featured-image-4050

 Və yaxud amnezik sindromun bir siyasətçi üçün fəsadları

Yazacağım mövzu ilə bağlı internetdə material axtarışında idim. Qarşıma dostum Əvəz Zeynallının “Strateji Dərinlik” proqramının 29 iyun 2022-ci il tarixli, 13-cü buraxılışının videosu çıxdı. Həm mövzu – “Azərbaycan-Türkiyə-Özbəkistan-Qazaxıstan: Üfüqdə nə görünür?!”, həm də verilişin qonaqlarının İsa Qəmbər və Firudin Ağasıoğlunun olması diqqətimi çəkdi. Belə hesab etdim ki, verilişin tam versiyasına baxmağa ehtiyac var. Baxdım…

İsa Qəmbərin fikirlərindəki diqqət çəkən nüansları daha dərindən anlamaq üçün onun çıxışının bəzi yerlərinə təkrar-təkrar baxdım… Bu fikirlər mənə tanış gəlirdi, daha doğrusu, onun 5 ay yarım öncəki – 14 yanvar 2022-ci il tarixdə Meydan TV-nin əməkdaşı Natiq Cavadlıya müsahibəsini xatırladım. İsa bəy eyni mövzuya, eyni hadisələrə – “Tokayev və Qazaxıstan məsələsi”nə 5 ay yarım öncə indikindən 180 dərəcə fərqli münasibət ortaya qoymuşdu.

Müxtəlif zaman kəsimində eyni məsələyə fərqli münasibət… Bu mümkündür. İstənilən şəxs informasiya qıtlığından hadisəyə ilk əvvəl fərqli mövqe ortaya qoya bilər. Daha dolğun informasiya əldə etdikdən sonra hadisəni daha dəqiq, daha düzgün təsvir edər. Lakin İsa Qəmbərin Əvəz bəyin proqramındakı çıxışından belə çıxır ki, o, hadisələr baş verdiyi an da bu fikirdəymiş və verdiyi proqnozlar tam doğrulub. Oysa ki, hər iki verilişə baxan adam İsa bəyin ağ yalan danışdığı dərhal anlayır.

Bax, siyasəti bu cür çirkinləşdirirlər. Və insanlarda o qənaət hasil olur ki, yalan danışmağı və hətta bunu həyasızca etməyi bacarırsansa, o halda, siyasi uğur əldə edəcəksən. Bu, son dərəcə yanlış yanaşmadı. Nə yalan danışmaq, nə də həyasızlıq siyasi uğur əldə etmək üçün kriteriya hesab oluna bilməz…

Məsələyə aydınlıq gətirmək üçün ikinci videodan – “Strateji Dərinlik”dən başlayaq və İsa Qəmbərin nə dərəcədə “dərin strateji düşüncə sahibi” olduğunu görək. Yeri gəlmişkən, hal-hazırda İsa Qəmbərin rəsmi təqdimatı bu cürdür: Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri.

Mərkəzin adı gurultulu və pafoslu səslənsə də, yarandığı gündən keçən müddət ərzində (8 il az müddət deyil) dişə vurulası bircə dənə də olsun nə proqram, nə konsepsiya ortaya qoyub. Ancaq Əvəz bəyin verilişində İsa Qəmbərin danışığından belə çıxır ki, Böyük Türk Birliyi ideyası Azərbaycanın milli strategiyasını, dövlət proqramını təşkil etməlidi. Çox yaxşı, ideya cəzbedicidi, etiraf edək ki, bu, bizim də böyük arzumuzdur, türk xalqları müasir, qloballaşan dünyada öz layiqli yerini alması üçün Böyük Türk Birliyinin yaranmasına böyük ehtiyac var.

Ancaq gəlin görək bu yolu kiminlə gedəcəyik? Siyasi opportunizmi əsas qayəsinə çevirən marijinallaşmış siyasi persona İsa Qəmbərləmi? Mən şəxsən onunla bu yola çıxmaram, çünki şəxsi maraqlarını milli, ictimai və dövlət maraqlarının üstündə görən bu cür siyasi tiplər adamı yarı yolda buraxır. İsa Qəmbər öz əməli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib. Elə bu səbəbdən onunla yollarımız 1999-cu ilin may ayında, bir daha kəsişməmək şərtilə, həmişəlik ayrılıb.

Mətləbdən uzaqlaşmamaq üçün qayıdaq “Strateji Dərinlik” verilişinə. Əvəz bəy ilk olaraq sözü Firudin Ağasıoğluna verdi. Yeri gəlmişkən, Firudin bəy özünü siyasət adamından daha çox türkoloq alim hesab etdiyini desə də, mövzuyla bağlı İsa Qəmbərdən daha praqmatik, daha realist mövqe ortaya qoyurdu. O, girişdə Turqut Özaldan bir xatırlatma etdi və bu, çox yerinə düşdü.

Firudin bəyin dediyinə görə, 1993-cü ilin yazında mərhum Turqut Özal Mərkəzi Asiyanın türk cümhuriyyətlərinə səfərdən qayıdarkən yolüstü Bakıda da olur. Ona BDU-nun fəxri professoru adı verildikdən sonra dövrün prezidenti Elçibəy, Firudin Ağasıoğlu və Turqut Özal üçlükdə görüşürlər. Firudin bəy Özalın türk dünyasının strateji məqsədləri ilə bağlı belə bir fikir söylədiyini xatırlatdı:

“Biz indiyə qədər yanlış milli strategiya siyasəti yürütmüşük, üzümüzü Avropaya tutmuşduq. Bundan sonra siyasətimizi dəyişəcəyik: üzümüzü Şərqə – Mərkəzi Asiyanın türkü cümhuriyyətlərinə çevirəcəyik. Milli kökünü, keçmişini bilməyən xalqın gələcəyi də yoxdu…”

Çox doğru. Bəyəndiyim fikirdir. Turqut Özalın bu milli konsepsiyanı önə sürdüyü o dövrün mətbuatından bizə də məlumdu. Və onun elə bu konsepsiyaya görə sui-qəsdlə öldürüldüyü informasiyası 30 ildi söylənilir. Hətta məzarı belə açıldı, təkrar otopsi götürüldü. Firudin bəy də bunu təsdiq edir: “Geri döndükdən bir neçə gün sonra onu öldürdülər!” Həm də ehtimal kimi irəli sürmür, birbaşa iddia edir.

Ortaya belə bir sual çıxır: Özalı kim öldürdü?

Ağla gələn tək versiya budur: Türkiyənin Avropadan – Qərbdən üz döndərib, Şərqə, Avrasiyaçılığa üz tutmasını istəməyən qüvvələr! Daha konkret desək, qloballaşan, liberallaşan Qərb!

İsa Qəmbər də Firudin bəyin sözlərindən sonra həvəsə gəlib, milli kimlik, keçmişə bağlılığa aid fikirlər səsləndirdi. Hətta özünəməxsus məşhur ədasıyla milli keçmişi ilə bağlarını qoparan, milli kimliyini unudan şəxsləri xəstə adlandırdı, amneziya xəstəsi – bu, yaddaşsızlıq xəstəliyidi. İnsan yaşlandıqca bəzi şeyləri unudur, hətta özünün kimliyini belə unuda bilir.

Bax, indi gəldik bəhs etmək istədiyimiz məsələnin mahiyyətinə. Tərəddüdsüz demək olar ki, İsa Qəmbərdə bu xəstəliyin – amnezi sindromunun simptomları özünü açıq şəkildə göstərir. Bunu faktlarla sübut edək…

İsa Qəmbərin 5 ay yarım öncə Meydan TV-yə müsahibəsində dediklərini tezislər formasında belə təsnif edə bilərik:

– Qazaxıstandakı faciəvi hadisənin başlıca səbəbi avtoritar rejimdi, korrupsiya və monopoliyadı, ədalətin olmamasıdı;

– bu hadisələr nəticəsində Nazarbayev mifi iflas etdi, avtoritar rejim çökdü, başqa bir formada davam etsə də, yerinə bir başqası gəlsə də, əvvəlki rejim çökməliydi və çökdü;

