featured-image-8404

Moldovaya yaxın iki aya 300 milyon kubmetr təbii qaz lazımdır.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa Bakıda keçirilən Azərbaycan və Moldovanın İşgüzar Dairələrinin nümayəndələri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, enerji təminatı ilə bağlı Moldova həm qısa, həm də uzunmüddətli həlləri nəzərdən keçirir.

“Heç bir ölkə uzun müddət tək bir təchizatçıya etibar edə bilməz. Biz ümid edirik ki, yaxın gələcəkdə bu istiqamətdə Azərbaycanla danışıqlarımız olacaq. Müqavilələr vaxt alır. Hazırda Azərbaycan qazına Avropa İttifaqı ölkələrində böyük tələb var”.

Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı yekun qərar 2023-cü ildə aparılacaq bazar sınaqlarından asılı olacaq. İlkin məqsəd 2021-ci ildə illik 8 milyard kubmetr həcmində olmuş qaz nəqlini 2022-ci ildən etibarən illik 12 milyard kubmetrə, mümkün olduğu halda isə illik 20 milyard kubmetrədək artırılması idi.

Bənzər xəbərlər