featured-image-4907

Əliyev-Ərdoğan görüşünün pərdə arxası

 

Azərbaycan prezidenti İlham Əliyev Şimali Kipr məsələsinin aktuallıq qazanması avqustun 9-da Konyada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdü. İlham Əliyevin Türkiyəyə budəfəki səfərində diqqətləri üzərinə cəmləyən bir görüş də baş tutdu, Azərbaycan prezidenti Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarı qəbul etdi.
Daha sonra prezidentlərin üçtərəfli görüşü keçirilib…

Şimali Kipr amilinin Əliyev-Ərdoğan danışıqlarında həmişə masa üzərində olduğu fikrini səsləndirə bilərik. Hərçənd ki, bununla bağlı açıq-aşkar ictimailəşən rəsmi məlumatlar azlıq təşkil edib.

Dünya nizamının altına bombalar düzülməsindən sonra Türkiyənin gücünü tükətmək və manevrlərini məhdudlaşdırmaq üçün onun böyük oyunlara doğru sürüklənməsi cəhdləri siyasi üfüqlərdə görünür. Ankaraya göstərilən təzyiqlərdən biri də onun ərazi bütövlüyünə, qarant durduğu subyektlərə, dövlətlərə təhdid yaratmaqdır. Adalarla bağlı Türkiyə ilə Yunanıstan arasında gərginliyin pik həddə çatması həmin planların tərkib hissəsidir.

Türkiyənin suverenliyi əleyhinə hərbi hərəkətliliklə praktiki təhdidlər ortaya çıxarsa, Ankaranın yanında dura biləcək və ona siyasi dəstəklə yanaşı, əməli dəstək göstərə bilən ölkə Azərbaycandır. Bu, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərdə strateji müttəfiqliyin doğurduğu qarşılıqlı müdafiə refleksidir, yəni Ankara ilə Bakı Azərbaycan-Ermənistan münasibətlərinə dair mövqelərini Şimali Kipr mövzusu ilə bərabər şəkildə inkişaf etdirir.

Azərbaycan 44 günlük Vətən müharibəsinə qədər Şimali Kipr Türk Respublikası ilə təmaslarda son dərəcə ehtiyatlı davranırdı. Bu ehtiyatlılıq onsuz da sürüşkən mövqeyi olan Yunanıstanın Qarabağ separatçılarına “müstəqillik kartı” vermək riski ilə əlaqəli idi. Lakin Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi yeni reallıqdan sonra vəziyyət dəyişib, Bakının Şimali Kiprlə əlaqələrinin dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Baxmayaraq ki, Azərbaycan Şimali Kipri müstəqil dövlət kimi hələ tanımayıb, ancaq proseslərin rəngi açıldığından Azərbaycan gözlənilən riskləri hesablayaraq həmin məsələni özünün xarici siyasət prioritetlərinə daxil edir.

Azərbaycan Türkiyənin dəniz yurisdiksiyalarını özündə əks etdirən “Mavi Vətən” doktrinasının praktiki dəstəkçisinə çevrilir. Bu, həm də regional təhlükəsizliyin bətninə təhlükəli toxum əkilməməsi üçün vacibdir, üstəgəl, gələcəkdə enerji layihələrinin diversifikasiyası üçün münbit zəmindən ötrü lazımdır. Şərqi Aralıq dənizi hövzəsindəki enerji resurslarının bolluğuna dair təxminlər də Azərbaycanla Türkiyənin perspektivdə görünən iqtisadi layihələrdə yeni səhifələrin açılmasını stimullaşdırır.

Şimali Kipr məsələsi Türkiyənin ümumi milli təhlükəsizlik konsepsiyasında qırmızı xətlə keçir və Ankara buranın müstəqilliyinin tanınması üçün səyləri artırır. Azərbaycan hələlik belə bir qərar verməsə də, həmin səylərə həlledici dəstək göstərir. Bakı-Ankara tandemi Türk Dövlətləri Təşkilatının sıralarını genişlətmək üçün Şimali Kiprin də bu təsisatda yer almasına cəhdlər göstərir, hərçənd ki, müstəqillik faktoru hələ də maneə olaraq qalmaqdadır.

NƏTİCƏ:
Ərdoğanla Əliyevin budəfəki görüşü həm Şimali Kipr mövzusunun, həm də Qarabağdakı “Qisas” antiterror əməliyyatından sonrakı nəticələr haqqında birbaşa fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli idi.

Aqşin Kərimov

Bənzər xəbərlər