featured-image-5386

 

Azərbaycan prezidentinin siyasi manevr qabiliyyətinin nəticəsi – Qarabağ Zəfəri! 

 

İlham Əliyev: “Карабах – это Азербайджан и восклицательный знак!”

 

 

I YAZI

 

                    

 

Cənab prezident İlham Əliyevin iqtidara gəldiyi gündən bəri yürütdüyü xarici siyasət kursu balanslaşdırma siyasəti üzərində qurulub. Onun bu istiqaməti əsas götürməsini ümumən təqdir etsəm də, etiraf edim ki, bu kursun konturlarını, ən kiçik detallarını ilk başdan sezmək o qədər də asan deyildi. Bəzən adamda elə təəssürat yaranırdı ki, iqtidar – başda cənab İlham Əliyev olmaqla, qəsdən belə bir mürəkkəb kurs götürməklə, əslində, öz hakimiyyətini qoruyur. Ancaq Valday-2019 forumu ərəfəsində şəxsən mənimçün çox şey açıqlığa qovuşdu. Amma yenə də bəzi tərəddüdlərim vardı. Forumda prezidentin göstərdiyi siyasi performans o zamana qədər düşüncələrimdə hakim olan “siyasi düha Heydər Əliyevin miras qoyduğu siyasi güc hesabına İlham Əliyev ayaqda durur” fikrini tamamilə alt-üst etdi və onun yerini başqa bir düşüncə tutdu…

 

Valday-2019 forumu cənab İlham Əliyevin parlaq bir siyasi xadim və başarılı diplomat olduğunu, siyasi manevr qabiliyyətinə görə atası və müəllimi Heydər Əliyevdən heç də geri qalmadığını bütün çılpaqlığı ilə ortaya qoydu. 16 il səbrlə, inadla gözləmə mövqeyi tutan, status-kvonu qorumaqla Qarabağı və işğal altındakı digər əraziləri de-yure Azərbaycan ərazisi kimi saxlamağa nail olan cənab İlham Əliyev zaman və şərait yetişən kimi müdafiə taktikasından hücum taktikasına keçdi. Bu o zaman idi ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş vermiş, Rusiyayönlü iqtidarı liberal Qərbin adamı kimi tanınan Nikol Paşinyan hökuməti əvəzləmişdi. Nikolun qısa müddətdə ölkəsini sürətlə Qərbə doğru sürükləməsi, açıq-açığına antirusiyaçılıq mövqeyi sərgiləməsi sanki Tanrının bir hədiyyəsi oldu. İlham Əliyev bu fürsəti əldən verə bilməzdi və vermədi də. Çünki bu, son şans idi. Əsil siyasətçi, diplomatik bacarığı olan dövlət xadimi anlayır ki, siyasətin əsas şərtlərindən və dəyişməz kurallarından biri də ələ düşən şansı dəyərləndirmək bacarığıdır.

Ölkəmizin müstəqillik dönəmi tarixini diqqətlə analiz edəndə görə bilərik ki, son 30 ildə baş verən böyük siyasi olayları, bölgədə və dünyada geostrateji durumu Azərbaycan prezidenti dərindən, ən incə detallarına qədər öyrənib. Sözsüz ki, bu müddətdə, ələlxüsus da 1992-93-cü illərdə buraxılan strateji səhvlər də olub. Təbii ki, yalnız bu səhvlərdən nəticə çıxarmaqla uğurlu sona nail olmaq mümkün idi. İlham Əliyev də bunu etdi…

