“ŞƏRURLU İSFƏNDİYAR” HEYDƏR ƏLİYEVƏ BÖHTAN ATIR!
İsfəndiyar Axundov: “Heydər Əliyev mənə dedi ki, “Laba” səni bıçaqla vursa da, onu həbs etmək olmaz, o mənə lazımdır!”
Azərbaycanda bəzən elə adamların pul, varidad sahibi olduğunu görürəm ki, təəccüb edirəm. Söhbət qətiyyən paxıllıqdan getmir. Çünki bu hiss mənim xarakterimə yaddır. Mən məmur olub varlananları qətiyyən nəzərdə tutmuram. Onların bir adı var – korrupsioner! Bu əməlin sahibləri azadlıqda deyil, həbsxanada olmalıdır. Belələrini tez azadlığa buraxsalar da, hərdən bizdə də tutub içəri salırlar…
“Şərurlu İsfəndiyar” adlı bir iş adamı da var. Bəzilərinin “naxçıvanlı” olmaq kartından sağına-soluna sui-istifadə etdiyi vaxtda, Ramiz Mehdiyevin “krışası” altına dürtülmək və özünə rahat bir yer etmək üçün, “şərurlu” ləqəbini İsfəndiyar özü özünə verib. Məqsədi də o olub ki, buna dəyib-dolaşan olmasın.
Mehdiyev vəzifədən gedən kimi İsfəndiyar müsahibə verib dedi ki, onun əsli heç naxçıvanlı deyil, Şərurun Siyaqut kəndinə Dərələyəz mahalından gəliblər. Bu detal onun hansı mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu aydın biruzə verir.
Bundan əvvəl verdiyi digər müsahibələrində dəfələrlə deyib ki, zır savadsızdır, elementar yazıb-oxumağı da bacarmır. Ancaq baxın, bu adam milyonlarla varidada sahibdir. Adını axtarış sistemlərinə vuranda qarşına yalnız etdiyi fırıldaqlarla bağlı çoxsaylı materiallar çıxır. Təəccüb edirsən ki, bəyəm, bu qədər varidadın sahibi müsbət bir iş görmür ki, onları da qeyd etsinlər? Bu suala İsfəndiyar özünəməxsus tərzdə cavab verir. Deyir ki, reklamı xoşlamır. Yalan danışır! Onun reklam etməyə yaxşı nəyisə yoxdur.
İsfəndiyar Axundovun yalançı olduğu onun jurnalistlər – Samir Feyruzovla Vasif Həsənliyə verdiyi son müsahibədə bir daha üzə çıxır. Həmin müsahibədən bir hissəyə diqqət edək:
“Düzgün danışmaq lazımdır. “Laba Mübariz” o vaxt məni bıçaqla vurdu və mən 70 faiz qan itirdim, üç ay xəstəxanada yatdım. Çıxandan sonra da geri çəkilmədim. Həmin vaxt Heydər Əliyevin qəbulunda da oldum. Heydər Əliyev mənə dedi ki, bu gün onlar bizə lazımdır, biz onları həbs edə bilmərik. Çünki onlar bir qrup idi. Hətta “Qaqaş” ləqəbli bir nəfərlə (Rasim – red.) qarşımı kəsdilər, mən də onları bıçaqla yerlərinə oturtdum, sonra mənlə münasibətlərini normallaşdırdılar, daha prinsip aparmadılar”.
Nə qədər qəribə olsa da, ya savadsızlığından, ya da çoxbilmişlyindən İsfəndiyar bu dəfə mərhum dövlət başçısı Heydər Əliyevin adından yalan danışır, budəfəki “püləmələrini” bu nəhəng siyasətçinin adı ilə pərdələməyə çalışır. Deyir ki, “Laba” bunu bıçaqlayandan sonra Naxçıvanda Heydər Əliyevin qəbulunda olub və guya mərhum prezident buna bəzi etirafları edib. Deyib ki, “Laba” onu bıçaqlasa da, həmin adamı həbs edə bilməzlər, çünki “Laba” və dəstəsi o vaxtkı Naxçıvan rəhbərliyinə lazımlı adamlar olublar.
İsfəndiyarla “Laba Mübariz”in arasında doğrudan da dava olub. Bunu hamıdan öncə mən yazmışam, ancaq düşünürəm ki, tikinti maqnatı baş verən hadisəni çox şişirdir – 70 faiz qan itirməsi, 3 ay xəstəxanada yatması həqiqət ola bilməz. “Laba”nın zərbəsindən sonra qısa noqdaun olub, sonra bunu ayıdıblar, durub gedib işinin-gücünün dalınca.
Hadisələrin episentrində olan adamlar deyir ki, bu hadisəyə görə İsfəndiyarın Heydər Əliyev tərəfindən qəbul edilməsi yalandır. Ola bilər ki, yalan danışmaq İsfəndiyar müəllimdə artıq məslək vərdişinə çevrilib. Ancaq son yalanının dozasını bir az artırmaqla həm də siyasi səhvliyə yol verib. İdeal idarəetməsi, ədaləti ilə əksəriyyətin fəxr etdiyi Heydər Əliyevin adından görün nə böhtan uydurur? Güya Heydər Əliyev buna deyib ki, adam bıçaqlayan şəxsi həbs edə bilməzlər, çünki həmin şəxs onun özünə lazımdır.
Təbii ki, İsfəndiyar Axundovun bu dedikləri ağ yalandır. Birincisi, Heydər Əliyev heç vaxtv belə incə mövzuları İsfəndiyar kimi adamla müzakirə etməzdi. İkincisi, hətta ən yaxını olsaydı belə, onun etdiyi cinayət tam çılpaqlığı ilə Əliyevə çatsaydı, dərhal tədbir görülməsini tələb edərdi. İndi İsfəndiyar demək istəyir ki, Heydər Əliyev zamanında ona qarşı haqsızlıq edərək, ağır cinayəti ört-basdır edib? Yəqin ki, reklam əməkdaşlığı etdiyi jurnalistlərdən birini tələsik çağırıb bu yalnışını düzəltməyə çalışacaq. Ancaq artıq gecdi, deyilən deyilib, yazılan da yazılıb!
Maraqlıdır, deyəsən, İsfəndiyar indi də eyni mənzili bir neçə adama satmaqdan bezib, siyasi hoqqabazlıqla məşğul olmaq qərarına gəlib. Mən etiraf edirəm ki, İsfəndiyarın adlarını çəkdiyi “Laba”, “Qaqaş” kimi tanınmış idmançılar zamanında Naxçıvanda çətin vaxtlarda Heydər Əliyevə lazım olan sədaqəti nümayiş etdiriblər. Ancaq bu o demək deyil ki, Heydər Əliyev onların törətdikləri cinayətlərə göz yumub. Bax, bu məsələdə İsfəndiyar müəllim ciddi siyasi səhvə yol verməklə, ağ yalan danışıb…
Məhəmmədəli Qəribli