featured-image-4640

Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb. Bildirilib ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.

Qeyd edilib ki, 14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

Xatırladaq ki, bir müddət əvvəl Ramin Musayev Polşanın “Lex” klubu ilə bağlı səsləndirdiyi fikirləri ilə gündəmə gəlmişdi. Belə ki, o, iyulun 15-i Azərbaycan Premyer Liqasının püşkatmasında “Qarabağ”ın “Lex” üzərində qələbəsinə belə şərh vermişdi: “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.

Bənzər xəbərlər