featured-image-10937

Dekabrın 5-də Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır. Ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində Prezident İlham Əliyevtərəfindən atılan zəruri addımlardan bəhs edən DGK sədrinin müavini, eyni zamanda gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.

Bəhruz Quliyev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır, həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər gerçəkləşir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi istiqamətində yeniliklər həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir, nəzarət sistemi gücləndirilir. Qeyd edilib ki, sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırmalı, gömrük sistemində nəzarətlə yanaşı, xidmət mədəniyyəti də formalaşdırılmalı və biznesin inkişafına bu yöndə dəstək verilməlidir.

Diqqətə çatdırılıb ki, bu gün görülən mühüm işlərdən əhəmiyyətlisi gömrük orqanlarının fəaliyyətinin digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılmasıdır. Bu istiqamətdə görüləcək işlər gömrük hüquqpozmalarına qarşı mübarizənin effektivliyini artıracaq, digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili gömrük vergi və rüsumlarından yayınmalara yönələn cəhdlərin qarşısını alacaq.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev gömrük işinin təkmilləşdirilməsi barədə sahibkarları məlumatlandıraraq bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.

Diskussiya şəraitində keçən görüşün sonunda sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb, bir çox məsələlər yerindəcə həll olunub, verilən təkliflər dəyərləndirilib.

Bənzər xəbərlər