featured-image-5809

Gürcüstan parlamenti üçüncü yekun dinləmədə ölkənin Vahid Avro Ödənişlər Zonasına qoşulması ilə bağlı qanun layihələr paketini qəbul edib.

Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə 21 qanuna dəyişiklik edilib. O cümlədən, “Gürcüstanın Milli Bankı haqqında”, “Kommersiya banklarının fəaliyyəti haqqında” və “Gürcüstanın ödəniş sistemi və ödəniş xidmətləri haqqında” qanunlara müvafiq düzəlişlər təsdiqlənib.

“Qanun layihələri paketinin sürətləndirilmiş şəkildə nəzərdən keçirilməsi Gürcüstanın Vahid Avro Ödənişlər Məkanına qoşulması üçün zəruri olan meyarların və Assosiasiya Sazişindən irəli gələn öhdəliklərin vaxtında yerinə yetirilməsi zərurəti ilə bağlıdır”, – deyə məlumatda bildirilir.

Parlamentin Avropaya inteqrasiya komitəsinin rəhbəri Maki Boçorişvili qeyd edib ki, Gürcüstanın Vahid Ödəniş Zonasına qoşulması bir sıra sahələrdə fayda verəcək.

“Xüsusilə, bu, Gürcüstanın bank sektoruna beynəlxalq arenada etibar qazandıracaq, Avropa İqtisadi Zonası ilə ticarət əlaqələrini sadələşdirəcək, Gürcüstan vətəndaşlarına sadələşdirilmiş xidmətlər göstəriləcək ki, bu da Aİ-dən pul köçürmələrinin artması tendensiyası nəzərə alınmaqla xüsusilə vacibdir”,– deyə o, əlavə edib.

Bənzər xəbərlər