featured-image-6459

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Uqandanın vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşüb.

Görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar.

Ceyhun Bayramov ölkəmizin sədrliyi çərçivəsində irəli sürülmüş təşəbbüslər, beynəlxalq tədbirlərin təşkili təcrübəsini bölüşüb. Hərəkat çərçivəsində gənclər şəbəkəsinin, Parlament ölçüsünün irəlilədiyi və təsis edildiyi vurğulanıb.

Qarşı tərəf Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir çox ölkələr üçün nümunəvi olduğunu, növbəti mərhələdə hərəkata sədrlik etmək niyyəti olan Uqandanın ölkəmizlə sıx əməkdaşlıq etmək planları barədə məlumat verib.

Daha sonra, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində həmçinin Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşlər keçirib.

Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Laos və Nikaraqua xarici işlər nazirləri həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi, təhsil, mədəniyyət və s. istiqamətlərdə əməkdaşlığın artırılması, biznes forumlarının təşkili, siyasi məsləhətləşmələr keçirilməsi və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi niyyətləri diqqətə çatdırılıb.

Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.

14:44

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Ceyhun Bayramov həmsöhbətinə bölgədə Ermənistanın silsilə təxribatları barədə ətraflı məlumat verib.

Nazir Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazirlər, həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər xəbərlər