featured-image-4567

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Boyukserg.az onunla müsahibəni təqdim edir.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu. Bu, son 30 ildə Türkiyə və Ermənistan arasında ilk belə gəlişmədir. Bundan əvvəl xüsusi nümayəndələr arasında sərhədlərin açılmasına dair ilk anlaşma da əldə olunub. Necə düşünürsünüz: barışıq əldə olunacaqmı, Ermənistan düşmənçiliyə son qoymağa hazırdırmı?

– Türkiyə və Ermənistan arasında barışıq mühitinin yarandığını düşünmürəm. Çünki bu iki ölkə arasında heç vaxt normal münasibətlər olmayıb, savaş, hərbi əməliyyatlar və qarşılıqlı tələblər olub. İddialar və absurd tələblər həmişə Ermənistandan gəlib. Bura həm ərazi, həm maddi təzminat, həm də digər iddialar daxildir. Belə cəfəng iddialar çoxdur.

Problem budur ki, XXI əsrdə iki dövlət arasında sərhədlərin bağlanması, blokada vəziyyətinin davam etməsi bir qədər anormaldır. Bu anormallığın səbəbkarı isə yenə də Ermənistandır. Azərbaycan ərazilərinin 20 faizini 30 il işğalda saxladığı dönəmdə Türkiyə və daha bir neçə ölkə Ermənistana qarşı sanksion addım olaraq belə tədbirlərə əl atmışdı. Bəzi dövlətlər onun dövlət müstəqilliyi və suverenliyini tanımamışdı, bəziləri onunla diplomatik münasibətlər qurmamışdı, Türkiyə isə Ermənistanla bütün nəqliyyat əlaqələrini kəsmişdi. Bunun səbəbi təkcə Türkiyənin Ermənistana təzyiqi deyildi. Əsas səbəb hərbi əməliyyatlar zamanı Türkiyə ərazisindən Ermənistana bu və digər şəkildə “üçüncü xassəli” adlandırılan məhsullar və malların daşınmasının, habelə Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana iqtisadi dəstəyin qarşısını almaq idi. Buna baxmayaraq, son illərdə Türkiyədə xeyli sayda Ermənistan vətəndaşı işləyir, Gürcüstan üzərindən ticari əlaqələri var. Bu ticari əlaqələr Türkiyə tərəfindən qurulmayıb, ermənilər türk mallarını Gürcüstana gətirirlər və oradan Ermənistana daşıyırlar. İndi İrəvan, Gorus, Qafan, Spitak, Masis və digər şəhərlərdə türk mallarını, xüsusən də məişət avadanlıqlarını asanlıqla görmək olur. Ermənistandakı bütün dükanlarda türk malları satılır.

Türkiyənin indi bu addımı atmasının birinci səbəbi onun bütün qonşuları ilə normal münasibətlər qurmaq istəyi, digər səbəbi isə İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlardır. Faktiki olaraq, Türkiyə Ermənistana yeni və çox önəmli şans verir. Ermənistan özünün absurd ərazi iddialarından, xüsusilə qondarma soyqırımı ilə bağlı tələblərindən əl çəkərsə, Türkiyə ilə normal ticari, iqtisadi, diplomatik, mədəni və digər münasibətləri qurmaq şansına malik olur.

İqtisadiyyatı iflic durumda olan, demoqrafik problemlər yaşayan, son illərdə intensiv hami axtarışlarında olan və bu hamiləri tərəfindən dəfələrlə aldadılan Ermənistan üçün Türkiyə ilə münasibətlərin qurulması yeganə çıxış yolu sayıla bilər. Lakin bu, özündə Azərbaycanla münasibətlərin normallaşmasını ehtiva edir. Bunun üçün əsas tələblər və şərtləri isə sərhədlərin müəyyənləşməsi, Xankəndi və ətrafında yaşayan yerli ermənilərə Ermənistandan aqressiv dəstəyin dayandırılması, İrəvanın revanşist, militar və aqressiv bəyanatlara son qoyması, absurd ərazi iddialarından əl çəkməsi, uydurma tarixi faktlara əsaslanan tələblərdən geri durması, ən əsası, “Daşnaksütyun” idologiyasının dövlət ideologiyası səviyyəsindən aşağı salınmasıdır. İrəvan bunları edərsə, son 31 ildə ilk dəfə olaraq əlinə düşən şansı dəyərləndirə bilər.

– Ərdoğan görüşdən bir neçə saat sonra Rusiya Prezidenti Vladimir Putinlə də danışdı. Bəs onun bu zəngini necə izah etmək olar?

– Əslində, bu, gözlənilən və sıradan bir diplomatik prosedurdur. Çünki Vətən Müharibəsindən sonra regiondakı prosesləri Türkiyə, Azərbaycan və Rusiya müəyyənləşdirir. Yəni üçtərəfli bəyanat da Rusiya ilə imzalanıb, hazırda Azərbaycanın müəyyən ərazilərində Rusiyanın sülhməramlıları yerləşdirilib, Rusiya ATƏT-in Minsk qrupu tarixin zibilliyinə düşdükdən sonra bölgədə vasitəçilik edən ölkələrdən biridir. Bundan başqa, Rusiya və Türkiyənin maraq dairəsi təkcə Cənubi Qafqaz deyil, Suriyanın şimalı, Liviya, eləcə də dünyanın digər bölgələrində Ankara və Moskva rəqib olsalar da, bu regionlarda zorən müttəfiq kimi çıxış edir. Çünki hər iki ölkənin maraqları dünyanın bir sıra dövlətləri tərəfindən qəbul olunmur, çıxdaş edilir. Buna görə də bu iki ölkə bir sıra bölgələrdə rəqib olmaqla yanaşı, tərəfdaşlıq da edə bilirlər. Bu baxımdan, Ərdoğanın Putinə zəngi həm də Ermənistanın yekun sülh müqaviləsini imzalamağa vadar edilməsi istiqamətində atılacaq addımların çeşidini və dəst-xəttini bəlirləmək üçün edilib.

– İranın da fəallığı diqqətdən yayınmır. İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İrəvandan sonra Bakıya da gələcək. Üstəgəl, İranın bu məqamlarda Zəngəzurda konsulluq açması da diqqətdən yayınmadı. Bu fəallığı nədən qaynaqlanır, İran nəyə nail olmaq istəyir?

– Tehranın üç məqsədi var. Birinci məqsədi Azərbaycanla ticari, siyasi, iqtisadi və digər əlaqələri maksimum dərəcədə inkişaf etdirmək, aradakı müəyyən anlaşılmazlıqları aradan qaldırmaq, iki ölkə arasındakı tərəfdaşlığı müttəfiqliyə və gerçək qardaşlıq əlaqələrinə çevirmək cəhdidir. Amma top İran tərəfindədir. Çünki İran Azərbaycanı özünə tam inandırmaq üçün daxilindəki bəzi din xadimləri, hərbçilər və siyasətçilərin Azərbaycana qarşı iddialarına son qoymalıdır. İran daxilində özlərinə yer tapmış Azərbaycana qarşı aşkar eksterimist və terrorizm fəaliyyəti ilə məşğul olan bəzi vətəndaşlarımızı Bakıya ekstradisiya etməlidir, İranda öz korporativ maraqlarını güdən bəzi dairələrin ölkəmizə və vətəndaşlarımıza qarşı aşkar düşmənçilik meylinə, bəyanat və çıxışlarına son qoymalıdır. Birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi sayıla biləcək addımlarını dayandırmalıdır.

Tehranın İrəvanla münasibətlərində ikinci məqsədi isə Ermənistanı əldən buraxmamaq cəhdidir. Çünki Avropa Birliyi və ABŞ Ermənistanı Rusiyanın protektoratlığından çıxararaq, bölgədə Moskvanın metropoliya cəhdlərinə son qoymaqla onu Qərbə yönəltmək istəyir. İran isə bununla razı deyil. İran deyəndə ki, “Sərhədlər toxunulmazdır”, “Zəngəzur bizim üçün çox önəmlidir” – bu, daha çox Azərbaycana yox, Qərbə yönəlik bəyanatdır. Məhz bu səbəbdən Zəngəzurda konsulluğun açılması İranın bölgədə öz təsir imkanlarını qorumaq cəhdi, həm də onu regiondan sıxışdırıb çıxarmağa çalışanlara cavabı idi.
Üçüncü məqsədi isə budur ki, İran Türkiyənin bölgədə güclənməsi fonunda həm Azərbaycan, həm də Ermənistanla əlaqələrini daha da intensivləşdirməyə çalışır. Bununla Türkiyə ilə eyni çəkidə olmasa da, müəyyən mənada səbatlı çəkidə bölgədə öz sözünü deyə bilsin.
– Ərdoğan və Putin İrana səfər edəcək. Tehranda İran, Rusiya və Türkiyə liderlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüş Cənubi Qafqazdakı mövcud durumla bağlı nə vəd edə bilər?

– Bu görüşdə əsas məqsəd digər dövlətlərin, təşkilatların və güclərin Cənubi Qafqazda hadisələrə təsir imkanlarını minimallaşdırmaq, regionda dayanıqlı sülh və stabilliyin əldə olunması istiqamətində həll və nizamlama yollarını axtarmaqdır. Məqsəd həm də Cənubi Qafqazda yaşanan destruktiv proseslərin birlikdə həllidir, ən əsası, Qərbin Rusiya və İrana tətbiq etdiyi kütləvi və total sanksiyalar çərçivəsində Türkiyənin bu dövlətlərlə münasibətlərini hansı vektorda seçəcəyini bəlirləməkdir. Çünki Rusiya, Türkiyə və İran bölgədə söz sahibləridir. Onlar heç vaxt imkan verməyəcəklər ki, geosiyasi yerlərini, mövqelərini və məkandakı çəkilərini azaltmağa və ya heç endirməyə nail olsun.

Əgər Qərb bölgədə dayanıqlı sülh istəyirsə, həm Türkiyə, həm də Azərbaycanla dil tapmalıdır. Yəni maraqlarımız tam və mütləq şəkildə nəzərə alınmalıdır. İranla Rusiya isə öz aralarındakı münasibətləri, eyni zamanda Azərbaycan və Türkiyə prizmasından aktivləşdirməyə çalışırlar. Azərbaycanla Türkiyəni öz tərəflərinə çəkərək, qeyri dollar müqaviləsindən tutmuş enerji daşıyıcılarının Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılması, Azərbaycan vasitəsilə karbohidrogenlərin svop mübadiləsini reallaşdırmaq, maliyyə və iqtisadi fəaliyyətləri daha da intensivləşdirmək də bura daxildir. Görüşdə qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina məsələsi müzakirə olunacaq.

Məsələlər paketi çox böyükdür. Bu üç dövlətin başçılarının bir araya gəlməsi bizim üçün həm faydalıdır, həm də bunu diqqət və maraqla izləməliyik, gərəkli nəticələr çıxarmalıyıq ki, Azərbaycan dövlətinin rifahı, geosiyasi məqsədləri, siyasi çıxarları və iqtisadi hədəflərinə uyğun olan proqramımıza zəruri dəyişikliklərə ehtiyac olarsa, bunu etməliyik.

– Sosial şəbəkələrdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində – Laçında SSRİ bayrağının qaldırılması ilə bağlı bir görüntü yayıldı. Ümumiyyətlə, SSRİ bayrağı məsələsi Rusiyanın Ukraynaya təcavüzündən sonra gündəmdədir. Sizin bu haqda fikriniz necədir?

– SSRİ bayrağının Ukraynada bir fetiş simvol kimi istifadə olunması aydın məsələdir. Rusiyadakı şovinist və militar, xüsusilə neoimperialist qüvvələri üçün SSRİ bayrağının hansısa bir yerdə qaldırılması Sovet İttifaqının bərpası məsələsi deyil. Məsələ Rusiyanın təsir imkanları və arealının artırılması ilə bağlıdır. Sadə dillə söyləsək, SSRİ bayrağı Rusiyanın təsir orbiti deməkdir.

Laçında bu bayrağın qaldırılması aşkar təxribatdır. Bu, narahat erməniləri “arxayın” salmaqdır ki, “narahat olmayın, Laçın sizin olacaq” və s. Bu, absurd və çox təhlükəli məsələdir. Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda SSRİ bayrağının qaldırılması Rusiyanın heç bir marağına cavab vermir. Əminəm ki, Rusiyanın rəsmi strukturları bundan bixəbər olublar. Bu, yerdəki hansısa idioton təşəbbüsüdür. O idiot anlamır ki, SSRİ bayrağının qaldırılması Rusiyanın mənafeyinə ziddir, həm də Ermənistandakı revanşist qüvvələrə müəyyən vəddir. Amma Azərbaycan dəfələrlə bəyan edib: bizim səbrimiz tükənməz deyil. Bizim səbrimiz qalaktik ölçüdə də deyil.

Biz Rusiya sülhməramlılarına bölgədə sülhyaratmaq missiyasını yerinə yetirməsi üçün Azərbaycan ərazlərinə daxil olmasına icazə vermişik. Mandatları hələ də təsdiqlənməyib və təsdiqlənməyəcək. Çünki müddət başa çatdıqdan sonra onlar Azərbaycan ərazilərini mütləq tərk edəcəklər. Bütün planlarına, ölçülərinə, taktiki və strateji hesablamalarına baxmayaraq…

SSRİ bayrağının qaldırılması isə o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr hələ də ağıllanmayıblar, İkinci Qarabağ Müharibəsindən nəticə çıxarmayıblar. Ermənistanda revanşist meylləri artarsa, Azərbaycan “məcburi müalicə” vasitələrini seçəcək. Əminəm ki, bu, onların “xəstəlikləri” üçün çox effektli olacaq. Bizim məqsədimiz “pasient”i müalicə etməkdir.

Bənzər xəbərlər