featured-image-2979

24 oktyabr 1992-ci il Naxçıvan hadisələrinin pərdə arxası və yaxud İsgəndər Həmidovun siyasi qəfləti

 

Bir neçə gün öncə facebook sosial şəbəkəsində dostlardan biri (Sərdar Əlibəyli) mərhum dövlət başçısı Heydər Əliyevin qızı Sevil xanımın səhifəsindən bir video götürüb paylaşmışdı. Videoda Heydər Əliyev kiminləsə əsəbi şəkildə danışır, AXC iqtidarının sabiq daxili işlər naziri İsgəndər Həmidovun hansısa əməlini müzakirə edir və onu bu əməlinə görə qınayırdı. Sərdar bəy paylaşımında ümumi olaraq oxuculara sual ünvanlayır: maraqlıdır, görəsən, xəttin o başındakı kimdir və Heydər Əliyev kiminlə danışırmış.

Videodan dərhal anlaşılır ki, telefon danışığı 1992-ci ilə aiddir. Həmin dövrün siyasi hadisələrinin fəal iştirakçısı kimi mən də paylaşıma münasibətimi bildirdim və öz versiyamı irəli sürdüm. Çoxsaylı dostların ricası üzrə məlum videoda bəhs olunan hadisənin təfərrüatlarını qələmə alıram, çünki Azərbaycanın müstəqillik tarixinin qaranlıq səhifələrinə işıq tutmaq hər birimizin müqəddəs borcudur.

İlk olaraq qeyd etməyi özümə borc bilirəm ki, videoda çox mühüm bir tarixi hadisə barəsində bəhs olunur. Bu hadisə müstəqillik tariximizdə dərin iz buraxıb. Hətta deyərdim ki, bu hadisələrə qədər Qarabağ müharibəsində böyük uğurlar əldə edən AXC hakimiyyətinin tənəzzülə gedən həzin sonunun başlanğıcı məhz Naxçıvan hadisələri ilə qoyuldu.

Olayların toxumu dövrün DİN rəhbəri, mərhum İsgəndər Həmidov tərəfindən 17 avqust 1992-ci il tarixdə əkilmiş, 17 sentyab 1992-ci ildə cücərmiş, nəticədə 24 oktyabr 1992-ci il tarixli hadisə ortaya çıxmışdı…

Konkret Sərdar Bəyin sualına gəlincə, Heydər Əliyevin telefon danışığı dövrün müdafiə naziri Rəhim Qazıyevlə aparılır (iki gün öncə iki versiya irəli sürmüşdüm, sonrakı araşdırmalarım göstərdi ki, versiyalardan ikincisi doğrudu). Ümumiyyətlə, çağdaş tariximizə “24 oktyabr 1992-ci il tarixli Naxçıvan hadisələri” kimi düşən bu olaylar baş verərkən Heydər Əliyev mərkəzi hakimiyyətin 5 yüksək çinli məmuru ilə telefon əlaqəsi yaradıb – Azərbaycan Respublikasının prezidenti cənab Əbülfəz Elçibəy, parlamentin spikeri İsa Qəmbər, dövlət katibi Pənah Hüseyn, müdafiə naziri Rəhim Qazıyev və Prezident Adminstrasiyasının Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Əli Kərimli. Baş tutmuş bütün bu telefon danışıqlarından az-çox məlumatlı olduğum üçün hadisələr baş verərkən Naxçıvanda yox, Bakıda olduğuma baxmayaraq, olaylarla bağlı daha dolğun təfərrüatlara malikəm. Həm də bəhs olunan hadisə birdən-birə ortaya çıxmamış, kökü iki ay öncəyə gedib çıxırdı və bütün bu proseslərdə o dövrün millət vəkili kimi yaxından iştirak etmişəm.

Etiraf etmək lazımdır ki, AXC iqtidara gəldikdən sonra qısa müddət ərzində bir çox uğurlara imza atmışdı. Bu uğurlardan ən başlıcası Qarabağda gedən savaşlarda işğal altındakı onlarca kəndimizin azad edilməsi idi. Onu da etiraf etmək lazımdır ki, işğaldan azad edilən torpaqlarda Azərbaycan polisinin və İsgəndər Həmidovun himayəsi altında olan könüllü “Boz qurd” batolyonunun da xidmətləri olub və bu, danılmaz faktdır. Elə bunun nəticəsi idi ki, İsgəndər Həmidov AXC iqtidarının az qala ən populyar kadrı olmuşdu. Təəssüflər olsun ki, onun bu populyarlığı nəinki növbəti ciddi uğurlara vəsilə oldu, əksinə, Azərbaycanı bir dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə qoydu.

İsgəndər Həmidovun müştəbehliyi, siyasi səbatsızlığı və hakimiyyətdə daha çox söz sahibi olma hərisliyi yenicə iqtidara gəlmiş komandada dərin çatlar yaratdı, nəticədə qısa müddət sonra bu komanda iflas etdi. AXC iqtidarının ən böyük siyasi yanlışı polis nazirinin timsalında Heydər Əliyevlə konfrantasiyaya getmək oldu. Belə ki, bəhs olunan 24 oktyabr hadisələrinə qədər Naxçıvan hakimiyyətində olan Heydər Əliyev səmimi şəkildə AXC iqtidarını, konkret olaraq Elçibəyi dəstəkləyir, cəbhəçilərlə eyni cinahda dururdu. O bunu 1990-cı ilin noyabrında Naxçıvan parlamentinin açılışında, 1991-ci ilin mart referendumunda, QKÇP hadisələrində, 1991-ci ilin prezident seçkilərində, 1992-ci ilin 14-15 may hadisələrində, nəhayət, Əbülfəz Elçibəyin prezident seçkilərində birbaşa sübut etmişdi. Kiçik bir müqayisə aparaq: əgər Mütəllibov komandasının təşkil etdiyi saxta prezident seçkilərində AXC-nin çağırış ilə Naxçıvan boykot taktikası tətbiq edib, seçkilərdə iştirakdan imtina etdisə, 7 iyun 1992-ci il tarixdə keçirilən seçkilərdə Heydər Əliyevin birbaşa televiziya ilə çıxış edib, seçiciləri fəallıq göstərməyə və Milli Azadlıq Hərəkatının lideri Elçibəyə səs verməyə çağırışından sonra naxçıvanlılar AXC-nin namizədinə səs verdilər. Heç təsadüfi deyil ki, Əbülfəz Elçibəy prezidentliyə namizəd kimi ən çox səsi məhz Naxçıvan regionunda toplamışdı. Bunda AXC Naxçıvan təşkilatının o dövrkü populyarlığı nə qədər rol oynamışdısa, ən az o qədər də Heydər Əliyevin rolu olmuşdu. Bütün bu hadisələri xatırlatmaqda məqsədim Heydər Əliyevin AXC hakimiyyətinə səmimi şəkildə yardım etmək istəyini oxucunun diqqətinə çatdırmaqdı.

Heydər Əliyevin qarşılıqsız, təmənnasız yardımlarına AXC iqtidarı nəinki layiqi qiymət verə bilmədi, əksinə, onu potensial rəqib görərək, siyasi konfrantasiyaya getməklə öz sonunu hazırladı. Bu konfrontasiyanın başlanğıcı İsgəndər Həmidov tərəfindən qoyuldu…

Yuxarıda da qeyd etdiyim kimi, AXC iqtidara gəldikdən sonra ilk iki ay ərzində Qarabağda xeyli irəliləyişə nail oldu. Necə deyərlər, onlarda “müvəffəqiyyətdən baş gicəllənmə” xəstəliyi özünü göstərdi və rəqib hesab etdikləri şəxsləri siyasi arenadan uzaqlaşdırmaq düşüncəsinə qapıldılar. İlk hədəf kimi də Heydər Əliyev seçildi. Amma nədən onu rəqib kimi gördülər, anlaşılmazdı. Çünki o, heç bir tavrı ilə mövcud iqtidara qarşı çıxmırdı, əksinə, hər imkanda hakimiyyətə dəstək olurdu. Amma İsgəndər Həmidov belə düşünmürdü. O, ilk olaraq, cəbhəçilər tərəfindən də xoş görülən və milli hərəkata tolerant münasibəti ilə tanınan dövrün Naxçıvan MR daxili işlər naziri, millət vəkili mərhum Məmməd Məmmədovu tutduğu vəzifədən uzaqlaşdırdı. O vaxtkı Naxçıvan MR baş prokuroru Hüseyn Hüseynov da istefa verib, vəzifəsindən getdi. Hər iki posta yeni kadrlar təyin etmək gərəkirdi. Heydər Əliyev Ali Məclisin sədri kimi, konstitusiyanın ona verdiyi hüququndan istifadə edərək, öz namizədləri haqda təqdimat yazıb, Bakıya göndərdi. Lakin mərkəzi hakimiyyət onun təkliflərini qəbul etmədi. Heydər Əliyev bunu normal qarşıladı və Bakının namizədlərinin kim olacağını gözlədi.

İsgəndər Həmidov özünün 17 avqust 1992-ci il tarixdə verdiyi əmrlə Naxçıvanın tanınmış cəbhəçilərindən Siyavuş Mustafayevi Naxçıvan MR daxili işlər naziri təyin etdi. Bir müddət sonra isə – 09 sentyabr 1992-ci il tarixdə prezident Elçibəy 182 saylı fərmanı ilə cəbhəçi Əjdər Əhmədovu Naxçıvanın baş prokuroru təyin etdi. Bu iki məsələni mən xüsusi olaraq qeyd edirəm. Çünki hər ikisi bir-birilə bağlı məsələlərdir.

Əjdər Əhmədov Fazil Mustafanın kadrı idi, onunla tələbə yoldaşı olmuşdu. Məhz onun təlqiniylə Elçibəy fərman imzalamışdı. Məndə olan məlumatlara görə, sabiq prezident belə bir gənc adamın mühüm posta təyinatında əvvəlcə tərəddüd edib, bu şəxsin təyinatını Heydər Əliyev qəbul etməz düşüncəsində olub. Lakin Fazil bəy israr edib, Əjdər Əhmədov məsələsində Heydər Əliyevlə dil tapacağına prezidenti inandırıb. Deyildiyi kimi də olub. Yeni baş prokuroru təqdim etmək üçün Fazil Mustafa Naxçıvana gəlib Heydər Əliyevlə görüşür. Bu görüşdə AXC üzvü, Ali Məclis sədrinin müavini Qafar Məmmədov da iştirak edir. Qafar müəllimin sonradan mənə dediyinə görə, görüş iki saat çəkib və Heydər Əliyev mərkəzi hakimiyyətin namizədini qəbul edib. Bu məsələnin müsbət həllini tapmasında prosedur qaydalara əməl olunması başlıca rol oynayıb. Ən əsası da, Naxçıvan Ali Məclisi sədrinin fikrinin öyrənilməsi, ona sayğı izhar olunması mühüm rol oynayıb. Baş prokurorun təyinatı məsələsində siyasi etikanın gözlənilməsi, bütün prosedur qaydalara əməl olunması heç bir narazıçılığa da yer qoymur. Bu fakt onu göstərir ki, o vaxt cəmi 27 yaşı olan gənc Fazil Mustafa İsgəndər Həmidovdan çox daha yetkin siyasətçi olub.

İsgəndər Həmidov isə Fazil bəydən tamam fərqli mövqe tutur. O özünün 17 avqust tarixli əmrində israr etməklə siyasi qarşıdurmanı gücləndirir. Hətta Siyavuş bəyi nazir vəzifəsinə təqdim etmək üçün Bakıdan gələn nümayəndə Heydər Əliyevlə görüşməyi belə artıq hesab edir. Bu, şübhəsiz ki, Heydər Əliyevin qüruruna toxunmaya bilməzdi. Həm də prosedur pozulurdu. O dövrün qanunları və prosedur gərəyi Naxçıvan MR DİN rəhbəri vəzifəsinə Naxçıvan Ali Məclisinin təklif etdiyi şəxs haqqında Azərbaycan Respublikasının daxili işlər naziri əmr imzalaya bilərdi. İsgəndər Həmidov isə bu prosedur qaydalarını pozur, “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edirdi. O, hətta Heydər Əliyevə “sən kimsən ki, mən səninlə hesablaşım” sifarişini göndərərək, vəziyyəti daha da dramatikləşdirirdi.

Beləliklə, 17 sentyabr 1992-ci ildə Naxçıvan parlamentində bu məsələ müzakirəyə çıxarıldı. Sessiyadan 2 gün öncə Naxçıvan Xalq Cəbhəsi millət vəkili üzvlərinə təklif etdi ki, parlamentə getməsinlər. Mən şəxsən bunun əleyhinə idim, çünki bizim təmsil olunduğumuz Demokratik Blok parlamentin təsiredici azlığını, 1/3-ni təşkil etsə də, heç də onların hamısı Xalq cəbhəsinin üzvləri deyildi. AXC üzvü olmayan DemBlok üzvləri və Heydər Əliyevin müavini olan 3 cəbhəçinin – Qafar Məmmədov, Asif Kələntərli və Anar Səfərovun sessiyada iştirak edəcəyinə şübhə yox idi. Belə olduğu təqdirdə biz yetəri saya malik olmayacaq, parlamentin işinin pozulmasına təsir edə bilməyəcəkdik. Mən AXC-nin yığıncağında təklif etdim ki, sessiyada iştirak etməli, kompromis varianta getməliyik. Təklifim də o idi ki, prokuror məsələsində Heydər Əliyev güzəştə gedibsə, bu məsələdə də biz güzəştə getməliyik. Yeri gəlmişkən, onu da deyim ki, əgər İsgəndər Həmidov Fazil bəy kimi hərəkət edib, prosedur qaydalara əməl etsəydi, Heydər Əliyev Siyavuşun da namizədliyini qəbul edərdi. Çünki o, həm kifayət qədər nüfuzlu cəbhəçiydi, həm də Heydər Əliyev tərəfindən həmişə müsbət xarakterizə olunan və sayğı görülən bir personaydı. Təəssüf ki, mənim təklifim qəbul olunmadı.

Beləliklə, 17 sentyabr 1992-ci il tarixdə Naxçıvan parlamenti konkret bu məsələni müzakirə üçün toplandı. Sessiyada 8 nəfər cəbhəçi deputat da iştirak edirdi, onlardan biri də mən idim…

Heydər Əliyev məsələ ilə bağlı ümumi məlumat verdikdən sonra Naxçıvan DİN-in 24 avqust 1992-ci il tarixli ümumi yığıncağının müraciətini diqqətlərə çatdırdı. Müraciətə 1500 nəfər polis əməkdaşı imza atmışdı. Onlar Siyavuş Mustafayevin gəncliyini, polis orqanlarında çalışmadığını, təcrübəsizliyini nəzərə alıb, onun nazir vəzifəsinə təyinatının əleyhinə olduqlarını bildirirdilər.

Gedişat göstərirdi ki, bu məsələdə konkret kompromis əldə olunmasa, böyük siyasi krizlə qarşılaşa bilərik. İsgəndər Həmidovun siyasi səbatsızlığı və qızışdırıcılıq mövqeyi tutması gərginliyi onsuz da pik həddinə çatdırmışdı. Sessiyanın gedişi vaxtı bir qrup cəbhəçinin zala daxil olub, qarışıqlıq salmaq istəyi gərgin olan vəziyyəti daha da pisləşdirirdi. Nə yaxşı ki, daha praqmatik mövqe tutan bəzi cəbhəçi liderlərin sayəsində insident ortadan qalxdı və sessiya işinə davam etdi.

Çox çıxışlar oldu. Parlamentin bəzi kommunist üzvləri də vəziyyəti gərginləşdirir, revanş arzularını gerçəkləşdirmək istəyirdilər. Təbii ki, onların bu pərvazsız hərəkətləri Heydər Əliyev tərəfindən sərt qarşılıq gördü.

Mən iclas zalında Naxçıvan MR baş nazirinin müavini, əvvəllər Şərur rayonuna rəhbərlik etmiş, böyük sayğı duyduğum Mamed Abbasovla yanaşı oturmuşdum. O, belə bir fikir söylədi: “Siyavuş yaxşı oğlandı, ancaq təcrübəsi yoxdu. Məncə, siz Əsgər müəllimin təyinatına razı olmalısınız (Əsgər Ələkbərovun namizədliyini Heydər Əliyev irəli sürmüşdü), Siyavuş da onun müavini olsun, işləsin, təcrübə toplasın, sonra lap nazir də olar. Bu, həm də ən kompromis variantdı. Beləliklə, gərginlik ortadan qalxar…”

Mamed müəllimin təklifi sanki göydəndüşmə oldu, ağlıma batdı. Ümumiyyətlə, bu geniş siyasi təfəkkürə, yüksək intellektə, idarəetmə qabiliyyətinə sahib, son dərəcə mədəni insan olan Mamed Abbasov barəsində xeyli xoş təəssüratlarım var, bir gün mütləq qələmə alacam…

Xülasə, Mamed müəllimin mənə dediyi bu sözlərdən sonra söz alıb, tribunaya çıxdım. Fikrimi əsaslandıraraq təklif vetdim ki, Əsgər Ələkbərovun nazir, Siyavuş Mustafayevin də onun 1-ci müavini təyin olunması barədə Naxçıvan Ali Məclisi tərəfindən Azərbaycan Respublikasının daxili işlər naziri İsgəndər Həmidova təqdimat göndərilsin. Təklif mənim tərəfimdən səsləndirilsə də, əslində, bu təklifin müəllifi sayğıdəyər Mamed Abbasov idi. Mən təklifi verdikdən sonra geri çevrilib, rəyasətə baxdım. Heydər Əliyevin üzündə bir təbəssüm gördüm. Açıq görünürdü ki, o da bu təklifin ən optimal variant olduğu düşüncəsindədi. Odur ki, çıxışları dayandırıb, təklifi səsə qoydu. Sessiyada iştirak edən 79 deputatın 77 nəfəri lehinə, 2 nəfər isə bitərəf qalmaqla təklif qəbul olundu…

Ardı var

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər