featured-image-5181

Mərhum prezidentin xatirəsinə elegiya…

 

Əbülfəz Elçibəy xalq adamı idi…

Elçibəy dürüst adam idi, demokrat prezident idi, cəmiyyəti idarə etməyə hazır lider idi. Lakin o, cəmiyyətə hazır olsa da, cəmiyyət ona hazır deyildi…

Cəmiyyət normal cəmiyyət deyildi. Normal, demokrat, öz maaşı ilə dolanan rəhbər onunçün inert idi. Yad cisim faydalı olsa belə, orqanizmə düşəndə necə allergik reaksiya verir və bədən onu dəf etməyə çalışırsa, bəy də elə oldu.

O, faydalı idi, amma yad idi. Öncə cəmiyyət adlı orqanizm bu həbə adaptasiya edilməli idi, normal cəmiyyət qurulmalı idi, sonra ona normal, demokrat prezident gəlməli idi.

Mirzə Fətəli Axundovun “Hekayəti-Yusif-Şah” əsərini oxuyanlar bu vəziyyəti daha yaxşı dərk edərlər…

İşgəncədən, zülmdən beli qırılmış, lakin ona uyğunlaşmış xalq yeni gələn ədalətli, ağıllı, mərhəmətli hökmdarı hökmdar kimi ciddi qəbul etmir, onun zülm etməməsi xalqa zülm kimi gəlir, ədalətli qərarlarını xalq ədalətsizlik, ağıllı tədbirlərini ağılsızlıq kimi görürdü. Çünki xalq üçün “mərhəmət”, “ədalət”, “ağıl” anlayışı əsrlər boyu tam fərqli üslubda formalaşmışdı.

Elçibəydə də belə oldu…
Və indi də elədir.
İndi də çox insanlar üçün xalqı qırğına verməyib, özünü vəzifədən kənarlaşdıran lider normal lider deyil.
Prezident ola-ola öz adına bir ev keçirməyən prezident normal prezident deyil.
Ölkəni çapıb-talamayan rəhbər normal rəhbər deyil.
Çünki gördükləri budur, buna bənzərini heç vaxt görməyiblər, görmədikləri üçün də anlaşılmaz gəlir.
Yeni bir Elçibəyin gəlməsi üçün Elçibəyə laiq xalq olaraq formalaşmaq lazımdır. Bunu bacarsaq, hər zaman bu millətin içərisindən çıxan prezidentliyə layiq bəylərimiz də var, xanımlarımız da!
Yetərincə var…
Ruhun şad olsun, bərpa edilmiş demokratiyamızın ilkin qığılcımı – BÖYÜK BƏY, Əbülfəz Elçibəy!

 

Gündüz Ağazadə

Bənzər xəbərlər