DOSTUM ELXANIN “CAVABSIZ CAVAB”INA CAVAB!
Əziz dost, sən harda səhvlik etdin ki, uğrunda canını qurban etdiyin dövlətinə “qatil dövlət” deyən xainlər səni müdafiə edir?
“İran höküməti Azərbaycan və Türkiyə ilə vəziyyətin gərginləşməsini istəmir!” – Elxan Şükürlü
1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra torpaqlarımızın bir qismi erməni ekspansionist siyasəti nəticəsində işğal altına düşdü. Aradan ötən 30-35 il ərzində Ermənistana gizli və açıq formada ən çox yardım edən ölkə İran İslam Respublikasıdır. Son illərdə cənub qonşumuz Azərbaycana qarşı bu siyasətini daha açıq və daha sərt formada həyata keçirməkdədir. Hətta iş o yerə çatıb ki, rafizi rejim “Ermənistanın təhlükəsizliyi bizim qırmızı cizgimizdir” bəyanı ilə Azərbaycana ən sərt üzünü göstərməkdən də çəkinmir. İranın ölkəmizə qarşı haqsız və aqressiv münasibəti təbii ki, vətəndaşlarımızın diqqətindən yayınmır. Azərbaycanda İranın mövcud rejiminə nifrət hissinin getdikcə artmasında, heç şübhəsiz, rafizilərin bizə düşmən mövqedə olub, Ermənistanın işğalçılıq siyasətini stimullaşdırması da böyük rol oynayır.
Əfsuslar olsun ki, rafizi rejiminə haqq qazandıran, düşmən qüvvələrin təəssübünü çəkən, dövlətimizin milli təhlükəsizlik konsepsiyasının ziddinə gedərək ölkəmizin mənafeyini ayaqlar altına alan vətəndaşlarımız da az deyil. Güc strukturlarının son dövrlərdə gerçəkləşdirdiyi çoxsaylı həbslər bu deyilənlərə bariz sübutdur.
İran-Azərbaycan münasibətlərində əks mövqedə olan insanların sırasında yaxından tanıdığım birinin – Elxan Şükürlünün adının olması, məni həm təəccübləndirir, həm də məyus edir. Doğrudu, bəziləri Elxan bəyi İranın, konkret olaraq, SEPAH terror təşkilatının adamı olduğu versiyasını önə sürür. Amma mən buna qətiyyən ehtimal vermirəm. Elxan bəy yüksək bilik və mədəniyyət sahibi, mərd, alicənab olmaqla yanaşı, vətənini və dövlətini, mən daxil, heç kimdən az sevmir, bəlkə hər birimizdən daha çox sevir. Amma…
Elxanın İran-Azərbaycan münasibətlərinə dair fərqli mövqeyi var. Bu təbiidir. Hər kəs istənilən məsələdə fərqli mövqeyini ortaya qoya bilər. Ancaq belə həssas mövzularda “qırmızı cizgi” deyilən mənəvi bir sərhədd var ki, onu keçmək olmaz, dövlətin və millətin mənafeyi istənilən qonşuluq münasibətlərindən, hətta heç bir yararı olmayan, sadəcə, pafos xatirinə şüar kimi səsləndirilən sülhdən də öndə gəlir. Qardaşım Elxan bunu anlamırmı? Doğrudanmı o “qırmızı cizgi”ni keçir?
Təbii ki, anlayır, onun analitik təfəkkürü, bilik və qabiliyyəti bunu anlaması üçün əsasdır. Elxan “qırmızı cizgi”ni də keçmək niyyətində deyil. Mən buna adım qədər əminəm. Lakin bəzi əndişələrindən dolayı o, çox ciddi səhvlərə yol verir və maraqlı qüvvələr onun bu səhvlərindən məharətlə istifadə edir. Məsələn, LAF TV-yə son müsahibəsi onun üçün uğursuz bir tarixi etapdır.
Doğrusu, son dövrlər həm işimin çoxluğu, həm də sağlamlığımla bağlı ictimai-siyasi proseslərdən uzaq dururdum. Artıq sakit, siyasi qayğılardan uzaq bir həyat yaşamaq düşüncəsindəyəm. Fəallığımın, aktivliyimin azalması da bununla əlaqədardır. Elxan qardaşımın məlum müsahibəsindən də xəbərsizdim. Əgər bir dost tərəfindən məlum müsahibə və bu müsahibədən doğan etirazların linki mənə atılmasaydı, indiyə qədər baş verənlərdən heç xəbərim olmayacaqdı.
Müsahibəyə baxdıqdan sonra, yuxarıda da qeyd etdiyim kimi, həm təəccübləndim, həm məyus oldum. Ona görə ki, böyük dəyər verdiyim, ağlına və savadına, analitik qabiliyyətinə sayğı duyduğum, ən əsası da vətəninə və dövlətinə bağlı olan dostumun belə yanlış mövqe ortaya qoyması mənə inandırıcı görünmədi. Nə baş verir axı, Elxan qardaşım niyə belə yanlış mövqedədir? Məgər anlamır ki, onun bu yanlışlarından Azərbaycana qarşı istifadə edə bilərlər? Məgər anlamır ki, onun bu yanlışlarını maraqlı qüvvələr məqsədli şəkildə tirajlayıb, Azərbaycana zərər verəcəklər?
Düşündüm ki, Elxana dostyana cavab yazım. Ancaq əlim gəlmədi. Ona qarşı olan sonsuz sayğım və sevgim qarşımda keçilməz sədd yaratdı…
Aradan bir gün də keçdi… və bu dəfə mənə daha 3 link yolladılar – Elxanın məlum müsahibəsinin İran media resursları tərəfindən tirajlanaraq, Azərbaycana qarşı fakt kimi istifadə olunması, Axar.az saytında Anar Niftəliyevin müəllif yazısı və Elxanın feysbuk səhifəsində bu yazıya “Cavabsız cavab” adlı cavabının linklərini…
İran tərəfinin mövqeyi bəllidir. LAF TV-də gedən müsahibəyə baxanda əmin idim ki, bu fürsətdən geninə-boluna istifadə edəcəklər. Bu səbəbdən məsələnin bu tərəfinə toxunmaq istəmirəm. Kimin əlinə belə fürsət düşsə, istifadə etməkdən imtina etməz, hələ qarşı tərəf rafizilərdirsə, buna heç şübhə olmamalıdır.
Anar Niftəliyevin yazısına gəlincə… Doğrusu, yazı o dərəcədə səlis, faktlar əsas götürülərək, arqumentləşdirilərək yazılıb ki… həm də səmimiyyət hiss olunur, Elxan bəyə layiq olduğu dəyər verilir…
Anarın yazısını birnəfəsə oxudum. Hətta bir an mənə elə gəldi ki, yazı mənə aiddir, mənim qələmimdən çıxıb. Sanki Anar bəy uzaqdan-uzağa düşüncələrimi oxuyaraq bu yazını yazıb. Hətta bir anlığa da olsa, özümdən asılı olmayaraq, yazının altında imzamı axtardım.
Elxan bəyin “Cavabsız cavabı” isə məni bir daha məyus etdi, dərin xəyal kırıklığına uğratdı. Gözləyirdim ki, o, Anarın yazısına daha arqumentli şəkildə cavab verər, fikrlərinin yanlış anlaşıldığını bildirər, düşüncələrindən İran tərəfinin sui-istifadəsini kəskin şəkildə qınayar. Lakin bunları etmək yerinə mənim dəyərli dostum vəziyyəti daha da dramatik hala gətirir, kin və küdurəti özünü dərhal büruzə verir.
Elxan qardaşım “Cavabsız cavab”ında iddia edir ki, Axar.az saytında gedən yazıda ona qarşı haqsız hücum var, əsassız ittihamlar var. Elxanın bu yazıya iradlarını tezislər formasında belə təsnif etmək olar:
– Axar.az saytının bünövrəsi İran kəşfiyyatıyla əlaqəli iş adamlarıyla böyük biznes ortaqlığına malik məşhur azərbaycanlı oliqarxın “çirkli para”sıyla qoyulub;
– yazının əsas məqsədi Elxanı SEPAH təşkilatı ilə bağlamaq üstündə qurulub;
– saytın rəhbərliyi heç bir mənəvi ölçüsü olmayan bəzi para sahiblərinin qurduğu mediada çalışmaq məcburiyyətindədir və dövlətin media siyasətini yönləndirənlərin göstərişləriylə oturub-qalxmağa məhkumdurlar;
– məlum yazı sifarişlə yazılıb və bu sifariş yuxarıdan verilib və s.