– bu qədər hadisələr oldu, biz Nazarbayevi görmədik, nə səsi çıxdı, nə çıxıb xalqa müraciət etdi, bəh-bəhlə iqtidara gətirdiyi adam – Tokayev də hadisələrin qarşısını ala bilmədi, hətta sonradan tərəfə çevrildi və postsovet məkanı üçün təhlükəli bir presedentə imza atdı – ODKB qüvvələrini dəvət etməklə;

– Tokayev hələ 2019-cu ildə bu vəzifəyə gətiriləndə mən maraqlandım və gördüm ki, o, sıradan bir sovet nomenklatura nümayəndəsidi (İsa Qəmbər bu sözləri dediyi zaman üzündəki bizlərə tanış mimikası ilə Tokayevi aşağılayır – F.N.), müəyyən mənada bizim Artur Rəsizadə tipində bir kadrdı;

– Tokayevin tipik nomenklatura nümayəndəsi olmasının fəsadları hadisələr zamanı ortaya çıxdı. Tokayev ciddi siyasi mübarizələrdə yetişməyib. Sadəcə saray intriqalarıynan, sovet kommunist nomenklatura sisteminin oyun qaydalarıynan yetişən adamlar ciddi liderə, müstəqil dövlət adamına çevrilə bilmirlər, lazımi anda cəsarətli mövqe ortaya qoya bilmirlər. Tokayev də belə bir adamdı, ona görə hadisələr zamanı ziddiyyətli açıqlama verirdi;

Məncə, bu qədəri yetər. İndi də onun Əvəz bəyin “Strateji Dərinlik” verilişində dilə gətirdiyi fikirləri tezislər formasında təqdim edək:

– Tokayevin Sankt Peterburq forumundakı cəsarətli fikirləri heç də təsadüfi deyil, düşünülmüş siyasi addımdı;

– Tokayev meydanlardan gəlmiş təcrübəsi olmayan inqilabçı deyil. O, hakimiyyət nomenklaturasının bütün mərhələlərindən keçmiş təcrübəli bir siyasətçi və dövlət adamıdı (bu dəfə İsa Qəmbərin üz mimikası ciddidir, heç bir aşağılayıcı jest hiss olunmur – F.N. ). Tokayev həm Qazaxıstan, həm də dünya miqyasında siyasət dərsi keçib, BMT-də önəmli vəzifə tutub. Belə təcrübəli siyasi persona dediyi sözün çəkisini, ağırlığını bilir;

– düşünmürəm ki, Nazarbayev oyundan kənar vəziyyətdədi. O, hadisələrdən sonra Türkiyəyə getdi, orada dövlət səviyyəsində qəbul olundu. Bu da onu göstərir ki, Nazarbayev önəmli siyasi fiqurdu;

– Tokayevdən sonra dövlətin inkişafı gedir. O, cəsarətli siyasət adamıdı, sözünü deməyi, həm də nə zaman, necə deməyi bilir. Qazaxıstanda ciddi böhran baş verdi, ancaq 1 həftə keçməmiş ODKB-ni oradan çıxartdılar. Detalları bilmirəm, ancaq ODKB-nin çıxarılmasına təsir edən bir çox amillər var: Çin amili, Türkiyə amili, Qərb amili və üçünün də təsiri ola bilər;

– Rusiya qorxub, quyruğunu qısıb, çıxdı ordan. Qazaxıstan rəhbərlərinin müxtəlif sərt və cəsarətli bəyanatları təqdirəlayiqdi;

– Tokayev özünə arxayın olmasa elə bəyənat verməzdi, çünki o, sözünün çəkisini bilən siyasətçidi. Bu da o deməkdi ki, Tokayevin sözünün arxasında Türkiyə var, Qərb var, hətta bəlkə Çin də var;

– Tokayev Rusiyaya əsla güvənmir, açıq dedi ki, sanksiyalara mən də qoşulacam, bunu poza bilmərəm. Dedi ki, Donbas, Luqansk saxta dövlətlərdi, kvazidövlətlərdi, onları tanımayacam.

