MEHRİBAN VƏZİRİN AKADEMİK YALANI!
Qarabağlı “zadəgan qadın” naxçıvanlılara və qərbi azərbaycanlılara qarşı inersiyalı nifrət ruhu aşılayır…
“AMEA-nın bütün institutlarının direktorları Naxçıvan doğumlulardır!” – bu, Mehriban Vəzirin kin və nifrət ruhunda yazdığı və sosial şəbəkədə paylaşdığı palaz boyda statusunun ilk cümləsidi… Elə ilk cümlədən yalanla başlayır, yazı boyu yalanlarını davam etdirir… sonunu da yalanla bitirir… Adam çətinə düşmədikcə, ortada həyat-məmat məsələsi olmadıqca yalan danışmaz! Bir qadın – zərif cinsin nümayəndəsi isə, mənim düşüncəmə görə, ümumiyyətlə, yalan danışmaz! Yalan danışan qadın, deməli, ərinə də hər zaman yalan danışıb. Nə isə, çox dərinə getməyim…
Doğrusu, Naxçıvana qarşı nifrət hissini yayanların əsil məqsədi nədir, bilmirəm. Ancaq onu bilirəm ki, belələri ən aşağılıq adamlardı!
Umaram ki, Mehriban Vəzirin akademiuk yalanlarına “qırmızı ürək” emojisi qoyan, sevincindən göylərdə uçanlar bizim bu yazını da oxuyub münasibətlərini bildirərlər. Əks-təqdirdə onlar hamısı, istisnasız olaraq, mənim nəzərimdə Mehriban Vəzir kimi iyrənc və aşağılıq əbləhlərdən ibarət sürünün fərdləridir, çünki antiregionçuluq ruhunda böyük bir yalanı tirajlamaq işinin iştirakçısı olurlar ki, bu da ölkəni bölmək qədər təhlükəli bir işdir.
Xülasə, qayıdaq Mehribanın başdan-ayağa yalandan ibarət statusuna. O, elə ilk cümləsinin yalan olduğunu bildiyinə görə, növbəti cümlədə özünü sığortalamağa cəhd edir: “Əlbəttə, bəlkə istisna da var. Mənim xəbərim yoxdu. Amma varsa da, otuzuncu illərdə qonşudan gələnlərdir…” Əvvəla, adamdan soruşarlar ki, qlobal bir problemdən bəhs etmək istəyən istənilən şəxs fikrini güman və fərziyyələr üzərində deyil, faktlar əsasında ortaya qoymalıdır. Əgər sənin dəqiq məlumatlardan xəbərin yoxdursa, nə haqla böyük bir regionu töhmət altında qoyursan?! Hələ üstəlik, “qaş düzəltdiyin” yerdə vurub “göz çıxarırsan”, “qonşudan gələnlər” ifadəsi ilə qərbi azərbaycanlıları da naxçıvanlılara yedək qoşursan!
Mehriban Vəzir “akademik statusunda” polisi hədəf alır!
Mehriban Vəzir AMEA ilə bağlı yazdığı statusda birdən-birə hücum istiqamətini dəyişib, Azərbaycan polisini hədəf alır. Onun fikrini olduğu kimi nəzər-diqqətinizə çatdırıram: “Bakı Baş Polis idarəsi kimi… İllər öncə bir şikayətim vardı – evin yanında yerləşən və səhərə qədər çalıb oxuyan restorandan. Açdım BBPİ-nin saytını, rəislərin, müavinlərin bioqrafiyasını oxudum. Dedim, görüm sözümü kimə deyirəm. Bir fakt diqqətimi çəkdi, rəisin doğum yeri Naxçıvan. Müavinlərin doğum yeri Naxçıvan… birindən başqa. Onun da doğum yeri Ermənistan. Bəziləri baytarlıq, bəziləri təsərrüfat oxuyub, 40 yaşında Təfəkkür kimi Universitetin hüquq diplomu ilə Bakı boyda şəhərin asayişində durub!”
Yalan danışır Mehriban Vəzir! Həm də gözünün içinə qədər ağ yalan danışır! Gəlin faktlara baxaq. Bəli, Heydər Əliyev ikinci dəfə hakimiyyət olimpinə yüksəldikdən sonra BŞBPİ-nin ilk 3 rəisi naxçıvanlı olub – Məhərrəm Əliyev, Rafiq Abbasov və Mirqafar Seyidov. Təbii ki, bu da normal haldır. Bakı ölkənin paytaxtıdır, istənilən siyasi iqtidar üçün paytaxtda ictimai asayişin qorunması, siyasi sabitlik əsas prioritet hesab olunur. İqtidara rəhbərlik edən şəxsin belə mühüm posta inandığı, güvəndiyi, yaxından tanıdığı şəxsi təyin etməsi onun konstitusion hüququ, iqtidarını qorumaq haqqıdır. Əks-təqdirdə o iqtidar Surət Hüseynovun narkomanlardan ibarət dəstəsinin önündə təslim bayrağı qaldırar.
Əgər Mehriban Vəzir adlarını çəkdiyim şəxslərin fəaliyyətinə tənqidi yanaşsa, bunu normal qəbul edər, hətta ona dəstək verərəm. Ancaq bu şəxslərin doğum yerini əsas problem kimi ortaya qoyursa, deməli, qərəzlidir, həm də qərəzini yalana əsaslanıb, ortaya qoyur. Adı çəkilən bu şəxslərdən Məhərrəm Əliyevlə Mirqafar Seyidovu şəxsən tanıyıram. Məhərrəm müəllim general mundirinə hörmət edən ən ləyaqətli Azərbaycan generallarından biridir. Mirqafar Seyidovla münasibətlərimiz həmişə soyuq olub, barəsində dəfələrlə tənqidi yazılar da dərc etdirmişəm. Lakin tipik polis personasıdır, ən əsası, işinə məsuliyyətlə yanaşan polis generalı olub. Əgər işinin öhdəsindən gələ bilməsəydi, Prezident onu uzun müddət bu postda saxlamazdı.
Rafiq Abbasovu yaxından tanımasam da, barəsində qeyri-naxçıvanlılardan belə, həmişə xoş sözlər eşitmişəm. Bir məqama da xüsusilə diqqət çəkmək istəyirəm ki, hər 3 general Mehriban Vəzirin dediyi kimi, 40 yaşında Təfəkkür Universitetinin hüquq diplomu ilə polisə gəlməyiblər, vəzifə pillələrini bir-bir qalxıblar.
Məhərrəm Əliyev 22 yaşından polis orqanlarında çalışıb. Əvvəlcə Moskva şəhər Xüsusi Milis Məktəbini, 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Hüquq İnstitutunu bitirib.
Rafiq Abbasov 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə isə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirib.
Mirqafar Seyidov da sələfləri kimi gənc yaşlarından polis orqanlarında çalışıb. Polisdə işlədiyi müddətdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini və sonradan Polis Akademiyasını bitirib.
Hər 3 naxçıvanlı rəisin vaxtında BŞBPİ-də müxtəlif regionlardan olan onlarca adam idarə və şöbə rəisləri olub, BŞBPİ rəis müavinlərinin içərisində də xeyli sayda qeyri-naxçıvanlı polis zabiti olub. Bu haqda kim maraq edirsə, BŞBPİ-nin və DİN-in rəsmi saytlarına giriş edib, istənilən məlumatla tanış ola bilər.
Artıq 3 ilə yaxındır BŞBPİ-nin rəisi naxçıvanlı deyil. Rəis – İsmayılov Əkbər Məcid oğlu İrəvan şəhərindəndir. DİN sistemində ən bacarıqlı polis generallarından biri hesab edilir. O da Təfəkkür Universitetinin məzunu deyil, Rusiyada Vladimir Xüsusi Milis Məktəbini və Azərbaycan DİN Polis Akademiyasını bitirib. Onun əməliyyat işi üzrə müavini general Ələkbərov Vüqar Hidayət oğlu naxçıvanlıdır. O, polis işinin elmi-nəzəri əsaslarını ən yaxşı bilən kadrlardan biridir. Təsadüfi deyil ki, Ələkbərov uzun illər DİN Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyət göstərib.
Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis general-mayoru Səfərov Sərdar Süleyman oğlu isə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib. İliyinə qədər professional polis generalıdır.
