featured-image-5489

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşdə həlli tələb olunan geniş spektrli məsələlər müzakirə olundu. Bu səpkili istənilən görüşü irəli atılan addım kimi qəbul etmək lazımdır”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutmuş görüş 4 saat davam etdi. Bu, tərəflərin müzakirə mövzularının çox olmasından xəbər verir. Sərhədin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, regionun inkişafı, həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması kimi məsələlər müzakirə olunub”, – o bildirib.

Onun sözlərinə görə, bu görüşün əsas nəticəsi artıq sentyabr ayında sülh müqaviləsinin ilkin variantının razılaşdırılması ilə bağlı Azərbaycan və Ermənistan XİN rəhbərləri səviyyəsində görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunması oldu.

“Əlbəttə ki, tərəflərdən hər birinin sülh müqaviləsinə öz baxışı, öz maraqları var. Uzun və mürəkkəb iş görülməlidir. Tərəflər ortaq məxrəcə gəlməlidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropanın regionda təhlükəsizliyin təmin edilməsində, həmçinin bu sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu və bunun baş verməsi üçün səylərini əsirgəməyəcəyini bir daha təsdiq etdi”, – D.Qrevtsova deyib.

Politoloqun fikrincə, rəsmi Brüssel fürsətdən istifadə edərək təşəbbüsü Moskvanın əlindən almağa çalışır və bunda pis heç nə yoxdur:

“Məsələnin həlli ilə bağlı istənilən dövlətin istənilən səylərini tərəflər müsbət qarşılayacaq. Avropanın Ermənistana təsir edərək Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa vadar edib-etməyəcəyi ayrıca mövzudur. 30 il ərzində tərkibində Avropa dövlətinin də olduğu ATƏT-in Minsk qrupu münaqişəni həll edə və onu ölü nöqtədən tərpədə bilmədi, bu səbəbdən rəsmi Brüsselin indiki səylərinin nə dərəcədə uğurlu olacağını demək çətindir”.

Siyasi Araşdırmalar İnstitutunun direktor müavini vurğulayıb ki, Əliyev və Paşinyanın istənilən görüşü irəli atılan addımdır:

“Onlar kəskin məsələləri müzakirə edə və bir-birinin mövqeyini öyrənə bilərlər. Belə görüşlərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır”, – politoloq hesab edir.

Darya Qrevtsova əmindir ki, rəsmi Moskva Azərbaycan və Ermənistanın sülh şəraitində mövcud olmasında maraqlıdır, bu səbəbdən Brüsselin müvafiq təşəbbüsünə qarşı çıxmır.

“Əsas məsələ regionda sülhün olması və tərəflərin gündəlikdə duran məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə etməsidir”.

Bənzər xəbərlər