featured-image-7635

AXCP sədri ona ünvanladığımız suallardan yayındı

 

İlk iki hissəsini paylaşdığım “Qarabağ münaqişəsində “Pol Qobl” planı və yaxud münaqişənin həlliylə bağlı Ki-Uest mərhələsinin pərdəarxası” sərlövhəli yazı dizisi oxucularımızın xüsusi diqqətini çəkmişdir. Bu səbəbdən də, onlardan çoxlu sayda suallar gəlir ki, yazının davamını niyə vermirik. Təbii ki, fasilə vermək üçün ciddi səbəb vardı. Bu haqda dəyərli oxucularımızı da məlumatlandırmaq borcumuzdur.

 

Əvvəla qeyd edim ki, mən bu yazını hələ 44 günlük savaşdan dərhal sonra yazmaq istəyirdim. Xatırlayırsınızsa, 10 noyabr razılaşmasından sonra 44 gün ərzində susan müxalif düşərgə (əslində, V kolon) mənsubları birdən-birə fəallaşdılar, hadisələrdən və siyasi situasiyanın diqtə etdiyi şərtlərdən siyasi məqsədləri üçün maniipulyasiya etməyə başladılar. Ən populyar iradları da bunlardı:

Bəs, Xankəndi?!

Bəs, Ağdərə?!

Bəs, Xocalı?!

Bəs, tarixi dədə-baba torpaqlarından qovulan zəngəzurluların taleyi necə olacaq?!

Bax, o zaman məşhur Pol Qobl planı və bu planın ruhuna uyğun olaraq sülh sazişinin imzalanması nəzərdə tutulan Ki-Uest danışıqları barədə mövzu yenidən aktuallıq qazanırdı. Bu hadisələrdən xəbərsiz olan statistik azərbaycanlı cənab İlham Əliyevə irad tutan müxalif düşərgə mənsublarının əsil niyyətini anlamaya bilərdi. Həmin vaxt mən feysbuk səhifəmdə anons xarakterli bir paylaşım etdim. Feys statusumda bildirirdim ki, yazmaq istədiyim mövzuyla bağlı hadisələrin içərisində olan siyasət adamlarına bəzi suallarım var. Sualları publik olaraq vermək istəmədiyimə görə, həmin hadisələrin episentrində olan siyasi liderlərin yaxınları vasitəsilə suallarımı onlara göndərdim. Məsələn, Natiq Adilov vasitəsilə Əli Kərimliyə, Əli Həziquliyev vasitəsilə Qüdrət Həsənquliyevə və s.

Təəssüflər olsun ki, heç kəsdən cavab gəlmədi. Doğrusu, bir az həvəsdən düşdüm, bir az şəxsi problemlərə başım qarışdı, beləliklə, mövzu barədə yazı yazmaq istəyim arxa plana keçdi. Ancaq imkan düşdükcə, mövzuyla bağlı araşdırmalarımı davam etdirir, yeni məlumatlar əldə edirdim. Ötən ayın 12-13-də Ermənistanla sərhəddə baş verən hərbi münaqişə və bunun nəticəsində Azərbaycan Ordusunun düşmənə ağır zərbələr vurmasından sonra məlum düşərgə yenidən fəallaşdı. Hədəf isə Azərbaycan Ordusu və Ali Baş Komandan cənab İlham Əliyev idi.

Elə bir siyasi situasiya yarandı ki, 20-30 il öncəki hadisələr, konkret olaraq, Qarabağ münaqişəsinin həlliylə bağlı “Pol Qobl planı” və bu planın ruhuna uyğun sülh sazişinin imzalanması nəzərdə tutulan Ki-Uest sammiti yenidən aktuallıq qazandı. Və qərara aldım ki, artıq mövzunu işləyib hazırlamaq, ictimaiyyətin müzakirəsinə vermək lazımdır. İlk iki yazıya kifayət qədər maraq olduğunu gördüm. III yazını hazırladığım vaxt tanınmış telejurnalist Şəmşad Ağanın səhifəsində anons xarakterli bir statusa rastladım. Şəmşad bəy yazırdı: “Sabah (ayın 3-də) saat 17:00-da Toplum TV-də AXCP sədri Əli Kərimli ilə efirdəyik! Azərbaycanda, Rusiyada və İranda baş verənləri müzakirə edəcəyik… Suallarınız varsa, yaza bilərsiniz”.

