featured-image-6055

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Hörmətli Şavkat Miromonoviç.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

İlk növbədə, məni Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirmək istərdim.

Bir neçə ay əvvəl mənim Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam.

Qardaşım Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib.

Mən həmkarlarıma Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermək istərdim.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.

Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hörmətli həmkarlar.

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Diqqətinizə görə sağ olun”.

Prezident İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:

“Məzmunlu çıxışınıza görə sağ olun, hörmətli İlham Heydər oğlu. Sizin qeyd etdiyiniz kimi, ilk növbədə nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün xüsusi maraq doğurur”.

 

Bənzər xəbərlər