featured-image-4786

Və yaxud təxribatçıların London duracağı…

 

Artıq bəlli olduğu kimi, iki gün öncə, 04 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dinçi qrup tərəfindən hücuma məruz qalıb. Səfirliyimizə təcavüz aktını həyata keçirənlər küveytli şiələrin lideri Yasir Yəhya Abdullah əl-Həbibin yaratdığı “Mehdinin xidmətçiləri” (“The Mahdi Servants Union”) təşkilatına mənsub şəxslər olub. Təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər hadisə baş verdikdən sonra açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycanda guya şiə ayinlərə qarşı kəskin mübarizə aparılır və “təşkilat” buna etiraz əlaməti olarq Londondakı səfirliyimizə hücum edərək Mehdi bayrağını qaldırıb.

Terrorçuların səfirliyə hücumu zamanı ay-ulduzlu, üç rəngli müqəddəs bayrağımız çıxarılaraq yerə atılmış, yerində terrorçu təşkilatın bayrağı qaldırılmışdı. Bu hadisə sözsüz ki, Azərbaycanın suveren haqlarına təcavüz sayılmalıdı. Hadisədən dərhal sonra mətbuatda və sosial şəbəkələrdə müzakirələr başladı, vandalizm və barbarlıq aktının arxasında duran beynəlxalq siyasi gücün kimliyi barədə müxtəlif versiyalar səsləndirildi.

İlk olaraq ağıla gələn İran faktoru oldu, əksəriyyət bu işin arxasında Azərbaycanla münasibətləri heç də hamar olmayan cənub qonşumuzu günahlandırdı. Mehdiçi terroristləri Rusiyanın qızışdıra biləcəyi versiyası da gündəmə gəldi. Hətta “bu bir siyasi şoudu, tamaşadı və bu tamaşanı təşkil edən Azərbaycan hakimiyyətidir” deyənlər də az olmadı. Bu üçüncü versiyanı əsasən müxalifətçilər (konkret olaraq AXCP üzvləri) və mühacirətdə olanlar dilə gətirdilər.

Mənim şəxsi düşüncəmə görə, hadisə öncəsi baş verən və birbaşa Azərbaycana da aid siyasi prosesləri dəyərləndirmədən London məsələsinə qiymət vermək doğru olmazdı. Baxaq görək hadisə ərəfəsində nələr baş verib?

Qısa bir müddət öncə Tehranda regionun 3 önəmli dövlətinin – Türkiyə, Rusiya və İranın dövlət başçılarının rəhbərləri görüşür. Təxminən elə həmin vaxtlarda Tiflis şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşürlər. Hadisədən bir gün öncə Azərbaycan Ordusu Qarabağda “Qisas” adlı antiterror əməliyyatı keçirir və düşmənə ağır zərbələr endirərək bir neçə strateji yüksəkliyi nəzarətinə götürür. Erməni tərəfi dərhal Rusiyanı günahlandırır və hətta bölgədən Rusiya Sülhməramlı Qüvvələrinin çıxması tələbləri səslənir. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağ ətrafında vəziyyətin son dərəcə mürəkkəb olduğunu bəyan edir və Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını bildirir. Bunun cavabında ermənipərəstliyi ilə tanınan Rusiya Xarici İşlər naziri jurnalistlərlə görüşündə deyir: “Biz Ermənistan baş nazirinin Rusiyanın Qarabağda sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təkliflərini görməmişik”. Bu, müəyyən mənada Ermənistanı haqsız çıxarmaq anlamına gəlir.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Londonda səfirliyimizə hücum edilməsindən bir gün sonra Soçidə Rusiya və Türkiyə prezidentlərinin növbəti görüşü baş tutacaqdı. Artıq bildiyimiz kimi, bu görüşdə olduqca mühüm məsələlər müzakirə olunub və bu, əvvəlcədən də bəlli idi.

Türkiyə prezidenti hər iki ölkənin nümayəndə heyətlərinin Türkiyədə görüşlərinin səmərəli keçdiyini qeyd edib.
Siyasi, iqtisadi və ticarət sahələrində bir çox mövzular müzakirə olundu. İnanıram ki, bu məsələlərdən sonra indi bu mövzulara nöqtə qoymağımız Türkiyə-Rusiya əlaqələrində fərqli səhifə açacaq. İstər enerji təchizatı, istər Qara dəniz xətti ilə kənd təsərrüfatı məhsulları və taxıl ixracı üzrə atılan addımlar, turizmlə bağlı aparılan danışıqlar, nəqliyyat sahəsi ilə bağlı, eləcə də bölgədə atılan bəzi addımlar nümayəndə heyətlərimizin fəaliyyətinin nəticəsidir. Eyni zamanda bu gün baş tutan ikitərəfli görüşümüz Türkiyənin bölgədə oynadığı rolu ortaya çıxarmaq baxımından olduqca əhəmiyyətlidir”, – deyə Ərdoğan bildirib.

Putin və Ərdoğanın görüşündə Rusiya qazının Türkiyəyə tədarükü üçün ödənişin dollarla yox, milli valyuta ilə ödənməsi məsələsində də razılıq əldə olunub. Bundan başqa, iki dövlət Suriyanın ərazi bütövlüyünün qorunmasında maraqlı olduğunu bildirib və bu istiqamətdə birlikdə işləmək qərara alınıb. Bu, həm bölgədə sülhün bərqərar olmasına gətirib çıxarar, həm də Türkiyəni qaçqın problemi kimi ağır bir yükdən xilas edər.

Bu istiqamətdə birlikdə addım atılması həm də Qərb imperializminin bölgədən uzaqlaşdırılması deməkdi. Burada xüsusi bir məqama da diqqət edilməlidi: Suriya böhranının bitməsi İsrailin də yararınadı, çünki böhranın ortadan qalxması onun İranla münasibətlərinin yumşalmasına gətirib çıxara bilər. Bu məsələlərin həllində tək əngəl İran faktoru hesab edilə bilərdi. Ancaq Tehrandakı üçtərəfli görüşdən sonra İran rəsmilərinin bəyanatları xeyli fərqli görünür. Elə “Qisas” əməliyyatı zamanı rəsmi Tehranın ortaya qoyduğu mövqe də onun bölgədəki proseslərə münasibətinin xeyli yumşaldığını göstərir. Əgər xatırlayırsınızsa, II Qarabağ savaşında İran rəhbərliyi tez-tez “sərhədlərimizə yaxın ərazilərdə döyüş əməliyyatlarının aparılmasından narahatıq” kimi bəyanatlar verirdilərsə, bu dəfə susqun qalmağa üstünlük verdilər. Hətta anti-terror əməliyyatı zamanı erməni mənbələrinin “İran hökuməti Azərbaycanla sərhədlərinə hərbi kontingent toplayır” dezinformasiyasına cənub qonşumuz dərhal reaksiya verdi və deyilənləri təkzib etdi. Bu, həm də o anlama gəlirdi ki, “baş verən hadisə Azərbaycanın daxili işidi və o, öz ərazisində qayda-qanun yaradır”.

Əgər diqqət edilərsə, açıq şəkildə anlamaq olur ki, məlum “Qisas” əməliyyatı daha öncədən hazırlanan əməliyyat olub və bundan Türkiyə, Rusiya və İranın da xəbəri olub. Əməliyyatın Tehrandakı üçtərəfli görüşdən az müddət sonra, Soçi görüşü ərəfəsində baş tutması bu tezisin doğruluq payını xeyli artırır. Həm də hər üç ölkənin hadisə ilə bağlı susqunluğunu pozmaması və erməni tərəfinin Rusiyanı günahlandırması da diqqətləri çəkir. Görünən o ki, Rusiya və Türkiyə Qarabağ məsələsinin bir an öncə sonlandırılması və “Zəngəzur dəhlizi” kimi meqalayihənin işə düşməsində xeyli maraqlı görünürlər. Heç şübhəsiz ki, Tehran görüşündə İran tərəfi də razı salınıb və layihənin onların xeyrinə olduğuna dair inandırıcı dəlillər ortaya qoya biliblər. Əslində, Ermənistanın baş naziri Paşinyan da hadisələrin bu istiqamətdə inkişafında maraqlı kimi görünür. Çünki sülh sazişindən sonra erməni tərəfi də bölgədə reallaşdırılan böyük layihələrə qoşula bilər və bu da Ermənistanın iqtisadi inkişafına təkan vermiş olar. Sadəcə, erməni xalqı bir türlü tutulduğu siyasi xəstəlikdən qurtula bilmir. Və belə hesab etmək olar ki, “Qisas” əməliyyatı və baş verə biləcək bənzəri əməliyyatlar, nəhayət ki, onların inadını qıracaq və böyük tələfatlara yol vermədən Qarabağdakı qeyri qanuni silahlı qrupların çıxarılmasına nail olunacaq.

Bütün bu proseslər başa çatdıqdan sonra regionda 3+3 formatının sözdən əməli fəaliyyətə keçməsi reallaşa bilər. Heç bir şübhə yox ki, bu formatın tətbiqi ilk növbədə Qafqazda sülhə gətirib çıxaracaq və bu təcrübənin Orta Doğuda tətbiqi də gündəmə gələcək. Bu isə, Qərb imperializminin regiondan uzaqlaşdırılması anlamına gəlir.

Tam əminliklə demək olar ki, Azərbaycan nəinki bütün bu proseslərin içərisindədi, hətta mərkəzindədi deyə bilərik. Əgər Azərbaycan bu proseslərdən kənar qalsa, əvvəlki hərc-mərclik dövrü davam edər, nə Rusiya-Türkiyə, nə də Türkiyə-İran yaxınlaşması baş tutar. Və bu hərc-mərclikdən istifadə edən Qərb bölgədə istədiyi kimi at qoşturar. Yəni Azərbaycan yaranmış bu möhkəm zəncirin ən möhkəm bəndidi deyə bilərik. Sözsüz ki, bu, başda cənab İlham Əliyev olmaqla, xarici siyasət kursumuzu yönləndirən komandanın çox böyük uğurudu. Vaxtilə cənab prezident “mən nəyi necə və nə zaman edəcəyimi bilirəm” deyəndə bəzi bədxahlar bu fikrə qarşı çıxır, ironiya edirdilər. “Qisas” əməliyyatı bir daha göstərdi ki, cənab İlham Əliyev zamanı və şəraiti, bölgədə və dünyada yaranan siyasi situasiyanı dəyərləndirə və bu faktorların verdiyi imkanlardan istifadə edərək, strateji qərarlar verə bilən bacarıqlı siyasətçi və liderdi.

Bütün bu deyilənlərdən o qənaətə gəlmək mümkündü ki, məhz Azərbaycanın hədəf seçilməsi London hadisələrinin arxasındakı güclər üçün böyük önəm daşıyıb. Qeyd etdiyim kimi, Azərbaycan bölgədə baş verən hadisələrdə mühüm rol oynayır və adı çəkilən dövlətlərin birlik və bərabərlik içərisində olması üçün ən güclü bənd hesab edilir. Bu zəncirin zəif bəndi isə İrandır. Onun həm Türkiyə, həm də Azərbaycanla problemləri var və cənub qonşumuz ehtiyat edir ki, gələcəkdə bu iki türk dövləti İrana qarşı ərazi iddiasını ortaya qoya bilər. London səfirliyinə hücumu təşkil edən güclər də məhz bu faktoru nəzərə alıblar. Səfirliyə hücum edən terrorçu təşkilatın şiə təriqətindən olması və İranın Qum ekolundan çıxmaları heç şübhəsiz, hadisənin arxasında İran faktorunun olmasını ağıllara gətirəcəkdi. Həm də işin içərisində bir nüans da diqqət çəkir. Səfirliyə hücum edənlərin görüntülərindən gözə batan bir “kare” var. İngilis polisi tərəfindən həbs edilən “Mehdinin xidmətçiləri” arasındakı bir şəxsin görüntüsü bəzi şübhəli ehtimallara yol açır.

