featured-image-10694

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verdi.

Bildirildi ki, müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb.

Diqqətə çatdırıldı ki, meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan su tutarları tikilib. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.

Müəssisənin ərazisində logistik mərkəz fəaliyyət göstərir. Bu mərkəzə ümumi həcmi min kubmetr olan 9 soyuducu kamera, gündəlik istehsal gücü 3 ton olan qurutma, saatda 5 ton istehsal gücü olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.

Məlumat verildi ki, müəssisədə və bağ sahəsində 38 nəfər daimi, 120-150 nəfər mövsümi işçi çalışır. Ümumi dəyəri 7,5 milyon manat olan müəssisənin yaradılması üçün Sahibkarlığın İnkişafı Fondundan 2,5 milyon manat güzəştli kredit götürülüb.

Bənzər xəbərlər