featured-image-9307

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

Görüşdən sonra Stoltenberq Ərdoğana “taxıl dəhlizi”ndə oynadığı həyati rola görə təşəkkür edib.

Stoltenberq sosial media mesajında Ərdoğanla İstanbulda keçirdiyi görüşü dəyərləndirib.

“Taxıl sazişi”nin davam etdirilməsində həyati rol oynadığı üçün Prezident Ərdoğana təşəkkürümü bildirdim”, – deyə o qeyd edib.

Stoltenberq Ərdoğanla görüşdə həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinin yekunlaşdırılmasını müzakirə etdiklərini bildirib. O, iki ölkənin üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsindən verilən açıqlamaya görə, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri və Türkiyə-İsveç-Finlandiya arasında üçlü memorandum müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik trafik nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını ifadə edib. Eyni zamanda qarşıdakı dövrdə razılaşmanın uzadılmasına da diqqət yetirəcəklərini əlavə edib.

Mənbə: Haber Global

20:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Ərdoğan ilə Stoltenberq arasında görüş mətbuata qapalı olaraq Dolmabahçe İş Ofisində baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqi qəbul edib.

Görüşdən sonra Ərdoğan və Stoltenberqin mətbuata açıqlama verəcəyi gözlənilir.

Mənbə: A Haber

Bənzər xəbərlər