featured-image-5453

Hərşeyşünas nazir halal haqqımı əlimdən ala bilməz!

 

Bu gün Dövlət Vergi Xidmətindən telefon zəngi oldu. Zəng edən vergi əməkdaşı xəbərdarlıq etdi: sizin vergi uçotunda olan obyektiniz 1000 manat cərimə olunub! Əvvəlcə inanmadım. Elə zənn etdim ki, zəng edən kimdirsə dostlardan biridir və mənimlə zarafat edir. Ancaq bu zənnim bihudə imiş, həqiqətən də zəng edən vergi əməkdaşı idi.

 

Səbəbini soruşdum: niyə, nə səbəbə məni cərimə ediblər? Bu necə bir qəradı ki, mən bundan yalnız qərar qəbul edildikdən sonra xəbər tuturam? Vergi əməkdaşına qanunun əlaqədar maddələrini xatırlatdım. Nəticə vermədi… Əslində, heç nəticə də gözləmirdim, çünki mənə zəng edən bu məsələnin həlli üçün kompotent şəxs deyildi, sadəcə, xəbər vermək üçün görəvləndirilmiş sıradan biri idi. Bununla belə, o, mənə ağıl verməyə də təşəbbüs etdi: müəllim, niyə ağrımayan başınıza duz bağlayırsınız, cərimə ediblərsə, deməli, ödəməlisiniz, ödəyin, məsələ də bitsin!

Bu adama başqa heç nə demədim, çünki onunla nəyinsə müzakirəsini açmaq son dərəcə faydasız görünürdü.
Evə gəlib Vergi Xidmətinə rəsmi məktub yazmaq istədim. Portala giriş edən kimi gördüm ki, mövzu ilə bağlı mənim özümə rəsmi məktub gəlib. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi rəisinin müavini İlkin Həsənovun imzaladığı məktubda qeyd olunur ki, fəaliyyət göstərdiyim təsərrüfat subyektində (obyektində) aparılmış müşahidələr zamanı tərəfimdən pul hesablaşmaları zamanı alıcılara nəzarət-kassa aparatının çekinin təqdim edilmədiyi müəyyən edilmişdir.

Sual olunur, vergi orqanları bunu necə, hansı üsulla müəyyən edib? Məsələnin məzmununu anlamaq baxımından nəzarət-kassa aparatları ilə bağlı qısa arayış verim. Artıq neçə müddətdir ki, ölkədə fəaliyyət göstərən kiçik ticarət obyektləri, ictimai-iaşə müəssisələri fəaliyyətlərini yeni nəsil nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirirlər. Şəxsən mənim özüm də bir ilə yaxındır ki, yeni-nəsil nəzarət-kassa aparatı vasitəsilə fəaliyyətimi qurmuşam.

Yeni nəsil NKA-lar Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş proqram aparat kompleksidir. Əvvəlkilərdən fərqli olaraq, bu kassa aparatları kassa çeki vurulduğu anda bütün məlumatları nəzarət mexanizmi qurğusunun yaddaşında saxlamaqla yanaşı, Vergilər Nazirliyinin informasiya bazasına ötürür. Yəni, qısaca olaraq onu deyim ki, ticarət fəaliyyəti göstərən şəxs istəsə belə, vergidən yayınma imkanları olduqca məhduddu. Çünki istənilən ticarət subyekti topdansatış bazaları və istehsal müəssisələrindən, iri ticarət firmalarından mal aldığı zaman onun adına elektron-qaimə kəsilir, vergi portalında bu əməliyyat öz əksini tapır. Hər rübün sonunda ticarət subyekti vergi orqanlarına təqdim etdiyi hesabatda aldığı malların həcmini, onlardan nə qədərini satdığının və mal qalığını tam dəqiqliklə göstərir və təqdim etdiyi hesabata uyğun olaraq da dövlət büdcəsinə vergisini ödəyir.

Yuxarıda bəhs etdiyim vergi orqanından aldığım məktubda qeyd olunur ki, mənə məxsus ticarət subyektində vergi orqanları tərəfindən müşahidə aparılıb və müştərilərə kassa çeki vermədiyim müəyyən olunub. Müştərilərə kassa çekinin verilmədiyi yalnız səyyari müşahidə zamanı müəyyən oluna bilər ki, belə bir müşahidə heç bir zaman olmayıb və bu barədə hər hansı bir akt tərtib olunmayıb. Əgər vergi orqanı onlayn müşahidə ilə bu qərara gəlibsə, bu da tam qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci və 50-1-ci maddələri tələbləri gərəyincə vergi orqanları şübhələndiyi ticarət subyekti haqqında operativ vergi nəzarəti aparmaq, yəni səyyari müşahidə və yaxud xronometraj metodu ilə müşahidə aparmaq səlahiyyətinə sahibdir. Bunun üçün ən başlıca səbəb Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsinin tələblərinin pozulmasıdı. Bu maddənin tələblərinə görə, vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda operativ vergi nəzarəti tətbiq oluna, xronometraj metodu ilə müşahidə aparıla bilər. Nəinki bu halların heç biri baş verməyib, əksinə, mənim fəaliyyət göstərdiyim subyektdə bu ilin ilk 3 rübündə vergi tutulan dövriyyəm əvvəlki hesabat dövriyyəsi ilə müqayisədə artan xətt üzrə inkişaf edib, yəni mən hər rüb bir öncək rübə nisbətdə dövlət büdcəsinə daha çox vergi ödəmişəm.

Fərz edək ki, vergi orqanları elə hesab edib ki, mənim dövriyyəm hesabatda göstəriləndən daha çoxdur. O zaman buyurub, yuxarıda göstərilən maddələrə uyğun olaraq operativ vergi nəzarəti tətbiq etsin, xronometraj metodu ilə vergi müşahidəsi aparsın və ondan sonra məcəllənin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq etsin. Bütün bunların baş vermədiyi halda, Vergi Xidməti hansı haqla mənə maliyyə sanksiyası tətbiq edib. Yoxsa Mikayıl Cabbarov buranı dağ başımı hesab edir? Bəlkə hesab edir ki, ucdantutma hamı qanundan bixəbərdi və o, istədiyini edə bilər?

Təvazökarlıqdan uzaq olsa da, qeyd etməyi özümə borc bilirəm ki, mövcud qanunlarımızı kifayət qədər yaxşı bilir, anlayıram. Hətta Vergi Məcəlləsini Mikayıl Cabbarovun özündən ən az 10 dəfə daha yaxşı bilirəm.

Sabah Dövlət Vergi Xidmətinə gedib, qəbul etdikləri qərarın çıxarışını alacam. Ondan sonra məhkəməyə müraciət edib, qanuni haqlarımı məhkəmə vasitəsilə qorumağa çalışacağam. Bacardığım yerə qədər mübarizəmi hüquqi yolla aparacam. Hiss etsəm ki, artıq hüquqi yolla bacarmıram, ondan sonra fərdi metodlarıma əl atacam. Mən o maqazinə od verib yandırar, gərəkərsə özüm də o odda yanaram, ancaq Mikayıl Cabbarovun qanunsuzluğuna boyun əyməz, mənə qarşı tətbiq olunan maliyyə sanksiyasının 1 qəpiyini də ödəmərəm.

Son olaraq qeyd edim ki, vergi orqanlarının bu qərarı tam qanunsuzdu və siyasi xarakter daşıyır. Belə ki, mən cənab prezidentin xarici siyasət kursunu tərəddüdsüz qəbul edir və hətta təbliğ edirəm. Bununla belə, daxili siyasətdə, ələlxüsus da vergi və iqtisadiyyatda baş verən anormallıqları, həmçinin bu sahələrə şəriksiz rəhbərlik edən şəxsin – Mikayıl Cabbarovun siyasi oyunbazlıqlarını sərt şəkildə tənqid edirəm. Məsələn mən əminəm ki, ölkədə baş verən bütün siyasi oyunların memarı, Sorosun yerli lakeylərinin, konkret olaraq, Bəxtiyar Hacıyevin arxasında duran şəxs Mikayıl Cabbarovdan başqası deyil. O, məndən məhz Bəxtiyar Hacıyevin intiqamını alır.

Bir daha qeyd edirəm: mən o maqazinə od vurub yandıraram, amma alın tərimlə, halal zəhmətimlə qazandığım puldan Mikayıla 1 qəpik də olsun ödəmərəm. Çünki bilirəm ki, həmin pullar sonradan Bəxtiyara veriləcək və o da dövlət haqqında ağzına və ağlına gələni danışacaq.

Hodri meydan, Mikayıl Cabbarov! Əlindən gələni ardına qoyan namərddir!!!

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər