featured-image-8734

“Azərbaycan İsrail üçün önəmli müttəfiqdir”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşdə deyib.

Diplomat tələbələrə mühazirə oxumamışdan əvvəl ali məktəbin rektoru, akademik Kamal Abdulla ilə “Səfir saatı” layihəsi çərçivəsində bir araya gəlib.

İki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsində olan əlaqələri yüksək dəyərləndirən səfir bildirib ki, ADU ivrit dilinin öyrədildiyi yeganə ali məktəbdir:

“Bu universitetdə dilimizin yüksək səviyyədə tədrisi məni çox sevindirir. Tələbələrinizin ivrit dili biliyi yüksək səviyyədədir. Siz müəllimləriniz və tələbələrinizlə fəxr edə bilərsiniz. Azərbaycan Dillər Universiteti Azərbaycan-İsrail münasibətlərində bir körpüdür. İvrit dilini öyrənən tələbələr gələcəkdə iki ölkə arasındakı münasibətlərdə öz işlərini yüksək səviyyədə görəcəklər”.

Rəsmi görüşdən sonra C.Dik tələbələrə Azərbaycan-İsrail diplomatik əlaqələri haqqında mühazirə oxuyub. Bu əlaqələrin 30 illiyi ilə bağlı danışan səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıdığı bir dövrdə çətinliklər yaşaması və bir çox ölkələr tərəfindən boykot edilməsi kimi məsələlərə toxunub. Azərbaycanın İsrail üçün önəmli müttəfiq olmasına toxunan səfir xüsusi olaraq vurğulayıb ki, bir çox digər ölkələrdə əziyyət və qadağalar görən yəhudi xalqı Azərbaycanda özünü rahat və öz evindəki kimi hiss edir.

Səfir əlavə edib ki, yaşadığı bir çox ölkədə tarixən əziyyətlərə və təqiblərə məruz qalmış yəhudilər həmin ölkələri tərk etməyə məcbur qalıblar. Azərbaycanda isə yəhudilər artıq bir neçə yüzilliklər ərzində sabit və hər hansı ayrı-seçkiliyə, təqibə məruz qalmadan yaşayırlar. Səfir tariximizə istinad edərək vurğulayıb ki, Quba xanı Fətəli xan yəhudiləri mümkün xarici təqiblərdən qorumaqdan ötrü qəsəbə salmaq üçün ayrıca bir ərazi ayırmış və onların hər hansı təqibdən uzaq yaşamasını təmin etmişdir. Səfir yəhudilərin bu gün də Qırmızı qəsəbədə dinc şəraitdə yaşadığını vurğulayıb.

Görüşdə səfir İsrail və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, Azərbaycanın İsrail üçün nadir tərəfdaş olduğunu sözlərinə əlavə edib. İsrail və Azərbaycanın multikultural dəyərlərindən söz açan Corc Dik hər iki ölkənin müxtəlif dinin nümayəndələrinə tolerant yanaşdığını qeyd edib. O, fərqli dinlərə malik insanların dinc şəraitdə yaşadığı Azərbaycanın multikulturalizm ənənələri baxımından unikal model olduğunu və Azərbaycanı başqa müsəlman ölkələrinə nümunə olduğunu söyləyib. İsraildə yəhudilər ilə yanaşı müxtəlif dini nümayəndələrin dinc şəraitdə yaşadığını vurğulayan səfir bu istiqamətdə Azərbaycan ilə oxşar xüsusiyyətlərə malik olduğunu söyləyib. O əlavə edib ki, Azərbaycanın bu nümunəsi sonradan İsrailin İordaniya, Səudiyyə Ərəbistanı, Misir timsalında digər müsəlman ölkələri ilə əlaqə qurmasında da nümunə olub.

C.Dik Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr artan xətt üzrə inkişaf etdiyini və bu, qeyri-neft sektorunu da əhatə etdiyini qeyd edib. Azərbaycan və İsrail arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən diplomat əlaqələrin ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirildiyini vurğulayıb.

Səfir sözlərinə görə, Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün çoxlu sayda müxtəlif sahələr mövcuddur, Azərbaycanın bunun üçün geniş imkanları vardır və ölkələr bu istiqamətdə öz təcrübələrini bölüşə bilərlər.

Bənzər xəbərlər