Fərqləri görürsünüzmü? Yalnız, İsa Qəmbərin özünün də dediyi kimi, amnezi sindromundan əziyyət çəkən, yaddaşsızlıq xəstəliyinə tutulan biri 160 gün ərzində bir-birinə bu qədər ziddiyyətli fikirlər ortaya qoya bilər. İndi biz İsa Qəmbərin hansı sözünə inanaq? Nazarbayev mifi dağılıb, yoxsa o, hələ də önəmli siyasi fiqurdu? Tokayev necə, cəsarətli, sözünün çəkisini bilən siyasət adamıdı, yoxsa qorxaq və qul psixologiyası ilə idarə edən biridi? Bir siyasətçinin yetişməsi, siyasi təcrübə toplaması üçün hansı daha önəmli kriteriyadı – meydanlarda hay-küyçülük, inqilabçılıq, yoxsa nomenklatura pillələrini mərhələ-mərhələ adlamaq? Tokayev kimdi – ODKB-ni Qazaxıstana dəvət edən satqın məlun, yoxsa sərt və cəsarətli bəyənatları ilə ODKB qüvvələrini ölkədən çıxaran qəhrəman?

Sualların sayını istənilən qədər artırmaq olar. Lakin başqa nüanslara da toxunmaq gərəkir. İsa Qəmbər deyir ki, Tokayev Rusiyaya əsla güvənmir, açıq deyib ki, sanksiyalara o da qoşulacaq, bunu poza bilməz. Tokayev onu da deyib ki, Donbas, Luqansk saxta dövlətlərdi, kvazidövlətlərdi, onları tanımayacaq.

İsa Qəmbər Tokayevin dediklərinə sıradan “obıvatel” kimi baxır. Özü tarixçi olsa da, tarixi bilmir. Tarixdən ona bir misal çəkəcəm. I Dünya Savaşı öncəsi Atatürk öz siyasi komandasına vəsiyyət etmişdi: “Savaş gözlənilir! Heç bir halda bu savaşa girməyin. Müxtəlif bəhanələrlə savaşdan yayının!” Atatürkdən sonrakı İnönü hökuməti bu vəsiyyətə əməl etdi, tam 5 il Almaniyanı oyaladı, 1944-cü ildən sonra isə 1 ilə yaxın SSRİ-ni oyaladı. Yalnız Sovet qoşunları Berlinə girdikdən sonra artıq kapitulyasiya aktına imza atmış məğlub Almaniyaya savaş elan etdi. Bax, siyasət budur, diplomatiya budur, cənab İsa Qəmbər!

Heç şübhəsiz, Tokayevin məlum bəyanı da bu cür siyasi gedişdi, bəlkə də Putinlə əvvəlcədən razılaşdırılmış siyasi oyunun bir parçasıdı. Firudin bəyin Tokayevin forumdakı bəyanı ilə bağlı “İsa bəy, ola bilərmi ki, bu, əvvəldən razılaşdırılmış məsələdi” replikası da İsa Qəmbəri qane etmir və buna inanmadığını dilə gətirir. O zaman ortaya sual çıxır: bəs, Qazaxıstan sanksiyalara nə zaman qoşulacaq? Hələ də bu ölkənin ərazisindən Rusiya tranzit kimi istifadə edir və bundan hər iki dövlət yarar görür. Və yaxud Tokayev təkcə Donbas və Luqanskının adını çəkmir, eyni zamanda Kosovo və Tayvandan da bəhs edir, onları da kvazidövlətlər siyahısına əlavə edir. Bəs, elə isə, başda İsa Qəmbər olmaqla, bütün liboşlar niyə bunun üstündən sükutla keçirlər? Qərbin maraqlarına uyğun deyil, ona görəmi? Nədən İsa Qəmbərin ağlına gəlmir ki, elə Kosovo ilə Tayvanın adını çəkmək üçün o bəyanat dilə gətirildi. Axı bu, həm Rusiyanın, həm də elə Çinin maraqlarına uyğundu. Elə Qazaxıstanın da maraqlarına uyğundu – Tokayev Rusiyanın marağına uyğun fikir səsləndirməklə həm də Şimali Qazaxıstanla bağlı problemi sığortalamış olur.

