SÜLEYMAN NEMƏTOV: GENERAL EYVAZOVUN BAŞARILI YETİRMƏSİ!
“Endir o barmağını! Dövlətə qaldırdığın barmağını qıraram!”
Naxçıvanda Vasif Talıbov rejiminin çökdürülməsi və ora camaatının bu tayfanın zülmündən qurtarılması prosesində ən çox diqqət mərkəzinə gətirilən, tirajlanan məsələlərdən biri MR DİN rəhbərliyinə təsdiq olunan Süleyman Nemətovla bağlıdır. Sanki vahid mərkəzdən düyməyə basılıb, polkovnik Nemətov və onun üzərindən Azərbaycan polisi, konkret olaraq, cənab nazir Vilayət Eyvazov barəsində yeni çirkin kampaniya başladılıb. General Eyvazovun hər fürsətdə hədəfə alınması başadüşülən prosesdir, çünki o və təmsil etdiyi polis sistemi İlham Əliyev iqtidarının ən sədaqətli elit gücünü təşkil edir. Hazırkı iqtidarı, konkret olaraq, cənab prezidenti zəiflətmək və mümkünsə hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə onun ən etibarlı dayağının – polis sisteminin ictimai linçə məruz qalması sözsüz ki, əvvəlcədən düşünülmüş planın tərkib hissəsidir. Naxçıvana təyinat alan polkovnik Nemətovun gündəmə gətirilməsi də elə bu məqsədə xidmət edir.
DİN rəhbəri Vilayət Eyvazov 2003-cü il prezident seçkilərinə qədər indiki kimi diqqət mərkəzində deyildi. Doğrudu, o, əvvəllər də kifayət qədər professional, işinin öhdəsindən gələn əməliyyatçı kimi yuxarı rəhbərlik tərəfindən tanınırdı, ancaq geniş ictimaiyyət onu məhz 16 oktyabr 2003-cü il hadisələrindən sonra yaxından tanıdı. Kimin necə başa düşməsindən asılı olmayaraq, Vilayət müəllimin həmin gün göstərdiyi hərəkət cəsarət və sədaqət nümunəsi sayılmalıdır. O dövr polis sistemində işləyən bir tanışım həmin gün baş verən hadisəni uzun illər sonra belə xatırlayır:
“Meydanı ələ keçirən kütlə getdikcə təzyiqləri artırırdı. Müxalifət liderləri tribunada görünəndə şəxsən mən hər şeyin sona çatdığını düşündüm. İsa Qəmbərin tərəfdarları polislərə qarşı fiziki güc tətbiq etmək yoluyla onları zərərsizləşdirir və bunun nəticəsində meydana axışan qüvvələrin sayı artırdı. Bu durum daha yarım saat davam etsəydi… gerisini təsəvvür edə bilmirəm, vəziyyət vətəndaş müharibəsinə qədər davam edə bilərdi. Elə bu vaxt rəhbərlikdən əmr gəldi: geri çəkilin! Bütün polislər qoruyucu şitlərlə qorunaraq geri çəkilmək, meydanı gözü dönmüş kütləyə buraxmaq məcburiyyətində qaldı. Elə bu vaxt görünməmiş bir hadisə baş verdi. Uzun boylu, idmançı görkəmində olan bir polis zabiti geri çəkilən qüvvələrdən ayrılıb, irəli gedərək kütlənin içərisinə girdi. Dərhal onun ətrafını sardılar. Ancaq o, uzun boyu ilə hələ də görünürdü. Birdən gördük ki, o, pistoletini çıxarıb, havaya atəş açır. Ani gəlişən bu hal hadisələrin qırılma anı oldu. Kütlə dərhal ondan uzaqlaşmağa başladı. Bu, geri çəkilən polis qüvvələrini də cəsarətləndirdi. “Geriyə çəkilin” əmrini alan polislər bu əmri unudub, irəliyə gedən polis polkovnikinin, o vaxt Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini tutan Vilayət Eyvazovun ardınca hərəkət etdilər… 15 dəqiqə sonra artıq meydan boşaldılmışdı…”
Bu hadisəni niyə xatırlatdım? Bu gün İlham Əliyev hakimiyyətini ittiham edənlər nədənsə (əslində, hamıya bəlli səbəblərdən dolayı) iqtidarın tənqidə açıq tərəflərini bir tərəfə qoyub, diqqəti daha çox polis sistemi və bu sistemin ən zirvəsində olan nazir Vilayət Eyvazovun üzərinə fokuslayır. Halbuki bir öncəki iqtidar dönəminin polisi ilə indiki polisi müqayisə etsək, həm professionallıq, həm də dövlətə və mənsub olduğu iqtidara sədaqətlilik baxımından ikisi arasında yer və göy qədər fərq var. Bu gün polisi zorakılıqda ittiham edənlər 30 il öncə qəzet redaksiyasına gedərək, o qəzetin baş redaktorunu maşının baqajına basaraq, döymək üçün iş otağına aparan sabiq nazirə hörmət əlaməti olaraq “bəy” deyə müraciət edir, onunla qarşılaşdığında boz qurd işarəsilə salamlaşırdılar.
