featured-image-9376

Tanrı bizə Börtəçinəni yol göstərmək üçün göndərdi… Oğuz elinin igidləri müharibənin başlanması xəbərini bayram elədilər və intiqam müqəddəs andımız oldu!

 

Min illərdi yol gəlirik… Bəzən acı, bəzən şirin, bəzən eniş, bəzən yoxuş, bəzən ziq-zaqlı, maneəli, bəzən də hamar və düppədüz yol… Min illərdi dərələr, təpələr adlayıb qurdlar süfrəsində bir oturmuşuq… Başımız altında yastıq yox, qılınc, üstümüzdə yorğan yox, qalxan, altımızda döşək yox, at gəzmişik!!! Bir gözümüzü yumanda bir gözümüzü açıq qoymuşuq ki, düşmən yatdığımızı bilib içimizə soxulmasın! Dostluğumuzu da düşmənliyimizi də mərdi-mərdanə kişi kimi eləmişik! Elə buna görə də Şərqdən Qərbə, Gündoğandan Günbatana hər kəs bizim ədalətimizə, əsalətimizə sığınıb, həqiqəti qoruyan qılıncımızın gücünə inanıb…

 

Ərgənəkondan Malazgirtə, Daşkənddən Təbrizə, Səmərqənddən Naxçıvana, Bursadan İstanbula, Gəncədən Tiflisə, Xoydan-Salmasa, Urmiyadan Ərbilə, Kərkükə, Tehrandan Həmədana, İsfahandan Xorasana, Ərdəbildən Dağıstana,  Qarsdan Ərzuruma, Ərdahana, Göyçədən İrəvana hər yerdə bir bayraq sancmışıq, hər yerdə at sürmüşük, hər yerdə Oğuz igidlərinin cəng səsini duymuşuq…  Biz ən böyük zəfərləri, ən böyük məğlubiyyətləri görə-görə, min illərdi böyük dövlətlər qura-qura, hər gün bir döyüşə girib, hər gün yüz ölüb, min dirilən xalq olmuşuq…

media-Elmarın yazısına-2

 

Biz son nəfəsimizədək döyüşüb, Ərgənəkona sığınanda məğlubiyyətlərin ən böyüyünü yaşamışdıq…

Düz dörd yüz il səbrlə Zəfərin gələcəyini gözləməyi bacarmışıq. Tanrı bizə  qurd Börtəçinəni yol göstərmək üçün göndərdi. Dəmir dağı əritdik! Öz gücümüzü bərpa etdiyimizə inanıb, qisasımızı almaq üçün yenidən döyüş meydanına atıldıq. Çünki bizi böyük Zəfərlər gözləyirdi…

Bəlkə də min illər sonra tarixin təkərrür tapacağına heç kim inanmazdı… Amma fələyin çərxi elə hər dəfə dönüb, yenə eyni nöqtəyə gəlir…

Ərgənəkondan min illər sonra biz öncə İrəvandan, Zəngəzurdan qovulduq. Birləşə bilmədik, güc ola bilmədik. Yatanda iki gözümüzü də yumduğumuz üçin düşmənlər içimizə soxuldu. Əlbir olub bizi öz ata yurdlarımızdan qovdular… Zəngilandan, Laçından, Qubadlıdan, Kəlbəcərdən, Xocavənddən, Ağdamdan, Cəbrayıldan, Füzulidən, Qarabağdan, nəhayət, Şuşadan qovulduq. Əliyalın, paltarsız, ayaqqabısız qovulduq… Xocalıdakı acı taleyimiz qanla yazıldı… Qar üzərindəki əliyalın, günahsız qarıların, qocaların və uşaqların qanı, qətliamı bizdən başqa heç kimin ruhunu belə incitmədi…

Elə buna görə də intiqam müqəddəs andımız oldu! Vətən, əgər qisasını almasaq, qılıncımıza doğranaq, dedik! Hər dəfə qisas almaq istədikdə, böyüklərimiz “səbr edin” dedi! Səbr etdik, nə az, nə çox, düz 30 il səbr etdik. Böyüdük, inkişaf etdik!  Ölkəmizin taleyini qızıl hərflərlə tarixin yaddaşına həkk etmək üçün düz 30 il gözlədik! Bu 30 ildə hər gün, hər saat,  sən necə acılar yaşadın, sən nə sınaqlardan keçdin, Vətən! – dedik. Daşına baş qoymaq lazım gələndə, evini tikməyə daş ala bilməyənlər düşmənin başına daş salmağa tələsdilər… Yaşamağa ümidi olmayanlar, əbədi yaşamaq üçün sənin uğrunda canlarından keçdilər…

Və o gün yetişdi… Oğuz elinin igidləri müharibənin başlanması xəbərini bayram elədilər. Hər evdən bir, bəzən iki igid yollandı döyüşlərə…

media-Elmarın yazısına-3

 

Müharibənin başlanmasına o qədər sevinmişdilər ki, analar çörək bişirdi, balacalar məktub yazıb, əllərində analarının əsgərlərə sovqatı ilə yollara düzülüb, əsgərə göndərməyə adam axtardılar… Bu xalq bir olmağı bacardı… 44 gün bir gözü güldü, bir gözü ağladı… Hər torpaq azad edilməsi xəbəri bu xalqı nə qədər sevindirdisə, hər şəhid xəbəri o qədər ağlatdı… İgidlərimiz torpaqlarımızı təkcə silahları ilə yox, yalın əlləri ilə də azad etdilər… Şuşada qayalara dırmaşıb, Şuşanı fəth etdilər! Bir ölüb, min dirildilər! Bir anda düşmənin gözünə görsənib, onların bağrını yardılar – hər biri yüz düşmənə bərabər igid oğullarımız…

Cəsarətlə, mətanətlə torpaqlarımızı işğaldan azad etdilər… Yaralanıb, yaralarını sarıb, yaralı-yaralı döyüşə qatılan igidlərimiz belə oldu…

Hər gün igidlərimiz üçün minlərlə şəxs yardıma çalışdı… Kimin nəyə gücü çatdı, əsgərimiz üçün onu etdi… Evindən çörək gətirən kim, cəbhəyə təkər daşıyan kim, əsgərimizə corab, əlcək aparan kim…

Beləcə, 44 gündə Xalq bir oldu. Yumruq kimi birləşib, “Dəmir Yumruğa” çevrildi! Düşməni ağlar qoydu! 30 illik məğlubiyyətin sonluğu 44 günlük müharibə, nəticəsi isə ZƏFƏR oldu!

O zəfər ki, onu 30 il gözlədik… O ZƏFƏR ki, şəhidlərin qanı ilə yazıldı… O ZƏFƏR ki, hər günü bir əsrə bərabər! O ZƏFƏR ki, son üç yüz ildəki ən böyük qələbəmiz idi! O ZƏFƏR ki, bizim üçün namus, şərəf məsələsi idi! O ZƏFƏR ki, bizə həm mənəvi, həm də tarixi şəhərimiz olan Şuşanı bəxş etdi! Cıdır düzünü, İsa bulağını, Şuşa qalasını bəxş etdi… O ZƏFƏR ki, haqqında danışmağa söz belə acizdir…

Bizə ZƏFƏR yaşadan qazilərimizə eşq olsun, şəhidlərimizə isə Tanrı rəhmət eləsin! ZƏFƏR bayramın mübarək olsun, əziz Azərbaycan xalqı!

Elmar Hüseynov

 

Bənzər xəbərlər