Şəmşad bəylə mövqelərimiz bir çox məsələlərdə üst-üstə düşmür, onun çox fikirləri ilə razılaşmıram. Ancaq mənim şəxsi düşüncəmə görə, Şəmşad Ağa bataqlığa gömülmüş Azərbaycan mediasının azad fikirli, müstəqil mövqeyi olan barmaqla sayılacaq azsaylı nümayəndələrindən biridir. Onun elanını fürsət bildim və mövzu ilə bağlı suallarımı Əli Kərimliyə ünvanladım. Çünki yazımın 3-cü bölümü onun hadisələrdə iştirakı və tutduğu mövqeylə bağlıdı. Bu səbəbdən qarşı tərəfin mövqeyi mənimçün olduqca maraq kəsb edirdi. Yalnız bu təqdirdə obyektiv münasibət ortaya qoymaq olardı.

Beləliklə, Şəmşad Ağa vasitəsilə AXCP sədrinə 4 sual ünvanladım. Həmin suallar bunlar idi:

1) 2001-ci ilin əvvəllərində, Ki-Uest danışıqları öncəsi Əli Kərimli o vaxt ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonla görüşübmü?

2) ABŞ səfiri Əli Kərimliyə “İmkan verin bu problemi (Qarabağ problemini) Heydər Əliyevin əli ilə təmizləyək, sonra siz rahat gəlib hakimiyyətdə oturun!” deyibmi?

3) Ki-Uest sammitindən az sonra Avropa Şurasında Əli Kərimlinin Qarabağ problemiylə bağlı çıxışı olub. Çıxışın əsas tezisi nədən ibarət idi: sülh qarşılığında torpaq itkisi, yoxsa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həlli?

4) Əli Kərimliyə pasport verilməməsi və xarici ölkələrə buraxılmamasında yuxarıda sadalanan 3 amilin rolu varmı?

 

media-310444454_1147842022809146_209519373365685985_n

Əmin idim ki, Şəmşad bəy bu sualları Əli Kərimliyə ünvanlayacaq. Çünki onunla real tanışlığımız olmasa da, daima diqqət mərkəzimdə olan, imkan daxilində verilişlərini və səhifəsini izlədiyim, aşağı-yuxarı xarakterinə, manevrlərinə və maraq dairəsinə bələd olduğum biridir. Sözsüz ki, bu suallar onun diqqətindən kənarda qala bilməzdi.

Bu gün dostlardan biri dünən baş tutan verilişin linkini atdı. Şəmşad bəy sualları olduğu kimi, nöqtə-vergülünə toxunmadan Əli bəyə ünvanlayıb. Yeganə istisna etdiyi hal sualların kimin tərəfindən verildiyini demir. Bu da anlaşılandır. Təbii ki, istənilən peşəkar jurnalist üçün əsas məqsəd ictimaiyyətin maraq dairəsində olan bir siyasət adamından marağında olan suala cavab almaqdır. Mənim isə cənab Əli Kərimliyə şəxsi münasibətim ortadadır. Ciddi analitik və təhlil xarakterli yazılarım istisna olmaqla, satirik janrda və feysbuk yazılarımda bəzən qırmızı xətti keçirəm. Bunu etiraf etməklə bərabər qeyd edim ki, ona qarşı aqressiyamın köklü səbəbləri var. Ancaq bu aqressiyam ciddi mövzularda ona qarşı qərəzli olmağıma əsla səbəb ola bilməz. Əgər belə olmasaydı, mövzuyla bağlı III yazımın dərcini təxirə salmaz, Əli Kərimlinin cavablarını gözləməzdim.

Çox güman ki, Şəmşad bəy məhz bu nüansı nəzərə almış və sualların kim tərəfindən verildiyini qeyd etməmişdir. Yəqin düşünüb ki, Əli Kərimli “Elçin İlqaroğlu (Fərəməz Novruzoğlu) mənə qarşı aqressiya ortaya qoyur. Ona görə onun mövqeyini qərəzli hesab edir və suallarına cavab verməkdən imtina edirəm” deyə bilər və sualları cavablandırmazdı. Hər halda, mən belə düşünürəm. Lakin suallar bitmədən Əli bəyin üzündəki acı təbəssüm hissindən anladım ki, o, sualların mənə aid olduğunu bilir. Ehtimalımda yanılmadım…

Əli bəy cavaba belə başlayır: “Mən bu sualların müəllifini tanıyıram. Hökuməti müdafiə etmək, öz aləmində məni qaralamaq üçün bu sualları verib…”

Məncə, Əli bəy ən böyük yanlışı elə bu ikinci cümləsiylə etdi. O zaman ortaya belə sual çıxır: hörmətli Əli bəy, bu 4 sual nədən, hansı səbəbdən sizi qaralamağa xidmət etsin ki?