Bir iqtidar komandasının uzun müddət duruş gətirməsində o iqtidarı təmsil edən ayrı-ayrı kadrların sədaqət prinsipinə əməl etməsi həlledici faktordur. Təsəvvür edin ki, 30 il öncə polis naziri olan şəxs prezidentlik eşqinə düşür və ən zirvəyə çıxmaq üçün öz pərvazsız hərəkətləri ilə həm özünün, həm də mənsub olduğu iqtidar komandasının sonunu gətirən həlledici fiqurlardan biri olur. Elə bunun nəticəsi idi ki, xalqın ümid yeri kimi iqtidara gətirilən bir komanda cəmi bir il sonra bütün nüfuzunu itirərək, Surət Hüseynovun 3-5 çapulcudan ibarət narkoman dəstəsinin qabağında pərən-pərən düşdü.
Bu gün haqlı-haqsız hücumlara məruz qalan nazir isə tam əksinə hərəkət edir – həyatını risqə ataraq, cəsarətli hərəkəti ilə həm professionallıq nümunəsi göstərib, zor gücü ilə hakimiyyət dəyişikliyinin qarşısını alır, həm də mənsub olduğu iqtidar komandasına və Heydər Əliyev siyasi kursunun davam etməsinə sədaqətini nümayiş etdirir.
Heç şübhəsiz, cənab Prezident İlham Əliyev 44 günlük savaş öncəsi Vilayət Eyvazovu polis sisteminin başına gətirdiyində onun məhz bu keyfiyyətlərini nəzərə almışdı. Çünki ağır bir savaşa girəcək olan hökmdar arxa cəbhədən tam əmin olmağı məqsəd olaraq qarşısına qoymalıdır. İlham Əliyev də çox gözəl bilirdi ki, savaşın gətirə biləcəyi boşluqdan istifadə edən maraqlı güclər ölkədə siyasi xaos yaratmaq yoluyla məqsədlərinə çatmaq istəyəcəklər. Vilayət Eyvazov kimi özünü təsdiq etmiş birinin polis sisteminin başında olması yarana biləcək təhlükəni ortadan qaldırmaq üçün ən optimal variant idi. Vilayət Eyvazov və polis sisteminin hər fürsətdə hədəfə alınması faktının əsasında məhz bu amil dayanır. Dolayısıyla prezident və yürüdülən siyasi konsepsiya hədəfə alınır.
Vilayət Eyvazov hələ nazir müavini işlədiyi dönəmlərdə əsas ağırlıq, ələlxüsus da əməliyyat işləri kimi mühüm sahə onun çiyinlərinə düşürdü. Bu gün daxili işlər nazirliyinin kadr bazasını o, hələ nazir müavini olduğu dönəmdən formalaşdırmağa başlamışdı.
Araşdırma zamanı xüsusi olaraq diqqətimi çəkən bir məqam da oldu. Vilayət Eyvazovun irəli çəkdiyi, yüksək vəzifələrə təyin etdiyi kadrların böyük əksəriyyəti polis sistemindəki fəaliyyətləri dövründə ya şimal rayonlarından birində, ya da Sumqayıt şəhər polisində müəyyən zaman kəsiyində işləyib, təcrübə keçmiş şəxslərdir. Məsələn, nazirin I müavini Əzimov Seyfulla (Quba rayonu), Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev (Şəki rayonu), Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov (Sumqayıt şəhəri), Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Hümbətov İslam (Balakən rayonu), Naxçıvan MR Daxili İşlər naziri Nemətov Süleyman (Quba rayonu) və s. Sual oluna bilər: nədən şimal rayonlarında və Sumqayıtda təcrübə keçmiş şəxslər irəli çəkilir, onlara daha çox etibar edilir? Bu sualın cavabını almaq üçün Azərbaycan polisinin qatı cinayətkarlıq və dini terrorizmə qarşı həyata keçirdiyi əməliyyatlara baxmaq lazımdır. Bildiyimiz kimi, yaxın illərə qədər sələfi təriqətinə mənsub terrorist qruplaşmalar geniş şəkildə fəaliyyət göstərirdilər. Bu qruplaşmalar əsasən Sumqayıt şəhərində və adı çəkilən şimal rayonlarında məskunlaşmış, əsas fəaliyyətlərini məhz bu çoğrafiyada reallaşdırırdılar. Dini terrorist qruplaşmalara qarşı mübarizə məktəbi keçmiş şəxslər həm geniş təcrübə toplayır, həm də idarəçilik prinsiplərini mənimsəmiş olurdular. Vilayət Eyvazovun məhz bu kadrlara daha çox güvənməsi elə bu faktordan qaynaqlanır. Cinayətkarlıqla mübarizədə bişib, təcrübə toplayan bu şəxslərin hər biri bu gün general rütbəsilə hərəsi bir mühüm sahəyə rəhbərlik edir və ölkədə sabitliyin qorunmasında rol oynayırlar.
Bu kadrlardan biri də polkovnik Süleyman Nemətovdur. Onun polis sistemindəki keçmiş fəaliyyəti ilə qısa tanışlıq necə bir professional və dövlətinə sadiqliyini bariz şəkildə ortaya qoyur.
Mən Süleyman Nemətovu son dövrlərə qədər tanımamışam, heç bir zaman diqqətimi çəkməyib. Onun adına ilk dəfə bir həftə öncə rastladım. Dərhal yazmağa başladılar ki, o, olduqca kobud adamdır, adı işgəncələrdə hallanıb. Ancaq bu cür yazanların kimliyinə, siyasi maraqlarına bələd olduğumdan deyilənlərə o qədər də inanmaq istəmədim. Bunun bir səbəbi də nazir Vilayət Eyvazovla bağlıdır. Onun fəaliyyətini 2003-cü ildən bəri izləyirəm. Sərt, prinsipial, işinə məsuliyyətlə yanaşan, ən əsası isə, fanatik dərəcədə Heydər Əliyev siyasi irsinə bağlı adamdır, hazırkı dövlət başçısına sədaqətini də dəfələrlə sübut edib.
Vilayət Eyvazov çox gözəl anlayır ki, Naxçıvanda başladılan köklü islahatlar birbaşa cənab prezidentin təşəbbüsüdür. O, indiyə qədər Naxçıvanda mövcud olmuş Talıbov rejiminin mahiyyətini anlayır və bu rejimin naxçıvanlılara verdiyi zülmlərdən də xəbərdardır. Məlum Bənəniyar hadisələrində birbaşa Vasif Talıbova sərt etirazını da bildirmişdi, hələ o zaman heç nazir də deyildi. Yəni cənab Vilayət Eyvazov belə bir həssas dönəmdə seçimində əsla yanılmazdı. Axı o özü də Naxçıvandandır, oradakı siyasi situasiyanı kifayət qədər dərindən bilir. Bütün bu səbəblərdən dolayı, yeni nazirin təyinatı məsələsində Vilayət Eyvazovun şəraiti dərindən təhlil edib, necə deyərlər, yüz ölçüb, bir biçdikdən sonra bu qərara gəldiyinə şübhə etmək mümkün deyildi. Zənnimiz bizi yanıltmadı.
Süleyman Nemətovun işə başlar-başlamaz “Bənəniyar hadisələri”ndə zərər çəkmiş şəxsləri qəbul etməsi olduqca təqdirəlayiq hadisədi. Bu faktın özü Süleyman müəllimin professional bir polis işçisi olmasıyla yanaşı, siyasi yetkinliyinin də göstəricisidir. O, həmin hadisələrdə dünyasını dəyişən AXCP üzvü Rza bəyin ailəsini qəbul etməklə göstərdi ki, siyasi kimliyindən asılı olmayaraq, haqqı pozulan hər kəs dövlətə sığına bilər. Nemətovun “Bənəniyar hadisələri”nə xüsusi diqqətlə yanaşması həm də dövlətimizin Naxçıvanla bağlı qərarlılığına bariz sübutdur.
Amma yuxarıda da dediyim kimi, Azərbaycan dövlətinin güclənməsində maraqlı olmayan V kolon da iş başındadır. Nemətovun bütün fəaliyyətini lupa ilə incələyib, gündəm yaratmaq istəyirlər. İlk olaraq onun guya qəddar adam olduğu ön plana çıxarılır. Halbuki Nemətovun müsbət bir şəxsiyyət olduğ, ədaləti və prinsipiallığı ilə fərqləndiyi opponentləri tərəfindən də təsdiq olunur. İnternet resurslarında bu haqda kifayət qədər məlumat var. Məsələn, icazəsiz aksiyalardan birində həbs olunan cəbhəçinin mediaya verdiyi açıqlamada bu sözlərə rast gəldim: “Bizi polis bölməsinə apardılar. Süleyman müəllimin göstərişi ilə bizə isti çay verdilər…”
Hazırda ABŞ-da yaşayan Səid Nuri belə, ona tənqidi yanaşmasına rəğmən, necə bir zarafatcıl, xoşrəftar olmasını da vurğulayır.
