featured-image-6721

Və yaxud münaqişənin həlliylə bağlı Ki-Uest mərhələsinin pərdəarxası

(“Dünya siyasətində İlham Əliyev fenomeni” silsiləsindən)

II YAZI

 

“Bir dəfə Heydər Əliyev mənə dedi ki, demokratik ölkə olmaq üçün əvvəlcə ölkə olmaq lazımdır!” – Pol Qobl

 

Bəli, mərhum liderimiz tamamilə haqlı idi. Azərbaycan ölkə olmaq üçün ilk növbədə işğal altındakı torpaqlarını geri qaytarmalı, ölkənin suverenliyini, evindən-eşiyindən didərgin düşmüş bir milyona yaxın insanın haqq və hüquqlarını bərpa etməliydi. Bunlar olmadan, yəni ölkənin ərazi bütövlüyü bərpa olunmadan ölkə olmaq sadəcə, mümkün deyildi. Haqqında bəhs edilən “Pol Qobl” planı isə Azərbaycanın suverenliyi üçün nəinki təhlükə idi, əsil həqiqətdə bu suverenliyin üzərindən həmişəlik olaraq çarpaz xətt çəkirdi. Heç şübhəsiz, nə ata Əliyev, nə də onun davamçısı olaraq İlham Əliyev tarixə bu cür düşmək istərdi. Ki-Uest sülh sazişinə imza atmaqdan imtinanın arxasında yatan başlıca səbəb məhz bu idi.

 

Azərbaycan elə bir geostrateji əhəmiyyətə malik coğrafiyada yerləşir ki, burada hər kəs öz marağını gerçəkləşdirməyi düşünürdü. Tarixə qovuşmuş SSRİ-nin varisi olaraq Rusiya obyektiv və subyektiv səbəblərdən zəifləsə də, özünə yaxın adamlarını Ermənistanda hakimiyyətə gətirməklə bu ölkəni öz forpostu edərək, bölgədə təsir gücünü saxlaya bilirdi. O vaxtkı Rusiya rəhbərliyi Qafqazda mövqeyini qoruyub saxlamaq üçün münaqişənin davam etməsində də maraqlı idi.

ABŞ-ın patronajlığında Qərb dünyası isə Rusiyanı bölgədən uzaqlaşdırmaq və onun cənuba yolunu birdəfəlik kəsmək üçün münaqişənin sonlandırılması və bölgəyə sülhün gəlməsində maraqlı görünürdü. Ancaq liberal Qərb dünyası da öz maraqları gerçəkləşsin deyə, Yeltsin Rusiyası kimi ikili standarta yol verirdi. Şübhəsiz ki, bunda siyasi və maliyyə gücü olan erməni lobbisinin də təsiri böyük idi.

media-Qobl-1

ABŞ və Qərb dünyası öz geopolitik maraqlarını Azərbaycanın itkiləri hesabına həyata keçirmək planını ortaya qoyurdu. Bu planı həyata keçirmək üçün MKİ-nin yetişdirdiyi adam, etnik münaqişələr uzmanı

 

Pol Qobl ABŞ tərəfindən meydana sürülür…

 

Kimdir Pol Qobl? Rusiya və Avrasiya məsələləri üzrə ixtisaslaşmış amerikalı politoloq, məşhur Karnegi Fondunun əməkdaşı, ABŞ-ın sabiq Dövlət Katibi Ceyms Beykerin xüsusi müşaviri, postsovet məkanında etnik problemlərə dair 7 cildlik əsərin redaktoru və həmmüəlliflərindən biri, etnik münaqişələrə dair 200-dən çox elmi məqalənin müəllifi… ən əsası isə, sonradan özünün də biabırçı plan kimi dəyərləndirdiyi “Qarabağ münaqişəsinə dair Pol Qobl planı”nın müəllifidir Pol Qobl cənabları.

Pol Qobl verdiyi müsahibələrin birində öz planını qısaca olaraq belə xarakterizə edirdi: “Bu plan 1992-ci ilin yanvarında keçmiş dövlət katibi Kris Vens üçün onun regiona səfərindən öncə hazırladığım qeydlərin bir hissəsi idi. İdeya belə idi ki, SSRİ-nin parçalanmasından sonra yaranan qeyri-sabit durumda sərhəd dəyişiklikləri mümkün ola və razılaşdırıla bilər. Təklif edirdim ki, Qarabağ Ermənistana verilsə, əvəzində Zəngəzur Azərbaycana verilə bilər. Nəticədə iki monoetnik, millətçiliyə dayanan bölücü ərazilərsiz dövlətlər yaranardı. O vaxt Azərbaycan və Türkiyədə bu ideya ilə maraqlananlar vardı…”

İlk olaraq onu qeyd edim ki, uzun illər sonra mövzuya açıqlıq gətirən cənab Pol Qobl yalan danışır. Belə ki, onun “Qarabağ Ermənistana verilsə, əvəzində Zəngəzur Azərbaycana verilə bilər” fikri kökündən yanlışdır. Onun planında bəhs etdiyi tezis yoxdur. Olsa belə, bu, yenə də münaqişənin həlli demək deyildi. Çünki Qarabağın əvəzində Zəngəzurun Azərbaycana verilməsi Ermənistana aid Dağlıq Qarabağın yenə də anklav ərazi olacağını şərtləndirirdi ki, ermənilər buna qətiyyən razı olmazdılar. İkincisi, “Pol Qobl” planı dövriyyəyə girəndə Zəngəzurda artıq 1 nəfər də olsun azərbaycanlı yaşamırdı, 3 ildən çox idi ki, bəhs olunan bölgənin aborigen sakinləri zorla öz torpaqlarından çıxarılmışdılar. Elə isə, Pol Qobl erməniləri necə razı salacaqdı, onları necə inandıracaqdı ki, bu geniş əraziləri onsuz da nəzarətləri altındakı Dağlıq Qarabağ torpaqlarının əvəzinə Azərbaycan tərəfinə versinlər?

Qoblun 2014-cü ildə verdiyi müsahibədə diqqəti çəkən bir məqam var: “Azərbaycan və Türkiyədə bu ideya ilə maraqlananlar vardı…” Türkiyəni anladıq, nə qədər bizə dost və qardaş ölkə olsalar da, özlərinin dövlət maraqları var. O zamankı Türkiyə iqtidarı da istərdi ki, bir an öncə münaqişə bitsin, sülh sazişi imzalansın və bunun nəticəsində də Naxçıvan vasitəsilə Azərbaycana, daha sonra Orta Asiya və Çinə qədər çıxış yolu əldə etsin. İlk baxışda məqbul plandır, Azərbaycanın və bütövlükdə bölgənin iqtisadi inkişafı üçün böyük rol oynaya bilərdi bu plan. Ancaq nə qədər iqtisadi əhəmiyyət daşısa da, bunun Azərbaycanın torpaq itkiləri hesabına olması qəti yolverilməz idi. Heydər Əliyevi məhz buna vadar etmək istəyirdilər. Kimlər? Hər kəs – Amerika, Avropa, Türkiyə, hətta Pol Qoblun dediyi kimi, Azərbaycanda bu ideya ilə maraqlanan kəsim, yəni Heydər Əliyev hakimiyyətinə müxalifətdə olan qüvvələr. Bəs, onların marağı nə idi? Bu haqda yazımızın növbəti bölümündə ətraflı bəhs olunacaq…

media-Qobl-3

Andrey Saxarovun “ərazi mübadiləsi” təklifi…

 

Əslində, Qarabağ münaqişəsinin həlli yolunda ərazi mübadiləsi məsələsi ilk dəfə tanınmış dissident, akademik Andrey Saxarov tərəfindən ortaya atılıb. Münaqişənin başladığı ilk günlərdə o, belə bir ideya ilə çıxış etmişdi. Doğrudu, Saxarov ilk vaxtlar erməni əsilli xanımı Yelena Bonnerin təsiri ilə qatı ermənipərəst mövqe tuturdu. Onun fikrincə, erməni əhalinin çoxluq təşkil etdiyi Qarabağın dağlıq hissəsinin Azərbaycana verilməsi Stalinin ədalətsiz qərarının nəticəsi olub.

Saxarov iki məsələdə yanılırdı:

– birincisi, 1921-ci ildə İosif Stalinin qərarı ilə Qarabağın dağlıq hissəsi Azərbaycana verilmədi, Azərbaycanın tərkibində saxlanıldı;

– ikincisi, hər hansı bir ədalətsizlik baş vermişsə də, bu, Azərbaycana qarşı olub. Çünki Azərbaycanın tərkibində saxlanılan Dağlıq Qarabağa geniş muxtariyyat hüquqları verilsə də, Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilən tarixi Azərbaycan torpaqları – Göyçə, Vedibasar, Zəngəzur və Dərələyəz mahallarında əhalinin mütləq əksəriyyətini təşkil edən etnik Azərbaycan türklərinə heç bir muxtariyyat hüququ verilmədi.

Bununla belə, nə qədər təsir altına düşüb, ədalətsiz mövqe sərgiləsə də, Saxarovun ərazi mübadiləsi ilə bağlı təklifi daha məqbul və Pol Qobl planından daha ədalətli idi. Yuxarıda da qeyd etdiyim kimi, Saxarov Yelena Bonnerin təsiri ilə ilk vaxtlar ermənipərəst mövqe tutsa da, bölgəyə səfərləri zamanı hər iki tərəfi dinlədikdən sonra mövqeyində xeyli dəyişiklik baş verdi, hətta bu Yelena Bonnerə də sirayət etmiş oldu.

Saxarov və Bonner təklif edirdilər ki, Qarabağda yaşayan ermənilər Ermənistanda azərbaycanlıların yaşadığı ərazilərə köçürülsün, orada yaşayan etnik azərbaycanlılar isə Qarabağa köçürülsün. Saxarov daha iki variant təklif edirdi:

– ərazi mübadiləsi: Dağlıq Qarabağ Ermənistana verilir, Ermənistana məxsus olan Zəngəzur mahalı isə Qarabağın Ermənistanla birbaşa əlaqəsinə mane olmayacaq şəkildə, yəni Dərələyəz mahalının cənub sərhədlərinə qədər olan hissəsi Azərbaycana verilir;

– referendum məsələsi: Saxarov təklif edirdi ki, Dağlıq Qarabağda və Ermənistanda kompakt şəkildə yaşayan azərbaycanlılar arasında eyni vaxtda referendum keçirilsin və bu referendumun nəticəsinə uyğun olaraq qərar qəbul edilsin.

Göründüyü kimi, Andrey Saxarovun təklifləri hər iki tərəfin mövqeyini nəzərə almaq baxımından daha mütərəqqi, daha məqbul idi. Lakin Ermənistandakı məlum zəlzələ vaxtı həm zəlzələdən zərər çəkənləri ziyarət etmək, həm də planını gerçəkləşdirmək üçün təbliğat aparmaq məqsədiylə bölgəyə gələn Saxarov, özünün də sonradan dediyi kimi, çox pərt və məyus olur: Ermənistanda yaşayan azərbaycanlı əhali son nəfərinə qədər deportasiya edilmişdi.

Yelena Bonner sonralar etiraf edirdi ki, Saxarovun planı heç də “ideal həll yolu” deyildi, “Qarabağ məsələsi ətrafında aparılan mübahisələr yalnız polemikadan ibarət olduğu vaxt, bu plan ən azı yaradıcı yanaşma nümunəsi idi”. Tanınmış britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində isə Bonner deyirdi: “Biz müharibəyə aparan söhbətlərin qarşısını almaq istəyirdik!” Hesab edirəm ki, erməni də olsa, Bonner fikirlərində səmimidir. Çünki ər-arvadın o vaxtkı fəaliyyətinə bu günün prizmasından baxdıqda onların mövqeyinin qərbli analitik və təbliğatçıların mövqeyindən daha ədalətli olduğunu görmək mümkündür. “Ərazi mübadiləsi” kimi qəbul edilən “Saxarov planı” ilə “Pol Qobl planı”nı qarşılıqlı şəkildə müqayisə və analiz etdikdə buna əmin ola bilirik.

Saxarova görə, onun planı hər iki xalqın – azərbaycanlıların və ermənilərin təhlükəsiz şəkildə uzun müddət dinc yaşamağa çağırırdı. Amma müəyyən maraqlı qüvvələrin təsirilə əvvəlcə 1988-ci ilin sonlarında Ermənistanda yaşayan etnik azərbaycanlıların deportasiyası, sonradan da 1991-ci ilin sonlarından başlayaraq Azərbaycanın ərazi-demoqrafik məğlubiyyətlə üzləşməsi onun planını uğursuzluğa düçar etdi.

Hesab edirəm ki, Saxarov bu uğursuzluğun səbəbini tam açmağa ehtiyat edib. O, Qərbin elitar təbəqələrində barəsində formalaşdırılmış müsbət imicə (Qərbdə ona “vicdanın səsi” deyirdilər) xələl gəlməsindən ehtiyat edib ki, irəli sürdüyü planının hansı qüvvələrin təsiriylə uğursuzluğa düçar olduğunu dilə gətirməyib. Halbuki məsələyə ötəri baxış kifayət edir ki, “Saxarov planı”nın uğursuzluğunun arxasında liberal Qərbin əlinin olduğunu anlayasan. Saxarovun planında münaqişənin həlli üçün əsas müddəa kimi ermənilərlə azərbaycanlıların ərazilərini “ayırmaq” prinsipi ön plana çıxır. Lakin irəli sürülən bu versiyanın müzakirə obyektinə çevrilməsinə belə imkan verilmədi.  Çünki bu modeli təklif edən tərəf Rusiya (o vaxtkı SSRİ) idi. Bu isə ABŞ-ın maraqları ilə kəskin ziddiyyət təşkil edir və münaqişənin həlli məsələsində Qərbi arxa plana atırdı. Beləliklə, Qərb dünyası (başda ABŞ olmaqla) öz lakeyi Mixail Qorbaçevin əliylə münaqişəni daha da qızışdırdı, geriyə yol buraxmadı, aradakı bütün körpüləri yandırdı və…  ABŞ Pol Qoblun planı vasitəsilə diqqət mərkəzinə çıxdı…

 

ABŞ-in Qafqaz maraqları

 

Tanınmış analitik Şahin Qocayevin fikridir: “ABŞ “Pol Qobl” planı ilə Qafqaza infiltrasiya etdi!” Olduqca uğurlu tapıntıdı.

Oxucu üçün anlaşılmazlıq olmasın deyə, bu terminin mənasını izah edək. İnfiltrasiya maye maddənin torpağa, insan bədəninin toxumalarına və ya bərk bir cismə daxil edilməsi və ya daxil olmasıdır. Ancaq infiltrasiya sözünün istifadə olunduğu sahəyə görə fərqli mənaları var. Sızma eyni zamanda hərbi, polis və siyasi sahələrdə tez-tez istifadə olunan vacib texnikadır. Bu, müəyyən bir məlumat əldə etmək və onlardan fayda və ya üstünlük əldə edə bilmək üçün bir hissəsi olmadıqları bir yerə, bir təşkilata və ya bir qrup insana sızmaq hərəkətindən bəhs edir.

Bəli, ABŞ məhz bu planı ilə Qafqaza infiltrasiya etdi – torpağa hopan, sızan su kimi daxil oldu.

SSRİ-nin dağılması, Rusiyanın öz mövqelərini tədricən itirməsilə ABŞ köhnə və əbədi rəqibinin ətrafında çəmbər yaratmaq məqsədilə bir çox planlar işləyib hazırlayır və dövriyyəyə buraxırdı. Bu planlardan biri də “Pol Qobl” planı idi ki, bu plan gerçəkləşəcəyi təqdirdə ABŞ Rusiyanı həmişəlik olaraq Qafqazdan sıxışdırıb çıxaracaq və bölgədə onun yerini alacaqdı. Bu isə Azərbaycanın torpaq itkiləri və düşməninin qarşısında boynu bükük, məğlub duruma düşməsi hesabına başa gələcəkdi. Bu idbar planın qarşısı ata və oğul Əliyevlərin güzəştsiz, prinsipial mövqe tutmaları hesabına alındı.

Bəs, “Pol Qobl planı”nın mahiyyəti nədir, bu planın bizə verəcəyi xeyr və itkilər nədən ibarətdi? Bu planın Qərb dünyasına verəcəyi xeyri anladıq, adamlar Rusiyanı Qafqazdan sıxışdırıb çıxaracaq, özləri ora yerləşəcəkdi. Bununla da Rusiyanın Orta Şərqə və Afrikaya çıxışının qarşısı alınacaqdı. Olsun, bizə nə? Bizi 170 il əsarətdə saxlayan, torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaradan Rusiya kimi bir imperiyanın rədd olub Qafqazdan getməsi məni niyə narahat etməlidi? Bu gün bu sualları verən bir çoxları kimi mən də 20 il öncə elə düşünürdüm.

media-16327433246395249313_1000x669

Heydər Əliyevin tək ümidi: Dəmir Yumruq İlham Əliyev!

 

Amma zaman və şərait dəyişdikdən sonra, hadisələrə bu günün prizmasından baxdıqda anlayırsan ki, bir çoxlarının 20 il öncə “əşi qoy hakimiyyətə gəlsin, təki atası olmasın, bunu yıxmağa nə var ki. Biz bunu 40 günə iqtidardan devirərik” dediyi İlham Əliyev nə qədər uzaqgörən, nə qədər böyük hədəfi olan bir liderdir. Hətta Türkiyənin də öz dövlət maraqları üçün susqun qaldığı, satqın müxalifətin dünya gücləri qarşısında tək-tənha buraxdığı Heydər Əliyevin çıxılmaz və ümidsiz görünən o günlərində arxalanacağı tək bir adam olub – İLHAM HEYDƏR OĞLU ƏLİYEV!

Məhz İlham Əliyev atasını inandırıb, əmin edib ki, bu sazişə imza atmaq olmaz!

Bu saziş məğlubiyyətin etirafıdır!

Bu saziş əbədi utanc hissidir!

Heç Heydər Əliyev özü də belə bir sazişə imza atmazdı. Ancaq o tək idi, heç bir köməyi yoxdu, onu məcbur edirdilər – həm daxildən, həm kənardan. Belə bir çətin situasiyada cavan bir oğlan çıxır ortaya və “Sənin arxalanacağın qüvvə mənəm! Sənin dayağın mənəm! Güvən mənə!” – deyir. Bax, bu cavan oğlan uzun illərin Qarabağ dərdinin qocaltdığı, amma daha da mətinləşdirdiyi, siyasi cəhətdən daha da olğunlaşdırdığı DƏMİR YUMRUQ İLHAM ƏLİYEV idi.

ABŞ-ın maraqları üçün ortaya qoyduğu iyrənc planın qarşısını məhz o aldı, atasını inandıraraq aldı. O, atasını əmin etdi ki, bütün dünya üzərlərinə gəlsə də, ata-oğul birlikdə Azərbaycanın maraqlarını qoruya bilərlər. Təsadüfi deyil ki, Heydər Əliyev sonradan öz oğlu haqqında belə deyəcəkdi:

“İlham yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ardı var

Fərəməz NOVRUZOĞLU

 

Bənzər xəbərlər