featured-image-12368

Mən cənab Ərdoğanı seçirəm, siz özünüz bilərsiniz…

 

Bəzi dostlarımız özünə əl qatıb… Hətta zəlzələdən – bu fəlakətdən də Rəcəb Tayyib Ərdoğana qarşı əks təbliğat üçün istifadə etməyə çalışırlar. Çox iyrənc ittihamlar səsləndirirlər. Əsas arqumentləri də budur ki, Ərdoğan diktatordur.

Xalqın seçdiyi siyasi liderə necə dictator demək olar? Bəlli deyil. Türkiyədə seçkilər nə vaxtdan saxtalaşdırılır? Yadınıza salıram… Son seçkidə AKP, yəni Ərdoğanın partiyası o boyda İstanbulu, Ankaranı və İzmiri müxalifətə uduzdu. Niyə uduzdu? Çünki müxalifət PKK yanlılarının dəstəyi ilə AKP-ni üstələyə bildi. Yəni Türkiyəni parçalamaq istəyən qüvvələrlə siyasi ittifaq quran müxalifət Türkiyəyə xəyanət yolu tutdu. Onlar indi də həmin yolu gedirlər…

Hə, onu deyirdim axı. Türkiyədə seçkilər saxtalaşdırılırsa, niyə AKP bu möhtəşəm mərkəzlərdə müxalifətin qələbəsini qəbul etdi? Sözümün canı o ki, kim deyirsə ki, Türkiyədə seçkilərin nəticəsi saxtalaşdırılır o, sadəcə, yalançıdır. PKK ilə ittifaqa girib Türkiyəyə xəyanət edən Türkiyə müxalifəti ilə eyni qafadadır…

Keçirəm cənab Ərdoğanın diktator olmasına. Qərb də Ərdoğana diktator deyir. Niyə? Çünki Ərdoğan Qərbin çaldığı havaya oynamır, onun istədiyi kimi  oturub-durmur. Ərdoğan Türkiyənin böyük dövlət olması üçün çalışır. Qərb isə Türkiyənin böyük dövlət olmasını istəmir. Özü də bu, nəsə gizli bir məsələ də deyil. Hər şey gün kimi ortadadır. Qərbə ram olan, yazıq, zavallı Türkiyə lazımdır. Qərbə PKK-nın at oynatdığı Türkiyə lazımdı!

Yenə Ərdoğanın diktatorluğuna qayıdıram. Bir çox tarixçilər Atatürkü də diktator adlandırır…

media-Turqut Özal

İndi isə keçirəm Türkiyənin demokrat rəhbərlərinə. Turqut Özal Türkiyənin 8-ci prezidenti (1989-1993) olub. 1990-cı il 20 Yanvar qırğınından sonra nə demişdi? “Onlar şii, biz sünniyiz. Onlar İrana daha yakın”, – demişdi demokrat Özal. Yəni Türkiyə Azərbaycana heç bir kömək etməli deyil. “Milliyət” qəzetinin 1990-cı il 16 fevral sayında gedən həmin məqalənin sürətini təqdim edirəm.

Cənab Turqut Özalın demokrat olmasına kimsə şübhə edirmi? Düşünmürəm. Soruşuram, Azərbaycana Turqut Özal kimi qorxaq, ancaq demokrat Türkiyə rəhbəri lazımdır, hansı ki heç sözdə də Azərbaycanı müdafiə etməyə hünəri çatmadı… Yoxsa Qarabağı erməniyə dəstək verən Qərbin əlindən alıb Azərbaycana qaytaran diktator Ərdoğan? Bu iki siyasi liderdən Azərbaycan üçün daha münasib hansıdır?

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl (1993-2000) necə, yadınızdadırmı? Cənab İlham Əliyev onun sinəsinə öz əli ilə “Şərəf” ordeni taxmışdı. Əslində isə, ona Azərbaycan adına heç taxta medal da düşmürdü. Ən azı ona görə ki, Kəlbəcər işğal olunanda dövrün Azərbaycan prezidenti Əblüfəz Elçibəy insanları fəlakət zonasından çıxarmaq üçün ondan 3-4 helikopter istədi. Dəmirəl Qərbin və Rusiyanın qorxusundan Azərbaycana o helikopterləri vermədi. Hazırda isə Türkiyə öz F-16 qırıcılarını Azərbaycanda qoyub getmirmi?

Mən sizlərdən soruşuram: sizə diktator dediyiniz Tayyib Ərdoğan lazımdır, yoxsa Turqut Özal kimi, Süleyman Dəmirəl kimi ən kritik məqamlarda Azərbaycana arxa çevirən, onu düşmənə satan demokratlar?

Mən cənab Ərdoğanı seçirəm! Siz özünüz bilərsiniz…

Mən heç istəməzdim ki, Azərbaycan xalqı nə vaxtsa Türkiyədən belə bir xəyanət görsün. Azərbaycan xalqı Qərbin əlində oyuncaq olan sözdə demokrat liderlərdən bir daha xəyanət gördükdə, bax, onda Ərdoğana qəni-qəni rəhmət deyəcək…

P.S Bəzi düşüklər iddia irəli sürürlər ki, guya bir çoxları Tayyib Ərdoğanı müəyyən təmənnaya görə müdafiə edir. Öz payıma deyirəm, mənim nə Ərdoğandan, nə İlham Əliyevdən elə bir təmannam yoxdur. Heç onlar bilmir ki, bu dünyada Elbəyi Həsənli deyilən birisi yaşayır. İstəyim odur ki, Azərbaycan yağı düşmənlərin qarşısında heç vaxt xar olmasın, sınmasın, əyilməsin! Bu sadə məntiqi başa düşmək yəni bu qədər çətindir?

Elbəyi Həsənli

Bənzər xəbərlər