CİNAYƏTKAR İRAN REJİMİNƏ QARŞI HƏRBİ DİVERSİYA: “OPERA-2” ƏMƏLİYYATI!
Yeni geopolitik situasiyada Azərbaycanın yeri…
I Yazı
Dünyanın hazırkı nizamı köhnəlib; yeni dünya düzəni formalaşır. Hətta BMT kimi qurumun da yenilənməyə ehtiyacı var, çünki dünyanı köhnə qaydalarla idarə etmək artıq imkansız görünür. Heç şübhəsiz, olduqca passiv və nimdaş görünən BMT-nin yenilənməsi üçün onun formatında ciddi dəyişikliklərə ehtiyac var. Bunu yeni geopolitik situasiya tələb edir. Belə bir dəyişikliyin baş verməsi Azərbaycanın strateji maraqlarına da uyğundur. Bunu dəfələrlə cənab Prezident İlham Əliyev də dilə gətirib.
Doğrudu, istər BMT-də, istərsə bölgəsəl ittifaqlarda Azərbaycanın siyasi mövqeyi daha güclüdür, nəinki Ermənistanın. Məsələn, KTMT kimi hərbi təşkilatın üzvləri içərisində Azərbaycana dost olkələrin sayı təşkilatın üzvü olan Ermənistana yaxın ölkələrin sayından daha çoxdur. 44 günlük Vətən Savaşında dünyanın söz sahibi ölkələrindən Böyük Britaniya krallığının BMT TŞ-də tutduğu mövqe, həmçinin son dövrlərdə Fransanın Azərbaycana qarşı başlatdığı çirkin siyasi kampaniyada şimal qonşumuz Rusiyanın əleyhimizə olan prosesə qatılmaması Azərbaycanın yürütdüyü xarici siyasət kursunun əldə etdiyi böyük uğurlardandır. Bununla belə, cənab İlham Əliyevin başçılığı altında elə xarici siyasət kursu yürüdülür ki, bütün platformalarda ölkəmizi müdafiə edən qüvvələr daha çox olsun.
BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması məsələsi son dövrlərdə aktuallıq qazanmağa başlayıb. Qardaş və dost ölkə Türkiyənin prezidenti cənab Ərdoğanın “dünya 5-dən daha böyükdür” fikri heç də pafos hesab olunmamalı, inkişaf etməkdə olan bölgəsəl güclərin öz haqq və hüquqlarının təzahürü kimi qəbul edilməlidir. Türkiyə, Hindistan, Pakistan, İsrail, Almaniya, İtaliya, Yaponiya, Braziliya və getdikcə güclənməkdə olan digər dövlətlər artıq köhnə qaydalara uymaq istəmirlər. Elə bunun nəticəsidir ki, TŞ-nin daimi üzvlərinin sayının artırılması ciddi şəkildə müzakirə olunmaqdadır.
Azərbaycan balaca ölkə hesab oluna bilər. Ancaq onun geostrateji əhəmiyyəti dünya arenasındakı siyasi çəkisini xeyli dərəcədə artırır. Ölkəmizin liderinin diplomatik və siyasi bacarığı bu əhəmiyyəti bir qədər də artırır və əminliklə deyə bilərik ki, artıq hər kəs Azərbaycanla hesablaşır. Dövlət başçısı bu üstünlüklərimizin fərqindədir. Elə bu səbəbdən də istənilən böyük tədbirdə fikirlərini açıq şəkildə ortaya qoya bilir, Azərbaycanın milli maraqlarını ön plana çıxarır. Konkret olaraq, BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması ilə bağlı cənab İlham Əliyevin fikri olduqca cəzbedici və cəsarətli addım hesab olunmalıdır. O, bu barədə çox açıq və sərt mövqe ortaya qoyur: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib. Bunu tarix də göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. Ona görə, əlbəttə, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Kim ola bilər burada güc mərkəzi? Mənim nöqteyi-nəzərimcə, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı mütləq şəkildə BMT TŞ-nin daimi üzvlüyündə təmsil olunmalıdır…”
Azərbaycan, prezidentimiz tərəfindən adı çəkilən hər iki təşkilatın üzvüdür. Əgər belə bir prosedur gerçəkləşdirilərsə, nədən həmin təşkilatlardan birinin üzvü kimi Azərbaycan BMT TŞ-nin daimi üzvlərindən biri olmasın? Çoxları bəlkə də bunu xəyal hesab edə bilər. Ancaq onu da nəzərə alaq ki, bütün böyük ideyaların əvvəlcə xəyalı qurulur, zəmin hazırlanır, sonra gerçəkləşdirilir. Digər tərəfdən, ölkəmizlə dostluq münasibətləri üzərində əlaqələr quran və etibarlı tərəf-müqabili ölkələrdən biri (Türkiyə, İsrail, Pakistan və yaxud İtaliya) genişləndirilmiş TŞ-də təmsil olunarsa, bu, həm də Azərbaycanın xeyrinə olar.
Belə bir geopolitik situasiyada qarşıda böyük bir maneə də var – İRAN! Klerikal İran rejimi nəinki Azərbaycanın, yenilənən dünyanın qarşısında aşılması gərəkən böyük bir maneədir. Bu idbar molla rejimi qətiyyən dəyişmək, yenilənmək istəmir, dünya ilə ayaqlaşmır, gedən prosesləri yaxına buraxmır.
Tehran rejimi dünyada gedən bu proseslərə ayaq uydurmamaqla yanaşı, həm də bir ostanı böyüklükdə olan Azərbaycan Respublikasını özünün ən böyük rəqibi hesab edir və xilasını Azərbaycanın məhvində görür. Əslində, onlar müəyyən qədər haqlı da görünə bilərlər. Çünki Azərbaycanın getdikcə inkişaf etməsi feodal təfəkkür sahibi molla rejiminin çöküşünü də sürətləndirəcək. Belə ki, günümüzün siyasi ab-havası onu göstərir ki, yenilənən dünyada sərhədlərin dəyişdirilməsi prosesi də qaçınılmaz olacaq.
Azərbaycan Prezidentinin tez-tez Qərbi Zəngəzur və İrəvan məsələsini gündəmə gətirməsi, əzəli Azərbaycan torpaqlarından zorla deportasiya edilən soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının zəruriliyini vurğulaması qonşu Ermənistanın bir dövlət kimi varlığını şübhə altına qoyur. Təkcə son köçürülmə zamanı – 1988-ci ildə Azərbaycana gələn soydaşlarımızın bu günkü sayı ən az 800 minə çatıb. Bu qədər əhalinin indiki Ermənistana köçürülməsi demoqrafik balansı Azərbaycanın xeyrinə dəyişər. Ermənilərin yalnız bir çıxış yolu qalır – muxtariyyat hüququnu qorumaqla konfederatif əsaslarda Azərbaycana birləşmək. Bu həm də bölgədə sülhün təməli olar və görünməmiş iqtisadi inkişafa təkan verər.
İran molla rejiminin rəsmiləri prosesin bu istiqamətdə getməsini əsla arzulamır, bunu varlıqlarını sürdürmələri üçün böyük təhlükə kimi görürlər. Elə bu səbəbdəndir ki, əsrin layihəsi hesab edilən, Şərqlə Qərbi birləşdirən ən yaxın yol kimi görünən “Zəngəzur dəhlizi”nin açılmasına nəinki maraq göstərmir, əksinə, bütün gücləri ilə qarşı çıxırlar. Onların “3+3” formatına maraq göstərməməsinin kökündə də bu səbəb durur – Azərbaycan güclənməsin! Halbuki bu formatın reallaşdırılması Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional inkişaf üçün əlverişli zəmin yaradır.
Heç təsadüfi deyil ki, qarşılıqlı münasibətləri antoqonist həddə olan dünyanın müxtəlif ölkələri “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı görünürlər, çünki bu layihə hər kəsin xeyrinədir, dünyanın ümumi iqtisadi inkişafına təkandır. Yalnız İran hər vəchlə buna qarşı çıxır, hətta “bu bizim qırmızı cizgimizdir” deyib, projeyə qarşı ciddi müqavimət göstərir. Son dövrlər Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi də məhz bu məqsədə xidmət edirdi.
Bəs, İranı narahat edən nədir? Niyə onun özünə də böyük xeyir verə biləcək layihəyə qarşı çıxır? Bunun yalnız bir səbəbi var – Cənubi Azərbaycan faktoru! Molla rejimi düşünür ki, güclü və inkişaf etmiş Azərbaycan Respublikası gələcəkdə ona qarşı torpaq iddiası irəli sürə bilər. Baxmayaraq ki, dövlətimizin rəsmiləri dəfələrlə belə bir iddialarının olmadığını dilə gətirsələr də, bu, molla rejimini qətiyyən qane etmir. Çünki çox gözəl anlayırlar ki, Azərbaycanın inkişafı İran Azərbaycanına da təsirsiz ötüşməyəcək və inqilabi ruhlu cənublu soydaşlarımız mütləq bir gün ayağa qalxacaq və öz haqqını tələb edəcək. Heç şübhəsiz, belə bir durumda Azərbaycan dövləti baş verəcəklərə biganə qalmayacaq. Bu səbəbdən də, rəsmi Tehran vəziyyətin bu həddə çatmaması üçün ciddi islahatlara getməli, dəyişməli, yenilənməlidir. Ancaq onların feodal təfəkkürü bu cür yeniliyə hazır deyil.
Bu yaxınlarda İranın bütün bölgələrində, o cümlədən tarixi Azərbaycanın cənubunda da əhalinin mövcud rejimə qarşı ayaqlanması rəsmi Tehranı daha da əndişələndirib və onlar çıxış yolunu daxildəki gərginliyi kənara çıxarmaq düşüncəsindədir. Belə bir metod İran kimi rejimlərə xas xüsusiyyətdir. Azərbaycanla münasibətlərdə gərginlik yaradılması elə bu məqsədə xidmət edir.
Tehrandakı səfirliyimizə qarşı xain terror planı Tehran rejiminin bu yolda atdığı ilk ciddi addım hesab oluna bilər. Ancaq elə ilk cəhdində özünün bütün xəyanətlərini açıb ortaya qoydu. Tehran rəsmiləri düşünmürdülər ki, səfirliyimizə qarşı terror aktı bu səviyyədə yankı oyada bilər. Qarabağ məsələsində ikili standart əsasında siyasət yürüdən Qərb dünyasının mövqeyi, görünən o ki, İranı çaşdırıb. Onlar anlamırlar ki, İran rejimi bütün dünyanın qarşısında duran və həll edilməsi prioritet hesab olunan əsas problemlərin başında gəlir.
İran rəsmiləri belə hesab edirdilər ki, “Laçın koridoru” məsələsinə görə, başda Amerika olmaq üzrə, Qərb dünyası Azərbaycana sanksiyalar tətbiq edəcək və İran-Azərbaycan münasibətləri savaş həddinə çatarsa, Qərb bu işə qarışmayacaq, sanksiya tətbiq etdiyi ölkənin müdafiəsinə qalxmayacaq. Makron Fransasının Azərbaycana qarşı sanksiya tətbiq etmək məsələsini BMT TŞ-nin gündəminə çıxarması İranın iştahasını daha da artırmışdı. Lakin mollaların unutduğu bir şey var: Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev ən incə detallarını belə hesablamadığı heç bir işə girişməz. Hadisələrin gedişatı göstərdi ki, hər şey əvvəlcədən hesablanmışdı, nəticə əvvəlcədən bəlliydi. İranın ən yaxın müttəfiqi Rusiyanın məlum məsələnin müzakirəsi zamanı Azərbaycanın tərəfini tutması və Fransanın təklifinə veto qoyması mollaların uzaqgörən olmadığına bariz sübutdur.
Digər tərəfdən, Qarabağ məsələsində ikili standart əsasında siyasət yürüdən Qərb, konkret olaraq ABŞ, İran-Azərbaycan münasibətlərində tamamilə fərqli mövqe sərgiləyir. Məsələn, ABŞ rəsmisi Entoni Blinkenin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi barədə bəyanatı çox şeyi deyir. Son illərdə ABŞ Azərbaycana təhlükəsizliklə bağlı hər il 100 milyon dollar yardım edib. Bu yardım İrandan ölkəmizə qarşı yönələ biləcək təhlükəni aradan qaldırmaq üçün edilir.
Türkiyə və İsrail faktorunu da qətiyyən unutmaq lazım deyil. Ola biləcək istənilən hərbi müdaxilə zamanı bu iki dost dövlət bütün resursları ilə Azərbaycanın yanında olacaq. Buna heç bir şübhə ola bilməz.
Hətta Taliban faktorunu da yaddan çıxarmaq olmaz. Bildiyimiz kimi, İranın şərqində bəzi ərazilərə talibançıların iddiası var. Səfirliyimizə qarşı xain terror hadisəsinin talibançılar tərəfindən qınanması da təsadüfi deyil. Mollalar düşünməlidirlər ki, Azərbaycana qarşı hər hansı hərbi müdaxilə bu rejimin varlığının sonlandırılmasını daha da tezləşdirə bilər. Hətta İranın ən yaxın müttəfiqi Rusiya belə, ola biləcək qarşıdurmada bitərəfliyini qoruyacaq. Onsuz da Ukrayna cəbhəsində az qala bütün dünyanı qarşısına alan Rusiya ikinci belə bir cəbhəyə girməz. Çünki bunun baş verəcəyi təqdirdə Türkiyəni, İsraili, Azərbaycanı, Taliban Əfqanıstanını, Pakistanı, ərəb dünyasının böyük bir qismini qarşısına almış olacaq. Heç İranın Avropadakı ən yaxın tərəfdaşları kimi görünən Britaniya və Almaniya kimi güclü dövlətlər də İranın yanında yer almaz. Onlar bunu Azərbaycandan sonra Tehrandakı səfirliklərini geri çağırmaq barədə açıqlamaları ilə də sübut etdilər.
Ən əsası isə, Azərbaycanın ən yaxın iki müttəfiqindən biri olan İsrail artıq qollarını çırmalayıb. İranın molla rejiminin başına göydən od yağır!
Bəzi qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, İsrailin cinayətkar İran rejiminə qarşı başlatdığı bu əməliyyatın kod adı “Opera-2” adlanır. İsrail bu adda ilk belə əməliyyatı 42 il öncə Səddam İrakının “Osirak” nüvə reaktorlarını məhv etdiyi zaman gerçəkləşdirilib…
Ardı var
Fərəməz Novruzoğlu