featured-image-13184

Çinin siyasi aktivliyi Qərbi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində daha çevik olmağa sövq edir

 

100 gündür ki, Laçın yolu bağlıdır… Azərbaycan artıq rəsmi səviyyədə “dəhliz” ifadəsindən imtina edib. Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan Laçın dəhlizinin açılmasını tələb edir. ABŞ və Avropa İttifaqı da bu tələbi dəstəkləyir. Rusiya və İran da həmçinin…

Ancaq Azərbaycan dirəşir. Beynəlxalq təzyiqlərə baxmayaraq, yolu bağlayan ekoloqlar geri çəkilmirlər. Bu müddət ərzində qondarma Artsaxın dövlət naziri Ruben Vardanyan Azərbaycanın təkidi ilə istefa verməli oldu. Buna baxmayaraq, Azərbaycan tərəfi yolu açmadı.

Ən maraqlısı isə odur ki, Laçın dəhlizinin açılmasını tələb edən Qərb Azərbaycanın dəhlizə tam nəzarət etməsinə maraq göstərir. Rusiya isə Azərbaycana belə bir haqq tanımaq istəmir.

Təbii ki, bu məsələdə Ermənistan və Qarabağ erməniləri ilə Rusiyanın maraqları üst-üstə düşür. Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə də biz eyni mənzərəni görürük. Bu məsələdə də Qərbin mövqeyi Azərbaycan üçün daha məqbuldur.

Bu gün Ermənistan müxalifəti Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququna Ermənistan tərəfindən dəstək verilməsini istəyib. Onlar eyni təkliflə dekabr ayında da çıxış etmişdilər. Müxalifət deyib ki, Ermənistan parlamenti uzaq 1992-ci ildə qərar verib ki, Ermənistan heç bir halda Dağlıq Qarabağın Azərbaycanın tərkib hussəsi olmasına razılıq verə bilməz. Bu dəfə də Nikol Paşinyan iqtidarı bu təklifi rədd edib…

Göründüyü kimi, Ermənistan keçmiş Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır. Ancaq bu, azdır. Çünki bu mövqe tutaq ki, iki ölkə arasında imzalanmalı olan sülh müqaviləsində və ya başqa bir sənəddə hələ də rəsmiləşməyib. Bu isə o deməkdir ki, Ermənistanda iqtidar dəyişikliyi olsa, biz tam fərqli yanaşma ilə üzləşə bilərik.

ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün yenidən Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Blinken deyib ki, ABŞ Ermənistan-Azərbaycan danışıqlarına dəstək verməyə hazırdır.

ABŞ Ermənistan-Azərbaycan danışıqlarının tezliklə yekunlaşmasını istəyir. Amma Nikol Paşinyan Türkiyədə prezident seçkisinin nəticəsini gözləməyə üstünlük verir. Maraqlıdır, deyilmi? Amerika, bütövlükdə Qərb Ermənistanı tələsdirir. Ermənistan isə daşı ətəyindən tökmür…

Bir önəmli məqam da var. Azərbaycan Qərbin təkidi ilə Qarabağ erməniləriylə danışıqlara gedir. Ancaq Qarabağ erməniləri beynəlxalq vasitəçilər üzərindən bu danışıqları aparmaq istəyir. Təbii ki, bu, Azərbaycan üçün məqbul deyil, ancaq eyni zamanda, Azərbaycan tərəfi öz erməni vətəndaşları ilə danışıqlara hazır görünür.

Bir şeyi də deyim. Çin İran və Səudiyyə arasında anlaşmaya nail oldu. Rəsmi Pekin indi də Rusiya və Ukrayna arasında vasitəçiliyə can atır. Şübhəsiz ki, bu, Qərb tərəfindən narahatlıqla qarşılanır. O da istisna deyil ki, Çin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün müəyyən addımlar ata bilər. Məncə, bu amil Qərbi daha çevik olmağa sövq edir…

Elbəyi HƏSƏNLİ

 

Bənzər xəbərlər