçiliyin təməl prinsiplərinə çevirməkdə də israrlıyıq. Amma heç kəs, xüsusilə də ABŞ demokratiya pərdəsi altında bizə vətəndaş qırğınları üçün “dəyərlər” itələməyi düşünməsin. Biz Şərq ölkəsiyik, Qərbin ağına-bozuna baxmadan bütün idbar dəyərlərini idxal edib, cəmiyyətimizi, xalqımızı, dövlətçiliyin əsaslarını sarsıda bilmərik. Ona görə də ölkədə milli idarəçilik formasının konseptual əsasları, təməl prinsiləri hazırlanmalıdır. 2020-ci ildən bu proses başlayıb və görünür, milli idarəçilik rıçaqlarının güclənməsi Qərbə də sərf etmir.

ABŞ-ın ölkəmizə ən çox təzyiq metodu insan hüquq və azadlıqları konteksindədir.
Araşdırın görün, müharibələrdə ABŞ neçə nəfər jurnalisti bombalayıb? Hansı ölkənin canlı efirlərində jurnalistlər qətlə yetiriliblər? Hansı ölkədə dərisinin rənginə görə insanlar qətlə yetirilir? Hansı ölkədə 20 nəfərlik aksiyalarda belə, nümayişçilər qaz bombaları, rezin güllələrlə işgəncəyə məruz qalırlar? Hansı ölkənin şəhərlərində qanunlar yalnız “ağ”lar üçün keçərlidir, “qara”lar dövlət səviyyəsində repressiyaya məruz qalırlar!?

 

Samir Feyruzov

Bənzər xəbərlər