Görüntüdə həbs edilən şəxsin vaxtilə İranda Azərbaycan dövlətinə qarşı təxribatçı çıxışları ilə gündəm yaradan, Azərbaycanda şəriət rejimi qurmaq istəyən, Gəncə hadisələrinin təşkilatçısı və bu yaxınlarda “Kərimə dövləti” planlarını elan edən “Hüseyniyyun” qruplaşmasının üzvlərindən Musa Əsədzadə olduğu şübhəsizdir. İstər-istəməz ortaya “əgər işin içərisində İran yoxdursa, “Mehdinin xidmətçiləri” qruplaşmasının London ssenarisində Musa Əsədzadə niyə iştirak edir”, “bu fakt “mehdiçilər”in guya İrana müxalif imici formalaşdırmaqla, əslində, tam fərqli missiya yerinə yetirdiklərini göstərmirmi” sualları çıxır. Bu suallar bəzi media qurumlarında artıq verilməyə başlayıb.

Mən belə hesab edirəm ki, səfirlik krizini təşkil edən qüvvələr məhz bu sualların veriləcəyini əvvəlcədən hesablamışdılar. Musanın görüntülərindən aydın olur ki, o, bilə-bilə obyektivlərə poza verib. Hücumu təşkil edən təxminən 60 nəfərə qədər şiə terroristdən cəmi 8 nəfərin həbs olunması və onlardan birinin də Musa Əsədzadə olması diqqətdən yayınmır. Açıq şəkildə görünür ki, London səfirliyimizə hücumu təşkil edənlərin əsas məqsədi yuxarıda bəhs etdiyim möhkəm zənciri qırmaqdı. Elə zəncirin ən güclü və ən zəif bəndlərinin seçilməsi məhz buna xidmət edir. Hesab edilib ki, İran və Azərbaycan arasındakı münasibətlərin hamar olmaması, bir az əvvələ qədər bu iki dövlətin bir-birinə qarşı ittihamlar irəli sürməsi faktları var və region dövlətlərinin yaxınlaşmasının qarşısını almaq üçün bu faktordan istifadə etmək ən doğru yoldu. Onlar hətta onu da hesablayıblar ki, iki qonşu və oxşar mədəniyyətlərə sahib dövlətlərin münasibətlərini korlamaq üçün zəif nöqtələr də var. Məsələn, hər iki dövlət islam ölkəsi olsa da, biri şəriət qaydaları əsasında, digəri sekulyar siustemlə idarə olunur. Ancaq Azərbaycanda qatı dindar mövqedə və İran tərəfdarı olan, İranda isə etnik sıxışdırmaya məruz qalıb, qatı milliyətçilik mövqeyi sərgiləyən çox sayda insan var. Deməli, qarşıdurma, sonradan isə silahlı münaqişə üçün münbit şərait də mövcuddu.

Digər bir məqam isə Qərb imperializminin lakeyləri rolunu oynayan yerli liberal kəsimdi. Bu tip adamların son iki gündəki paylaşımlarına diqqət edin. Bu adamlar əsas olaraq iki versiya üzərində dururlar və hər ikisi də Azərbaycan dövlətinin əleyhinə yönəlib:
London olayları bir siyasi şoudu, tamaşadı və bunu Azərbaycan dövləti özü təşkil edib;
– səfirlik nümayəndələri terrorçulara niyə müqavimət göstərməyiblər, bayrağı niyə qorumayıblar?

Birinci versiyanı cəbhəçilər və mühacirətdə olanlar ortaya atıb və birmənalı şəkildə yanlışdı, böhtandı və təxribat məqsədlidi. Məqsəd Azərbaycan dövlətini ləkələmək, bu günə qədər yürütdüyümüz xarici siyasət kursuna kölgə salmaqdır.

İkinci versiya fərdi fəaliyyət göstərən, Soros fondu kimi təşkilatlardan, Britaniya səfirliyindən maliyyələşən və əmr alan liberallar tərəfindən ortaya atılıb və təəssüf ki, vətənpərvər insanlarımız da onların toruna düşür. Bəli, başda Elin Süleymanov olmaqla, səfirlik nümayəndələrinin qorxaq hərəkətləri qınanılmalı və onlara layiq olduqları cəza verilməlidir. Ancaq hal-hazırda bu məsələ arxa plana atılmalı və önə bu işi törədənlər kimdi – o çıxarılmalıdı. Açıq-aşkar görünür ki, bu işi təşkil edənlər islami məzhəbçilik faktorundan istifadə etməklə bölgədə gərginliyi artırmaq, etnik və dini münaqişəni qızışdırmaq, beləliklə, planlanan və regiona sülh gətirəcək 3+3 formatının reallaşdırılmasının qarşısını almağı strateji məqsəd olaraq qarşısına qoyub. Yuxarıda bəhs etdiyimiz iki versiyanın ortaya atılması məhz insanları əsas hədəfdən yayındırmağa xidmət edir.
Təbii ki, bu planlarını gerçəkləşdirmək üçün həm Azərbaycanda, həm də İranda dini zəmində qarşıdurmalar yaratmaq da gündəmdədir. Məsələn, çadralı qadınların küçələrdə divarlara dini şüarlar yazması bu planın tərkib hissəsidi. Halbuki bu hərəkətin özü sırf qanunsuzluqdu və onların qarşısının alınması dini diskriminasiya olaraq dəyərləndirilə bilməz. Çünki “Dini etiqad azadlığı haqqında” qanunda açıq şəkildə yazılır:
Dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız dini ibadət yerlərinin və ziyarətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər”.

Sual oluna bilər, məgər həmin tədbirləri keçirən insanlar ya İrana bağlı, ya da İrana loyal yanaşanlar deyilmi? Bəli, elədi. Ancaq bu insanları yönləndirən tanınmış din xadimlərinin fikir və düşüncələri də önəmlidi. Məsələn, Hacı Şahin deyilən şəxs ölkəmizdə ən tanınmış din xadimlərindən biridi. Ancaq o, heç bir vaxt dini dövlət üstündə görənlərdən olmayıb. Elə dünən onun təşkilatçılığı ilə Məşədi Dadaş məscidində təşkil etdiyi aksiya və London olayından sonra heç bir şərt qoşmadan birmənalı şəkildə hadisəni pisləməsi də deyilənlərə sübutdur.

Bir də Hacı İlqarın hərəkətlərinə baxın. Adam guya səfirliyə basqını pisləyir, sonra da mövzunu dəyişərək, küçə ayinlərinin qarşısının alınması üzərinə gətirir. Halbuki geniş bilgi və savadı olan bu adam gözəl bilir ki, yuxarıda bəhs etdiyim qanun maddəsinə görə, dini ibadət yerlərindən kənarda dini şüarlar yazmaq qadağandır. Deyə bilərsiniz ki, Hacı İlqar İrana bağlı adamdı və situasiyanı gərginləşdirməkdə məqsədi İran dini rejiminin siyasətinə xidmətdi. Bunun bir cavabı var: Hacı İlqar İranın adamı kimi görünsə də, əslində, adventist cəmiyyətinin üzvüdü və Qərbin liberal dairələrinə birbaşa bağlı adamdı.

Gələk mövzuda ortaya qoyduğumuz sualın cavabına… Əcəba, London səfirliyinə terror basqınını kim təşkil edib və məqsəd nə olub? Məqsədi bu yazının ruhundan anlamış olmalısınız. Əslində basqını təşkil edənlərin kimliyi də ortadadı. İstərsəniz adını da çəkim: Böyük Britaniya Krallığının min illik tarixini diqqətlə araşdırsaq, açıq şəkildə görərik ki, Londondakı səfirliyimizə terror basqını klassik ingilis diversiyası üslubundadı…

Daha ətraflı növbəti yazımızda…

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər