QARABAĞ MÜNAQİŞƏSİNDƏ POL QOBL PLANI...
Və yaxud münaqişənin həlliylə bağlı Ki-Uest mərhələsinin pərdəarxası
(“Dünya siyasətində İlham Əliyev fenomeni” silsiləsindən növbəti yazı)
Azərbaycan prezidenti cənab İlham Əliyevi gənclik illərindən tanıyıram. Bir neçə dəfə şəxsən görüşmüşük, hətta mənim ata evimdə olub, çörək kəsmişik. Bunları niyə yazıram? Deməyim o ki, onu yaxından tanımaq, xarakterik xüsusiyyətlərinə bələd olmaq imkanım olub. Bəs, İlham Əliyev necə bir adam idi? Heç şübhəsiz, bu sətirləri oxuyan hər kəsin mənə verəcəyi ilk sual bu olardı. Mən də məmnuniyyətlə mövzuya girmədən öncə məhz o suala cavab vermək istərdim. Çünki sizlərə təqdim edəcəyim bu geniş mövzunun mahiyyətini anlamaq baxımından İlham Əliyevin portret cizgilərindən az-çox məlumatınız olmağını gərəkli hesab edirəm.
İlham Əliyevi ilk dəfə görəndə o mənə mülayim təbiətli, yüksək erudisiya sahibi, iti məntiqi olan, ancaq bununla belə, siyasətdən uzaq biri kimi təsir bağışlamışdı. Mən təsəvvürümə belə gətirməzdim ki, o, gələcəkdə prezident ola bilər, çünki siyasət üçün gərəkli olan prinsipiallıq kimi önəmli kriteriyanı onda görsəm də, aşırı sərtlik, hətta yeri gəldiyində kin və küdurəti onda sezmirdim. Aradan uzun illər keçdikdən sonra yanıldığımı hiss etdim. Örnək olaraq, cənab İlham Əliyevin AXCP sədri Əli Kərimliyə qarşı sərt münasibət ortaya qoymasını göstərmək olar.
Həmişə bir sual məni düşündürüb: səbəb nədir ki, Azərbaycan dövlətinə rəhbərlik edən bir adam ona müxalif olan siyasətçilər içərisində ən sərt münasibəti AXCP sədrinə qarşı sərgiləyir? İlham Əliyev Əli Kərimlidən qorxurmu, çəkinirmi, onu əsas rəqibi olaraq görürmü? Yox! Birmənalı olaraq yox! Ümumiyyətlə, mövcud siyasət adamları içərisində İlham Əliyevə alternativ ola biləcək şəxs yoxdur. Hətta Heydər Əliyev belə, onun qədər alternativsiz durumda olmamışdı, o zaman müxalifət daha güclü təsir bağışlayırdı, monolit birliyə sahibdi, geniş sosial bazası, əlində tənqidçi mətbuat kimi kifayət qədər güclü silahı vardı. İlham Əliyev isə ona müxalif olanlardan çox daha üstündür, ona qarşı olanlar təsir rıçaqlarından, ən əsası da sosial bazadan məhrumdur. Elə isə, İlham Əliyevin Əli Kərimliyə sərt münasibəti, bir az da dəqiq desək, kin və küdurət bəsləməsinin səbəbi nədir?
X Ə Y A N Ə T!!!
İlham Əliyevin yürütdüyü siyasəti dərindən analiz edəndə görürük ki, o, başqa bir yolla getmir, Heydər Əliyev tərəfindən təməli atılan yol elə onun da yoludur. O, atasının cızdığı yol xəritəsi ilə zaman və şəraitə uyğun şəkildə əmin addımlarla irəliləyir. Ata-oğul arasında bircə fərq var: Heydər Əliyev ona xəyanət edənləri də bağışladı, İlham Əliyev isə tamam fərqli mövqe tutur, xəyanəti əsla bağışlamır, hətta xəyanət edənə aşırı dərəcədə kin bəsləyir. Əslində, hər ikisi də doğrunu edib. Heydər Əliyev uçuruma yuvarlanmış Azərbaycanda dövlətçilik təməllərinin atıldığı bir dönəmdə cəmiyyətdə kəskin konfrontasiyaların qarşısını almaq üçün ona xəyanət edənləri də bağışlamaq məcburiyyətində idi. İlham Əliyev isə, atasının ağır zəhmət və çətinlik hesabına ayağa qaldırıb, dirçəltdiyi Azərbaycanda yenidən siyasi xaosa yol verməmək üçün xəyanət edənə sərt mövqe ortaya qoymalıydı və bunu da edir.
Bəli, İlham Əliyevin müxalifət liderləri içərisində ən çox sərtlik nümayiş etdirdiyi adam AXCP sədri Əli Kərimlidir. Hətta ona nifrət edir, kin bəsləyir. Bunun isə tək bir səbəbi var: XƏYANƏT!
