Kürdəmir, Göyçay və Ağsuda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb - YENİLƏNİB + FOTO
Kürdəmirdə, Göyçayda və Ağsuda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, Kürdəmir rayonunda “20 Yanvar” parkında “Ana harayı” abidəsinin önündə şəhidlərin xatirəsi yad edilib.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzülüb və onların məzarlarının üzərinə tər çiçəklər qoyulub.
20 Yanvar faciə qurbanlarınınm xatirəsi Ağsu rayonunda da böyük ehtiramla anılıb. Rayonun Qəhrəmanlıq kompleksindəki abidə ziyarət olunub.
Göyçay rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, rayon sakinləri Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsi dərin ehtiramla yad olunub.
20:15
Saatlı, Sabirabad, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib.
“Report”un məlumatına görə, tədbirlərdə rayon icra hakimiyyətinin rəsmiləri, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.
Saat 12:00-da onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və avtomobillərdən səs siqnalları verilib.
19:59
Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı qeyd olunan rayonların şəhidlərin xatirəsinə ucaldılmış komplekslər və abidələr ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb.
Anım mərasimləri zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğullarımızın məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Bütün rayonlarda saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Səhər saatlarından başlayan ziyarət qeyd olunan rayonların ictimaiyyət nümayəndələri tərəfindən günün sonunadək davam edib.