featured-image-5968

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə sentyabrın 15-də Səmərqənddə keçirilmiş görüşü Çinin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin milli xəbər agentliyi olan Sinxua, rəsmi “Jenmin Jibao” qəzeti, Çin Mərkəzi Televiziyası, nüfuzlu “China Daily” qəzeti və digər media orqanları bununla bağlı materiallar yayıblar.

Görüşə dair xəbərlərdə Sədr Si Cinpinin Çin ilə Azərbaycan arasında qarşılıqlı etimadın və dəstəyin dərinləşdirilməsi, müxtəlif sahələrdə hər iki tərəf üçün faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərinə yer verilib. Çin mediası yazır ki, Sədr Si Cinpin görüşdə iki ölkənin iqtisadi-ticari əlaqələrinin möhkəmləndirilməsi, bu çərçivədə Çin-Avropa qatarlarının sayının artırılmasına ehtiyac olduğunu deyib.

Bundan başqa, xəbərlərdə Çin liderinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində ölkəsinin Azərbaycanla əməkdaşlığının geniş perspektivlərə malik olmasına, habelə xalqlarımız arasında mədəni əlaqələrin və dostluğun daha da dərinləşdirilməsinə dair fikirləri də yer alıb.

Çin mediası Prezident İlham Əliyevin Azərbaycan və Çinin əsl strateji tərəfdaş olması barədə fikrini vurğulayaraq yazır ki, ölkələrimiz beynəlxalq məsələlərdə sıx təmasdadırlar.

Bildirilir ki, Azərbaycan Prezidenti görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu və bunun müxtəlif sahələrdə praktiki əməkdaşlığı genişləndirmək üçün imkanlar yaratdığını deyib.

Materiallarda Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyi də vurğulanıb.

Bənzər xəbərlər