featured-image-9538

“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var”.

“Boyuksherg” “Report”a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb:

“Rəqibin İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var. Qələbə seriyasını davam etdirə bilərik. Bir az bəxt olsa, xarakter göstərsək, bunu bacararıq. Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm”.

İtaliyalı baş məşqçi Moldova ilə qarşılaşmada qapıya 18 zərbə endirdiklərini xatırladıb:

“Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanıb hesabı 3:0 etməli idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik”.

De Byazi yoldaşlıq oyunlarının seçmə mərhələyə hazırlıq baxımından çox vacib olduğunu diqqətə çatdırıb:

“Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı matçlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Asan olmayacaq. İtirəcəyimiz bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər