featured-image-7438

Avropa səhv etsə, Rusiyanın dəmir çəkmələri altında əziləcək!

 

 

Son günlər dünyanın diqqəti iki liderdə idi. Bu iki liderdən biri Rusiya prezidenti Vladimir Putindir ki, aylar öncə dediyimiz kimi, Ukraynanı parçaladı və ölkənin 4 bölgəsinin Rusiyaya birləşdiyini elan elədi. Bununla da Ukraynada baş verən Rusiya-Ukrayna müharibəsi aktiv fazadan passiv fazaya keçid etdi. Putin bundan sonra 2015-ci ildə Krımda apardığı siyasi prosesi izləyəcək – Avropa və beynəlxalq aləmə işğal etdiyi ərazilərin öz torpaqları olduğunu qəbul etdirmə prosesinə başlayacaq. Digər tərəfdən də, müharibə aparmadan işğalçı siyasətini yenidən davam etdirəcək.

 

Hazırda Putin üçün ən böyük təhlükə Cənubi Qafqaz regionundadır. Bu ölkə Azərbaycan yox, Ermənistandır. Ermənistanın Rusiyadan qopması və Qərbə daha çox meyillənməsi onsuz da Paşinyandan acıqlı olan Putini bir az da qəzəbləndirir.

Son zamanlar ipə sapa yatmayan Ermənistan rəhbərliyi gedişatın onun və ölkəsinin əleyhinə işlədiyini çox yaxşı başa düşür. Buna görə də keçmis prezident Ter-Petrosyanın “Ermənistan təcili Azərbaycanla sülh müqaviləsi imzalamalıdır, yoxsa 6 ay sonra bundan daha böyük məğlubiyyətlə üzləşəcək” çağırışına anidən müsbət cavab gəldi. Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Görünən budur ki, ortada hər kəsin görə bilmədiyi proseslər baş verir. Və nəhayət, Ermənistan hakimiyyəti də nələrin baş verə biləcəyini analız etməyə başlayıb.

Rusiya-Ukrayna müharibəsinə görə Rusiya məhsullarına embarqo qoyulması onun iqtisadiyyatını demək olar ki, məhv edib. Embarqolar götürülsə belə, hazırda Rusiyanın Ukrayna və Belarus üzərindən Qərbə olan yolları bağlanıb. Bu da ölkənin gələcək iqtisadi perspektivini çıxılmaz duruma salıb. Vəziyyətdən çıxış yolu axtaran ölkə rəhbərliyi çarəni Cənubda, yəni Qafqazda axtarır. Amma regionda Rusiyanın əl-qoluna dolaşan bir ölkə – Ermənistan var. Ermənistanı zərərsizləşdirib, Zəngəzur dəhlizini açmaq Rusiya üçün hava və su kimi vacibdir. Bu məsələ təkcə Rusiyanı deyil, Azərbaycan, Türkiyə, Çin, İtaliya və Böyük Britaniyanın da diqqət mərkəzindədir. Amma daha çox tələsən Rusiyadır. Çünki Sibirdən xammalı quru yolla Ukrayna sərhədinə daşımaq və Avropanın digər ölkələrinə çıxarmaqdansa, həmin xammalı Xəzər dənizinin sahilindəki Həştərxan limanına çatdırmaq daha asan, ucuz və tez başa gəlir. Həştərxan limanından Səngəçala, burdan isə quru yolla Türkiyə üzərindən Avropaya ixrac Rusiya üçün daha əlverişlidir. Buna görə də, artıq Putinin masasında həll olunma növbəsi gözləyən problem “Zəngəzur dəhlizi” məsələsidir…

Dünyanın diqqətini çəkən digər lider isə, Azərbaycan Prezidenti İlham Əliyevdir. Ona görə dünyanın diqqəti İlham Əliyevə yönəlib ki, Rusiyanın Avropanı soyuq qışda qazsız qoyacağı ilə hədələdiyi bir zamanda İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edır. Cənab Prezident çıxışında bildirir ki, “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru” layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.

Avropanın enerji xəritəsini dəyişmiş “Cənub Qaz Dəhlizi” qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan “Cənub Qaz Dəhlizi”ni başlayan tərəf olmaqdan qürur hissi duyur. “Cənub Qaz Dəhlizi” qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.

Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir.

media-34195_vr54j9k2ht copy copy Копированиеjpg-1610570485

Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir. Ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.

Beləliklə, Azərbaycan prezidenti Avropaya bir daha xatırlatdı ki, onun Rusiya qarşısında çıxış yolu Azərbaycandır. Əgər Avropa ölkələri Qafqaz məsələsində son 30 ildə göstərdikləri haqsızlığı bir daha göstərmək niyyətinə düşsələr, daha onları Ruisyanın dəmir çəkmələri altında əzilməkdən heç kəs qurtara bilməyəcək. Əgər Avropa ölkələri Azərbaycanın yeni dünya düzəninə verəcəyi töhfəni görmək istəsələr, bu zaman bölgədəki bütün proseslərdə Azərbaycanı dəstəkləməlidirlər. Məsələn, Azərbaycanın “Zəngəzur dəhlizi”nin açılması üçün göstərdiyi çabalara ən azından haqq qazandırmalıdırlar. Çünki dəhlizin xeyrini ən çox Avropa ölkələri görəcək. Bu dəhliz vasitəsilə yüklərin intensiv hərəkəti Çindən Avropaya və əks istiqamətdə uzanacaq. Beləliklə, dünya siyasəti masa üzərində oynanılan şahmatı xatırladır:

– Azərbaycan Avropanı Rusiyadan qurtarmağa çalışır. Ancaq  Zəngəzur dəhlizinin açılmasına daha çox Putin çalışır;

– Azərbaycan Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya daha çox yardım edir. Amma KTMT üzvü olan Rusiya Azərbaycan-Ermənistan gərginliyi zamanı daha çox səssiz qalmağı üstün tutur;

– Azərbaycan Rusiyanın işğal etdiyi heç bir regionu ayrıca respublika və yaxud Rusiya ərazisi kimi tanımır. Ancaq Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.

Görünən budur ki, bütün dünyanın diqqəti bu iki liderin növbəti gedişindədir. Siyasətin şahmat taxtasında növbəti oyununa hazır olun!

P.S. Putin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdiyini İlham Əliyevin Şuşanın azad olunmasını xalqa çatdırdıgı kimi elan etmək istədi, amma süni olduğu üçün onda alınmadı.

media-14670935901134010285_1000x669 copy copy Копированиеjpg-1610570513

 

Elmar Hüseynov

 

Bənzər xəbərlər