Elxanın cavabındakı sonuncu abzas isə, ümumiyyətlə, qəbul edilməzdir: “Mənim də sizə və sizin üzərinizdən dövlətin media siyasətini yürüdən məlum anti-milli şəbəkəyə bircə sualım var: əgər bir təhlilçinin iki cümləlik çıxışı sizin apardığınız informasiya-təbliğat işini alt-üst edirsə, dağıtmaq istədiyiniz İrandakı 25-30 milyonluq azərbaycanlı sizin deyil də, onun fikirlərinə inanırsa, daha hər il o milyonlarla manatı boş-boşuna sizin ciblərinizə niyə axıdırlar ki?! Yoxsa bu “yenilər” də sizin hüsnü-camalınızın aşiqləridir?!”
İndi bu tezisləri bir-bir təhlil edək:
– birincisi, Elxan bəy Kəmaləddin Heydərovu nəzərdə tutur. Mənim bu haqda heç bir məlumatım yoxdur. Ola bilər Heydərovun iranlı iş adamları ilə biznes əlaqələri var. Bizneslə məşğul olan çoxları iranlı biznesmenlərlə iş ortaqlığı qura bilər. Bu, normal deyilmi? Ancaq o adamlar həqiqətən İran kəşfiyyat orqanları ilə bağlıdırsa və Elxan bəyin bundan xəbəri varsa, niyə indiyə qədər susub?
– ikincisi, Elxan bəyin iddia etdiyi kimi, İran kəşfiyyatı ilə bağlı olan oliqarx-məmur Kəmaləddin Heydərov niyə Elxan bəyi “ifşa”ya cəhd etsin ki? Məntiqlə Elxanın müdafiəsi ilə bağlı göstəriş verilməliydi, axı o, İranla münasibətlərin normallaşması tərəfdarı kimi çıxış edir. Ümumiyyətlə, Anarın yazısının hansı hissəsində Elxan bəyin SEPAH agenti kimi təqdim edildiyi və yaxud belə bir təəssürat yaradıldığı məlum olmur. Yazıda bu haqda bircə işarə belə yoxdur. Elə isə Elxanın özünün belə bir alqı yaradaraq situasiyanı daha da dramatikləşdirməsinin səbəbi nədir? Məncə, bu hal arqumentsizliyin verdiyi həyacanın təzahürüdü;
– üçüncüsü, ölkənin media siyasətini məgər Kəmaləddin Heydərov müəyyən edir? Axar.az saytına sponsorluğu o edə bilər. Ancaq bu o demək deyil ki, həmin saytın siyasətini də o müəyyən edir. Bunu hər kəs bilir ki, ölkənin media siyasətini mediaya sponsorluq edənlər yox, birbaşa ən yuxarı instansiyadan müəyyən edirlər. Hələ mövzu xarici siyasətlə, İranla bağlıdırsa, bu durumda Kəmaləddin Heydərov heç söz sahibi deyil. Dövlət iyerarxiyasında onun vəzifəsi tamam başqadır. Yeri gəlmişkən, mən bunu doğru hesab edirəm, İran mövzusunda hər başdan bir səs çıxmamalıdır, mərkəzləşdirilmiş siyasət yürüdülməlidir. Əgər Elxan elə hesab edirsə ki, onun barəsindəki məlum yazı sifarişlə yazılıb, doğrudan da belədirsə, deməli, sifariş birbaşa ən yuxarı instansiyadan gəlib. Yəni Elxana demək istəyiblər ki, mövqeyin dövlətimizin mövqeyi ilə tərs mütənasibdir, bundan nəticə çıxarmaq lazımdır;
– Elxan bəyin son abzasdakı fikrini gəlincə, məncə, məsələnin ən qəbuledilməz tərəfi elə budur. Yuxarıda da qeyd etdiyim kimi, xarici siyasətlə, ələlxüsus İran mövzusuyla bağlı dövlətin media siyasəti mərkəzləşdirilmiş sistemə tabedir. Doğrudur, bəzən yanlış, özfəaliyyət hallarıyla qarşılaşırıq, bunlar mütləq aradan qaldırılmalıdır və qaldırılacaq da. Bununla belə, Elxanın İranla münasibətlər mövzusunda dövlətin media siyasətini kəskin şəkildə qınaması, hissə qapılaraq “dağıtmaq istədiyiniz İran” ifadəsini qabarıq formada bəyan etməsi… Mən doğrudan da çox istərdim ki, Elxan çıxıb desin ki, bu ifadəni hissə qapılaraq ifadə etmişəm. Əks-təqdirdə belə bir təəssürat yaranır ki, Azərbaycan tərəfi həqiqətən İranı dağıtmaq istəyir, həqiqətən də bu xoş olmayan siyasi qarşıdurmada günahkar tərəf bizik.
Elxanın LAF TV-yə müsahibəsində də bu xoşagəlməz nüanslar özünü büruzə verir. İronik formada “Turan qurmaq istəyənlər” ifadəsiylə TDK-ya (Türk Dövlətlər Təşkilatı) inamsızlıq aşılanır, “biz bilmirik ki, arxa planda Azərbaycan hakimiyyəti ilə hansı razılaşmalar olub; yəni ola bilər ki, İsrail qələbəmizə töhfə verməsi müqabilində bizim ərazimizdən də İrana qarşı istifadə etmək niyyətində olsun” kimi absurd ehtimalla, əslində, İran tərəfinin haqsız tələblərinə haqq qazandırmaq cəhdi hiss olunur.
Anlayıram, Elxan qardaşım bütün bunları bilərəkdən etmir, qonşu İranla hər hansı hərbi qarşıdurma ehtimalından əndişələndiyi üçün belə yanlışlara yol verir. Amma unudur ki, Azərbaycan tərəfi dövlətin birinci şəxsi səviyyəsində dəfələrlə elan edib ki, biz öz ərazimizdən üçüncü bir ölkəyə hərbi təcavüz üçün heç bir zaman kiməsə imkan tanımayacağıq! Bundan artıq nə deməliyik? Elə isə İran tərəfi hansı haqla torpaqlarımızda hansısa obyekti tikməyimizə burnunu soxur? Hansı haqla daxili işimizə qarışır? Niyə Elxan bəy “İran ehtimal edir ki, yeni tikilən hava limanlarından ona qarşı istifadə olunacaq” ehtimalından yola çıxır? Nə zamandan siyasət, ələlxüsus da beynəlxalq siyasət ehtimallar üzərindən qurulur? Axı biz neçə dəfə rəsmi şəkildə bəyan etmişik: ərazimizdən İrana qarşı istifadə olunmasına yol vermərik! Bunu ən yüksək səviyyədə bəyan etməyimizə rəğmən, yenə də ehtimallar üzərindən siyasət yürütmək bu ehtimalların sadəcə, bir bəhanə olduğuna dair bariz sübutdur.
Biz İranla dostluq və mehriban qonşuluq siyasəti yürütməkdə hər zaman maraqlı olmuşuq. Bəs, İran nə edib? Dəfələrlə sərhədlərimizi pozub; bizə hədə-qorxu gələrək sərhədlərimizdə hərbi təlimlər keçib; Ermənistana açıq və gizli formada hərbi və siyasi dəstək olub; səfirliyimizə hücum təşkil edib; daxili işlərimizə burnunu soxub; ölkəmizdə geniş agentura şəbəkəsi qurub… Yenə sadalayımmı?
Əslində, Anar Niftəliyev yazısında bütün bunlara daha geniş, daha əhatəli formada açıqlıq gətirib. İndi mən dostum və qardaşım Elxandan soruşuram: Anarın yazısında hansı tezis yalandır, fakta əsaslanmır? Mən o yazıda doğru olmayan bircə məqama da rast gəlmədim. Orada hər fikrin altından imzamı ataram – həm də rəngli və yağlı şriftlərlə!
Əziz qardaşım Elxan, alqı yaradırsan ki, guya həmin yazıda sənin SEPAH təşkilatı ilə bağlılığın haqqında fikir formalaşdırılıb. Bəlkə mən cahiləm, anlamıram? Lütfən o fikir hardadır, mənə göstər! O fikri mənə göstər ki, sənə görə bütün ölkəni qarşıma alım! Bunu etməsəm, namərdəm!
Heç kəs sənə SEPAH agenti demir (bəzi cahillərin bu haqdakı əsassız iddialarını hesaba qatmıram), amma sən də etiraf et ki, yanlış yoldasan, fikirlərin yanlışdı, xoş məramla olsa da, barışdırıcılıq mövqeyindən çıxış etməyə cəhd etsən də, sənin bu mövqeyindən sui-istifadə olunur. Və bu da ölkəmizə, dövlətimizin siyasətinə zərər verir.
Sənin LAF TV-də gedən çıxışını tirajlayan İran media resurslarının məqsədini bir tərəfə qoyuram. Onların öz maraqları var. Axar.az saytı ilə aranda yaranan və heç də xoş olmayan mübahisədə səni müdafiə edənlərdən sadəcə iki şəxsin kimliyinə bax. Biri Rüfət Səfərovdur. Adam xarici donor təşkilatlardan qrant almaq üçün iddia edir ki, son vaxtlar həbs olunan şəxslər “süddən çıxmış ağ qaşıq” kimi tər-təmizdir, həbslər isə ona görə baş verir ki, Azərbaycan dövləti İranla münasibətlərinin korlanmasında maraqlıdır. Əziz qardaşım, indi mən sənə sual edirəm: doğrudanmı sən də belə düşünürsən? Həqiqətən münasibətlərin korlanmasında Azərbaycan tərəfi günahkardı?
Səni müdafiə edənlərdən biri də Şahin Nurizadə adlı şəxsdir. Gör bu adam nə qədər qudurub ki, sənin səhifəndə Anar Niftəliyevə hədə-qorxu gəlməkdən də çəkinmir: “Hal-hazırda Azərbaycan xalqının birinci duşməni hakim Əliyev ve onun mafioz rejimidir! Əgər sən müstəqil fikirli jurnalist olsaydın, bu saxta hakimiyyətin yalan və böhtan yarışında iştirak etməzdin. Hamınızın, adlarını yaddaşımıza həkk edirik. Sizi və himayəçilərinizi xalq çox pis mühakimə edəcəkdir!”
Elxan bəy, bu adamın kimliyi mənə çox yaxşı məlumdur, bəs, sən onu tanıyırsanmı? Doğrudanmı belə birinin müdafiəsinə sənin ehtiyacın var?
Dəyərli qardaşım, çox demirəm, cəmi 5 dəqiqə vaxt ayır, bu adamın səhifəsinə göz gəzdir və özün özünə belə bir sual ver: mən harda səhvlik etmişəm ki, uğrunda canımı qurban edəcəyim dövlətimə “qatil dövlət” deyən bu xain məni müdafiə edir?
Fərəməz Novruzoğlu
P.S. Elxan bəyin nəzərinə onu da çatdırmaq istərdim ki, İranın Azərbaycana aqressiv münasibəti heç də İsrail ilə aramızda olan dostluqla bağlı deyil. Hələ 100 il bundan öncə – Xalq Cümhuriyyəti dövründə İran bizim müstəqilliyimizi tanımaq istəmirdi, baxmayaraq ki, hakim elita türkdilli qacarlar idi. Ümumiyyətlə, İran adlı dövlət əsla bir müsəlman ölkəsi deyil. Şiə məzhəbi deyilən, əslində isə, rafizilik olan bu rejim 1100 ildir ki, ətrafındakı bütün islam ölkələri ilə düşmən mövqedədir. Bu haqda “RAFİZİLİK: BUVEYHİLƏRDƏN XOMEYNİ REJİMİNƏ QƏDƏR KEÇİLƏN YOL!” adlı növbəti yazımda bəhs edəcəyəm.
P.S.S. Axar.az saytında gedən yazıya Elxan bəyin iradlarından yalnız biri ilə razıyam. Yazıya yazılan şərhlərdə Elxan bəyin aşağılanması, şəxsiyyətinə toxunan ifadələrin işlənməsini əsla doğru hesab etmirəm və şiddətlə qınayıram.