featured-image-5515

“İtaliya Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən dövlətlərdən biridir”.

“Boyuksherg” xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, deputat Vahid Əhmədov deyib.

O xatırladıb ki, 44 günlük Vətən müharibəsində İtaliya prezidenti və Nazirlər Şurasının sədri Azərbaycanı müdafiə edib və ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün beynəlxalq tribunalardan istifadə ediblər:

“Bundan əlavə, İtaliya ilə Azərbaycanın çox ciddi iqtisadi-siyasi əlaqələri var. İki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliya birinci yerdədir. Ondan sonra isə Türkiyə və Rusiya gəlir. Həmçinin qeyri-neft sektoru məhsullarının xaricə ixracında da İtaliyanın yeri kifayət qədər önəmlidir. Ona görə Azərbaycan Prezidenti ilə İtaliya Nazirlər Şurasının sədri arasında isti münasibətlər var. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu səfər bizim üçün böyük əhəmiyyət kəsb edir”.

V.Əhmədov deyib ki, maraqlı məqam ondan ibarətdir ki, bu səfər Prezident İlham Əliyevin Brüssel səfərindən sonra baş verib:

“Yəqin ki, Brüssel səfəri ilə əlaqədar müəyyən məsələlər İtaliya Nazirlər Şurasının sədri Mario Draqi ilə də müzakirə edilib. Səfər çərçivəsində dövlət başçısının çox vacib görüşləri keçirilib və davam edir. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub. Səfirlik isə Azərbaycanın bir hissəsidir və onun yeni binasının istifadəyə verilməsi də diqqət çəkən hadisələrdən biridir”.

Bənzər xəbərlər