FHN-nin ləğvi Azərbaycanın strateji maraqlarına ziddir
Nazirliyin səlahiyyətləri digər dövlət qurumlarına verilərsə, bu, növbəti rüşvət-korrupsiya korpusunun yaranmasına səbəb olacaq
Neçə gündür Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv ediləcəyi ilə bağlı iddialar tirajlanır. Açığı, məlum intim videolardan sonra bu cür iddiaların ortaya atılacağı gözlənilən idi. Hətta bu hadisə FHN-nin ləğvi hesabına öz səlahiyyətlərini genişləndirmək istəyən müxtəlif qüvvələrin əlinə əsil fürsət vermiş oldu.
İddia olunur ki, FHN-nin gələcək taleyi ilə bağlı qərar artıq verilib və bu qurumun səlahiyyətləri digər dövlət qurumları arasında bölüşdürüləcək.
FHN-ni niyə parçalamaq olmaz?
2005-ci ildə yaradılan FHN 17 il ərzində oturuşmuş nəhəng bir struktura çevrilib. Nazirliyin tərkibində 9 regional mərkəz, 4 agentlik, 5 xidmət, 3 böyük idarə, Akademiya, idman klubu, istehsalat birliyi, kombinat, mülki müdafiə qoşunları və aviasiya dəstəsi fəaliyyət göstərir. Bu illər ərzində FHN-nin oturuşmuş bir struktura çevrilməsi üçün dövlət resurslarından ciddi şəkildə istifadə olunub. Etiraf etmək lazımdır ki, FHN ölkədə müasir tələblərə tam şəkildə cavab verən qurumlar içərisində ilk “beşlik”də qərarlaşıb.
FHN olayından sonra ictimai müzakirələrin təhlili göstərir ki, dərin “seksual qıtlıq”dan əziyyət çəkən Azərbaycan cəmiyyətini polkovnik Zaur Hüseynovun və o “qadın”ların taleyi daha çox maraqlandırır. Cəmiyyətə FHN-nin bundan sonrakı taleyi maraqlı deyil, halbuki FHN bu günə qədər öz fəaliyyət istiqaməti üzrə ölkədəki problemlərin həllinə tam şəkildə nail olub. Yəni, FHN-nin ləğvi ictimai tələb deyil kimi gündəmə gətirilməyib və fəaliyyəti də dövlətin strateji maraqlarına tam cavab verir.
2021-ci ildə Türkiyədə meşə yanğınları zamanı Azərbaycan yanğınsöndürənləri ölkəmizin üzünü ağ etdi. Türkiyədə meşə yanğınlarının söndürülməsində Azərbaycan yanğınsöndürənlərinin rolu müstəsnadır, əvəzsizdir.
FHN-ni fərdi maraqlara qurban verib parçalamaq strateji maraqlarımız tamamilə zidd olardı.
Azərbaycan Qarabağı azad edib. İşğaldan azad edilən ərazilərin zəngin meşə ehtiyatları var, qarşıdakı illərdə Qarabağda yüzlərlə kəndlər və qəsəbələr salıncaq. Bu meşələrdə və kəndlərdəki yanğınları parçalanmış bir qurumun hər hansı başqa bir quruma birləşdirilən qalıqları ilə söndürə bilərikmi?
FHN-ni niyə parçalamaq istəyirlər?
Əgər FHN parçalansa, Azərbaycanda növbəti rüşvət-korrupsiya korpusu yaranmış olacaq. Belə ki, FHN-də ən diqqətçəkən aşağıdakı qurumlardır və böyük ehtimalla, nazirliyin ləğvinə nail olmaq istəyənlər bu qurumları ələ keçirmək niyyətindədirlər:
– Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi;
– Yanğından Baş Mühafizə İdarəsi;
– Xüsusi Riskli Xilasetmə İdarəsi.
Ola bilsin məlum intim videosundan sonra FHN-nin ləğvinə nail olmaq istəyənlər bu üç qurumun “potensial”ını nəzərə alaraq belə bir iddiaya düşüblər.
FHN ləğv edilərsə, Yanğından Baş Mühafizə İdarəsinin yaratdığı imkanlardan istifadə edərək, bütün biznesmenləri, iri mülkiyyətçiləri və istehsalat müəssisələrini aylıq “tas”a oturdacaqlar.
Hər hansı bir qurumun fəaliyyəti qənaətbəxş deyilsə, ciddi dövlət strukturuna çevrilmiş həmin qurumu parçalamaq nə dərəcədə doğru addım olardı? Bir neqativ hala görə bütövlükdə böyük bir strukturu parçalamaq, ləkələmək heç bir halda doğru deyil. FHN-də təbii fəlakətlər və yanğınlar zamanı həyatını riskə atan yüzlərlə ləyaqətli insan çalışır.
Məlum intim video olayından istifadə edərək bütövlükdə FHN-nin reputasiyasını hədəfə almaq, bu strukturun cəmiyyətə pis örnək olduğu təsəvvürünü yaratmaq və nazirliyin ləğv ediləcəyi ilə bağlı “hakimiyyətdəki eşalon”lara istinad etmək şantajdır və yolverilməzdir! Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar.
Yəni, FHN ləğv ediləcəyi ilə bağlı “əldə etdiyiniz məlumatlar” etibarlı deyil, sadəcə daha böyük güc əldə etmək üçün sərgilədiyiniz səylərin, siyasi iştahın “fövqəladə ifadəsi”dir.
Samir Feyruzov