featured-image-12342

İsrail Prezidenti İshak Hersoq ölkə ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynovu İsrail dövlətinə yönəlmiş böyük terror aktının qarşısını tək başına aldığı üçün qəbul edərək mükafatlandırıb.

Mərasimdə Cəlala böyük sürpriz də təşkil edilib. Belə ki, onun xəbəri olmadan anası Nüşabə Əliyeva İsrail dövlətinin təşkilatçılığı ilə Bakıdan Təl-Əvivə aparılıb. Dekabrın 20-də baş tutmuş təltifetmə mərasimi zamanı C.Hüseynov anası ilə görüşüb və təsirli anlar yaşanıb.

C.Hüseynovun atası Elşən Hüseynov Bizim.Media-ya açıqlamasında oğlunun hazırda İsrail ordusunda xidmət etdiyini bildirib:

“Cəlalın ən böyük arzusu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməkdir. O, İsraildə xidmətini başa vurduqdan sonra burada xidmətə qoşulmaq niyyətindədir. Cəlalın adını daşıdığı babası Cəlal kişi müharibə və ondan sonrakı illərdə dövlət və dövlətçilik naminə fəal insanlardan olub, hətta ümummilli lider Heydər Əliyevin qarşısında çıxış da edib. Çox şükür ki, Cəlal da babası kimi vətənpərvər ruhda yaşayır”.

Elşən Hüseynov oğlunun dost ölkədə göstərdiyi qəhrəmanlığın İsrail xalqı tərəfindən də rəğbətlə qarşılandığını, insanların sevimlisinə çevrildiyini diqqətə çatdırıb:

“Demək olar ki, hər kəsin sevimlisinə çevrilib. Orada olduğum müddətdə əmin oldum ki, Cəlalı tanımayan və sevməyən yoxdur. Hər kəs ona hörmətlə yanaşır. Bilirsiniz ki, ona terrorçular həyatı təhlükə yarada bilərlər. Ancaq o, heç nədən çəkinmədən xidmətini davam etdirir”.

Qeyd edək ki, həmsöhbətimiz Cəlalın antiterror əməliyyatları sahəsində yiyələndiyi hərbi bilikləri gələcəkdə azərbaycanlı hərbçi yoldaşları ilə də paylaşacağını bildirib.

Bənzər xəbərlər