Cənab prezident AXCP sədrinin xəyanətini tez-tez cəmiyyətə xatırladır. Məsələn, bir il öncə Sumqayıtda gənclərlə görüşündə o, Əli Kərimlini belə xarakterizə edirdi: “Əli Kərimli əvvəlcə tələbə yoldaşlarını sataraq özünə karyera qurmaq istədi. Sonra vəziyyət dəyişdi. Bu dəfə o, sabiq komsomolçu yoldaşlarını satdı. Sonra satqınçılıq yoluyla AXC-də müəyyən imtiyazlar əldə edib, yüksəldi. Yenə satqınçılığına davam etdi. Bu dəfə öz lideri Əbülfəz Elçibəyi satdı! Bunu Xalq Cəbhəsində hər kəs bilir. O, Elçibəyin ölümünə ən çox sevinən adam idi. İstəyirdi ki, lideri ölsün, o da onun yerinə keçsin. Satqınçılıq Əli Kərimlinin xarakterində ən mühüm kriteriya idi, yalnız bununla o irəliyə getməyi, şəxsi maraqlarını təmin etməyi düşünürdü. Satqınçılığı peşəyə çevirən Əli Kərimli hətta vətənini və dövlətini belə satmağı gözə aldı…”
Cənab İlham Əliyev tamamilə haqlıdı. Sabiq fəal cəbhəçi olaraq şəxsən mən bilirəm ki, Əli Kərimli Elçibəyə qarşı böyük xəyanət edib. Xəstə yatağında ölümlə mübarizə aparan lideri haqqında “Elçibəy xəstə-filan deyil, sevgilisindən sifilis xəstəliyinə tutulub” kimi hədyanlar yazdırmaq xəyanətin zirvəsidi. Stajlı cəbhəçilər hamısı çox gözəl bilirlər ki, Əli Kərimli Elçibəy əleyhinə hədyanlar yazdırmaq üçün böyük bir media ordusu yaratmışdı. Məsələn, Vüsalə Mahirqızı, Ləman Ələşrəfqızı, Xədicə İsmayıl və s. Bu “ordu”nun başında duran və ideya verənləri də, Kərimlinin bacanağı Əliməmməd Nuriyevlə AXCP Mətbuat katibi İsaq Əvəzoğlu idi. Bunu kimsə inkar edə, dana bilməz. Bu, yaşanmış bir tarixdi!
Yaşadığımız tarixdən onu da bilirik ki, Əli Kərimli ilə İlham Əliyevin münasibətləri zamanında çox normal olub. Birlikdə AŞ-nin Parlament Assambleyasında iştirak ediblər, hətta toplantılarda yanaşı oturduqları da yaddaşlarda qalıb. O zaman müxalif mətbuat cəmiyyətdə belə bir fikir formalaşdırırdı ki, post Heydər Əliyev dövründə iqtidar və müxalifətin islahatçı qanadları koalisyon hökumət quraraq problemləri birlikdə həll edəcəklər. Sonradan Əli Kərimli bunu İbrahim Məmmədovun şəxsi təşəbbüsü kimi qələmə versə də, bu təbliğat iki ildən çox davam etdi. Hətta bu təbliğatın başını çəkən Əli Kərimlinin nəzarətindəki “Azadlıq” qəzeti təkcə bir reklam – “Xırdalan pivəsi, qapağında hədiyyəsi” reklamı qarşılığında hakimiyyətdə təmsil olunan bir komitə sədrindən hər ay 80 min dollar pul alırdı. Yəni hakimiyyətlə Əli Kərimli arasında müəyyən razılıq əsasında baş tutan və davam edən müttəfiqlik sazişi mövcud idi və bunu kimsə dana bilməz. Bəs nə baş verdi ki, bu saziş pozuldu, Əli Kərimli asi elan edildi, xəyanətdə suçlandı, hətta vətənə və dövlətə xəyanət etməkdə suçlandı?
Robert Köçəryanın “Həyat və azadlığı”
Yuxarıdakı sualın cavabını almaq üçün qondarma “Dağlıq Qarabağ Respublikası” və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın kitabından yola çıxmalıyıq. Erməni cəllad “Həyat və azadlıq” adlı memuarının “Ki-Uest – imzalanmamış saziş” adlı bölümündə illərlə bizə məlum olmayan gizli məqamlara işıq salır. Etiraf etmək lazımdır ki, kitab yüksək səviyyəli bədii üslubda, oxucu üçün asan və oxunaqlı bir dildə yazılıb. İstər-istəməz oxucunu cəlb edir. Ən əsası isə, Azərbaycan dövlətinin hazırkı lideri İlham Əliyevi daha dərindən tanımamız üçün bizə yardımçı olur. Kitab vasitəsilə öyrənə bilirik ki, İlham Əliyev hələ prezident olmamışdan əvvəl Qarabağ məsələsində prinsipial və güzəştsiz mövqe tutub. Köçəryan kitabında iddia edir ki, vaxtilə mərhum prezident Heydər Əliyevlə müəyyən qarşılıqlı güzəştlərlə problemin həllinə kömək edəcək saziş imzalamağa çox yaxın olublar, ancaq məhz oğul Əliyev tutduğu güzəştsiz mövqe ilə atasını son anda bu sənədi imzalamaqdan çəkindirib.
Gəlin, ən yaxşısı, sözü Köçəryana verək:
“Və budur, biz Floridanın ən gözəl yerlərindən biri olan Ki-Uestdəyik. Meksika körfəzinin sahilindəki hoteldə yerləşmişdik. Hava əla idi – günəşli gün idi; və mən ümid edirdim ki, üzməyə də vaxt tapacağam. Əhval-ruhiyyəm də yüksək idi – həm dəniz havasına görə, həm də və ən əsası ona görə ki, bir neçə saatdan sonra mənim vətənimin taleyi həll olunacaqdı.
Trumenin çox da böyük olmayan Kiçik Ağ Evinə gəlirik. Danışıqlar zalı dolu idi: bizim və Azərbaycan nümayəndə heyətləri, çoxdan gözlənilən tarixi hadisəni qeydə alıb işıqlandırmağa hazır olan xeyli sayda jurnalistlər. Otağın mərkəzində stol, stolun arxasında ABŞ dövlət katibi Pauell, sağında Əliyev, solunda mən, qarşımızda Minsk Qrupunun həmsədrləri, Dövlət Departamentinin işçiləri, jurnalistlər…
Görüşü Pauell açır, unikal tarixi an haqqında danışır və sözü Əliyevə verir. O isə qovluğunu açır və… oradan yazılı çıxışını götürür. Orada on səhifəni gördükdə, başa düşdüm ki, bu, artıq uğursuzluqdur…
Əliyev çıxış edərkən mən Kavanoya (ATƏT-in Minsk Qrupunun o zamankı amerikalı həmsədri) baxırdım. O, tər-suyun içində idi, köynəyi bədəninə yapışmışdı, üzü isə qızarmışdı: anlayırdı ki, bu, onun karyerasının sonudur…
Məni ikili hiss bürümüşdü: bir tərəfdən yüngülləşmişdim, anlayırdım ki, bu cür sülh sazişini reallaşdırmaq kifayət qədər mürəkkəb və riskli olardı. Digər tərəfdənsə, xəyal qırıqlığı və təəssüf hissi vardı: bu, tarixi an idi – biz əsrlərlə davam edə biləcək bağ yarada bilərdik. Əlbəttə, biz özümüzün danışıqlarla bağlı güclü mövqeyimizi qoruyub saxlayırdıq – axı sülh sazişinin imzalanmasından biz imtina etməmişdik…
İki gün ərzində heç nə dəyişmədi. Bütün cəhdlərinə baxmayaraq, həmsədrlərə Əliyevi saziş layihəsini qəbul etməyə razı salmaq müyəssər olmadı…”
Köçəryan daha sonra qeyd edir ki, Heydər Əliyevdən sazişə imza atmamasının səbəbini soruşub. Məlum olub ki, səfərdən öncə mərhum liderimiz bütün ailəsini bir yerə toplayıb və onlarla məsləhətləşib. Bütün doğmaları yekdilliklə onu sazişdən imtina etməyə çağırıb. Onlar bildiriblər ki, hazırda Əliyev milli əfsanədir və əgər o, Qarabağı versə, Azərbaycan xalqı bunu başa düşməyəcək: bu ləkə onun və bütün ailəsinin üzərində qalacaq. Hamıdan daha çox israr edən isə onun oğlu İlham Əliyev olub. Heydər Əliyev yola çıxarkən ona söz verib ki, sazişi imzalamayacaq. Köçəryanın dediyinə görə, Heydər Əliyev sazişi imzalamaqdan imtina etməsini elə bu cür də əsaslandırıb: “Mən başa düşdüm ki, əgər öz ailəmi inandıra bilmirəmsə, Azərbaycan xalqını heç vaxt inandıra bilməyəcəyəm!”
Köçəryan onu da qeyd edir ki, Ki-Uestdən dərhal sonra Vaşinqtona uçublar. Orada onlar Dövlət katibi Kondoliza Rays və prezident Buşla görüşüblər. Amma bu da heç nəyi dəyişməyib. “Bununla da bizim razılığa gəlmək cəhdlərimiz bitdi. Əliyev saziş layihəsini qəbul etmədən getdi, ancaq ondan imtina da etmədi. Bunu o, bir neçə gün sonra Bakıda etdi. Kavanonu dəvət edib dedi ki, bu cür saziş Azərbaycan üçün qəbuledilməzdir və layihəni tamamilə yenidən işləmək lazımdır” – deyə, Köçəryan fikrini tamamlayır.
Atasından söz alan İlham Əliyev özü də ona söz verib
Köçəryan deyir ki, səfər öncəsi Heydər Əliyev oğluna sazişi imzalamayacağı barədə söz verib. Mənə belə gəlir ki, erməni cəlladın fikri burda tam dolğun deyil. Bəlkə də o, bilərəkdən hadisəni tam təfsilatı ilə təsvir etmir. Doğrudu, Köçəryan qeyd edir ki, sonradan, prezident olduğu dönəmdə İlham Əliyev də bu söhbəti təsdiq edib və ona deyib ki, hər şey məhz bu cür olub və o, atasını inandırıb, o da söz verib ki, sazişi imzalamayacaq. Ancaq mənim tanıdığım Heydər Əliyev Azərbaycan üçün bu cür həyati əhəmiyyət daşıyan bir məsələdə, oğluna da olsa söz veribsə, mütləq bunun qarşılığında ondan da söz alıb: “Oğul, mən sənə söz verirəm: bizim üçün tarixi bir ləkə olacaq sazişə imza atmayacağam! Sən də mənə söz ver! Söz ver ki, zaman və şərtlərin imkan vermədiyinə görə, mənim edə bilmədiyimi sən edəcəksən! Söz ver ki, bu ağır missiyanı sən tamamlayacaqsan! Söz ver ki, xalqımızın üzərindən bu utanc hissini qaldıracaq, onun onur və qürurunu bərpa edəcəksən! Söz ver ki, məğlub xalqı qalib edəcəksən! Söz ver, oğlum! Mən sənə verdiyim sözü tutacağam. Sən də mənə söz ver və verdiyin sözü tut!”
Mən əminəm ki, ata və oğul arasında buna bənzər bir dialoq olub. Çünki hər ikisini tanıyıram. Bilirəm ki, nə ata, nə də oğul Əliyevlər məğlubiyyəti, hələ də belə ağır və alçaldıcı məğlubiyyəti həzm edəcək personalar deyil. Bu dediyimi cənab İlham Əliyevin 44 günlük savaş vaxtı, Şuşanın 28 illik işğaldan azad edilməsini Şəhidlər Memorialı önündən Azərbaycan xalqına bəyan edən zaman dediyi sözlər də təsdiq edir: “Mən Ulu Öndərin məzarını ziyarət edərkən ona xəyalən dedim ki, Ata, sənə verdiyim sözü tutdum: ŞUŞA AZƏRBAYCANDIR!”
Əgər ailədaxili məsləhətləşmələr olmasaydı, ata-oğul bir-birinə söz verməsəydi və Heydər Əliyev Ki-Uestdə sülh sazişinə imza atmış olsaydı, nə baş verəcək, ölkəmiz bundan nə qazanacaq, nə itirəcəkdi. Ümumiyyətlə, siyasət və diplomatiya tarixinə “Qarabağ münaqişəsinin həlli yolunda Pol Qobl planı” kimi düşən və Ki-Uest sülh danışıqlarının ana xəttini təşkil edən planın mahiyyəti nədir? Nədən Heydər Əliyev kimi zəngin siyasi təcrübəsi olan bir adam o vaxt kifayət qədər nüfuz və sosial bazaya sahib müxalifət qüvvələri ilə məsələni masaya yatırmayıb, onlarla müzakirə və məsləhətləşmələr aparmayıb? Bəlkə Heydər Əliyev belə bir cəhd edib? Edibsə, buna müxalifətin münasibəti nə olub? Niyə Heydər Əliyev özünü təklənmiş kimi hiss edirmiş, sazişə imza atmaq məcburiyyəti yaşayırmış? Heydər Əliyevi düşmən qarşısında kimlər tək buraxmışdı? Müxalifətin, ən əsası da AXCP və Əli Kərimlinin bu xəyanətdə – Heydər Əliyevi və Azərbaycan dövlətini düşmən qarşısında gücsüz və əliboş buraxılmasında rolu nədir?
Bəli, Heydər Əliyev tək qalmışdı, düşmən qarşısında gücsüz buraxılmışdı. Və o, Ki-uestdə sülh sazişinə imza atmaq məcburiyyəti ilə üz-üzə qalmışdı. Amma ailəsinin, ələlxüsus da, oğlu İlham Əliyevin təkidlərindən sonra başa düşdü ki, o, tək deyil, arxasında böyük bir qüvvə var – AİLƏSİ, OĞLU!
Ardı var
Fərəməz NOVRUZOĞLU