featured-image-11279

Sabiq nazirə “Akif Çovdarov müamiləsi” – itirilmiş milyonlar geri dönür!

 

Hazırda həbsdə olan Naxçıvan MR sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun müsadirə olunmuş obyektləri özünə qaytarılır. Bu haqda “Gündəlik Naxçıvan”a həmin obyektləri kirayə çalışdıran sahibkarlar məlumat verib. Bəhs olunan obyektlər əsasən Naxçıvan şəhərinin Qoçüstü məhəlləsindəkin “57 bazarı” adlana ərazidə yerləşir.

 

Diqqətinizə çatdıraq ki, sabiq  nazir işdən çıxarıldıqdan həmən sonra, bu obyektlərə nəzarəti Naxçıvanın hakim ailəsi Talıbovlar ələ keçirmişdi.

Həmin obyektlərdə sahibkarlıqla məşğul olan şəxslərin dediyinə görə, təxminən 10 gün öncə onlara xəbərdarlıq edilib ki, kirayə haqları yenidən Əhməd Əhmədova çatdırılacaq. Sahibkar A.Məmmədov deyib ki, yeni qayda ilə bağlı xəbərdarlıq onlara sabiq nazirin qardaşı Əvəz Əhmədov tərəfindən çatdırılıb. Sahibkar fikrini belə tamamlayıb:

“Bir neçə ildir burada mağaza götürüb, ticarətlə məşğul oluram. On gün əvvəl bir nəfər əlində sənəd gəlib dedi ki, bu mağazalar Əhməd Əhmədovundur, bundan sonra kirayə pullarını bizə verəcəksiniz. Adam gedəndən sonra öyrəndim ki, keçmiş nazirin qardaşı Əvəz Əhmədovdur. İndi, aylıq kirayə pulunu kimə verəcəyimizi, başımıza nələr gələcəyini bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə…”

Həmin ərazidə ticarətlə məşğul olan C.Quliyev də deyilənləri dəsdiqləyib:  “Bəli, bir neçə gün əvvəl Əhmədin qardaşı Əvəz gəlmişdi. Əlində sənədlər var idi. Dedi ki, bu obyektlər bizimdir, bundan sonra kirayələri bizə verəcəksiniz”.

“57 bazarı” adlanan ərazidəki bütün obyektlər 2008-ci ilə kimi Arzu Kazımov adında sahibkara məxsus idi. Kazımov həm də vaxtilə Naxçıvan parlamentinin üzvü olub. Daha sonra Talıbovlar ailəsi ərazini zorla ələ keçirib. Həmin prosesdə Əhməd Əhmədov nazir kimi göstərdiyi zorakılıqla yadda qalıb. Bu “əməyinin” qarşılığında Vasif Talıbov ona həmin ərazidə bir neçə obyekt tikməyə icazə vermişdi.

Sonradan Talıbovun gözündən düşən Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilmiş, bir müddət sonra isə həbsə atılmışdı…

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Naxçıvan Diaqnostika Mərkəzində müalicə alan keçmiş nazir bu günlərdə həbs qərarından kassasiya şikayəti verib. Onun tezliklə azadlığa çıxacağı gözlənilir. Hətta bunun üçün 500 min manat rüşvət verdiyi iddiaları da səslənir.

Ə.Əhmədovun adı bir çox işgəncə faktlarında hallanır. Onun Naxçıvan sakinlərinə şəxsən işgəncələr verdiyi faktları hər kəs tərəfindən söylənilir. Keçmiş nazirin 2010-cu ildə məlum Bənəniyar hadisələri zamanı törətdiyi xüsusi qəddarlıqlar və işgəncə faktları beynəlxalq təşkilatların hesabatlarında da yer alıb.

Mənbə: “Gündəlik Naxçıvan”

Bənzər xəbərlər