featured-image-5606

“Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik”.

Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

“Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir.

Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk. Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar. Ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Bizim potensial istehlakçılarla fəal dialoq aparmağımız, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparmaq kimi qarşımızda görüləsi çox iş dayanır”, – Prezident İlham Əliyev bildirib.

Bənzər xəbərlər