İlham Əliyev çox gözəl anlayırdı ki, Qarabağ probleminin həlli Qərbdən yox, şimal qonşumuz Rusiyadan asılıdır. O görürdü ki, Qərb ucuz demokratiya vədləriylə baş qatır. Qərbin bu mövqeyi nəinki Qarabağ probleminin həllinə yardım etmir, əksinə, onu acı bağırsaq kimi uzadırdı. İlham Əliyev görürdü ki, Qarabağ probleminin həllində Qərb əsla maraqlı görünmür, ən əsası da, problemi həll etmək iqtidarında deyil. Bunu qərbli diplomatlar zaman-zaman öz açıqlamalarında da etiraf edir və açıq şəkildə deyirdilər ki, Qarabağ probleminin açarı Rusiyanın əlindədir. Lakin zaman və şərait hələ yetişməmişdi, bir illik AXC iqtidarı Rusiya ilə münasibətləri elə korlamışdı ki, bunu qısa müddətdə bərpa etmək sadəcə, mümkün deyildi. Digər tərəfdən, savaş vəziyyətində olduğumuz Ermənistan nəinki Rusiya ilə müttəfiq idi, hətta İlham Əliyevin təbirincə desək, onun Qafqazdakı forpostu rolunu oynayırdı. Əleyhimizə olan bütün bu faktorlar Azərbaycanın çətin duruma düşməsinə təsir edən əsas amillər idi.

Belə bir durumda, heç olmasa, vəziyyəti dondurmaq, ermənilərə sərfəli olan sülh sazişinin imzalanmasından müxtəlif bəhanələrlə yayınmaq “nə hərb, nə sülh” tezisi ən doğru yol idi. Buna da xarici siyasət kursunda balanslaşdırma siyasətini əsas götürməklə nail olmaq mümkün idi. Təxminən 10 il Heydər Əliyev, ondan sonra da 16 il İlham Əliyev bu siyasətlə iki böyük gücün – Qərb və Rusiyanın qarşısında duruş gətirə bildi.

Cənab prezident Azərbaycanın geostrateji əhəmiyyətini çox gözəl anlayırdı. Bilirdi ki, həm Qərb, həm də Rusiya Azərbaycanın bu əhəmiyyətini başa düşür və elə bu səbəbə görə də bizi birdəfəlik silib ata bilməzlər. Əlimizdə olan tək silah ölkəmizin geostrateji əhəmiyyətiydi, bundan maksimum istifadə etmək gərəkirdi. Prezident də 16 il ərzində məhz bunu etdi – iki böyük güc arasında siyasi manevrlər etməklə hər ikisinə qarşı məsafəni qorudu və zaman və şəraitin yetişməsini gözlədi.

Yuxarıda qeyd etdiyim kimi, Ermənistanda iqtidar dəyişikliyi baş verdi, birmənalı olaraq qərbyönümlü siyasət yürüdən Nikol Paşinyan hakimiyyətə gəldi. Qarabağı və işğal edilən ətraf rayonları artıq özlərininki hesab edən Ermənistan rəhbərliyi bu qələbələrində ən böyük dayaqları olan Rusiyaya üz çevirdi. Rusiyanın hərbi-siyasi elitasına daxil olan bir çox önəmli fiqurların (məsələn, Lavrov) bütün səyləri nəticə vermədi – Nikol Paşinyan özünün qərbpərəst mövqeyi ilə həm Ermənistan-Rusiya münasibətlərinin korlanmasına səbəb verdi, həm də siyasi rotanı Azərbaycanın xeyrinə dəyişmiş oldu. Elə İlham Əliyevin fövqəladə siyasi bacarığı məhz burada ortaya çıxdı.

Şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin mövqeyi də bu məsələnin həllində həlledici rol oynadı. Burada bir məqama xüsusi diqqət etmək gərəkir. Doğrudu, Rusiya ilə münasibətlərimizin korlanmasında və bunun nəticəsi olaraq da, Qarabağ və ətraf rayonların işğal edilməsində AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi çox böyük rol oynayıb. Bununla belə, o zamankı Rusiya siyasi elitasının bizə qarşı münasibəti də qənaətbəxş olmayıb. AXC-nin iqtidardan getməsi və Heydər Əliyev cənablarının yenidən siyasi olimpə yüksəlməsi Rusiyanın mövqeyini tam lehimizə çevirməsə də, münasibətləri nisbətən normallaşdırdı və Azərbaycanı yeni itkilərdən sığortaladı.

Artıq ermənipərəst Yeltsin erası başa çatmış, şimal qonşumuzda iqtidar zirvəsinə Vladimir Putin yüksəlmişdi. Onu birmənalı şəkildə ermənipərəst dövlət xadimi hesab etməsək də, Rusiya Federasiyasının oturuşmuş dövlət siyasəti vardı və bu siyasət Qarabağ probleminin həlli məsələsində bizim xeyrimizə deyildi, heç Putin özü də bu siyasətdən qırağa çıxa bilməzdi. Əlac düşünülmüş, ağıllı və praqmatik siyasət yürütməklə status-kvonu qorumaq, həlledici məqam yetişənə qədər zaman qazanmağa qalırdı. Həm Heydər Əliyev, həm də onun layiqli davamçısı İlham Əliyev reallığı nəzərə alır, zaman və şəraitin yetişməsini gözləyir, həm də şəraitin yetişməsi üçün bütün imkanları səfərbərliyə alırdılar. Təbii ki, onlar Putinlə şəxsi dostluq münasibətlərini də gözləyirdilər. Putin özü də belə isti münasibətlərə heç vaxt biganə qalmayıb; o, Rusiyanın dövlət siyasətinə tabe olsa da, heç vaxt bizə qarşı qərəzli mövqedə olmayıb, dövlət başçılarımızla dostluq münasibətlərindən hər zaman fəxrlə danışıb. Bütün bunlar ümid verirdi ki, “bir gün nə isə olacaq” fikrilə gələcəyə optimist yanaşaq. Əgər əlində heç bir məlumat qaynağı olmayan bizlər belə düşünürdüksə, birbaşa hadisələrin içərisində olan, hər şeydən xəbərdar İlham Əliyevin nələr çəkdiyini, necə səbrlə, əzmlə həmin o “x” gününü gözlədiyi anları düşünün. Bu dəyanəti hər kəs qoruyub saxlaya bilməzdi, amma İlham Əliyev dözdü. Elə içi mən qarışıq, əksəriyyətimiz tənə etdik, qınadıq onu, hətta “Lazım kişi” ayamasıyla ələ saldıq…

Biz hamımız yanıldıq. O isə qalib oldu! O sübut etdi ki, bizim yox, onun tutduğu yol doğrudu…

Sonradan bu sətirlərin müəllifi olan bəndəniz İlham Əliyev haqqında bunları yazacaqdır:

 

Biz bu adamı 17 il tanıya bilməmişik!

Tanımadan, bilmədən haqqında hər sözü demişik – aşağılamışıq, təhqir etmişik, “bundan dövlət başçısı olmaz” demişik! O isə əsil liderə xas olan səbr və təmkinlə bütün bunlara dözmüş, susmuş, yalnız öz işiylə məşğul olmuşdur – Azərbaycanın tapdalanmış onurunu, qürurunu bərpa etmək, əyilən qamətini dirçəltmək  üçün gecə-gündüz çalışmışdır.

İlham Əliyev bir lider və dövlət başçısı üçün gərəkli olan bütün kriteriyalara sahibdi, hətta bundan da artığına sahibdi. Məsələn, İlham Əliyev olduqca kinli adamdır. Ancaq o bu kinini düşməninə qarşı ortaya qoyur. 44 Günlük Vətən Savaşında biz bunu gördük – Cıdır düzündə yallı gedən Paşinyanı bütün dünyaya rəzil etdi!”

 

media-1570107253_p2

 

Bizlər İlham Əliyevə tənələr yağdırdığımız günlərdə sən demə, o, həlledici anın, məqamın yetişdiyini görüb, BÖYÜK ZƏFƏR üçün hazırlıqlarını tamamlayırmış. Yuxarıda Valday-2019 forumu ərəfəsindən bu hazırlıqlara başlandığını qeyd etmişəm. Təsəvvür edin, İlham Əliyev bilir ki, yaxın zamanlarda həlledici döyüşlər olacaq. Sizcə o, nə edər? Gəlin bu sualın cavabını daha yaxşı anlamamız üçün ilk öncə onun nə etdiklərinə baxaq:

– İlham Əliyev 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Əli Nağı oğlu Nağıyevi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edir;

– Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli başqa bir sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilir;

– Azərbaycan prezidentinin xüsusi göstərişi ilə 2019-cu ilin yay aylarında Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, müasir silah-sursatla təmin edilməsi, yeni hərbi hissələrin yaradılması və XTQ-yə cəlb edilən döyüşçülərin hərbi hazırlığının yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması haqqında tədbirlər planı hazırlanır.

İlham Əliyevin Valday-2019 ərəfəsində gördüyü digər işləri bir tərəfə qoysaq, bu 3 islahat xarakterli tədbir xüsusilə diqqət çəkir. Yuxarıda da qeyd etdiyim kimi, Valday-2019 ərəfəsində reallaşdırılan bu tədbirlərdən sonra şəxsən məni narahat edən bir çox suallara cavab tapa bilmişdim. O zaman  (22 iyun 2019-cu il tarixdə) feysbuk statusumda yazırdım:

 

“Məncə, İlham Əliyev 16 illik hakimiyyəti dönəmində ən doğru kadr dəyişikliyini etmiş oldu. Görünən o ki, cənab prezidentin irəlidə böyük bir planı var. Heç şübhəsiz, bu planını gerçəkləşdirmək üçün o, ilk növbədə hakimiyyətini qorumalı, bununçün ətrafına etibarlı, professional kadrlar toplamalıdı. Həm də bu işi ilk növbədə dövlətin bel sütunu olan strateji qurumlarla bağlı həyata keçirməlidi. Məsələn, DTX, DİN və orduyla bağlı…

Əli Nağıyevin təyinatı yerində və zamanında atılmış bir addımdır. O, elə bir posta rəhbər təyin olunub ki, o işi “beş barmağı” kimi bilən 2-3 adamdan biridir…

Vilayət Eyvazova gəlincə… Onun haqqında müxalifət mətbuatında deyilən bütün mənfi epitetlər doğru olsa belə, polis şefi, general üçün prioritet hesab olunan tərəfləri kifayət qədərdir və bu posta ondan daha layiq birini tanımıram. Əgər DTX rəhbəri üçün daha çox praqmatiklik və masaarxası siyasi manevrlər etmək bacarığı tələb olunursa, DİN şefi üçün əsas keyfiyyətlər bunlar hesab olunur: cəsarətli olmaq, funksionallıq, operativlik, bağlı olduğu siyasi komandaya sədaqətli olmaq. Vilayət Eyvazov son dərəcə cəsarətlidi – o bunu 2003-2005-ci illərdə rəngli inqilablara cəhdlər zamanı sübut edib. O, funksional və operativ əməliyyatçıdı və uzun illərin təcrübəsinə sahibdi. Vilayət Eyvazov bağlı olduğu siyasi komandaya sona qədər sədaqətlidi, fanatikcəsinə Heydər Əliyevçidi, özünü onun məktəbinin yetirməsi, İlham Əliyevin əsgəri hesab edir.

Mənim bu iki şəxsə münasibətim heç bir zaman birmənalı olmayıb, hətta tənqidi fikirlərim üstünlük təşkil edib. Bütün bunlara baxmayaraq, İlham Əliyevin yerində olsam, mən də onlara “stavka” edərdim. Çünki iqtidarın qarantı etibarlı, məsuliyyətli və bacarıqlı kadrlardır. Ayaz Mütəllibov ona görə yıxıldı ki, onun belə kadrları yoxuydu, olanları da ortadan qaldırdılar. Elçibəy hakimiyyətini ona görə itirdi ki, onun polis şefi Vilayət Eyvazov kimi  sədaqətli və məsuliyyətli deyildi, boşboğaz və siyasi şoumenlik edən İsgəndər Həmidov idi.

İlham Əliyevin eyni gündə iki mühüm dövlət postuna yeni və enerjili, ən başlıcası isə, etibar etdiyi, güvəndiyi kadrları təyin etməsi, üstəlik, elə həmin gün Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi haqqındakı xüsusi sərəncamı BÖYÜK BİR PROJENİN başlanğıcına siqnal kimi dəyərləndirilə bilər. Deyəsən, LAZIM OLAN AN artıq gəlib çatıb: üfüqdə ZƏFƏR İŞARTILARI görünür. Əgər yanılıramsa, buna çox üzüləcəm…”

 

media-validay-prezident2

 

Tanrıya şükürlər olsun ki, yanılmamışdım. İlham Əliyev Valday-2019 forumunda bunu sübut etdi və kəskin mövqeyini ortaya qoydu: “Карабах – это Азербайджан и восклицательный знак!”

Cənab Ali Baş Komandanın bu tükürpədici siyasi demarşı sonradan əldə etdiyimiz böyük zəfərin simvoluna çevrildi. Ardınca da, “Əziz xalqım, Fizuli bizimdir!”, “Cəbrayıl bizimdir!”, “Şuşa bizimdir!” şüarları gəldi və biz bu adam kimi adamı hər gün bir az daha yaxından tanıdıq. O, doğru bir siyasət yürüdürdü. Valday-2019 forumunda İlham Əliyev çıxış edərkən mən daha çox cənab Putinə diqqət edirdim. Onun mimikasından, sifət cizgilərindən sanki 44 günlük savaşda əldə edəcəyimiz zəfərin işartılarını görürdüm.

Cənab İlham Əliyevin fövqəladə siyasi və diplomatik bacarığı Azərbaycana loyal münasibəti ilə seçilən Rusiya prezidentinin qəti mövqeyini müəyyənləşdirmişdi. Artıq Rusiya siyasi elitası anlayırdı ki, “ipinin üstünə odun yığılmayacaq” erməni onun müttəfiqi ola bilməz, Azərbaycan kimi etibarlı, sözünəbütöv bir dövlətlə tərəfdaşlıq onların da işinə yarayır.

Artıq hər şey hazır idi. Yeganə çətinlik Azərbaycanın daxilindəki V kolonun hələ də mövcudluğunu qoruyub saxlamasıydı. Amma İlham Əliyev bunun tədbirini almışdı – daxildəki təxribatlar və xaosun qarşısını almaq üçün cənab Vilayət Eyvazovun başçılığı altında böyük, mobil bir qüvvə, polis sistemi prezidentin hər əmrinə müntəzir idi. Gizli servis də etibarlı əllərdəydi. Orduda da hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuş, Hikmət Mirzəyev kimi əfsanə bir komutanın xüsusi təyinatlıları Ali Baş Komandanın əmrini gözləyirdi.

Siyasi hazırlıqlar da tamamlanmışdı. Prezident Valday forumundan qayıtdıqdan (forum 03-04 oktyabr 2019-cu il tarixində baş tutub) bir neçə gün sonra ciddi kadr dəyişikliklərinə gedir, köhnə qvardiyanı hörmət-izzətlə yola salır və yeni, gənc kadrlarla komandanı möhkəmləndirir. Ələlxüsus da xarici siyasət sahəsinə xüsusi önəm verir və Ceyhun Bayramovla Hikmət Hacıyev kimi iki mühüm kadrı yanına alır. Parlament seçkilərinin təxminən 10 ay önə çəkilməsi BÖYÜK PROJE üçün atılan son addım idi…

Ardı var

Fərəməz Novruzoğlu 

 

 

Bənzər xəbərlər