İstənilən siyasət adamı hər hansı bir ölkənin səfiri ilə görüşə bilər. Əli Kərimli də etiraf edir ki, Ross Uilsonla görüşüb. Amma görüşün məğzini açmır. Çünki bilir ki, görüşün mahiyyətini açarsa, bu görüşün onun adına həqiqətən də qara bir ləkə olduğu aydınlaşar. Ona görə də görüşün mahiyyətini bir tərəfə qoyub, əslində, sualdan yayınıb, tamaşaçılara nağıl danışır.

Cənab Əli Kərimli ikinci sualın üzərinə heç gəlmir. Və tamaşaçıya aydın olmur ki, amerikalı səfir ona “İmkan verin bu problemi (Qarabağ problemini) Heydər Əliyevin əli ilə təmizləyək, sonra siz rahat gəlib hakimiyyətdə oturun!” deyib, ya deməyib? Məncə, Əli bəyə ünvanlanan sualların içərisində cavablanması gərəkən ən mühüm sual bu idi. O isə bu sualın üzərindən sükutla keçir. Olsun, bu sualı biz öz yazımızda ən kiçik detalına qədər aydınlaşdırarıq.

Əli bəy 3-cü sualı da alayarımçıq cavablandırır, tamaşaçını çaşdırır, Avropadakı 2005-ci ildəki çıxışından bəhs edir (yaxşı ki, özü xatırlatdı, bəhs olunan yazı dizimizdə bu çıxışına da toxunulacaq). Halbuki sualda onun Avropa Şurasındakı 2001-ci ildəki (Ki-Uest danışıqlarından dərhal sonra) çıxışından bəhs olunur.

Əli Kərimli suallarımıza cavab verərkən Qarabağ problemiylə bağlı parlamentdəki çıxışından, Murtuz Ələsgərovun ona mane olmasından, hətta Heydər Əliyevin buna görə Murtuz müəllimə təpki göstərməsindən danışır. Tamamilə haqlıdır, doğru söyləyir. Amma hər şeyi yarımçıq söyləyir. Demir ki, mart ayındakı bu çıxışından sonra niyə qısa müddətdə fikrini dəyişdi? Niyə Heydər Əliyevlə razılaşmanı pozdu, onu beynəlxalq gücün qarşısında tək qoydu? Əli Kərimli onu da demir ki, gözlənilən Ki-Uest danışıqları və sülh müqaviləsi əleyhinə elan etdikləri mitinqi niyə təxirə saldılar? Doğrudur, aradan uzun illər keçdikdən sonra Əli Kərimli bəhs olunan mitinqin təxirə salınmasının səbəbi kimi həmin vaxtkı hava şəraitini göstərirdi. Ancaq o dövrü xatırlayan stajlı cəbhəçilər çox gözəl xatırlayırlar ki, 2001-ci ilin mart ayının sonları və aprelin əvvəli şox gözəl hava şəraiti olub. Həmin mitinqin təxirə salınmasının səbəbi tamam başqa idi.

Mən burda çox detallara açıqlıq gətirmək istəmirəm, onsuz da bəhs olunan yazımızın III hissəsində bütün bunlara ətraflı şəkildə toxunacağıq. Son olaraq onu deyim ki, Əli Kərimli bu suallara cavab verməkdən imtina etsəydi, bəlkə onun tərəfindən daha doğru olardı. Ancaq guya öz aləmində sualları cavablandırması, əslində, suallara cavab verməmək, onlardan yayınmaq idi ki, bu da onu daha pis vəziyyətə saldı. Əli Kərimlinin cavab verərkən üzündəki acı təbəssüm, keçirdiyi təlaş, tez-tez udqunması suallara görə nə qədər narahatçılıq keçirdiyinə bariz sübutdur. Əli bəy heç istəmir ki, kimsə yaşanan o tarixin üzərinə yenidən qayıtsın. Çünki Ki-Uest məsələsində o, elə bir idbar mövqe ortaya qoyub ki, bu, onun bütün siyasi karyerasını tünd qara rəngə boyayıb. Bu gün siyasi hakimiyyətin, konkret olaraq, dövlət başçısı cənab İlham Əliyevin  Əli Kərimliyə güzəştsiz və sərt münasibətinin kökündə məhz həmin o hadisə durur. Elə bu səbəbdəndir ki, o, tez-tez deyir: “Satqınçılıq Əli Kərimlinin xarakterində ən mühüm kriteriya idi, yalnız bununla o irəliyə getməyi, şəxsi maraqlarını təmin etməyi düşünürdü. Satqınçılığı peşəyə çevirən Əli Kərimli hətta vətənini və dövlətini belə, satmağı gözə aldı…”

Fərəməz NOVRUZOĞLU

 

Bənzər xəbərlər