Süleyman Nemətova qarşı ən ciddi iradlardan biri onun icazəsiz aksiyalarda göstərdiyi fəallığıdır. Anlamıram, o nə etməli idi ki? Çıxıb aksiyaçılarla birlikdə “Əli bəy”, “İsa bəy” qışqırmalı idi? Bu adam polisdir, dövlət məmurudur, əmrə tabe əsgərdir və verilən əmrləri də vicdanla yerinə yetirib. O ki qaldı onun aksiyaçılara qarşı zorakılıq göstərməsinə, bu iddianın özü də kökündən yanlışdır. Neçə videosüjet izlədim, heç birində Süleyman Nemətov tərəfindən hər hansı bir qanun pozuntusuna, zorakılıq halına rastlamadım. Onun bütün hərəkətləri polis haqqında qanunun tələblərinə uyğundur. Bu da onu göstərir ki, o, elə-belə bu səviyyəyə gəlib çıxmayıb, biliyi və bacarığı, professionallığı ən üst səviyyədə olan polis zabitidir.
Süleyman Nemətovla bağlı ən çox diqqət mərkəzinə gətirilən məsələlərdən biri də uzun illər öncə Müsavat Partiyasının başkanı İsa Qəmbərlə məlum münaqişəsidir. Bu gün bəzi maraqlı tərəflər yazırlar ki, Nemətovun İsa Qəmbərə xitabən “barmağını qıraram” ifadəsini işlətməsi onun nə qədər kobud və əzazil olduğuna dair sübutdur. Əslində, bu məsələnin özü də təhrif olunur, şişirdilir, britərəfli formada oxucuya çatdırılır. Sual oluna bilər: Süleyman Nemətov niyə İsa Qəmbərə elə bir söz deyib, niyə məhz “barmağını qıraram” ifadəsini işlədib?
Azərbaycan mediasının internetdəki arxivindən axtarıb tapdığım bununla ilgili ən diqqətçəkici cümlələrə “Yeni Müsavat”ın arxivində rast gəldim. Rauf Arifoğlunun şər makinası özünün 23.01.2011 tarixli sayında bu haqda yazırdı: “Xatırladaq ki, həmin gün polislər müxalifət nümayəndələrinin Şəhidlər Xiyabanına birlikdə deyil, bir neçə qrupa bölünərək hərəkət etməsini istəyib. İ.Qəmbərin “Bölücülük salmayın, insanları bölməyin” sözləri onların qarşısını kəsən polis mayoru S.Nemətovu qəzəbləndirib. Mayor Müsavat başqanına xitabən “Mənə barmaq silkələmə, barmağını qıraram”, – deyib”.
Bu cümlələrlə müsavatçılar Süleyman Nemətovu zorakı bir polis zabiti kimi qələmə verməyə çalışsalar da, özləri də hiss etmədən ciddi bir açığa yol vermişlər. Sitatdan göründüyü kimi, İsa Qəmbər polisə barmaq silkələyib. Əsil həqiqətdə isə, hadisə tamam fərqli şəkildə cərəyan edib. Aksiya iştirakçılarından birinin dediklərindən mənə aydın oldu ki, ikili arasında bu cür dialoq baş verib:
İsa Qəmbər əsəbi şəkildə gənc polis zabitinə qışqırır:
– Axı sən kimsən?!
– Mən dövlətimi qoruyan bir əsgərəm və burada dövləti təmsil edirəm! – polis zabiti təmkinlə cavab verdi.
Gənc polisin əsəblərinə hakim olması onsuz da əsəbi şəkildə olan İsa Qəmbəri daha da özündən çıxardı. O, sağ əlinin 4 barmağını yumruq şəklində birləşdirərək yuxarı qaldırıb, şəhadət barmağını gənc polisin üzərinə silkələdi:
– Mən sizə və dövlətinizə göstərərəm!
– Endir o barmağını! Dövlətə qalxan o barmağını qıraram! – gənc polis zabiti tavrını pozmadan İsa Qəmbərə cavab verdi.
Təkcə bu dialoq Süleyman Nemətovun nə qədər dövlətə bağlı biri olduğuna bariz sübutdur. Hesab edirəm ki, məhz onun Naxçıvana nazir göndərilməsi ən düzgün seçimdir. Çünki Süleyman Nemətov professionallığı və dövlətə bağlılığı ilə yanaşı, həm də bir naxçıvanlı kimi Naxçıvanın özünəməxsus xüsusiyyətlərini bilən, anlayan biridir.
Süleyman müəllimə uğurlar arzu edirəm. Əminəm ki, son illərdə Azərbaycan polisində şəxsən Vilayət Eyvazovun rəhbərliyi altında başladılan ciddi islahatlar Naxçıvanda da həyata keçiriləcək. Bunu edəcəksə, biz də onun arxasında olacağıq. Əks təqdirdə Vasif xana qalmayan Naxçıvan ona da qalmaz…
Fərəməz Novruzoğlu