featured-image-12571

“Altılı masa” seçkilərdən qalib çıxsa, PKK-HDP+CHP ittifaqı Türkiyəni başqa istiqamətə yönəldəcək

 

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam (“Ulu Öndər”) və Baba-i Qəyyum (“Millət Atası”) kimi müraciətlərlə müşahidə olunur. Onun doğum günü Pakistanda bayram hesab olunur.

Məhəmmed Əli Cinnah şiə olub. Ancaq əhalisinin böyük əksəriyyəti sünni olan Pakistan xalqı ona sonsuz inam bəsləyib. Məhəmmed Əli Cinnah  əfsanə lider olub…

Barak Hüseyn Obama (2009-2017) ABŞ-ın 44-cü prezidenti olub. Amerika tarixinə ilk zənci prezident kimi düşüb…

2019-cu ildən Ukraynanın prezident olan Volodimir Zelenski isə yəhudidir. Tarixdə Napoleon Bonapart və Stalin nümunələri də var…

Cümhuriyyət Xalq Partiyasının başqanı (2010-cu ildən) Kamal Qılıncdaroğlu ələvidir. 2011-ci ilin iyulunda o, “Mən həmişə etnik kimliklərə və dinə görə siyasət aparmaqdan imtina etmişəm. Mən ələviyəm. Nə vaxtdan bu ölkədə ələvi olmaq cinayətdir?”, – deyib.

Kamal Qılıncdaroğlunun etnik kimliyi də maraqlıdır. O özü də, həyat yoldaşı Selvi Gündüz də zazadır. Cənab Qılıncdaroğlu mediaya verdiyi müsahibələrinin birində türkmən tayfasından olduğunu söyləyir. Sonra da əlavə edir ki, onlar kürdlər yaşayan ərazidə yaşadıqlarına görə, yerli insanların dilini qəbul ediblər.

Bəziləri Kamal Qılıncdaroğlunun anasının erməni olduğunu iddia edir. Məsələn, 2012-ci ildə Kamal Qılıncdaroğlunun iddiası əsasında “Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu” kitabının müəllifi haqqında İstanbul məhkəməsində qaldırılan işə baxılır. Kamal Qılıncdaroğlu bildirib ki, ona qarşı etnik kimlik yolu ilə böhtan kampaniyası aparılıb. O, bu “kampaniya”ya görə pul kompensasiyasından imtina edib, ancaq həmin kitabların bütün nüsxələrinin yığışdırılmasını tələb edib. Bəzi tədqiqatçılar vurğulayır ki, əgər Kamal Qılıncdaroğlunun anası ermənidirsə, deməli, onun xanımı da ermənidir. Çünki xanımı ana tərəfdən yaxın qohumdur…

Qeyd edim ki, 2011-ci ildə verdiyi müsahibələrin birində Kamal Qılıncdaroğlu deyib ki, ola bilsin ki, mənim anam ermənidir, erməni olmaq təhqir deyil ki… Qeyd edim ki, bu bəyanat Ermənistan mətbuatında da geniş rezonans doğurmuşdu…

Zaza dili İran dil qrupuna daxildir. Bəzi alimlər zaza dilini kürd dilinin bir dialekti hesab edir. Yeri gəlmişkən, zaza dili bizim talış dilinə də qohum dil sayılır. Rəsmi məlumata görə, Türkiyədə 3-4 molyon zaza yaşayır.

O da məlumdur ki, Kamal Qılıncdaroğlu Kureyşan aşirətindəndir. Bu tayfa 917-ci ildə ələviliyi qəbil edib.  O, həm də Xorasandan köçərək Anadoluya yerləşən nəslin nümayəndəsi kimi tanınır. Əhli-Beytə bağlıdırlar. Aralarında seyidlər də çoxdur. Onun 1 oğlu, 2 qızı, 1 nəvəsi var.

Maraqlıdır, 2011-ci ildə anasının erməni olması ehtimalını dilə gətirən Kamal Qılıncdaroğlu nədən cəmi 1 il sonra bununla bağlı yazılan kitaba etiraz etsin ki?  Görünür, Kamal Qılıncdaroğlu özü də hiss edib ki, bu kimi məqamlar onun siyasi karyerasına müəyyən əngəl törədə bilər.

Gördüyünüz kimi, Kamal Qılıncdaroğlu həm etnik, həm də dini baxımdan Türkiyədə azlığı təmsil edir. Heç şübhəsiz ki, bu, onun zəif tərəfidir. Ancaq tarixdə yuxarıda təqdim etdiyim nümunələr də var. Yəni bəzən azlığın nümayəndəsi də yuxarı başa keçə bilər.

Sözümün canı o ki, ermənilərin Türkiyədəki seçkilərin nəticəsini gözləməsi təsadüfi deyil. “Altılı masa” seçkidən qalib çıxsa, PKK-HDP+CHP ittifaqı Türkiyəni tamam başqa istiqamətə yönəldəcək. Bu isə Azərbaycanın, bütövlükdə Türk Dünyasının maraqlarına ziddir.

Hazırda həbsdə olan HDP başqanı Selahattin Demirtaş birməmalı şəkildə bəyan edib ki, Abdullah Öcalana heykəl qoyacağıq. “Altılı masa” da deyir ki, biz iqtidar olsaq Selahattin Demirtaşı azad edəcəyik. Türkiyənin Ana Yasasından “türk” sözü çıxarılacaq.

Konstitusiyasından “türk” sözü çıxarılan Türkiyə Azərbaycanın yanında olarmı? Olmaz! Özünüzü aldatmayın…

Anası erməni, atası zaza, özü də PKK-HDP dostu, mütəfiqi… Mən AKP+MHP ittifaqını bir kənara qoyub, PKK yanlısına simpatiya bəsləyə bilmirəm. Kamal Qılıncdaroğlu kimisindən Türkiyəyə və Azərbaycana xeyir gələcəyinə mən inanmıram, siz özünüz bilərsiz…

Onu da unutmayın ki, “Hamımız erməniyik” şüarını da bu zehniyyət Türkiyəyə gətirib…

Elbəyi Həsənli

Bənzər xəbərlər