İsa Qəmbər deyir ki, Tokayev “Donbası, Luqanskını tanımayacağam” deməklə Rusiyaya meydan oxudu. Amma onu anlamır ki, adı çəkilən bölgələri Rusiya ilə normal siyasi münasibətlərdə olan heç bir ölkə, o cümlədən Azərbaycan da tanımır. Rusiya kiminsə qarşısına belə bir tələb də qoymayıb. Bütün bunlardan o nəticəyə gəlmək mümkündür ki, Tokayevin forumdakı çıxışı maraqlı və ciddi bir siyasi gediş olsa da, bu, əsla antirusiyaçılıq mövqeyi deyildir.

İsa Qəmbərin Böyük Türk Birliyinə münasibəti də reallıqdan uzaq, liberal Qərbin maraqlarına uyğun formada özünü göstərir. Onun bu məsələ ilə bağlı düşüncələri belədir: “Biz gerçək türk birliyi istəyiriksə, bir neçə mühüm şərti nəzərə almalıyıq. Biz Mərkəzi Asiyada, Avrasiyada gerçək bir türk birliyinin önə çıxmasını istəyiriksə, Avropa dəyərlərini öz yelkənimizə alıb, irəliləməliyik. Biz türk birliyini istəyiriksə, öz ölkələrimizin model ölkə olmasına çalışmalıyıq. 1918 və 1992-ci illərdəki AXC hakimiyyətləri Mərkəzi Asiya üçün model dövlətlərdi…

” Sonra qayıdır Azərbaycana və yenə “çevir tatı, vur tatı” prinsipiylə həm mövcud iqtidarın, həm də Türkiyənin bostanına daş atır. Onun düşüncəsinə görə, Böyük Türk birliyinin yaranması üçün 3 önəmli amil var:

– Avropa dəyərlərini yelkəninə alıb irəliləmək;

– 1918 və 1992-ci illərdə Azərbaycanda mövcud olan model dövlət amilinin həm bizdə, həm də Türkiyədə qurulması;

– və türk olmayan dövlətlərin də bu birliyə daxil olması üçün prosesdə iştirakının təmin edilməsi.

3-cü amilə heç bir etirazım yoxdu. Yeri gəlmişkən, bu yaxınlarda Peskovun da belə bir bəyanı olmuşdu: Turan deyilən bir qurum Rusiyasız mümkün deyil, çünki tarixi Turanın böyük bir qismi bu gün Rusiya ərazisidir.

İsa Qəmbərin təqdim etdiyi 3-cü amilin gerçəkləşməsi elə avrasiyaçılıqdı

1993-cü ildə Turqut Özal tərəfindən irəli sürülən ideyadı. Bu birliyə türk cümhuriyyətləri ilə birlikdə İran, Pakistan, hətta Rusiya və Çin də daxil ola bilər. Bu, dünyada birqütblü idarəçilik sisteminə qarşı gerçək alternativdi – siyasi balansı qoruyacaq alternativ. Bunun gerçəkləşdirilməsi isə, İsa Qəmbərin təqdim etdiyi ilk iki amillə əsla mümkün deyil. Çünki Şərq tamam fərqli bir sivilizasiyadı, orada Avropa dəyərləri, ümumbəşəri dəyərlər deyilən kriteriyalara yer yoxdu. Çünki bu dəyərlər mazini büsbütün dağıtmaq deməkdi, ailə institutunu dağıtmaq deməkdi, soykökə bağlılığı məhv etməkdi, fərdi maraqları ictimai və dövlət maraqlarının üstünə çıxarmaqdı. Bu dəyərlər bizə yaddı. Bəlkə də Qərbdə bu dəyərlər inkişafa aparır, ancaq bizə əsla uymur.

Model dövlət tipinə gəlincə, nə 1918-ci il, nə də 1992-ci il yönətimləri model dövlətə uyğundu. İrəvanın erməni yönətiminə güzəşti (1918-ci il) və İsa Qəmbərin özünün də təmsil olunduğu siyasi komandanın Özbəkistanla yaratdığı siyasi krizisi (hətta səfirliklər bağlandı) tarix unutmayıb.

