QEYRİ-NEHRƏMLİ GÖMRÜK GENERALLARI
Və yaxud bitmiş, tükənmiş, ələ baxımlı Azərbaycan mediası
Uzun illər öncə Azər Həsrət Mirşahin haqqında “mətbuatımızın namusu” ifadəsini işlətmişdi. 2003-cü il prezident seçkiləri vaxtı Mirşahin tutduğu mövqeyə görə elə həmin Azər Həsrət tərəfindən qınandı və adınının sonuna “bu da satıldı” ifadəsini əlavə etdi… 2005-ci ilin mart ayında sabiq ateemçilər (MTN-in Antiterror Mərkəzi – ATM) tərəfindən, konkret olaraq, Akif Çovdarovun qurduğu əməliyyatla (sifarişçi sabiq İqdisadi İnkişaf naziri Fərhad Əliyev idi) qətlə yetirilən Elmar Hüseynov haqqında isə Azər Həsrət belə yazırdı: “Azərbaycan mətbuatının simasını öldürdülər!” Azər Həsrət genişçaplı bir tədbirdə pafoslu çıxış edərək onu da qeyd edirdi ki, iqtidarda olanları küçədə tək-tək tutub, it kimi gəbərtmək lazımdır…
Sonra mətbuatımızın ən odioz isimlərinin başında gələn Eynulla Fətullayev həbs olundu. Onun həbsinin başlıca səbəbi oyun qaydalarını pozması, oynadığı 3-4 başlı oyun idi. Bu məsələ haqqında ən “kreativ fikri” yenə Azər Həsrət söylədi: “Eynulla Azərbaycan mətbuatının şərəfi, ləyaqəti idi…”
Eynulla həbs olunanda mən də həbsdə idim, onun həbsini və Azərin bu haqdakı fikrini mətbuat vasitəsilə öyrəndim. Və dərhal götürüb yazdım ki (həmin yazım 2007-ci ilin may ayında “Nota Bene” qəzetində dərc olunmuşdu), namusu satılan, siması öldürülən, şərəfi və ləyaqəti həbsə atılan və bu kriteriyaları Azər Həsrət kimi biri tərəfindən müəyyən olunan mətbuatda mən yoxam!!! Yox olsun belə mətbuatı!!!
İndi təsəvvür edin ki, 30 ildi mətbuatımız bu peşə əxlaqından məhrum dəstənin əlindədi! Və bu peşə əxlaqsızları bizə media əxlaqı mövzusunda dərs deməyə cürət edirlər! Şəxsən mən zamanında məhz bunlara görə “tüpürüm sizin əxlaqınıza, peşə etikanıza” deyib, birdəfəlik mətbuatı tərk edib getdim, bu gün də özümü həmin mətbuatın sıralarında görmürəm, baxmayaraq ki, özüm də bir media qurumuna rəhbərlik edirəm.
Mənə irad tuta bilərsiniz ki, böyük bir cameə haqqında “əxlaqsız”, “şərəfsiz” və “sürü” kimi ifadələri işlədirəm. Amma inanın, onlar bunu haqq edirlər. Elə götürək bu sürünün bir il öncəki bayramı ərəfəsində baş verənləri. Etibar Əliyev adlı zat bunların bostanına daş atmışdı. Bunlar da at ilxısı, it sürüsü kimi tökülüşdülər əxlaq və xaraktercə heç də onlardan fərqlənməyən o zatın üstünə. Lakin millət vəkili statusu daşıyan həmin adam, görünən o ki, özfəaliyyətlə məşğul deyildi, tabe olduğu klanın sifarişini yerinə yetirmişdi. Elə bu səbəbdən də düyməyə basıldı və iki gün öncə “mətbuat özünə edilən haqsızlığa qarşı birləşdi” yazan bu klaviatura qəhrəmanları eyni həmrəyliklə geri addım atdılar. O vaxt mən belə bir status yazıb paylaşdım:
“Mənə ən çox ləzzət edən bilirsiniz nədi? Bu şərəfsiz, əxlaqsız, riyakar media generalları var haa, bax, o it yalı yeyənlərin maskasının Etoşun əliylə cırılmasından aldığım kayfı, Aqil Abbasın sözü olmasın, Sofi Loren və Sofiya Rotaru ilə birlikdəlik yaşamaqdan da ala bilməzdim. Əflatun Amaşov və kompanyonlarının iki gün öncəki fikirlərilə daban-dabana zidd fikir ortaya qoymaları, Etoş kimi birinə dəstək olmağa məcbur edilmələri adamı rəsmən orqazma çatdırır!”
Mətbuat bu il bayramını Şuşada keçirdi. Yenə qalmaqal, yenə biabırçılıq… Bundan əvvəl isə mətbuatın gündəmi DGK-da baş verən proseslər, bu proseslərin fonunda Nehrəm faktorunun şişirdilməsi, bütöv bir kəndin, hətta bütöv bir regionun qınaq obyektinə çevrilməsi, ölkədə baş verən az qala bütün problemlərin səbəbkarı kimi o kəndin göstərilməsi ilə yadda qalmışdı. Bu günün özündə belə həmin prosesin səngiməməsi, davam etməsi, əslində, vahid mərkəzdən idarə olunan medianın əlilə antiregionçuluq kampaniyasının körüklənməsidi. Məqsəd aydındır. Əsil məqsəd cənab prezidentin yürütdüyü siyasi kursu hamılıqla dəstəkləyən (təbii ki, kiçik istisnalar var) bir regionu aşağılamaq və nəticədə narazı salmaqdı.
Əgər “Google” internet axtarış sistemində “Nehrəm” kəlməsini yazsanız, DGK ilə bağlı xəbərlər, “DGK” kəlməsini yazsanız, nehrəmlilərlə bağlı xəbərlər çıxacaq qarşınıza – həm də on minlərlə xəbərdən söhbət gedir. Bu da təbii ki, qərəzli medianın problemə məhz qərəz bucağından baxmasından qaynaqlanır. Hansı media mənsubu mövzuyla bağlı yazı yazırsa, orada bu cümləyə mütləq şəkildə yer verilir: “Gömrüyü bu vəziyyətə salan nehrəmlilərdir!”
Elə təəssürat yaranır ki, sanki bu kos-koca dövlət qurumunda ancaq nehrəmlilər çalışır, rüşvəti yalnız onlar alır, dövlət rüsumlarını nehrəmli gömrükçülər qaldırır, iş adamlarını onlar incidir… Təbii ki, gömrükdə baş verən anormal duruma, alınan rüşvətlərə görə orada çalışan digərləri kimi, nehrəmli generallar da məsuliyyət daşıyır. Bizim bu yazıda məqsədimiz heç də nehrəmli generalları müdafiə etmək deyil. Bizi izləyənlər çox yaxşı bilirlər ki, onlar hələ vəzifədə olduğu dövrdə DGK-da baş verən qanunsuzluqlar barədə ən sərt şəkildə fikrimizi ortaya qoymuşuq və o yazılar indi də səhifəmizdə durur. Əsas məqsədimiz bu mövzuda ötən yazımızda da qeyd etdiyim kimi, mediada hökm sürən xəbər kirliliyinin qarşısını almaqdı. Dezinformasiya və xəbər kirliliyi əsasən naxçıvanlılara qarşı həyata keçirilir ki, bu da siyasi məqsədlərə xidmət edir. Bax, dediyimiz bu məsələ, “gömrükdə yalnız nehrəmlilər olub” iddiası sırf xəbər kirliliyidi və kim(lər)insə siyasi marağına xidmət edir. Bir daha təkrar edirəm, bunda məqsəd ölkə başçısını səmimi şəkildə müdafiə edən elektoratı narazı salmaqdır. Elə bu səbəbə görə, əminliklə demək olar ki, gömrük və nehrəmlilər haqqında, ümumiyyətlə, Naxçıvan və naxçıvanlılar barədə xəbər kirliliyi yaradılması, dezinformasiyaların yayılması hansısa, əslində, çoxlarına məlum olan qüvvələrin cənab prezidentə qarşı təxribatıdır.
“Nehrəmli hakimiyyətdədirsə, başına yalnız öz həmkəndlilərini yığar, başqası olmaz, olsa da ən böyük vəzifəsi texniki işçilərin rəisliyindən o yana keçməz. Bu yazını yazmağa məni yaxşı mənada məcbur edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilməsi xəbəri oldu. Zalım, buranı lap Nehrəmxanaya döndəribmiş. Generalların 98 faizi də oradandır. Bu xüsusiyyət yalnız Nehrəmliyə məxsus cəhətdir…” – bu sözlər bir polkovnikə aiddir, Eldar Sabiroğluna. O Eldar Sabiroğlu ki, vaxtilə bu hakimiyyətin verdiyi imkanlarından istifadə edərək, özü və oğlu üçün lyuks yaşam şəraiti qurmuşdu. Elə ki, qeyri-sabit mövqelərinə, oyun qaydalarını pozduqlarına görə bu imkanlar əllərindən alındı, dönüb oldular qatı müxalifətçi, insan haqq və hüquq müdafiəçiləri. Halbuki bu ata-bala üçün müqəddəs olan heç nə yoxdu, yalan üzərində siyasət qurmaq onların həyat kredosudu.
DGK problemi ilə bağlı yalan informasiyalar yaymaq, naxçıvanlıları və ələlxüsus da nehrəmliləri qınaq obyektinə çevirən daha 3 nəfərin adını çəkmək istəyirəm:
Natiq Adilov, Həbib Müntəzir və Tofiq Şahmuradov!
Bu üç odioz fiqur qərəzli və antiregionçudurlar, bağlı olduqları qrupların maraq çərçivəsindən çıxış edirlər. Təsəvvür edin, onlardan biri – “Tərtər cinayətləri” ilə bağlı həbs edilən yaramaz hərbçilərin müdafiəçisi rolunda çıxış edən, öz adı da bu hadisələrlə bağlı hallanan Tofiq Şahmuradov adlı tip öz feys səhifəsində paylaşdığı gömrük generallarının siyahısında Naxçıvanla heç bir bağlılığı olmayan, hətta başqa dövlət qurumlarında işləyən şəxsləri nehrəmli gömrük generalları kimi qələmə verərək, bilərəkdən fikir kirliliyi yaradır.
Həbib Müntəzirə gəlincə, antiazərbaycançı, ictimai-siyasi parazit rolunu üstlənən bu şəxs paylaşımlarından birində yazırdı: “Gömrükdə yeganə qeyri-nehrəmli olan bir generalı da həbs etdilər. Halbuki o şəxs gömrükdə ən təmiz reputasiyaya sahib general idi. Görünən o ki, DGK-nı qeyri-nehrəmlilərdən təmizləyirlər…”
Fikir verirsinizmi? Geniş oxucu kütləsi olan, ictimai rəyə təsir imkanlarına sahib biri nələr yazır? Zənn edirsiniz ki, məlumatsızlıqdan bunları yazır? Xeyr, o, gözəl bilir ki, yazdığı yalandır, ancaq bunları yazmalıdır, fikirləri çaşdırmalıdır və nəticə olaraq da, ictimai rəydə belə bir fikir formalaşmalıdır ki, gömrükdə ancaq nehrəmli generallar hökm sürür, əmr verir, insanları incidən, iş adamlarının qarşısında maneələr yaradan yalnız nehrəmlilərdir. Bu, düşünülmüş, planlanmış və siyasi maraqlara hesablanmış addımdır. Bu mövzuda yalan yazan hər kəs bəhs etdiyim iyrənc siyasi məqsədlərə xidmət edir.
Bəs gəlin görək, DGK barədə əsil həqiqətlər nədir, yazılanlar nə dərəcədə doğru və ya yalnışdı? Doğrudanmı, bu dövlət qurumunda yüksək vəzifə tutan generalların, baş idarə rəisləri və onların müavinlərinin 98 faizi (Rüfətin dədəsinin dediyi kimi) ancaq Nehrəm kəndindəndir? Doğrudanmı generalların içərisində qeyri-nehrəmli yalnız bir nəfər olub (Həbib Müntəzirin dediyi kimi), ikinci belə bir general yoxdur?
