Qaragüruhun məntiqsizliyi...
Onlar Duqin və Duqina mövzusunda özlərini biabır etdilər
Azərbaycan cəmiyyətində, xüsusilə onun siyasi sistemində qaragüruh bir dəstə var. Onları anlamaq çox çətindir. Hansısa jurnalist və ya siyasətçi qonşularımız İran və ya Rusiya ilə bağlı məntiqə söykənən, dövrün reallıqlarına uyğun konstruktiv bir mövqe ortaya qoyursa, ağına-bozuna baxmadan, ifadə olunan mövqenin sahibini dərhal 5-ci kolonun adamı, agent, rusiyapərəst və ya iranpərəst adlandırırlar.
Ən maraqlısı da budur ki, xora qoşulanların sırasında tanınmış yazıçı, jurnalist və siyasətçilərə də rast gəlirsən.
Tanınmış rus ideoloqu Aleksandr Duqinin qızı Darya Duqinanın partladılaraq öldürülməsinə sevinənlərə mədəni və heç bir təhqirə yol vermədən yazdığım cavaba yönəlmiş reaksiyalarda yuxarıda qeyd etdiyim yersiz ittihamların hər biri ilə üzləşdim.
Mənə maraqlı gələn bu oldu ki, konstruktiv mövqeyə qarşı belə “üsyan” edənlərin böyük əksəriyyəti özünü İlham Əliyev hakimiyyətinin alovlu tərəfdarı, təbliğatçısı, eyni zamanda Türkiyəyə yaxın adamlar kimi qələmə verirlər. O zaman bu adamlar niyə belə məntiqsiz mövqe ortaya qoyurlar? Axı heç nəyi araşdırmadan verdikləri bu cür qaraguruh reaksiya ilə həqiqəti üzə çıxarmaq yolunu tutmurlar, özlərini kimlərinsə gözünə soxmaq məqsədini güdürlər.
Belə olmasaydı, onlar bilərdilər ki, Duqin və onun həlak olan jurnalist qızı Darya Azərbaycan üçün ən prinsipial olan Qarabağ məsələsində məhz bizim mövqeyimizi dəstəkləyiblər. Bunu sübut edən yüzlərlə material təqdim edə bilərəm. Onda niyə bu iyrənc terroru lənətləyənləri hədəfə alırlar?
Məsələyə Ukrayna kontekstindən yanaşırsınızsa, bu da doğru deyil. Çünki həm Ukrayna, həm də Rusiya bizim üçün üçüncü ölkə sayılır. Bu məsələdə bizim vətəndaşların mövqeyində olan fərqlilik milli xəyanət kimi yozula bilməz. Necə ki, biz çox ağıllı ziyalılarımızın sırasında həm Rusiyanı, həm də Ukraynanın mövqeyini dəstəkləyənləri görürük. Duqin və qızının Ukrayna ilə bağlı tutduğu mövqe isə, səhv və düz olmasına rəğmən, öz ölkələrinin maraqlarını qorumaq kontekstində olub. Təbiidir ki, Rusiya vətəndaşları olan Diqin və onun qızı gedib Zelenskiyə dəstək verən deyildi.
Bu qaraguruhun bəzi nümayəndələri əgər İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirsə, bilməlidirlər ki, məhz bizim möhtərəm Prezident zamanı və siyasi situasiyanı düzgün analiz edərək, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında sənədə imza atıb. Mən araşdırdım, hazırda bizi təhqir edən həmin “ziyalılar”ın heç birinin Prezidentin bu addımına etirazı olmayıb. Əksinə, onların arasında bu siyasi gedişi təqdir edənləri də az olmayıb. İndi siz düz yoldasınız, yoxsa biz? İndi İlham Əliyevin siyasətini siz səmimi dəstəkləyirsiniz, yoxsa linc etməyə çalışdığınız bizim kimilər? Belə çıxır ki, sizlər çox sürüşkən adamlarsınız! İlham Əliyevi bu məsələdə də səmimiyyətdən deyil, qorxudan və ya yaltaqlıqdan dəstəkləyirsiniz. Belə adamlar çox təhlükəli olur.
Rusiyadan söz düşən kimi belələri tarixə müraciət edir, Rusiyanın bizim başımıza gətirdiklərini önə çəkirlər. Bəli, tarixi unutmamalıyıq, onu yaxşı bilməliyik. Ancaq müasir siyasət həm də manevrlər tələb edir. Sözdə ərdoğançı olanlar bilməlidir ki, Rusiya və Türkiyə arasında 12 müharibə olub. Bu iki ölkə 350 il bir-biri ilə müharibə vəziyyətində yaşayıblar. Güya bunu Ərdoğan bilmir? Bilirsə, onda niyə Putinlə dostluq edir? Mən hesab edirəm ki, bir siyasətçi kimi çox da doğru addım atır.
Yoldaşlar, demək ki, siz heç Türkiyə və Ərdoğan sevgisində də səmimi deyilsiniz. Necə olur ki, Ərdoğan Putinlə qucaqlaşıb öpüşəndə onu alqışlayırsınız, amma Məhəmmədəli Qəribli və onun kimi düşünənlər Duqinin qızının ölümünə acıyanda, terroru pisləyəndə onları ruspərəst adlandırıb, təhqir edirsiniz?
Duqindən söz düşmüşkən, bilin ki, Aleksandr Duqin uzun illərdir Avrasiyanın iki böyük dövləti olan Türkiyə və Rusiya arasında birlik ideyasını fəal şəkildə təbliğ edir. Duqin və onun Avrasiyaçılıq ideyaları Türkiyə cəmiyyətində, o cümlədən qardaş ölkənin təhlükəsizlik qüvvələri arasında çox populyardır. Ərdoğana qarşı hərbi çevriliş cəhdi zamanı o, İstanbulda olub və Ərdoğanı dəstəkləyib. Bundan sonra Duqin Türkiyədə çox məşhurlaşıb. Ərdoğan Duqini şəxsən tanıyır.
“Vətən” partiyasının lideri Doğu Perinçek artıq Duqinə qarşı törədilən terror aktının Rusiya-Türkiyə münasibətlərinə qarşı yönəldiyi barədə bəyanat verib.
Məsələ bu qədər bəsitdi. Reaksiyalarınıza baxıb, bu dəfə sizə fəaliyyətinizə uyğun olaraq adbaad cavab verəcəm!
P.S. Mənə yazılan şərhlərdən biri diqqətimi daha çox cəlb etdi. Tanımadığım bir izləyici yazıya görə mənə təşəkkür etdikdən sonra bunu qeyd edib: “Şərhlərə baxıb təəccüblənirəm. Yaxşı ki, bizim ölkəni belə radikallar deyil, soyuqqanlı və savadlı adamlar idarə edir”.
Məhəmmədəli Qəribli