featured-image-5773

“Macarıstan hökumətinin Avropa bloku ilə Rusiya arasındakı münasibətlərlə bağlı mövqeyi ölkənin Avropa İttifaqından çıxması üçün əsas ola bilər”.

Bu sözləri Çexiyanın Avropa məsələləri üzrə naziri Mikulaş Bek “Cesky rozhlas Plus” radiostansiyasının efirində deyib.

O, Budapeştin mövqeyinin blokun digər ölkələrinin mövqeyi ilə tez-tez ziddiyyət təşkil etdiyini vurğulayıb.

“Aİ-də danışıqlar çox vaxt çətin olur və bir çox ölkələr tərəfindən aparıla bilər. Amma Macarıstan, mənim fikrimcə, bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib. İndi o, bu uçurumdan uzaqlaşmaq, ya da risk edib tullanmaq barədə qərar verməlidir. Sonuncunun nəticələrini təxmin etmək istəmirəm”, – deyə nazir bildirib.

Bek yekunda bildirib ki, yaxın aylarda Macarıstanı Brüssellə razılaşmağa inandırmağa çalışacaq.

Xatırladaq ki, sentyabrın 9-da Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə Aİ nazirlərinin görüşü zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinə şübhə ilə yanaşdığını bildirib. O, buna səbəb kimi Avropa iqtisadiyyatının çökməsini əsas gətirib. Bundan əlavə, Siyarto Rusiya qazı üçün qiymət tavanına qarşı çıxıb və Budapeştin belə layihələrdə iştirakda maraqlı olmadığını qeyd edib.

Mənbə: İzvestiya

Bənzər xəbərlər