Ötən yazımda söz verdiyim kimi, son 10 ildə DGK-da yüksək vəzifə tutan general və polkovnik rütbəli məmurların siyahısını və bu müddət ərzində tutduğu vəzifələr barədə araşdırmalarımın nəticələrini diqqətinizə çatdırıram. Əvvəlcə məşhur Nehrəm kəndindən olanlarla tanış olun:
DGK-da NEHRƏMLİ GENERALLARIN SİYAHISI
1). Səfər Məmməd oğlu Mehdiyev – 17 mart 1973-cü ildə Naxçıvan MR, Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsi, beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə İstiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 1999-cu ildən 2018-ci ilə qədər DGK-da müxtəlif vəzifələr tutmuş, gömrük xidməti general-polkovniki rütbəsinə qədər yüksəlmiş və 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə DGK sədri vəzifəsinə təyin olunmuşdur;
2). Qulu Novruz oğlu Novruzov – 07 mart 1970-ci ildə Nehrəm kəndində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsindən məzun olub. Amerikanın Vaşinqton Universitetində Hüquq Məktəbi – JFDP (Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı çərçivəsində təhsil və tədqiqat) kursları keçib. Bu proqram çərçivəsində aşağıdakı ixtisas kurslarını bitirmişdir:
– Beynəlxalq təşkilatlar (Hüquq məktəbi);
– Beynəlxalq cinayət hüququ (Hüquq məktəbi);
– İnsan haqlarının beynəlxalq müdafiəsi (Hüquq məktəbi);
– Beynəlxalq münasibətlər (Jackson Beynəlxalq Əlaqələr məktəbi);
– Diplomatik danışıqlar (Jackson Beynəlxalq Əlaqələr məktəbi).
Qulu Novruzov 5 ciddi əsərin müəllifidi. Onlardan “Xarici siyasətdə şəxsiyyətin rolu” xüsusilə diqqət çəkir.
Gömrük xidməti general-mayorudu, 30 oktyabr 2018-ci il tarixdən prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi vəzifəsinə təyin olunub;
3). Əsgər Həsən oğlu Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı. 26 iyul 1963-cü ildə Nehrəm kəndində anadan olub. Ali təhsilini qırmızı diplomla başa vuran Əsgər Abdullayev 1996-cı ildən gömrük sistemində çalışır. 2006-cı ildə prezidentin sərəncamı ilə DGK sədrinin müavini təyin olunur;
4) Məsum Eynalı oğlu Rəsulov – 21 iyun 1974-cü ildə Nehrəm kəndində anadan olub. Gömrük xidməti general-mayoru rütbəsilə DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi vəzifəsini tuturdu. Hal-hazırda cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətiimkan tədbiri seçilib.
DGK-da qeyri-nehrəmli generallar və baş idarə rəisləri
İndi isə son 10-12 ildə DGK-da yüksək vəzifə tutan (baş idarə rəisləri, baş idarə rəislərinin müavinləri, regional gömrük idarələrinin rəisləri və s.) generallar və digər şəxslərin siyahısı ilə tanış olun:
1). Bağırov Şahin Soltan oğlu – 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ilə qədər gömrük sistemində müxtəlif yüksək vəzifələr tutub. Göstərilən tarixdə tutduğu vəzifədən azad edilib. Səfər Mehdiyevin istefaya göndərilməsindən sonra prezidentin sərəncamı ilə DGK sədrinin 1-ci müavini təyin olunub və hazırda sədrin vəzifələrini icra edir, gömrük xidməti general-leytenantıdır;
2). Babayev İqbal Alıcan oğlu – 07 avqust 1964-cü ildə Yardımlı rayonunda anadan olub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru. DGK-nın Akademiyası, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsi İqbal Babayev tərəfindən kurasiya edilir. Kiyev İnşaat və Memarlıq Universitetinin məzunudur. Gömrük işiylə bağlı heç bir təhsili yoxdur. Kompyuter avadanlıqları monopoliyası bu şəxsin əlindədi. Hələ 1986–1991 illərdə Kiyevdə kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə “POİSK” şirkətini təsis etmişdi. Məlum gömrük olaylarında DTX tərəfindən saxlanılanda bir çoxları vay-şüvən qoparmış, onu az qala gömrükdəki mələk kimi qələmə verirdi. Ancaq qeyd etdiyim kimi, iri monopolist şirkətləri var, kimsə ondan iznsiz ölkəyə kompyuter avadanlığı gətirə bilməz;
3). Qasımov Cavad Mustafa oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru. 31 may 1967-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun məzunudu, DGK-da işə girdikdən sonra Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb. Gömrük Sərhəd Məntəqələri İşinin Təşkili Baş İdarəsi, “Azərterminalkompleks” Birliyi, Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi bakılı balasının birbaşa nəzarətindədir, adı çəkilən bu qurumları məhz o kurasiya edir;
4). Vahabov Mirqasım Fazil oğlu – 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin (hal-hazırda Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi adlanır) rəisi, gömrük xidməti general-mayoru. 23 ildi adı çəkilən idarəyə rəhbərlik edir;
5). Ələkbərov İsmayıl Ağaqulu oğlu – DGK-nın Baş Gömrük Mühafizə Xidməti rəisi, gömrük xidməti general-mayoru. 06 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 50 yaşına qədər fizika müəllimi işləyib. Qəflətən anlayıblar ki, bu fizikdə gömrükçülük qabiliyyəti var və onu DGK-ya işə götürüblər, hətta 67 yaşı olanda Gömrük Akademiyasının rəisi vəzifəsi ona tapşırılıb. 72 yaşında isə Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Uzun müddətdir bütün DGK-nı bu “qoca qurd” mühafizə edir;
6). Xəlilov Təmkin Həsən oğlu – 24 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayorudu. Bu yaxınlarda vəzifəsindən azad edildi;
7) Quliyev Bəhruz Faiq oğlu – 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. Uzun müddət Hava Nəqliyyatında Gömrük Baş İdarəsinin və Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi olub, gömrük xidməti general-mayoru. Bu yaxınlarda DGK sədrinin müavini təyin olundu. Bu şəxs haqqında bir müddət öncə ətraflı məlumat paylaşmışam;
8) Xəlilov Ehtiram Səyyaf oğlu (“Yas” Ehtiram) – Göyçay rayonunun Bığır kəndində dünyaya gəlib. Bu yaxınlarda həbs edilib. Həbsinə qədər Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Baş direktoru vəzifəsini daşıyırdı, gömrük xidməti general-mayorudu. Onun haqqında bir neçə yazıda ətraflı məlumat vermişəm;
9). Həsənov Vəzir – əslən Qərbi Azərbaycandandır. DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. Əvvəllər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olub. Gömrük xidməti general-mayorudu. İş adamları Həsən Vəzirovu çox yaxşı tanıyırlar, ondan işi keçən hər iş adamına şərik olur;
10). Eyyubov Həsən Nəbi oğlu – DGK-da Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Sonradan yerdəyişmə yolu ilə Enerji Resursları və Dəbniz Nəqiyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Qərbi Azərbaycandandır, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludu;
11). Qədiməliyev Fikrət – Dövlət Gömrük Komitəsi Tibb Xidməti idarəsinin sabiq rəisidi. General rütbəsi daşıyır. Haralı olduğunu bilmirəm, ancaq nehrəmli və naxçıvanlı deyil. Onun adı DGK-da böyük qalmaqallarda hallanıb. Gömrükdən qazandığı pullarla oğlu Emil Qədiməliyev İngiltərədə böyük şirkətlər qurub. Medera Hospital kimi iri tibbi müəssisənin sahiblərindəndir;
12). Abduyev Sadiq – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Gömrük xidməti general-mayorudu. “Dərman mafiyası” qalmaqalına görə, bir neçə il öncə Fikrət Qədiməliyevlə birlikdə gömrük sistemindən uzaqlaşdırılan generallardandır;
13). Qaralov Səməd Əsəd oğlu – 1960-cı ildə Dmanisi rayonunun Ormeşen kəndində anadan olub. Gömrük xidməti polkovnikidi, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsini tutur. Neft və qaz sənayesi mütəxəssisi olsa da, yaxın qohumu Zakir Qaralovun sayəsində gömrük işinə keçib;
14) Şükürov Muxtar Fazil oğlu – Bakı şəhərində anadan olub. Gömrük xidməti polkovnikidi. Əvvəllər məşhur “Abşeron” gömrük postunun rəisi olub. Son iş yeri DGK Katibliyinin rəisi vəzifəsi idi. Bu yaxınlarda vəzifəsindən azad edilərək təqaüdə göndərildi;
15) Əsgərli Bəhruz Hüseyn oğlu – “Abşeron” Gömrük Postunun rəisi vəzifəsini tutur. Gömrük xidməti polkovnikidi. Əslən Gəncədəndir, Bakıda doğulub;
16) Coşqun Əhmədzadə Mübariz oğlu – Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini olub. Əvvəllər Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub. Hal-hazırda Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutur. Əhməd Əhmədzadənin qardaşı oğludu;
17) Əliyev Fərid Əlibaba oğlu – Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisidi, gömrük xidməti polkovnikidi. 1987-ci ildə Bakıda anadan olub;
18) Güloğlan Muradlı – 1964-cü ildə Şamaxıda anadan olub. Uzun illər gömrük sistemində müxtəlif vəzifələr tutub. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis əvəzi vəzifəsini tutur. Gömrük xidməti general-mayorudu;
19) Babayev Fərhad Fərrux oğlu – Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisidi. Gömrük Xidməti polkovnikidi, Bakı şəhərində anadan olub;
20) Abdullayev Əjdər Alı oğlu – Dövlət Gömrük Komitəsinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, Gömrük Xidməti polkovniki (Kəlbəcər rayonu);
21) Osmanov İlkin Arzuman oğlu – Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, Gömrük Xidməti Polkovniki (Tiflis şəhəri);
22) İsayev Xəzər Ağaəli oğlu – Dövlət Gömrük Komitəsinin İdman-sağlamlıq Mərkəzinin Baş direktoru, Gömrük Xidməti polkovniki (Ağdaş şəhəri);
23) Məmmədov Ceyhun Yusif oğlu – Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru (Bakı şəhəri)
23) Əliyev Vüqar İsmayıl oğlu – DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, Gömrük Xidməti polkovniki (Bakı şəhəri);
24) Ələsgərov Şahin – Dövlət Gömrük Komitəsi Gömrük Sərhədd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsini tutub. Gömrük xidməti polkovnikidi. Özü Bakı şəhərində anadan olub, atası gəncəli, babası qərbi azərbaycanlıdı. Fuad Ələsgərovun qardaşı oğludu. Bu yaxınlarda vəzifəsindən azad edildi;
25) İbrahimov Təyyar Tapdıq oğlu – Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizasının rəisi, Gömrük Xidməti polkovniki (Qərbi Azərbaycanın Krasnoselo rayonu);
26) Muxtarov Sənan Əli oğlu – Dövlət Gömrük Komitəsinin Hüquq Təminat İdarəsinin rəisi, Gömrük Xidməti polkovniki (Bakı şəhəri).
27) Məmmədov Əsgər Nurməmməd oğlu – DGK Katibliyinin rəisi, gömrük xidməti polkovniki. Bakı şəhərində anadan olub
28) İsmayılov Üveysi Ərəstun oğlu – Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki. Gəncəlidi. Mərmər monopoliyası bu şəxsin əlindədi.
Araşdırmalarımız hələ davam edir. DGK-da qeyri-nehrəmli, qeyri-naxçıvanlı generallar və baş idarə rəislərinin, rəis müavinlərinin sayı burada göstəriləndən dəfələrlə çoxdur.
Fərəməz Novruzoğlu