Bundan başqa, BŞBPİ-də Katiblikdən tutmuş Tapıntılar bürosuna qədər 17 idarə və şöbə rəisləri və onların müavinlərinin 95 faizi qeyri-naxçıvanlıdır. DİN-in özündə də vəziyyət bu cürdür. Məsələn, cənab nazir Vilayət Eyvazovun 5 müavinindən yalnız bir nəfər – Əzimov Seyfulla Səttar oğlu naxçıvanlıdır. Digər 4 müavinin ikisi bakıdan, biri Qazax rayonundan, biri isə Göyçə mahalındandır. Baş İdarə rəisləri arasında lənkəranlı, balakənli, füzulili və digər bölgələrdən olan xeyli sayda polis zabitləri var. Və bunların heç biri Təfəkkür Universitetinin məzunu olmayıb, hamısı istisnasız olaraq, ali hüquqi təhsil alan, polis akademiyasını bitirən professional polis zabitləridir.
***
Qəlibsiz Mehribanın antiregionçuluq xəstəliyi
Azərbaycan polisini və onun timsalında naxçıvanlıları və qərbi azərbaycanlıları təhqir edib aşağıladıqdan sonra Mehriban Vəzirin yadına “Molla Nəsrəddin” düşür: “1915-ci ildə, yəni 100 il və daha əvvəl bu dərgi yazırdı: “Bu il Bakıdan Peterburqa 17 nəfər deputat gedir. Onların 16-sı məşədi, cəmi bir nəfəri kərbəlayıdir…”
“Molla Nəsrəddin” demişkən, bu dərginin əsas ağırlığı naxçıvanlı Mirzə Cəlilin çiyinləri üzərindəydi. Mehriban Vəzir bir neçə il öncə ona da sataşmış, açıq-açığına “oğraş” kimi qələmə vermişdi (Kulis.az saytındakı yazısında). Bu qadının naxçıvanlı Mirzə Cəlilə münasibətinə əsla toxunmaq istəmirəm, qoy buna cəlilşünas akademik, AMEA-nın prezidenti olmasıyla Mehribanın palaz boyda statusuna səbəb olmuş İsa Həbibbəyli cavab versin. Ancaq bir məqamı Mehriban Vəzirin diqqətinə çatdırmaq istəyirəm ki, biz tərəflərdə “oğraş” o adama deyirlər ki, arvadı pis yola düşür. Mirzə Cəlilin xanımı isə, bildiyiniz kimi, Mehriban Vəzirin həmyerlisi və hətta deyilənə görə, qohumu olub.
Mehriban Vəzir Sabirdən sitat gətirib, ah-vay edir ki, “necə görmüşdüsə Nuh öyləcədir” Azərbaycan. Sən demə, “əsrlər dəyişir, qəliblər dəyişmir”miş… Ardınca da bu qadın əsas dərdini ortaya qoyur: “AMEA-ya prezident də həmin qəlib üzrə təyin edildi: doğum yeri Naxçıvan. Akademik…”
Sonra da əsas məqsədini ortaya qoyur, mayası yalanla yoğrulan, sağalmaz virus olan antiregionçuluğu, bölücülüyü cahil kütlənin beyninə yeridir. Mehriban Vəzir yazır: “Ötən illərdə AMEA “Akademiklər” kitabı çap etmək istəyib. Məqalələri yığıblar. Sonda görüblər ki, bütün akademiklərin 95 %-nin doğum yeri Naxçıvan çııxır. Əl saxlayıblar. Ağıllı biri təklif edib ki, heç kəsin doğum yeri yazılmasın. İndi bilmirəm o kitab çıxdımı? Çıxdısa, necə çıxdı?”
AMEA yaranan gündən bəri akademik adı almış yüzlərcə insanın adını, tərcümeyi-halını bura yazsam, gərək bir gün səhərdən-axşama bu yazını oxuyasınız. Bircə faktı deyim ki, son iki ay yarımda mən bu məsələni tədqiq etdim. Arzu edən hər kəs AMEA-nın saytından və Dövlət Statistika Komitəsinin məlumatlarından dəqiq rəqəmləri əldə edə bilərlər. Mən sadəcə, nəticəni nəzərinizə çatdırıram. İndiyə qədər AMEA-nın həqiqi üzvü olmuş şəxslərin (akademiklər) 11,7 faizi, müxbir üzvlərin isə 12,9 faizi Naxçıvan əsillidir. Mehriban Vəzir isə, gümanlara, fərziyyələrə və dedi-qodulara əsaslanıb, bu rəqəmi 95 faiz olaraq göstərir. Doğrudur, 10-12 faiz də, əhalinin say nisbətinə görə, yüksək rəqəm hesab oluna bilər. Ancaq biz nə edək ki, naxçıvanlılar daha çox alverə yox, elmə üstünlük veriblər? Məsələn, Ordubadlı Yusif Məmmədəliyev və İradə Hüseynova kimi akademiklərin kimya və molekulyar biologiya sahəsində kəşfləri nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. İndi bu bizim günahımızdır ki, onların biri tarzən, digəri də xanəndə olub, “Leyli və Məcnun” operasında oynamayıblar? Təbii ki, tarzənin və xanəndənin öz yeri var, alimin də öz yeri. Mehriban Vəzirin həmyerliləri olan xanəndələrimiz musiqi və mədəniyyətimizə nə qədər töhfə veriblərsə, naxçıvanlı yusiflər, iradələr də elmimizə ən az o qədər töhfə veriblər.
“Zadəgan” Mehriban Vəzirdən Zori Balayan təqlidi
Mehriban Vəzir stausunun sonunda, özünün dediyinə görə, bir “yeraz akademik”lə nə vaxtsa etdiyi mübahisəni qələmə alır. Guya bu “xəyali akademik” AMEA-nın hansısa “Təsərrüfat və Heyvandarlığın İnkişafı İnstitutu”nun direktoru imiş. Lap başdan deyim ki, nə əvvəllər, nə də indinin özündə AMEA sektorunda bu adda institut fəaliyyət göstərməyib. Qarabağlı yalançı “aristokrat xanım”ın ağ yalanını nəzərə alıb, dediklərinə əhəmiyyət verməmək də olardı. Lakin onun çirkin məqsədini ifşa etmək baxımından sitatı olduğu kimi diqqətinizə çatdırıram: “Yolda dalaşdıq. Rəsulzadə və Cümhuriyyətə görə. İnad edirdi ki, o hökumət xalq təhsili üçün heç nə etməyib, siz zadəganların hökuməti idi. Statistika gətirdim, eşitmək istəmədi. Dedim, axı, institut direktorusan, bu sənin keçmişindir, niyə bilmirsən? Dedi, o mənim keçmişim deyil, bizi sovet hökuməti oxudub. Əslində, haqlı idi, sovet hökuməti çoban olacaq çoxlarını akademik elədi. Nəticə bu. Özünü, keçmişini bilmir. Kİmliyindən xəbəri yox. Sözümüz milli kimliyə gəldi. Dedi, biz türk deyilik. Dedim, bəs, sənin millətin nədir? Dedi, “yerazam”, dedim, “bəlli”. Başqa cür bu ölkədə necə direktor olmaq olardı bu başla? Əlinin altında işləməyə məcbur qalanlara yazıq? Əlbəttə, mənliyi olanlara. Mənliksizlər buna gündə 7 dəfə dahi deyir yəqin…”
Mehriban Vəzirin statusunun bu hissəsi mənə Zori Balayanın “Ocaq” kitabındakı bir epizodu xatırlatdı. Erməni yazar da xəyali bir türk çobanla görüşünü eynən bu ruhda, nifrətlə yoğurub, qələmə almışdı. Zori Balayanın türkə nifrəti nə qədərdisə, Mehriban Vəzirin Naxçıvan və Qərbi Azərbaycan türklərinə nifrəti də bir o qədərdir. Danılmaz faktdır: naxçıvanlılar və qərbi azərbaycanlılar Rəsulzadə və Cümhuriyyət dövrünə ən həssas yanaşan, türkçülük, millətçilik ideyasına ən bağlı insanlarımızdır. Siz bu qadının hikkəsinə baxın, guya hansısa “yeraz akademik”in dediyi kimi, bu və bunun kimi əbləhlər zadəgan zümrəsidir, biz isə…
Eheyy, qadın! Zadəgan olan biri nifrət püskürməz! Zadəgan bölücülük etməz! Zadəgan xalqı, milləti bölməz! Zadəgan yalan danışmaz! Zadəgan böhtan atmaz! Sən hara, zadəganlıq hara, Mehriban Vəzir!
Taleyin ironiyası!
Bu qadın “yeraz akademik”lə görüşünü həyatın ironiyası hesab edir və bu adamı uzun müddət unuda bilmədiyini qələmə alır. Hətta Azərbaycanda heyvandarlığa yazığı gəldiyini deməyi də unutmur. Doğrudan da həyatın ironiyasıdır. Ümumi sayı ən az 3 milyon olan naxçıvanlıları və qərbi azərbaycanlıları aşağılayan, təhqir edən, iddialarını yalnız gümanlarla və dedi-qodularla əsaslandıran bu qadının yazdıqlarını nə qədər insan bəyənib paylaşır, şərhlərdə daha açıq şəkildə təhqirlər yağdırılır, sonra da üsyan edirlər ki, biz millət, xalq olaraq birləşə bilmirik.
Yaxın dostum və həmkarım, Mehriban Vəzirin təbirincə desək, “yeraz” Sərdar Əlibəyli 05 dekabr 2018-ci il tarixdə yazdığı statusda deyirdi: “Mehriban Vəzir “AzerFreedom”un efirinə bir xanım-xatınlıq nəfəsi, bir bəylik havası, bir kübarlıq nümunəsi gətirdi. Eyni zamanda bir mübarizə ruhu və ziyalılıq ədəb-ərkanı nümayiş etdirdi…” Baxın, bu Mehriban Vəzirin “çoban yerazlar” dediyi kəsimin nümayəndəsinin mədəniyyəti, kübarlığı, bir də geri dönüb bu qadının o kəsimə nifrət püskürməsinə baxın! Doğrudan da bu, həyatın ironiyasıdır…
Mehribanın Vəzirin məqsədi: məlum regiona qarşı insanlarda inersiyalı nifrət hissi aşılamaq…
Mehriban Vəzirin dərdi başqadı. Bunu onun statusuna yazılan çoxsaylı təhqiramiz şərhlərdən açıq-aydın görmək olur. Onun məqsədi elə bu olub: cahil kütləyə bütöv bir regionu söydürmək, o regionlara qarşı nifrəti alovlandırmaq. Amma o şərhlərin içərisində ağıl və məntiqə əsaslanan az da olsa, bir neçə şərh var. Onlardan ən çox diqqətimi çəkən şair-filosof Arzu Əsədin şərhiydi. Arzu bəy yazır:
“Ötən əsrin 90-cı illərinin əvvəllərində Vəzirov və Ayaz Mütəllibovun, eləcə də Müsavat partiyası tərkibində bir qrupun hakimiyyət uğrunda yaydığı uğursuz, ağılsız, saxta bölgünü indi siz bir nostalji olaraq davam etdirirsiniz. Bu bölgünü aparanlar hamısı öz kin və küdurətlərində boğuldular. Guya ilk baxışda yaxşı məqsədlə yazırsınız, ancaq əslində həmin nifrət siyasətini davam etdirirsiniz. Bunu özünüz də çox yaxşı bilirsiniz. Siz gəncliyinizdən bu əsassız, inersiyalı nifrət ruhunu insanlarımıza aşılayırsınız. O enerjili vaxtlarınızda nəyə nail oldunuz ki, indi bu ahıllaşmış, zəif çağınızda yenə bu “yeraz”, “naxçıvanlı” nağıllarını davam etdirmək istəyirsiniz? O bəhs etdiyiniz siyahınız yalandır, uydurmadır. Siyahıdan danışan adam faktlarla, açıq şəkildə siyahını təqdim edər, şayiə yaymaz! Gömrükdə komitə sədri başına yerlilərini yığmışdısa, Dəmir Yolu nazirliyində kəlbəcərli olan nazir kəlbəcərliləri, ucarlı olan Nəqliyyat naziri Aran zonasının adamlarını, əvvəlki Müdafiə naziri öz zonasının adamlarını, bu gün iqtisadi sahəyə rəhbərlik edənlər də öz komandasını və sairə ətrafına yığıb. Ya məsələyə hərtərəfli, ümumi yanaşın, ya da fərdi yanaşma prinsipi ilə. “Naxçıvanlı”, “yeraz” nağıllarını unudun, çünki bu mövzu daha aktual deyil…”
Arzu bəy bu bir abzaslıq fikriylə Mehriban Vəzir və onun kimilərin əsil məqsədini elə dəqiq və qüsursuz açıb ortaya qoyub ki, əlavə şərhə heç bir ehtiyac qalmır. Sayğıdəyər şairimiz “Siyahıdan danışan adam faktlarla açıq şəkildə siyahını təqdim edər, şayiə yaymaz!” fikrində də yerdən göyə haqlıdır. Məhz bunu nəzərə alıb, uzun bir siyahı alınsa da, həqiqəti ortaya çıxarmaq, Mehriban Vəzirin statusunun elə ilk cümləsindəcə yazdığı “AMEA-nın bütün institutlarının direktorları Naxçıvan doğumlulardır” fikrinin idbar yalan və böhtan olduğunu isbat etmək üçün AMEA-nın bütün institut direktorlarının siyahısını nəzər diqqətinizə çatdırıram.
ZƏRURİ QEYD: Mehriban Vəzirə haqlı irad bildirən filosof-şair Arzu Əsəd, özünün də dediyi kimi, naxçıvanlı deyil, sadəcə olaraq, bölücülüyə xidmət edən məlum statusa öz haqlı etirazını bildirib.
***
Aşağıda AMEA-nın hər bölmə üzrə institut direktorlarının siyahısını təqdim edirəm. Siyahıdan da göründüyü kimi, institut direktorlarının heç də hamısı naxçıvanlı deyil və demək olar ki, Azərbaycanın hər bölgəsindən olan elm adamları var.
Fizika-riyaziyyat və texniki elmlər bölməsi:
Həsən Abdullayev adına Fizika İnstitutu – Həşimov Arif Məmməd oğlu. Naxçıvan MR Şahbuz rayonundandır. Nəinki Azərbaycanda, bütün dünyada tanınmış fizikaçı alimdir. Bir çox elmi ixtiraların və patentlərin müəllifidir;
Riyaziyyat və Mexanika İnstitutu – Mərdanov Misir Cumayıl oğlu. 03 oktyabr 1946-cı ildə İcevan rayonunun Göyərçin kəndində doğulub. Riyaziyyat elmləri doktoru, professordu, AMEA-nın müxbir üzvüdü. 2013-cü ildən bu elmi-tədqiqat institutuna rəhbərlik edir;
Tusi adına Şamaxı Astrofizika Rəsədxanası – Cəlilov Namiq Sərdar oğlu. 18 fevral 1955-ci ildə Şahbuz rayonu Aşağı Qışlaq kəndində anadan olub. Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvüdür. Öz sahəsində nə qədər başarılı bir alim olduğunu maraq edənlər onun fəaliyyətini incələyə bilərlər. İnternet resurslarında bu haqda kifayət qədər məlumat var;
Radiasiya Problemləri İnstitutu – Mustafayev İslam İsrafil oğlu. 22 noyabr 1951-ci ildə Biləsuvar rayonunda anadan olub. Kimya elmləri doktoru, professordur. AMEA-nın müxbir üzvü;
İnformasiya Texnologiyaları İnstitutu – Əliquliyev Rasim Məhəmməd oğlu. 1958-ci il 20 yanvar tarixində Bərdə rayonunda anadan olub. Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudu;
İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) – Abbasov Əli Məhəmməd oğlu. Naxçıvan doğumludur;
Biofizika İnstitutu – Qasımov Oktay Kazım oğlu. 04 avqust 1958-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvüdü
Kimya elmlər bölməsi:
Akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu – Abbasov Vaqif Məhərrəm oğlu. 05 oktyabr 1952-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdü;
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu – Tağıyev Dilqəm Bəbir oğlu. 06 yanvar 1950-ci ildə Kəlbəcər rayonunda doğulub. AMEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvi;
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu – Fərzəliyev Vaqif Məcid oğlu. 19 dekabr 1939-cu ildə Bakı şəhərində doğulub. Kimya elmləri doktoru, professor. AMEA-nın həqiqi üzvü. Akademik;
Polimer Materialları İnstitutu – Məmmədov Bəxtiyar Əjdər oğlu. 01 yanvar 1951-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;
Yer Elmləri Bölməsi:
Respublika Seysmoloji Xidmət Mərkəzi – Yetirmişli Qurban Cəlal oğlu. 04 sentyabr 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktorudu. 2008-ci ildən RSXM-nin direktorudur;
Akad. H.Əliyev adına Coğrafiya İnstitutu – Məmmədov Ramiz Mahmud oğlu. 04 fevral 1950-ci ildə Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlib. Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü. Ramiz Məmmədov 07 iyun 2021-ci ildə 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Hazırda Coğrafiya İnstitutunun direktoru vəzifəsini coğrafiya elmləri doktoru, dosent, Eminov Zakir Namin oğlu icra edir. 1967-ci il fevral ayının 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində doğulub;
Geologiya və Geofizika İnstitutu – Əlizadə Akif Ağa Mehdi oğlu. 25 fevral 1934-cü il tarixdə Bakı şəhərində anadan olub. Geologiya-mineralogiya elmləri doktoru, professor, akademikdir;
Neft və Qaz İnstitutu – Qədirov Fəxrəddin Əbülfət oğlu. 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olub. Geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdü.
Biologiya və Tibb Elmləri Bölməsi:
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu – İradə Məmməd qızı Hüseynova. Biologiya elmləri doktoru, professor. AMEA-nın həqiqi üzvü. 24 may 1965-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Dünyaca məşhur bioloqdur. Çox sayda elmi əsərləri dünyanın müxtəlif ölkələrində dərc olunub;
Botanika İnstitutu – İbadullayeva Səyyarə Cəmşid qızı. 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. Biologiya elmləri doktoru, professor. Çapdan çıxmış elmi əsərlərinin sayı 255, xaricdə çap olunmuş elmi əsərlərinin sayı 90 və s.;
Zoologiya İnstitutu – 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. Aqrar elmlər üzrə fəlsəfə doktoru, 16 noyabr 2020-ci il tarixdən AMEA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsini tutur;
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu – Həşımova Ulduz Faizi qızı. 05 dekabr 1951-ci ildə Şamaxıda anadan olub. Biologiya elmləri doktorudu;
Mikrobiologiya İnstitutu – Muradov Pənah Zülfüqar oğlu. 01 oktyabr 1960-cı ildə Ağcabədi rayonunun Şahverən kəndində anadan olub. Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdü;
Dentrologiya İnstitutu – institutun direktoru vəzifəsini (sabiq direktor vəfat edib) hazırda Samirə Behbud qızı Bağırova icra edir. Samirə xanım Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib
Humanitar Elmlər Bölməsi:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu – bu institutun əvvəlki direktoru naxçıvanlı İsa Həbibbəyli AMEA prezidenti seçildiyinə görə, bu yer hələ ki, vakant yer hesab olunur. Yeri gəlmişkən, İsa Həbibbəyli tutduğu vəzifəyə layiq deyil. Onun necə AMEA prezidenti olduğunu, bunun səbəblərini bilirəm, amma hazırda mövzumuz bu deyil;
Nəsimi adına Dilçilik İnstitutu – Məmmədov Nadir Baloğlan oğlu. 19 sentyabr 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. Filologiya elmləri doktoru, professordur. 2021-ci ildən AMEA-nın Dilçilik İnstitutunun direktorudur;
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu – Kərimli Teymur Həşim oğlu. 02 oktyabr 1953-cü ildə Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Filologiya elmləri doktoru, akademikdir. 2014-cü il tarixdən Əlyazmalar İnstitutunun direktoru vəzifəsini tutur;
Memarlıq və İncəsənət İnstitutu – Salamzadə Ərtegin Əbdülvahab oğlu. Tanınmış memar, akademik Əbdülvahab Salamzadənin oğludur. Əslən şamaxılıdır, ancaq 28 avqust 1965-ci il tarixdə Kiyev şəhərində anadan olub. Sənətşünaslıq üzrə elmlər doktoru, professordu. AMEA-nın müxbir üzvüdü. 2010-cu il tarixdən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktorudur;
Folklor İnstitutu – İmanov Muxtar Kazım oğlu. 28 may 1955-ci ildə Şərur rayonu Axura kəndində doğulub. Folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdü. 2011-ci ildən AMEA-nın Folklor İnstitutunun direktorudur;
İctimai Elmlər Bölməsi
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu – Seyidov Abbas Qadir oğlu. Naxçıvan doğumludur;
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu – Baxşəliyeva Gövhər Baxşəli qızı. 26 noyabr 1954-cü ildə Bərdə rayonunda anadan olub. Sabiq maliyyə naziri Baxşəli Baxşəliyevin qızıdır. Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür. Hazırda AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edir;
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu – Şükürov Kərim Kərəm oğlu. 10 may 1956-cı ildə Bərdədə anadan olub. Tarix elmləri doktoru, professor, AMEA Elmi Şurasının sədridi. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru vəzifəsini tutur;
Fəlsəfə və Sosiologiya İnstitutu – Məmmədzadə İlham Ramiz oğlu. 07 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olub. Fəlsəfə elmləri doktoru, professordur. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru vəzifəsini tutur;
Qafqazşünaslıq İnstitutu – Qasımlı Musa Cəfər oğlu. 28 oktyabr 1957-ci il tarixdə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Tarix elmləri doktoru, professor, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini tutur. AMEA-nın müxbir üzvüdür;
Elm Tarixi İnstitutu – Seyidbəyli Məryəm Həsən qızı. 1955-ci il oktyabrın 3-də Bakı şəhərində anadan olub. Tarix elmləri doktoru, professordur. 2014-cü il tarixdən AMEA Elm Tarixi İnstitutunun direktorudur;
İqtisadiyyat İnstitutu – İmanov Nazim Müzəffər oğlu. 11 iyun 1955-ci ildə Bakı şəhərində anadan olub. AMEA İqtisadiyyat İnstitutunun direktorudur;
Hüquq və İnsan Haqları İnstitutu – Mustafayeva Aytən İnqilab qızı. 23 may 1968-ci ildə Bakı Şəhərində anadan olub. Hüquq elmləri doktorudur. AMEA-nın bu elmi-tədqiqat institutuna əvvəlcə Aytən xanımın həyat yoldaşı Mustafayev Rövşən Faiq oğlu rəhbərlik edirdi. 2009-cu ildə o, dünyasını dəyişəndən sonra instituta direktor vəzifəsinə onun həyat yoldaşı Aytən xanım təyin olundu;
***
Bu siyahıda göstərilənlərdən başqa, AMEA-nın nəzdində bəzi təşkilatlar da var. Məsələn, Mərkəzi Elmi Kitabxana, “Azərbaycan Milli Ensiklopediyası”nın Elmi Mərkəzi, Gənc Alim və Mütəxəssislər Şurası. Bu təşkilatların, eləcə də AMEA Azad Həmkarlar İttifaqının rəhbərləri qeyri-naxçıvanlılardır. Siyahıdan da göründüyü kimi, AMEA nəzdində fəaliyyət göstərən 37 institut və digər təşkilat rəhbərlərinin 29 nəfəri qeyri-naxçıvanlıdır. Oysa ki, Mehriban Vəzirin iddiasına görə, onların hamısı guya naxçıvanlıdır. Burada irad tutula bilər ki, 37 nəfərin içərisində 8 nəfərin naxçıvanlı olması da çoxdur. Tamam, razıyam. Amma bildirilən irad və tənqid yalan üzərində qurulmamalıdır. İkincisi, yuxarıda da qeyd etdiyim kimi, Naxçıvanda elm və təhsilə hər zaman xüsusi maraq olub. Adı çəkilən 8 naxçıvanlı institut direktorlar da, İsa Həbibbəyli xaric, hamısı öz sahəsinin lokomotivləridir, dünyaca tanınmış alimlərdir, bir çox ixtiraların və patentlərin müəllifləridir.
***
Mehriban Vəzir çirkin niyyətini ortaya qoyduğu statusunu belə tamamlayır: “Bu hadisə niyə yadıma düşdü? Polisi elə, AMEA-sı belə… Əsrlər keçir, qəliblər dəyişmir. Azərbaycan adlı bu gəmi hələ üzürmü? Bəlkə batıb… xəbərimiz yoxdur…”
Bu qadın son fikrində müəyyən qədər haqlıdır. İllər, əsrlər dəyişsə də, bəzi qəliblər dəyişmir. İlk dəfə ötən əsrin əvvəllərində Azərbaycanda regionçuluq toxumunu səpənlərin, bu virusu yayanların nəvələri bu gün həmin qəlibdən boylanırlar. Amma Mehriban Vəzir kimilər heç qəlib adamı da deyillər, qəlibsizdirlər!
Son olaraq, Tərtər doğumlu, amma əslən şuşalı olan Mehriban Vəzirin diqqətinə bir ciddi nüansı çatdırıram: II Qarabağ Savaşında 382 nəfər naxçıvanlı şəhid oldu! Bu şəhid övladlarımızın 94 nəfəri Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub! Həmin o şəhidlərimizin 27 nəfəri mənim doğulub böyüdüyüm Şərur rayonunu övladlarıdı! Əslində, onlar hamısı Azərbaycan övladlarıdı və bu uğurda döyüşüblər! Naxçıvan kimi Şuşanı da onlar vətən, namus və qeyrət simvolu hesab ediblər! Bunu Mehriban Vəzir kimilər anlamaz! Çünki bu tip adamlar üçün Azərbaycan yox, şəxsi maraq hər şeydən öndə gəlir.
Mehriban Vəzir, heç narahat olma! Azərbaycan adlı gəmi çox etibarlı əllərdədir, batmayıb, üzür! Bundan sənin kimilərin doğrudan da xəbəri yoxdur…
Fərəməz Novruzoğlu