QALİNA BREJNEVANI BAKIYA GƏTİRƏN GENERAL!
Леонид Ильич Брежнев: “Здравствуйте дорогой Гейдар. Как наша Галина? Она в порядке?”
“Heydər Əliyevlə bağlı xatirələr” silsiləsindən
1991-ci ilin əvvəlləriydi. Ölkədə hökm sürən qeyri qənaətbəxş siyasi durum hər gün bir az daha da pisləşirdi. Mövcud hakimiyyət komandasının bu vəziyyətdən çıxmaq üçün əlində işlək mexanizmləri yox idi. Müxalifət qüvvələrinin getdikcə gücünü artırması iqtidarın daha böyük yanlışlara yol verməsinə səbəb olurdu. Belə yanlış addımlardan biri də “SSRİ-nin saxlanması barədə” 17 mart referendumuyla bağlı 07 mart 1991-ci il tarixdə Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qərar oldu.
Ali Sovetdə müzakirələr gedərkən “Demblok” adlanan və müxalifəti təmsil edən deputat qrupu referendum keçirilməsinin əleyhinə çıxdı. “Demblok”la birlikdə mərhum dövlət başçısı Heydər Əliyev də bu mövqedə idi, referendum keçirilməsini qətiyyətlə pisləyirdi. Onun parlament tribunasından kəskin çıxışı və sərt mövqeyi, başda prezident Ayaz Mütəllibov olmaqla, iqtidar komandasını daha çox narahat edirdi. Çünki o, müxalifət düşərgəsinin nümayəndələrindən fərqli olaraq, siyasi şou və pafosa deyil, məntiqə və düşünülmüş siyasətə üstünlük verirdi. Digər tərəfdən, müxalifət düşərgəsinin özündə Heydər Əliyevin xeyli tərəfdarı vardı. Yəni o, geniş sosial bazaya sahib siyasi lider idi. Bundan başqa, Heydər Əliyevin arxalana biləcəyi daha mühüm bir qüvvə var idi: NAXÇIVAN MR ALİ MƏCLİSİ!
Təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycan parlamentinin 07 mart tarixli iclasındakı çıxışında məhz buna işarə edirdi:
“Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır!”
Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin adını elə belə çəkməmişdi, çünki əlində Naxçıvan parlamentinin referendum əleyhinə çıxardığı qərar vardı. O vaxtkı iqtidarı qorxudan da elə bu idi – hadisələrin önünə Heydər Əliyev çıxmasın!
Xülasə, referendum “keçirildi”, Azərbaycan SSRİ-nin tərkibində qaldı, ancaq bu referendum Naxçıvanda baş tutmadı. Heydər Əliyevin liderliyində Naxçıvanın mütərəqqi qüvvələri (təbii ki, baş rollardan birini də Naxçıvan Xalq Cəbhəsi oynayırdı) bu lazımsız referendumu Naxçıvanda boykot etdilər.
Bundan sonra Heydər Əliyevə qarşı mərkəzi hakimiyyətin diskriminasiya siyasətinə start verildi. Əslində, bu siyasət çox daha əvvəldən başlamış, uzun müddət üstüörtülü formada getmiş, 07 mart tarixli parlament yığıncağında açıq şəkildə ortaya çıxmış, referendum Naxçıvan MR-də boykot edildikdən sonra isə daha şiddətlə davam etdirilmişdir. Məhz Heydər Əliyevin parlamentdəki məşhur çıxışından sonra birbaşa Mixail Qorbaçevin göstərişi ilə ona qarşı kampaniya başladıldı. SSRİ adlı böyük bir imperiyanın idarə edilməsində həlledici adamlardan biri olan Heydər Əliyevin aktiv siyasətə geri dönüşü sözsüz ki, Moskvadakı mərkəzi hakimiyyəti, ələlxüsus da, bu hakimiyyətin birinci adamını narahat etməyə bilməzdi.
Plan çox yaxşı hazırlanmışdı. Elə adamları seçib ortaya çıxarırdılar ki, insanlarda belə bir fikir formalaşırdı: bu adamlar adi adamlar olmayıb, yüksək vəzifələr tutub, deməli, Heydər Əliyev haqqında nələrsə bilirlər. Məsələn, Heydər Əliyevin birinci hakimiyyəti dönəmində respublikanın Baş Prokuroru işləmiş Qambay Məmmədov kimi adamlar.
Qambay Məmmədovu çoxları tanıyır. Eləcə də Sayılov, Ənvər Əlixanov, Məmməd İsgəndərov da çoxlarına tanışdır. Ancaq bir nəfər var ki, onun kim olduğu, nədən Heydər Əliyevə qarşı çıxdığı barədə çoxları məlumatsızdır. Elə mən də “Heydər Əliyevlə bağlı xatirələrim” silsiləsindən olan bu yazımda məhz həmin adamdan bəhs etmək istəyirəm.
General-mayor Məmməd Əlizadə!
Gəlin, ilk öncə, Məmməd Əlizadənin tərcümeyi-halı ilə tanış olaq. Keçmiş SSRİ KQB-nin arxivində saxlanılan (dərc edilmiş sənədlərdən yola çıxaraq) şəxsi qeydiyyat vərəqəsində yazılanlardan məlum olur ki, Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Zəngəzur qəzasının Qaradığa kəndində (indi Qafan rayonu ərazisindədir) anadan olub. Bir il sonra ailəsi ilə birlikdə Bakıya köçmüş, Ramanı qəsəbəsində yaşamışlar. Azərbaycan Sənaye İnstitutunda oxuyarkən müharibənin başlaması səbəbiylə təhsili yarımçıq qalmış və cəbhəyə yollanmışdır.
1947-ci ildə ordudan təxris olan Əlizadə əvvəlcə təhsilini başa vurmuş, sonra 1950-ci ilə qədr neft sənayesində işləmişdir.
Məmməd Əlizadə 1950-ci ildə Moskvaya, SSRİ DTK-nın ikiillik ali məktəbinə oxumağa göndərilir. Bu məktəbi bitirdikdən sonra Bakı şəhər Milis İdarəsinin SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) xidməti şöbəsinin rəis müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı vilayəti 5-ci şöbəsinin rəisi işləmişdir. 1954-cü ilin aprelində vəzifədə irəli çəkilərək Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin müavini təyin olunur.
Zəruri qeyd: Məmməd Əlizadənin qısa müddətdə belə bir yüksək vəzifəyə təyin olunmasının özəl səbəbi var. Bir müddət əvvəl yazıb paylaşdığım “AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!” adlı silsilə yazılarımda da qeyd etdiyim kimi, 1969-cu ilə qədər Azərbaycanda hakimiyyət “Şuşa klanı”nın əlində olub. Bu klana daxil olanlar təkcə şuşalılar olmayıb. Klana qonşu Cəbrayıl, Qubadlı, Ağdam rayonlarından, eləcə də Şərqi Zəngəzurdan xeyli adamlar daxil idi. Araşdırma zamanı çox mühüm bir məqamı üzə çıxardıq. “Şuşa klanı” ilə iç-içə olan digər regiondan olan məmurların hamısının xanımı şuşalı olub. Məmməd Əlizadənin xanımı da şuşalı idi. Heç şübhəsiz, onun vəzifə pillələrində sürətlə irəliləməsində bu faktor əhəmiyyətli rol oynayıb.
Məmməd Əlizadə 1955-ci il iyul ayında Naxçıvan MSSR DTK-nın sədri təyin olunur. 5 il bu vəzifədə işlədikdən sonra SSRİ Nazirlər Soveti yanında DTK-nın şöbə rəisi vəzifəsinə irəli çəkilir. 1964-cü ilin sonlarına qədər o, Moskvada işləyir. Sonra Azərbaycan SSR DİN (o zaman İctimai Asayişi Mühafizə nazirliyi adlanırdı. 1968-ci ildən Daxili İşlər Nazirliyi adlandı) 4-cü şöbəsinin rəisi təyin olunur. Qısa müddət sonra, 1965-ci il yanvar ayının 6-da Daxili İşlər naziri təyin olunur və 19 mart 1970-ci ilə qədər nazir vəzifəsini tutur.
Məmməd Əlizadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 4-cü və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və 5-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
Gördüyünüz kimi, kifayət qədər zəngin karyerası olub.
“Бакинский рабочий” Heydər Əliyevə qarşı…
1991-ci ilin mart ayının sonlarında AXC Məclisinin toplantısında iştirak etmək üçün Bakıya getmişdim. O vaxt mən AXC-nin hakimiyyətdə təmsil olunan çox azsaylı üzvlərindən biriydim – Şərur rayon XDM İK sədrinin 1-ci müaviniydim.
Məclis üzvlərinin əksəriyyətinin əlində yarımbaşlıqda adı çəkilən qəzet vardı. Qəzetdə Məmməd Əlizadə imzasıyla Heydər Əliyevin əleyhinə böyük bir yazı dərc olunmuşdu. Müəllif Heydər Əliyevi yerlibazlıqda, tayfabazlıqda, korrupsiya və rüşvətdə günahlandırır, onun DTK-da işlədiyi dövrə öz aləmincə “işıq tuturdu”.
Məmməd Əlizadə həmin yazısında Heydər Əliyevin DTK-da işlədiyi dövrdə guya öz işçisinə və agentinə qarşı cinsi istismarda olduğu iddiasını irəli sürür, yazının davamında həmin qadınların DTK komissiyasına verdikləri izahatı dərc edəcəyi sözünü verirdi.
Mən Bakıda 4-5 gün qaldım. Hər gün yuxudan duran kimi mehmanxananın 1-ci mərtəbəsinə enir, qəzetləri alırdım. Sözsüz ki, nömrəmə qalxmadan “Бакинский рабочий” qəzetini vərəqləyir, Məmməd Əlizadənin yazısının davamını axtarırdım. Ancaq o yazının davamı nə mən Bakıda olduğum müddətdə, nə də sonralar dərc olundu.
Mən tam əmin idim ki, Heydər Əliyevə qarşı təşkil olunan bu kampaniya onun “SSRİ-nin saxlanması haqqında referendum”un əleyhinə çıxması və referendumun Naxçıvanda boykot edilməsində oynadığı mühüm rolla bağlıdır. Ancaq Məmməd Əlizadənin əliylə başladılan bu kampaniyanın dayandırılması, onun imzasıyla dərc olunan yazının davamının gəlməməsi mənim bu məsələyə marağımı daha da artırdı. Bu səbəbdən də Naxçıvana qayıdan kimi Heydər Əliyevin ziyarətinə getdim.
Mərhum liderlə xeyli söhbətimiz oldu. Amma bir türlü məsələnin üzərinə gələ bilmədim. Hesab edirdim ki, qeyri-etik çıxar. Çox gözəl münasibətlərimiz olsa da, ona “səni qız məsələsinə görə günahlandırırlar. Bunun səbəbi nədir, doğruluq payı nə qədərdir?”, – deyə sual edə bilmədim, doğrusu, buna cəsarət etmədim.
Aradan bir müddət keçdikdən sonra Heydər Əliyevlə növbəti görüşlərimizin birində o özü söhbəti açdı. Dedi ki, referendumdan həmən sonra mənə qarşı kampaniya başladılanda sən Bakıda idin, geri döndüyün zaman mənimlə görüşəndə sözlü adama oxşayırdın, sanki nə isə soruşmaq istəyirdin, ancaq soruşmadın.
– Nə idi səni narahat edən? – Heydər Əliyev gülə-gülə soruşdu.
Özümdən asılı olmayaraq tutuldum, hətta təlaşlandım da deyə bilərəm. Bu adam nədir, kimdir, fikirləri belə oxuya bilir? Gənc və təcrübəsiz idim. Sözsüz ki, bu çatışmazlıqlarıma görə daha da açıq verdim. Kəkələyərək nə isə qeyri-adi bir şey olmadığını söyləsəm də, danışıq tərzimdən və mimikamdan doğrunu söyləmədiyimi anlamışdı.
Rəhmətlik o məşhur gülüşüylə soruşdu:
– Yalan demə, üz ifadəndən bilirəm ki, Məmməd Əlizadənin yazısını oxuyubmuşsan. Əsil həqiqəti bilmək istəyirsənmi?
Tanrım, kim belə bir informasiyadan xəbərdar olmaq istəməz ki… Sevincək halda qışqırdım:
– Hə, hə, oxumuşam o yazını! Əlbəttə, əsil həqiqəti bilmək istəyirəm! Nə məsələdir, Məmməd Əlizadə kimdir? Niyə elə bir yazı yazmışdı? Bəs, niyə yazının davamını gətirmədi?
Heydər Əliyev çayını bitirib, ayağa qalxdı və qonşu otağa keçdi. 5 dəqiqə sonra geri qayıdıb, mənə rəngi saralmış bir neçə vərəqdən ibarət bir sənəd uzatdı.
– Bunlar nədir? – təəccüblə soruşdum.
Heydər Əliyev sualıma cavab vermədən birbaşa mövzuya keçdi:
– 1970-ci ilin mart ayının əvvəlləriydi. Axşam saatlarıydı… İş otağımda oturub bəzi raportları incələyirdim. Telefon zəng çaldı. Yan tərəfə baxanda gördüm ki, zəng Moskvadan edilib. Trubkanı qaldıran kimi Brejnevin səsini eşitdim. Salamdan sonra ilk sözü bu oldu: “Дорогой Гейдар. Как наша Галина? Она в порядке?” İlk əvvəl çox təəccübləndim, “Неужели Галина в Баку?” deməkdən özümü zorla saxladım…
Gensekin macərapərəst qızı – Qalina Brejneva!
Həlim təbiətli Leonid İliç Brejnev dünyanın ən böyük imperatorluğunu idarə etsə də, onun da zəif tərəfi vardı – ailəsi! Leonid İliç özündən əvvəlki genseklərdən, ələlxüsus da İosif Vissarionoviçdən ailəcanlığı, ailəsinə bağlılığı ilə xeyli dərəcədə fərqlənirdi. Amma nə yazıq ki, onun adına ən böyük ləkəni gətirən də məhz ailəsi, daha doğrusu, qızı Qalina olmuşdur.
Brejnev bu şıltaq qızı çox sevirdi, ona son dərəcə düşkün idi. Lakin Qalina macəra həvəskarıydı, qapalı həyat tərzi sürməyi sevmirdi. O, meşşan həyat tərzi yaşayan biri idi. Qalinanın yaşadığı macəralar mediada işıqlandırılmasa da, cəmiyyətdə fəal şəkildə müzakirə edilən ekssentrik və dikbaş xarakteri sayəsində qalmaqallı şöhrət qazanmışdı. Qızının belə bir reputasiyaya sahib olması dünyanın ən böyük ölkəsinin “ən böyük adamı”nı təbii ki, narahat edirdi.
Qalinanın ilk rəsmi əri tanınmış sirk artisti Yevgeni Milayev olub. Onların ilk görüşü 1951-ci ildə baş tutub. O zaman Brejnev Moldaviyaya rəhbərlik edirdi. Leonid İliç qızının Milayevlə birlikdəliyinin əleyhinə idi. Çünki o, az qala Brejnevlə yaşıd idi, Qalinadan 19 yaş böyükdü. Gələcək Gensek qızının atası yaşında bir sirk ustasıyla birlikdə olmasını həzm edə bilmirdi. Lakin Qalina atasını eşitmədi və sirk artisti ilə rəsmi nigaha girdi.
10 illik evlilikdən sonra Qalina və əri ayrıldılar. Bu müddət ərzində gensekin qızı yüngül həyat tərzi sürdürməyi davam etdirirdi.
1962-ci ildə Qalina Leonidovna başqa bir sirk artisti, illüzionist İqor Kio ilə fırtınalı bir eşq həyatı yaşamağa başladı. O, İqorun arvadı olmaq təklifini qəbul etdi, rəsmi olaraq Milayevdən boşanma ərizəsi verdi və onunla evləndi. Qalina İqor Kio ilə nigaha girərkən Leonid İliçə belə bir mesaj buraxmışdı: “Ata, mən aşiq oldum. Biz evləndik. Sevgilimin 25 yaşı var!” O, atasına bu mesajı buraxdıqdan sonra gənc əri ilə Soçiyə gedir.
Brejnev nə edəcəyini bilmirdi. Digər tərəfdən, qızı onu aldatmışdı, “sevgilimin 25 yaşı var” yazsa da, əslində, Qalina ilə nigaha girərkən onun vur-tut 18 yaşı vardı. İşə bax ki, hər iki əri sirk ustası olsa da, birincisi Qalinadan 19 yaş böyük, ikincisi isə, 15 yaş kiçik idi.
Qalina ilə İqorun rəsmi nigahı cəmisi 10 gün çəkir. Sonra onlar boşanırlar. Ancaq Leonid İliç Baş Katib olana qədər onların görüşməsi davam edir.
1970-ci ilin əvvəllərində Qalina atasına yeni bir mesaj yazır ki, gəzmək, əylənmək, istirahət etmək üçün Azərbaycana gedir. Bu mesaj yalnız 1 həftə sonra Leonid İliçin əlinə ulaşır. O düşünür ki, qızının Bakıda olmasından heç şübhəsiz, Heydər Əliyev xəbərdardır. Elə bu məqsədlə götürüb ona zəng edir və qızının vəziyyətini soruşur. Heydər Əliyev məsələdən xəbərsiz olsa da, Leonid İliçə “narahat olmayın, Qalina dəniz kənarında, sanatoriyalardan birində istirahət edir” demək məcburiyyətində qalır. Çünki o, yenicə hakimiyyətə gəlmişdi, Brejnev ilə yaxın münasibətlərindən istifadə edərək, Azərbaycanı sənayeləşdirməyi planlayırdı. Ancaq qəflətən ortaya belə bir xoşagəlməz məsələ çıxır. Ən pisi də o idi ki, Qalinanın harda olduğunu Heydər Əliyev özü də bilmirdi. Kim ondan xəbərsiz belə bir iş tutmağa cəsarət edə bilərdi?
Qalinanın axtarışı üçün səfərbərlik…
Məsələnin böyüməməsi, baş verən hadisədən kiminsə xəbər tutmaması üçün Heydər Əliyev yalnız özünə sədaqətli olan adamları yanına çağırır və onlara göstəriş verir ki, ən geci səhərə qədər Qalinanın – Gensekin qızının harda olduğunu müəyyən etsinlər. Axtarış başlanır…
Səhərə yaxın general Abbas Zamanov (o vaxt DTK sədrinin müavini olub) xəbər gətirir: Qalina Brejneva Daxili İşlər naziri Məmməd Əlizadənin bağ evindədir!
Dərhal Qalinanı general Əlizadənin bağ evindən götürüb sanatoriyalardan birinə yerləşdirirlər. Ona bahalı hədiyyələr verilir və bu hadisənin gizli saxlanması təbliğ olunur.
Nazir Əlizadə Heydər Əliyevin yanına çağırılır, yazılı izahatı alınır. O, hər şeyi etiraf edir və yazır ki, Qalinanı Bakıya gətirməkdə məqsədi heç də Genseklə Azərbaycanın münasibətlərini pozmaq olmayıb, sadəcə, onu sevir. Belə bir gizli iş tutmasının doğru olmadığını etiraf etməklə yanaşı, bağışlanmasını da rica edir. Heydər Əliyev Məmməd Əlizadə kimi təcrübəli bir kadrı itirmək istəmirdi. Ona görə ona tapşırır ki, məsələ barədə söz-söhbət kəsilənə qədər məzuniyyətə çıxsın. Həm də onu deyir ki, bu olay büroda müzakirəyə çıxarılacaq, təsirli bir səbəb düşünsün ki, onu xilas etmək mümkün olsun. Məmməd Əlizadə razılaşır və Heydər Əliyevin yanından çıxır…
General bu dəfə “Bakı” mehmanxanasında yaxalanır…
Belə qalmaqallı hadisədən nəticə çıxarmaq əvəzinə general Məmməd Əlizadə daha bir biabırçılığa yol verir…
18 mart 1970-ci il tarixdə Məmməd Əlizadənin məsələsi Azərbaycan KP MK-nın bürosunda müzakirəyə çıxarılmalı idi. İclas başlasa da, generalı heç yerdə tapmaq mümkün olmur. Heydər Əliyev bu dəfə onun axtarışı üçün göstəriş verir. Axşama yaxın generalın yeri müəyyən olunur. O, “Bakı” mehmanxanasında yüngül təbiətli bir qadınla yaxalanır. Dərhal akt tərtib olunur və şəkilləri çəkilir. Artıq Məmməd Əlizadəni Heydər Əliyev belə qurtara bilməzdi…
Ertəsi gün – ayın 19-da general Məmməd Əlizadə əxlaqsız hərəkətlərinə görə nazir vəzifəsindən və partiya sıralarından uzaqlaşdırılır. Heydər Əliyev təəssüf edirdi ki, bacarıqlı, peşəkar bir kadr yüngül xarakterli, heç bir əxlaqa sığmayan hərəkətlərə yol verməklə öz karyerasına son qoydu. “Mən onu istəsəm də, bağışlaya bilməzdim, çünki komandada nizam-intizamı qoruyub saxlamaq mümkün olmazdı!” – deyə, Heydər Əliyev təəssüf hissilə bildirirdi.
Son söz əvəzi
1987-ci ildə, Moskvada tutduğu yüksək vəzifəsindən və Siyasi Büro üzvlüyündən uzaqlaşdırıldıqdan sonra Heydər Əliyevə qarşı son dərəcə çirkin metodlardan istifadə etməklə kampaniyalar təşkil olunub. Bu kampaniyalardan ən murdarı Məmməd Əlizadənin əliylə edilib. Mənim bir müəllimim vardı, həmişə deyərdi ki, qisasçılıq, intiqam hissi çox kopoyoğlu şeydir. Görünən o ki, Məmməd Əlizadə də məhz qisasçılıq hissindən yola çıxaraq Heydər Əliyevə qarşı o çirkin kampaniyanı başladıbmış. Elə bu səbəbdən də, etdiyi əmələ uyğun şəkildə Heydər Əliyevin adını ləkələmək istəmişdir.
Lakin bədxahlar bir mühüm məqamı unudurdular – qarşılarındakı adamın Heydər Əliyev olduğunu!
Heydər Əliyevin mənə göstərdiyi sənədlər Məmməd Əlizadənin məlum hadisə ilə bağlı öz dəsti-xəttilə yazdığı izahat və onun partiyadan və nazir vəzifəsindən çıxarılması barədə Azərbaycan KP MK bürosunun 19 mart 1970-ci il tarixli qərarından çıxarış idi. Heydər Əliyevlə o vaxtkı söhbətimizdən məlum oldu ki, “Бакинский рабочий” qəzetində dərc edilən yazının 1-ci hissəsindən sonra o, əlində olan sənədlərin surətini Məmməd Əlizadəyə göndərib. Sabiq nazir belə bir əks-həmlə gözləmirmiş. Görünür o, düşünmürmüş ki, Heydər Əliyevdə bu sənədlər var. Bax, onun və digər antiəliyevçilərin Heydər Əliyev qarşısında gücsüzlüyünün səbəbi də bu idi – onlar dahi siyasətçinin imkan və bacarıqlarını nəzərə almırdılar. Nəzərə almırdılar ki, Heydər Əliyev sıradan bir partiya rəhbəri olmayıb, ən az 20 il öncəni görən və siyasətini uzunmüddətli planlar üzərində quran bir LİDER olub!
Heydər Əliyev hər zaman qalib oldu! O buna iti zəkası, dərin məntiqi və ədaləti hesabına nail olub.
SƏN ƏVƏZEDİLMƏZ OLMUSAN, HEYDƏR ƏLİYEV!
TANRI SƏNƏ RƏHMƏT ELƏSİN, BÖYÜK KİŞİ!
Fərəməz NOVRUZOĞLU