HEYDƏR ƏLİYEVİN AXC İLƏ YOLLARI NƏDƏN AYRILDI?
24 oktyabr 1992-ci il Naxçıvan hadisələrinin pərdə arxası və yaxud İsgəndər Həmidovun siyasi qəfləti
II YAZI
Naxçıvan MR parlamentinin 17 sentyabr tarixli kompromis variant kimi irəli sürdüyü təklif gərginliyi azaltmağa xidmət etsə də, mərkəzi hakimiyyət, konkret olaraq, Daxili İşlər naziri İsgəndər Həmidov gərginliyin ortadan qalxmasında maraqlı görünmürdü. O, nəyin bahasına olursa-olsun, Heydər Əliyevi siyasi meydandan uzaqlaşdırmaq, hətta bununçün gərəkdiyi təqdirdə onu fiziki cəhətdən ortadan götürməyi planlayırdı. Yaxın çevrəsinə özü barədə “Komisar Katani” imici formalaşdırmaq göstərişini verən bu macəraçı adam Heydər Əliyevi fiziki cəhətdən yox edəcəyini əsla gizlətmir, açıq şəkildə dilə gətirirdi. Bu isə təbii ki, tərəflər arasında bütün körpüləri yandırırdı. Onun siyasi reallıqdan uzaq fikir və düşüncələri, əməli fəaliyyəti AXC-nin ən güclü təşkilatı olan, Milli Azadlıq Hərəkatının lokomotivi rolunu oynayan Naxçıvan cəbhəçiləri arasında da ikitirəliyə və parçalanmaya gətirib çıxardı, çünki Naxçıvan cəbhəçilərinin öz sıralarında xeyli sayda Heydər Əliyev tərəfdarı və ya onunla normal münasibət saxlamaqda maraqlı görünən böyük bir qüvvə vardı. Heç təsadüfi deyil ki, həmin bu güclü qüvvə sonradan Heydər Əliyev tərəfindən yaradılanYeni Azərbaycan Partiyasının nüvəsini təşkil etdi.
24 sentyabr 1992-ci il tarixdə Naxçıvan parlamentinin növbəti sessiyası keçirilirdi. Həmin gün mən artıq rəsmi şəkildə Xalq Cəbhəsinin üzvü deyildim, çünki bir həftə öncəki iclasda iştirak etdiyimiz üçün bizi – 8 nəfər cəbhəçi deputatı AXC sıralarından çıxarmışdılar. Səbəb olaraq da onu göstərirdilər ki, həmin bu 8 deputat Naxçıvan parlamentinin işində iştirak etməklə təşkilatın mövqeyinə zərər vurmuş, Heydər Əliyevlə iş birliyində olmuşlar. Sanki Heydər Əliyev xalq düşməni idi, əlimizə silah alıb onunla vuruşmalı idik. Halbuki Heydər Əliyev rəsmi şəkildə Azərbaycan parlamentinin sədr müavini və vəzifəsi etibarilə dövlətin ilk 10 rəsmi şəxsi sırasına daxil idi. Digər tərəfdən, bu adamlar unudurdular ki, biz hər şeydən əvvəl xalqın səs verib seçdiyi millət vəkili statusu daşıyırıq və bizim seçicilərimiz qarşısında məsuliyyətimiz və öhdəliyimiz var. Bu məsuliyyət və öhdəliyin ən başlıca tələbi isə seçicinin haqq və hüquqlarının, mənafeyinin qorunmasıdı, onu parlamentdə təmsil etməkdi.
AXC-dən uzaqlaşdırılan 8 cəbhəçi deputat barəsində qəbul edilən qərar onların hər hansı nizamnamə pozuntusuna yol verdiklərinə görə deyil, siyasi mahiyyət daşıyır və bununla Heydər Əliyevə güc göstərisi nümayiş etdirirdilər. Qısa müddət ərzində həmin deputatlardan üzrxahlıq ərizəsi alınması və onların yenidən təşkilata bərpası bu deyilənlərin doğruluğuna bariz sübutdur. Beləliklə, AXC-dən uzaqlaşdırılan 8 nəfərin, mən istisna olmaqla, hamısı yenidən təşkilata bərpa edildilər. Məni də ona görə bərpa etmədilər ki, bəhs olunan üzrxahlıq ərizəsini yazmadım, çünki heç bir yanlışa yol vermədiyim, nə etmişdimsə doğru etdiyim düşüncəsindəydim. Mənim tək yanlışım o idi ki, məni haqsız yerə öz sıralarından çıxaran bir təşkilatın rəsmi üzvü olmasam da, sonrakı 10 illik siyasi fəaliyyətimi yenə onlarla birlikdə keçirib, Heydər Əliyev iqtidarına qarşı sərt müxalif mövqe tutdum. Bu müddətin önəmli bir bölümünü də həbslərdə keçirdim. Mən yalnız vəfa borcu hesab edərək, qurulması üçün əmək sərf etdiyim təşkilatın yalnış strategiya və taktikasına rəğmən, onun siyasi mənafeyi üçün mübarizə apardım. Bu da siyasi fəaliyyətim boyu buraxdığım ən böyük yanlışımdır.
Xülasə, mətləbdən uzaqlaşmayaq. Mən bu faktı ona görə xatırlatdım ki, sonradan bir çox cəbhə liderlərinin, elə mərhum Elçibəyin özünün “24 oktyabr hadisələri” barədə “bu, AXC-nin siyasi qərarı deyildi, İsgəndər Həmidovun macəraçılığından qaynaqlanan arzuedilməz hadisə idi” fikrinin doğru olmadığını, AXC-nin təşkilat olaraq buraxdığı çox böyük siyasi yanlışın üstünə pərdə çəkmək istədiklərini göstərim. Doğrudur, mərkəzi hakimiyyətin Naxçıvana qarşı diskriminasiya siyasətinin təşəbbüskarı İsgəndər Həmidov olub, ancaq onun bu təşəbbüsü həm də AXC-nin siyasi qərarı idi. Qeyd etdiyim kimi, bəhs olunan dövrdə AXC iqtidarının ən populyar kadrı polis naziri sayılırdı, bunun da obyektiv və subyektiv səbəbləri vardı. İsgəndər Həmidov bu populyarlığından istifadə edərək, siyasi hakimiyyəti, hətta xalq tərəfindən seçilən prezidenti təsir altına ala bilirdi, hər kəs ondan qorxur, necə deyərlər, polis şefinin “kəsdiyi başa” söz deyən olmurdu. O, bu üstün mövqeyindən istifadə edərək, Siyavuş Mustafayevin nazir təyin olunduğu haqda əmri nazirlik əməkdaşlarının diqqətinə çatdırmaq və onu nazir kimi təqdim etmək üçün 16 sentyabr 1992-ci ildə öz müavinləri R.Quliyev və M.Cəfərovu Naxçıvana göndərmişdi. Həmin iki yüksək rütbəli polis zabiti nazirin əmrini və yeni təyin olunan naziri Heydər Əliyevə təqdim etmək yerinə onu heç saya salmamış, birbaşa nazirliyə getmişdilər. Həmidovun bu hərəkəti prosedur qaydalarını kobud şəkildə pozulması ilə yanaşı, həm də siyasi gərginliyi artırır, tərəflər arasında kompromisə və barışa yer buraxmırdı.
Heydər Əliyev elə həmin gün (16 sentyabrda) prezident Elçibəy və Milli Məclisin sədri İsa Qəmbərlə dəfələrlə telefon əlaqəsi yaratsa da, lazımi nəticə əldə olunmadı və hadisələrin gedişatı daha da dramatikləşdi. Onun İsa Qəmbərlə danışıqlarından birinin şəxsən şahidiyəm. Heydər Əliyev İsa bəylə telefonda danışanda bəzi cəbhəçi deputatlar da onun yanındaydı. O, bizi hadisələri müzakirə etmək üçün dəvət etmişdi. Heydər Əliyevin müavini cəbhəçi Qafar Məmmədovun təklifi ilə İsa bəyə zəng olundu. Qafar bəy hesab edirdi ki, İsa Qəmbər daha praqmatik siyasi liderdi və gedişata təsir edə bilər.
Heydər Əliyev İsa Qəmbərə zəng edəndə selektoru açıq qoymuşdu. O, sanki qarşı tərəfdən necə bir cavab veriləcəyini təxmin edirdi və istəyirdi ki, iyerarxiyaya görə dövlətin ikinci şəxsinin mövqeyini biz cəbhəçilər də bilək. İsa Qəmbərin son sözləri eynilə belə oldu: “Heydər bəy, dediklərinizi çox yaxşı anlayıram. İsgəndər bəyin hərəkəti şəxsinizə qarşı hörmətsizlik, hətta deyərdim ki, çox böyük siyasi tərbiyəsizlikdi. Lakin onun əlində böyük güc var və o, bu gücdən istifadə edərək, hər kəsə, hətta prezidentə böyük təsir imkanlarına sahibdi. O, bizi eşitmir. Təklif edirəm onun özü ilə əlaqə yaradıb, məsələni birbaşa onunla həll edəsiniz…”
Bax belə, dövlətin ikinci şəxsi bütün ölkə üçün mühüm siyasi əhəmiyyət daşıyan məsələdə “əlini daşın altına qoymur”, məsuliyyətdən qaçırdı. O, doğru söyləyirdi, həmin vaxt İsgəndər güclü idi, ondan qorxurdular. Ancaq bununla belə, özləri də siyasi hiyləgərliklə vəziyyəti qızışdırır, rəqib olaraq gördükləri Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırmaq üçün İsgəndər kartından istifadə edirdilər. Hətta bununçün silahlı qarşıdurmanı belə gözə almışdılar. Siyasi hakimiyyət anlayırdı ki, İsgəndər Həmidov olduqca savadsız, cahil biridi, “burnundan uzağı” görmür, ona “sən güclüsən, sən bacararsan, Heydər Əliyevin öhdəsindən sən gələrsən, o, bizim komandanın gələcək siyasi taleyi üçün çox böyük təhlükədir” deməklə qızışdırır, konflikti daha da dərinləşdirirdilər. Onlar bununla həm də İsgəndər Həmidovun özünün siyasi cəhətdən yıpranacağını bilirdilər. Çünki Heydər Əliyevin siyasi nüfuzu getdikcə artır, daha da populyar personaya çevrilirdi. Sözsüz ki, ona qarşı həyata keçiriləcək hər hansı təxribat tərəfdarları tərəfindən kəskin reaksiya görəcək və bu təxribatı törədən şəxs çoxsaylı əliyevçilər tərəfindən hədəfə alınacaqdı.
Beləliklə, iqtidar komandasında formalaşmağa başlayan siyasasi qruplaşmaların (müsavatçılar, yurdçular və s.) hamısının marağında idi ki, həm onları saymayan, bir çox siyasi məsələdə donkixotluq edən İsgəndər Həmidov və əsas rəqib olaraq gördükləri Heydər Əliyev qarşı-qarşıya dursunlar, yıpransınlar və nəticədə siyasi iflasa uğrasınlar. AXC hakimiyyətinin ən təpəsində oturanlar sonradan israrla desələrdə ki, İsgəndər Həmidovun Naxçıvana, şəxsən Heydər Əliyevə qarşı cinayətkar hərəkətlərindən heç bir xəbərləri olmayıb, bu, ağ yalandır. İlk gündən hər şeydən xəbərləri olmuşdu, hadisələri diqqətlə izləyirdilər və gözləyirdilər ki, İsgəndər Həmidov Heydər Əliyevi zərərsizləşdirəcək, bundan istifadə edib, onlar da bütün günahları onun üzərinə yıxıb, siyasi meydandan uzaqlaşdıracaqlar. Yəni bu hadisələrdə maraqlı olan bütün tərəflərin hamısının Heydər Əliyev faktorunu ortadan qaldırmaqda maraqları uzlaşırdı və birlikdə hərəkət edirdilər.
AXC iqtidarı İsgəndərin əliylə situasiyanı gərginləşdirib, Naxçıvanın muxtariyyat məsələsini də gündəmə gətirmək düşüncəsində idi. Halbuki Naxçıvan bu siyasi imtiyazı beynəlxalq sazişlər əsasında əldə etmişdi və savaş durumunda olduğumuz bir vaxtda muxtariyyatın ləğvi onun işğalı ilə nəticələnə bilərdi. Yəni, konkret olaraq desək, muxtariyyat məsələsi Naxçıvanın işğala məruz qalmamasının qarantı idi. Məsələn, 03-07 may 1992-ci il tarixdə Ermənistan ordusu və orada dislokasiya olan Rusiya Federasiyasına məxsus hərbi birləşmələrin Naxçıvana genişmiqyaslı hərbi təcavüzü baş verdiyi vaxt Heydər Əliyevin Türkiyə hökumətinə müraciəti və Kars, Batumi və Moskva sazişlərini onların diqqətinə çatdırmasından sonra qardaş ölkə 30 minlik qoşununu Ermənistanla sərhəddə yığdı. Ardınca da sərt ultimatum verildi: qarşı tərəf təcavüzü dayandırmadığı təqdirdə Türkiyə adı çəkilən sazişlər əsasında ona verilən qarantörlük hüququndan istifadə edib, məsələyə müdaxilə etmək məcburiyyətində qalacaq. Ultimatum öz nəticəsini göstərdi, təcavüz cəhdi dayandırıldı və Sədərək yaxınlığındakı “Ucubiz” pozisiyasında qalan 18 şəhidin nəşi 18 may tarixində oradan götürülərək dəfn edildi.
Sonradan siyasi bədxahlar Heydər Əliyevin bu əvəzsiz xidmətini onun ermənilərlə separat danışıqlara getmək və atəşkəsə nail olmaq kimi qələmə versələr də, əslində, məsələ bəhs etdiyim kimi olub, bütün mövcud qanunlara və beynəlxalq müqavilələrə söykənib. Heydər Əliyev 1992-ci ilin may ayında bu siyasi gedişi ilə Naxçıvanı labüd işğaldan qurtardı. Məsələnin həllində heç şübhəsiz, Naxçıvanın beynəlxalq müqavilələrlə təspit olunan muxtariyyat məsələsindən siyasi kozır kimi istifadə olundu.
AXC iqtidarı isə Heydər Əliyev faktorunu zərərsizləşdirmək üçün Naxçıvanın muxtariyyatının ləğvni də gözə almışdı. Hətta onlar düşünmürdü ki, Azərbaycanın bir parçası olan Naxçıvan belə olduğu təqdirdə işğala məruz qala bilər. Yazının bu hissəsinin girişində Naxçıvan parlamentinin 24 sentyabr 1992-ci il tarixli sessiyası barədə bəhs etmişəm. Naxçıvanın muxtariyyatının ləğvi barədə ilk təklif məhz o sessiyada AXC-ni təmsil edən bir deputat tərəfindən təklif olundu…
Ardı var
Fərəməz Novruzoğlu