İRANIN YENİ SİYASİ KÜKRƏYİŞİNİN SƏBƏBLƏRİ
44 günlük savaşda əldə edilən zəfər İranın yaralarının qaysağını açıb!
Azərbaycan-İran münasibətlərində siyasi gərginliyin növbəti mərhələsi yaşanır. Bunun yaxın siyasi tarixlə əlaqəli məqamlardan tutmuş Cənubi Qafqazda yaranan yeni reallıqlara qədər bir çox səbəbləri mövcuddur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Tehran əsdirdiyi küləklərlə Bakını cilovlama siyasətinə doğru itələməyə çalışıb və zamanla güc mövqeyini nəzəri də olsa, məqbul hesab edib. Siyasi islamı dövlət siyasətinin bətnində böyüdərək inkişaf etdirən İran həmin ideoloji xətti qonşu ölkəyə də ixrac etməyə çalışıb. Hərçənd Azərbaycan bu cür təhlükəli fazalarda təmkin və soyuqqanlılıqla ölkədə yad ideoloji hərəkat formalaşdırılmasının qarşısını alıb.
İranın tarixin süzgəcindən özünə miras qalan nəticəsiz aktları onu Azərbaycana qarşı daha da aqressiv xətt tutmağa vadar edir. Bu fikirlərimiz İranın əvvəlki illərdə Azərbaycana yatırdığı ideoloji sərmayənin darmadağın olunmasının ümumi təsvirlərini özündə cəmləşdirir.
Vətən müharibəsinin nəticələri İranı çox narahat edir. Belə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici və sarsıdıcı qələbə qazanmasından sonra ortaya çıxan regional mənzərə yanıqlı qalan İranın yaralarının qaysağını açır. Bunu İranın ali məqamlı rəhbəri Seyid Əli Xamenei Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə etiraf edib və İslam Respublikasının hikkə və hiddətini yenidən Azərbaycana qarşı yönəldib.
Xamenei Ərdoğana Azərbaycanın qazandığı qələbə kontekstində regionda yaranan reallığın sərhəd məsələlərinə təsirindən narahatlığını ifadə edib. O, deyib: “İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”.
Ali Dini Lider bununla nə demək istəyir? Xamaneinin narahat edən məqamları belə təsnifləndirə bilərik:
- İran Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycanın nəzarətində olmasını və bu magistralın işləmə rejiminin Bakı tərəfindən təyin edilməsini həzm edə bilmir;
- Zəngəzur dəhlizinin sərhəd dəyişikliyi kontekstində reallaşmasına qarşıdır;
- Xarici şirkətlərin Qarabağda və Şərqi Zəngəzurda iştirakına qarşı çıxır;
- Tehran Azərbaycanın xarici siyasət kursunun paralelində onun regional gücünün Bakıya qazandırdığı tərəfdaşları özünə qarşı cəbhə kimi dəyərləndirir;
- İran Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə həmin əraziləri qeyri-leqal bazar kimi istifadə edərək külli miqdarda gəlir qazanırdısa, indi bundan məhrum olub;
- İranın sosial-siyasi strukturu, despotik səciyyəli daxili quruluşu, üstəlik, kəşfiyyat müharibəsində düçar olduğu məğlubiyyətlər onu bölgədə tektonik yerdəyişmə etmək qabiliyyətindən məhrum edir.
Bundan başqa, Azərbaycanın göstərdiyi qətiyyət və formalaşdırdığı hərbi gücü və rəsmi Bakının əlində olan dəlillər İrandakı əsəbiləşmiş hərbi-siyasi qruplaşmaları təhrifedici bəyanatlar səsləndirmək məcburiyyəti ilə üz-üzə qoyur. Onlar Azərbaycanın xarici ölkələrlə əlaqələrinin səviyyəsinin qalxmasına qarşı ideoloji silahla çıxmağa çalışsa da, bu taktiki gediş boşluğa yuvarlanmaqda davam edəcək.İranın hərbi-siyasi teatrında Azərbaycanla bağlı qurulan tamaşalarda Bakının əsl niyyəti fərqli dublyajda təqdim edilir ki, bu da Tehranın beynəlxalq aləmdə küncə qısılmasının təzahürləridir.
Azərbaycanın dostları və tərəfdaşları da İranı narahat edir. Onu da nəzərə almaq lazımdır ki, İranı küncə sıxan Azərbaycan yox, onun rəqibləridir, bu düşmənləri onlara yönəldən Bakı deyil, Tehran özü qazanıb bu düşmənləri. Azərbaycan, sadəcə olaraq, bərabərhüquqlu, ikitərəfli münasibətlərlə özünün beynəlxalq aləmdə maraqlarını inkişaf etdirir. Azərbaycanın beynəlxalq dairələrdəki əlaqələri ilə bağlı İranda yaranan narahatlıq kompleksi İslam Respublikasını daim fərqli macəralar axtarışına sövq edəcək.
İran başa düşür ki, Bakıya qarşı həmlə siyasətini davam etdirməyin ona gətirəcəyi itkilər çoxdur, çünki beynəlxalq konyunktura məhz Azərbaycanın tərəfindədir.
Sxem belədir ki, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı habın beynəlxalq güclər üçün cəlbediciliyi artır, onların bölgədə maraq dairəsini genişləndirir. İranın regionu qarışdırmaq və burada siyasi şiəlik hərəkatını yaradıb ayaqlandırmaq cəhdi isə, nə Azərbaycana, nə də beynəlxalq aləmə sərf edir. Bununla belə, Azərbaycan İranla münasibətlərin inkişafını vacib sayaraq, öz ərazisindən üçüncü dövlətə qarşı istifadə edilməsi hallarına yol vermir, təəssüflər olsun ki, İran bunu başa düşmək istəmir.
Cənubi Qafqaz regionundakı mövcud reallıqlar İrana qarşı beynəlxalq səylər üçün növbəti pəncərə rolunu oynamaqda davam edəcək. Azərbaycan isə məsafəli davranışlarla tərəflərin region üzərindən hibrid davasını neytrallaşdıran addımlar atacaq.
Azərbaycan-Türkiyə münasibətlərində dərinləşən strateji müttəfiqlik münasibətləri də İranın qarınağrısına çevrilir və bunun fonunda islamçı rejimin Türkiyəyə qarşı siyasi qısqanclığı diqqətləri çəkir. Çünki bu əlaqələr Türkiyənin regionda nüfuz dairəsini genişləndirməsi və hərbi-siyasi iştirak səviyyəsini artırması ilə nəticələnir. İran öz siyasi və iqtisadi maraqlarını regional münasibətlər sisteminə inteqrasiya etməkdənsə, yaxasını kənara çəkərək, təkbaşına addımlar atmağı daha məqbul hesab edir. Amma şübhə yoxdur ki, İslam Respublikasının bu niyyətləri həmişəki kimi boşa çıxacaq.
Aqşin Kərimov, “Kaspi” qəzeti