İsa Qəmbərin düşüncəsinə görə, Rusiya zorakılığa, Çin maliyyəsinə arxalanır, ABŞ isə mədəni və siyasi təsiriylə dünya gücüdü. Demokratik dövlətlərdə, konkret olaraq ABŞ-da insan həyatına önəm verilirmiş, ona görə hərbi qarşıdurmalardan çəkinir, diplomatiyaya üstünlük verirmişlər. İsa Qəmbər deyir ki, Rusiya kimi avtoritar rejimlərdə ancaq zorakılığa üstünlük verilir və misal olaraq da SSRİ-nin Əfqanıstana girməsini xatırladır. Tamam, tutaq ki, razılaşdıq. Bəs, Çin heç hara girməyib. Elə isə “demokratiya mələyi” ABŞ niyə ona qarşıdı? Və yaxud ABŞ-ın Vyetnama, Koreyaya, elə həmin Əfqanıstana, Liviyaya, Yəmənə, Suriyaya, Balkan ölkələrinə və adını çəkmədiyimiz daha neçə-neçə coğrafiyaya müdaxiləsini kimin vicdanına yazaq?

Çin məsələsi ilə bağlı xüsusi bir məqama diqqət çəkmək istəyirəm. İsa Qəmbər də öz çıxışında qeyd edir ki, Qərb dünyası – NATO Çini potensial təhlükə kimi görür. NATO-nun son sammitində də bu məsələ konsepsiya kimi irəli sürüldü. Amma niyə?

Bu barədə Çinin ABŞ-dakı səfiri Qin Qang çox yerində bir açıqlama verib: “Biz Çinin növbəti 10 ildə NATO-nun potensial təhlükə elan edildiyi yeni konsepsiyanı diqqətlə öyrənmişik. İcazə verin, sizə bir neçə rəqəm verim və bir sual edim. Çinin ölkə xaricdə yalnız bir hərbi bazası var. ABŞ-ın dünya üzrə 823 hərbi bazası var. Xəritəyə baxanda həqiqətən təsəvvür etmək olar ki, bütün dünya sizin bazalarınız tərəfindən işğal olunub, amma siz özünüzü təhlükə hesab etmirsiniz. Əslində, təhlükə kimdir?!”

İsa Qəmbərin Qərbə xoş gəlmək üçün Rusiya əleyhinə irəli sürdüyü ittihamlardan biri də dil məsələsidi. Əsəbi şəkildə sual verir: “Niyə Rusiya başqalarından tələb edir ki, ikinci dövlət dili olaraq rus dilini qanuniləşdirsinlər, ancaq bu ölkədə 10 milyondan çox türk yaşayır, onların dili dövlət dili sayılmır?”

Məncə, ittiham irəli sürürsənsə, o barədə yetərincə məlumatlı olmalısan. Əvvəla, Rusiya bu günə qədər bizə – Azərbaycana qarşı belə bir tələb irəli sürməyib və rus dili bizdə ikinci dövlət dili deyil. O ki qaldı Rusiyada yaşayan türk xalqlarının dilinə, İsa Qəmbərə tövsiyyə edirəm ki, Rusiya Konstitusiyasının 68-ci maddəsinin 2-ci bəndinə (Республики входившие в Российской Федерации вправе устанавливать свои государственные языки. В органах государственной власти, органах местного самоуправления, государственных учреждениях республик они употребляются наряду с государственным языком Российской Федерации) və “Rusiya Federasiyası xalqlarının dilləri haqqında” Rusiya Federasiyası qanununun 3-cü maddəsinin 2-ci və 6-cı bəndlərinə baxsın. Başqa xalqları bir tərəfə qoyuram, adını çəkdiyim qanun maddələrinə görə, Azərbaycan türkcəsi Rusiyanın Dağıstan bölgəsinin dövlət dillərindən biridi. Əlavə şərhə ehtiyac varmı?

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər